''Kişilər sevə bilmir'' deyən qadınlara xitab!

  • Esse
İngilis yazıçısı Virciniya Vulf-un "Özünə aid bir otaq" kitabından yadımda qalan bu misraları sizlərlə bölüşmək istəyirəm:

«Xəyali planda qadın son dərəcə əhəmiyyətlidir, həqiqi həyatda isə tamamilə əhəmiyyətsiz. Şeiri bir başdan digər başa əhatələyər, tarixdə isə heç görünməz. Uydurma yazıda kralların və fatehlərin həyatlarına hökm edər, gerçək həyatda ailəsinin barmağına bir üzük keçirdiyi hər hansı oğlanın köləsidir. Uydurma yazıda ən ruhlandırıcı sözlər, ən dərin düşüncələr onun dodaqlarından tökülər, gündəlik həyatda, demək olar ki, heç oxuyub-yaza bilməz və ərinin malıdır. Tarix qadından demək olar heç söz etməz».

Bəli, qadınlar tarix boyu hər tərəfdən təzyiqlərə, təhqirlərə, məşəqqətlərə kişilərdən daha çox məruz qalıb. Həmin pis şeyləri qadınlara yaşadan elə ən çox kişilər özləri olub. Kişilər hakimiyyətlərini daim qılınc kimi qadınların başları üzərində saxlayıb, onları özlərindən asılı saxlamağa çalışıblar.

Bu cür hallar bu günümüzdə də mövcuddur. Əfsuslar olsun ki, patriarxal bir cəmiyyətdə yaşayırıq. Cəmiyyətin bütün sferalarında əsas söz sahibləri kişilərdir. Nəzərə alsaq ki, mentalitetlə idarə olunan qapalı bir ölkədə yaşayırıq, elə təkcə bu nüans qadınların azadlığının məhdudlaşmasının göstəricilərindən əsas sayıla bilər.

Bir çox kişinin qadınların həyatını zəhər etdiyini, onlarla lazımsız bir əşya kimi davrandığını qəbul edirəm. Ailədə — ata, qardaş, ər; İş yerində — müdir, kişi kolleqalar və müştərilər; Hər gün ictimai nəqliyyatda, küçədə-bayırda və eləcə də sosial şəbəkələrdə söz atmalar, sataşmalar, müxtəlif «girişmə» üsulları-bunlardan hər biri qadınlarda rahatsızlıq yaratdığı təqdirdə, təzyiq üsulu hesab olunur.

Bir kişi kimi öz həmcinslərimin əksər hissəsinin yaratdığı bu mənfi obraza görə təəssüf edir və bunların mövcudluğunu etiraf edirəm. İndi isə «sərbəstliyi» əlindən alınmamış(!), təhsil almaq və işləmək hüququna malik, yəni yuxarıda sadaladığım təzyiqlərdən uzaq olan xanımların yenə də kişiləri qınamasına aydınlıq gətirmək istəyirəm.

Fikirlərimi sırf son zamanlar qadın və kişi münasibətlərindəki sevgi münasibəti üzərində qurmuşam. Bura digər ünsürləri və problemləri qatmamışam. Onlar ayrı yazıların mövzularıdır.

Fikirlərimi maksimum şəkildə qərəzsiz və obyektiv surətdə qeyd etməyə çalışmışam. Subay, evli, boşanmış, dul — fərqi yoxdur. Hər hansı xanımın qəlbində münasibətdə olduğu kişiyə simpatiya, harmoniya və sevgi varsa, bu sətirlərlə onlara xitab edirəm.

Qadınların əksəriyyəti «Kişilər sevməyi bacarmırlar» iddiasındadılar. Son illər, ümumiyyətlə, sevgi ilə bağlı düşüncələr tamamilə dəyişib, bu da birbaşa kişi-qadın münasibətlərində özünü göstərir.

İndi isə bu aspektdən kişilərin və qadınların bir-birini necə görmələrinə diqqət yetirin!

Kişilər qadınların gözü ilə: Əksər qadınlar kişilərin, ümumiyyətlə, sevməyi bacarmadığını düşünürlər.

Qadınlara görə, onlar məsuliyyətsizdirlər, hər şeydə yalnız əyləncə və rahatlıq axtarırlar, eqoist olduqları üçün yalnız özlərini düşünürlər, qadınlarla yalnız vaxt keçirir və maraqları öldükdən sonra başqa macəralar dalınca qaçdıqlarını zənn edirlər və ən nəhayət, kişilərə qətiyyən inanmaq və etibar etmək olmaz.

