Doğru, yalan və ədəbiyyat

  • Esse
Şekspirin «IV Henrix» tarixi pyesinin birinci hissəsində komik obraz olan Falstaf Şahzadə Xeldən "Əsəbləşdinmi? Hirsləndinmi?" — deyə soruşur. «Həqiqət, həqiqət deyilmi?». Gülməli olan bütün əsər boyu yalan söyləməsi və şəhzadənin onun yalançı olduğunu ortaya çıxarmasıdır.

Gündəlik həyatımız kimi həqiqətin hər yerdə təhlükə altında olduğu bir zamanda Falstafın şübhəli həqiqət anlayışının bir çox siyasi lider tərəfindən mənimsənildiyini görə bilərik. Həyatım boyu maraq göstərdiyim üç ölkədə də (Hindistan, İngiltərə, Amerika) etibarlı məlumatlar «süni xəbər» olaraq pislənərkən, mənafe üçün istifadə olunan yalanlar qalıcı həqiqət kimi təqdim olunur.

Ancaq həqiqət mühafizəçiləri səhv informasiya axınının qarşısını almağa çalışarkən, həqiqətin qarşısıalınmaz və genişmiqyaslı olduğu qızıl dövrə həsrət qalmaq və bu dinc razılığa geri qayıtmağımızın lazımlı olması mövzusunda israr etməklə xəta etmiş olurlar.

Reallıq budur ki, həqiqət həmişə şübhəli bir fikir olmuşdur. Kembricdə tələbə olarkən, gənc yaşlarımda bəzi şeylərin "əsaslı məlumat" olduğunu öyrəndim. Bunlar qarşı çıxılması mümkün olmayan həqiqətlərdir. Eynilə Qastinq müharibəsinin 1066-cı ildə baş verdiyi, ya da Amerika Müstəqillik Bəyannaməsinin 4 İyul 1766-cı ildə həyata keçirildiyi kimi tarixi həqiqət, bir hadisəyə müəyyən bir məna həsr edilməsi ilə yaradılırdı. Yuli Sezarın Rubikon çayını üzüb keçməsi tarixi həqiqətdir. Amma o çayı yüzlərlə başqa insanın da üzüb keçməsi heç bir tarixi əhəmiyyət və həqiqət kəsb etmir.

Bundan başqa zamanın irəliləməsi bəzən hansısa həqiqətin mənasını da dəyişdirir. İngilis imperiyasının mütləq olduğu 1857-ci ildəki hərbi üsyankarlıq Hind üsyanı kimi tanınırdı. Və bu üsyan ölkə rəhbərlərinə qarşı qaldırıldığı üçün qazanmış olduğu tarixi ad və daşıdığı məna üsyan edən hindliləri haqsız çıxarırdı. Dövrümüzün Hind tarixçiləri həmin hadisədən Hind qiyamı kimi bəhs edirlər. Bu da hadisəni tamamilə fərqli bir həqiqətə çevirib onu başqa cür mənalandırır. Keçmiş davamlı olaraq bu günümüzün maraqlarına uyğun araşdırılır.

Ancaq yenə də 19-cu əsrdə qərbdə həqiqətin hansı məna kəsb etməsi haqqında ağla batan həmrəyliyin olması həqiqəti də vardır. Zamanın böyük yazıçıları Qustav Flober, Corc Eliot, Edit Uorton və başqaları özlərinin və oxucularının adətən nələrin həqiqət olması haqqında eyni fikirdə olduğunu fərz edərdilər. Və realist roman əsri də böyük üstünlüklə bu ideya üzərində qurulmuşdu. Ancaq bu düşüncə ortaqlığı bir çox diqqətsizlikdən də qaynaqlanırdı. Bu, bir ağdərili orta təbəqə düşüncəsiydi. Müstəmləkəyə çevrilmiş xalqların, ya da azlıq təşkil edən irqlərin dünyagörüşü bu hekayələrdən silinmişdi. Xalqa dair həyati məsələlərin əhəmiyyəti də adətən marginallaşdırılırdı. Məsələn, Keyn Ostenin dünyasında Napoleon müharibələrindən az qala heç nə bəhs edilmir. Çarlz Dikkensin romanlarında isə İngilis imperiyası barədə bir neçə saniyə bəhs olunur.

