Çətin münasibətlər

  • Esse
«Facebook» da tez-tez qadın-kişi münasibətlərindən yazıram. Bu sahə üzrə araşdırmalar aparır, çoxlu insanla və cütlüklərlə görüşür, onların aralarında yaranan böhranları təhlil edirəm. Həmçinin, o insanlara böhrandan çıxmaqda əlimdən gəldiyi qədər yardımçı oluram. Çalışıram xoşuma gələn bu sahə üzrə özümü daha da inkişaf etdirim. Məqsədim insanlara faydalı olmaqdır. İnsan mürəkkəb varlıqdır. Bizim cəmiyyətimizdəki insanlar isə ağır sosial-iqtisadi məngənəsində daha çox mürəkkəb varlığa çeviriliblər. İnsanlar bir-biri ilə normal dil tapıb, dolana bilmirlər. Təəccüblü deyil ki, son statistikaya görə, ölkəmizdə bir ayda 1000 boşanma halı qeydə alınır.

Ola bilər, kimlərsə deyə bilər ki, ölkəmizdə sonsuz sayda problem olduğu halda niyə qadın-kişi münasibətlərindən yazırsan. Cavabım çox sadədir. Bəlkə də, bütün problemlərimizin kökü münasibətlərdəki böhranlara bağlıdır. Baxın, bir ailə təsəvvür edək. Həmin ailədə ata və ana öz funksiyasını yerinə yetirmirsə, yəni öz övladlarına düzgün tərbiyə vermirsə, pis nümunə olursa, qorxu, təzyiq içində və ya ərköyün, eqoist şəkildə böyüdürsə, sabah cəmiyyətin bir parçası olan həmin vətəndaşlar daim problemlər ifraz edən bir qüvvəyə çevriləcəklər. Belələri başqa insanlarla nə yola gedə biləcək, nə də həyatda normal bir mövqe tutub, kimlərəsə faydalı olacaqlar. Bu gün belələrinin hesabına adlarımız həm ölkədaxili, həm də ölkəxaricində mənfi statistikalarda ön yerlərdə səsləndirilir. Ona görə kifayət qədər ciddi olan bu mövzuda yazmağa ehtiyac var.

Psixo-analitikanın banisi, ustad Ziqmund Freyd deyirdi ki, xoşbəxt olmaq üçün işlə və sev. İşləmək bədənimizdəki seratonin hormonunu artırır və özümüzü güclü hiss etməyimizə səbəb olur. Sevmək isə bədəndə və beyində daha çox müsbət hormonlar əmələ gətirir. Düzdür, sizinlə razıyam ki, iş yerləri azdır və işsiz halda sevgi də adama çox vaxt yaxın gəlmir. Amma bunun da bir əmması var. İnsanlıq missiyamızdan ən ümdə olanı Yer üzündə sevgini yaşatmaq, zəhmət çəkib, özümüzə, ailə və ətrafımıza faydalı olmaq üçün işləyib, çalışmaqdır. Bunun üçün qəlbimizi sevgi üçün həmişə açıq tutmaq və istənilən hərəkətsizliyin əksinə olaraq, bir işin qulpundan yapışmaqdır.

Mövzudan yayınmadan, bildirim ki, insanlarımız bu gün məhz elə bu iş yerlərinin az olmasına görə bir-birlərini yaxından tanıma imkanından məhrum olurlar. Əvvəllər zavod və fabriklərin çoxluğu insanların bir-birləri ilə tanış olması, yaxın münasibət qurub, evlənməsi üçün münbit məkan rolunu oynayırdı. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Qayğılar və problemlər o qədər çoxdur ki, insanların əksəriyyəti nə öz şəxsi keyfiyyət bazalarını genişləndirir, nə də əks cinsə daha xoş gəlmək üçün zəhmət çəkirlər. Cahillik cütlüklərin bir-birini normal tanıya bilməməsinə rəvac verir və nəticə olaraq bir-birini didməyinə səbəb olur.

Bir çox tanıdığım insan sosial şəbəkələr vasitəsilə əks cinslə tanış olub, isti münasibət yaratdıqdan sonra ailə həyatı qurub. Çox gözəl və təqdiredici durumdur. Bu gün həmin zavod və fabriki bir növ «facebook» əvəz edir. Mən insanların bir-birlərini sosial şəbəkə vasitəsilə tanımasını nəzərdə tuturam. Xoşunuza gələn insanın «facebook» profilini incələyib, müşahidə edib, onun bəyəndiyi paylaşımları, hadisələrə reaksiyasını, əks arqumentlərə səbrlə və ya səbrsiz, etik və ya qeyri-etik rəylərindən xəbər tutub, həm də eyni zamanda şəxsi yazışmalarında yazı tonu ilə o şəxsin mədəni səviyyəsindən xəbər tutmaq olar.

Bundan başqa onu da qeyd edim ki, münasibətə yeni başladığınız insanı tanımaqdan ötrü aşağıdakı kateqoriyalara diqqət edə bilərsiniz:
  • Onun ən yaxın dostları ilə tanış olun
  • Çalışdığı iş yerinə gedin
  • Ailəsi ilə tanış olun.
  • Haqsızlığa tuş gəldiyi zamanlarda, istədiyi şey alınmayanda, məcbur edildiyi bir şeylər tələb olunanda reaksiyalarına diqqət yetirin.

Bundan başqa onu tanımaq üçün bu kateqoriyalara da diqqət etsəniz, fayda görərsiniz:
  • Pul
  • Ailə
  • Din
  • Siyasət
  • Sosial münasibətlər
  • Hobbilər və sevimli məşğuliyyətlər
  • Estetik görünüşünə nə qədər baxmağı (təmizlik, səliqə)
  • Ətrafındakılardan gözləntiləri
  • Əks cinsə ümumi münasibəti.

Beləliklə, qarşı tərəfi yavaş-yavaş tanıdıqdan sonra onunla uzlaşa bilsəniz, demək ki, sizdə alınacaq. Bir şeyi də yadda saxlayaq ki, yaxşı uzlaşmaq duyğularını, düşüncələrini qayğısız, qorxusuz, qarşılıqsız deyib, başa sala bilmək və başa düşməkdir. Qəlbiniz sevgi ilə dolsun!

Orxan Adıgözəl

0 şərh