Qadınlar kişilərin gözü ilə: Kişilərin isə özləri haqda olan bu düşüncələrə cavabları var. Belə ki, onlara görə qadınlar kişilərin azadlıqlarını əllərindən almağa, onları idarə etməyə çalışırlar. Qadınlar həmişə şübhə içindədirlər və kişilərə inanmırlar. Kişilər daim qınağa məruz qalırlar, onları həmişə tələsdirirlər, bir sözlə, qadınlar onları başa düşmür.

Qadınların istəyi — münasibətdə olduqları kişidən daha çox gözəl sözlər, tez-tez sevgi etirafı eşitmək, əzizlənmək, onlara hədiyyə verilməsini istəyirlər. Münasibətlərin əvvəlində hər şey onların istədiyi kimi olur, daha sonra isə zənglər və mesajlar, sevgi etirafları azalır. Bu isə, ilk növbədə, qadının «O, artıq məni sevmir» fikrinə gəlməsinə gətirib çıxarır və çox vaxt səhv olaraq sevginin öldüyü kimi başa düşülür.

Bəs əslində necədir? Əlbəttə ki, kişilər də sevə bilir, lakin onlar emosiyalarını, hisslərini qadınlar qədər biruzə verə bilmirlər, qadınlarda isə bunun tam əksi olduğu üçün arada anlaşılmazlıq yaranır. Lakin daha diqqətli olub, hər iki tərəfdə bir-birini başa düşmək və dinləmək bacarığı olsa, əsl hissləri görmək mümkündür. Həm kişilərin, həm qadınların bir-birindən hisslərini eyni cür ifadə etmək istəyi heç bir məntiqə sığmır, səbəb isə çox sadədir, qadın və kişi müxtəlif cinslərə mənsubdurlar. Kişilər daha çox praqmatikdilər, qadınlarda isə emosiyalar üstünlük təşkil edir.

Bəs kişilərdə sevginin olduğunu necə müəyyən etmək olar?!

Sevginin əlamətləri — Kişilərin sevgisini təyin etmək asan olmasa da, mümkündür. Sevgiliniz uzun müddət keçməsinə baxmayaraq, yenə də sizinlə vaxt keçirməyi dostlarından daha üstün tutursa, sizinlə bağlı gələcək planları varsa, onlardan tez-tez danışırsa və «mən» sözü əvəzinə, «biz» sözünü işlədirsə, deməli, siz onun üçün dəyərlisiniz. Sizə dəyərli olan əşyalarını etibar edirsə, məsələn, maşın, kompüter və s. bu, yaxşı göstəricidir, belə ki, kişilər qiymətli əşyalarını paylaşmağı sevmirlər, etibar etdikləri insanlardan başqa heç kim bu şərəfə layiq olmur. Daha sonra, o, sizinlə olan konfliktlərə belə vaxt sərf edirsə, əsəbiləşib, vaxtını itirirsə, nə qədər qəribə olsa da, bu da sizə olan qiyməti göstərir, çünki kişilər əhəmiyyət vermədiyi insanlarla konflikt zamanı sadəcə çevrilib gedirlər. Əgər sevdiyiniz kişi sizə ev və təmir işlərində aktiv kömək edirsə, problemlərinizi qulaqardına vurmaq əvəzinə onları həll etməyə çalışırsa, bu, onun üçün ötəri bir həvəs olmadığınızı göstərir.

Hər bir qadın yaradılışdan ağıllıdır, xeyirxah və mərhəmətlidir. Ancaq hər qadın bu keyfiyyətləri özündə qoruyub saxlaya bilirmi? Bu səviyyədə olan qadınlar daha təcrübəli olur, dinləməyi bacarır, qarşısındakı insanlara hörmətlə yanaşır. O, həyatının hər anından həzz almağa çalışır. Çünki anlayır ki, boş fikirlərə ayıracaq zamanı yoxdur. Kişilər onları hər zaman təravətli və cazibədar hesab edir.

Əziz qadınlar, ümid edirəm bu yazıdan sonra biz kişilərə qarşı müəyyən qədər də olsa fikirləriniz dəyişəcək və hamımızı eyni pis fikirlərlə yad etməyəcəksiniz. Sizsiz həyat bir heçdir. Nə yaxşı ki, varsınız!

Orxan Adıgözəl

0 şərh