XX əsrin böyük ictimai dəyişikliklərinin təzyiqi altında 19-cu əsrin dünyagörüşünün zəifliyi meydana çıxdı və həqiqət anlayışı olduqca süni görünməyə başladı. Əvvəlcə bəzi mühüm ədəbi sənətkarlar, realist roman tərzi dəyişməkdə olan reallıq anlayışını qeyd etməyə çalışırdı. Eynilə Tomas Mannın «Buddenbroklar», Dzünitiro Tanidzakikinin «Xırda qar» əsərində etdikləri kimi. Amma nəticədə realist roman da getdikcə daha problematik vəziyyətə düşdü. Frans Kafka, Ralf Ellison və Qabriel Qarsia Markesə qədər bir çox yazıçılar daha qəribə, daha sürreal yazılar yazmağa və göz görə-görə yalan danışaraq, həqiqəti izah etmək üçün sanki sehrli formada yeni bir gerçəklik yaratmağa başladılar.

Yazıçı həyatım boyunca dövrün ən diqqətçəkən həqiqətinin köhnə reallıq hisslərinin parçalarından ibarət olduğunu və dünyanın bir-birinə zidd, uyğunsuz izahlar vasitəsilə ən yaxşı şəkildə açıqlana biləcəyini müdafiə etmişəm. Kəşmirdə və Orta Şərqdə, Amerikada və Trumpistanda bu cür uyğunsuzluqların nümunələrini görə bilərik. Bu yeni mübahisəli həqiqət qənaətinin nəticələrinin ədəbiyyata dərindən təsir göstərəcəyini, varlığını görməməzlik edə bilməyəcəyimizi, etməməli olmağımızı da müdafiə etdim. Ümumi mübahisələrə qoşulan səslərin artmasının və çeşidlənməsinin yaxşı bir şey olduğunu, ədəbiyyatımızı zənginləşdirib, dünyəvi hisslərimizi gücləndirdiyini düşünürəm.

Ancaq onu da vurğulayım ki, indi hamı kimi mənim də başım qarışıqdır. Modern gerçəkliyin bir tərəfdə çoxyönlü, parçalanmış, o biri tərəfdə yalnız biristiqamətli, bütöv olması düşüncəsini necə müdafiə edə bilərik?...

Mühüm məlumatların və mənasızlığın zahiri görünüşdə eyni peşəkarlıq səviyyəsi ilə birgə yaşadığı, insanların bu ikisini bir-birindən ayırmasını həmişəkindən daha da çətinləşdirən internetin pis cəhətləri ilə necə müharibə apara bilərik? İqlim dəyişikliyi və ya uşaq peyvəndləri kimi elmi sübutları olan "əsas məlumat«ların ümumilikdə qəbul olunmasının aşınmasına necə mane ola bilərik? Bəs avtoritar rəhbərlərin həmişə etmək istədiklərini, yəni xalqın dəlillərə olan inamını kiçildib seçicilərinə „məndən başqa heç bir şeyə inanmayın, çünki həqiqət mənəm“ deyən siyasi manipulyasiyalarla bağlı nə edə bilərik? Xüsusilə də incəsənətin və bədii sənətlərin buradakı rolu nə ola bilər?

Ədəbiyyat bəlkə də belə köklü anlaşılmazlıq dövrlərində insanların böyük dəyişməzlər haqqında bir-birləri ilə həmfikir olmasını təmin edə bilər.

Qəti cavabım varmış kimi davranmıram. Amma hər hansı bir xalqın həqiqət anlayışının daimi bir mübahisənin nəticəsi olduğunu və bu mübahisəni qazanmaq üçün daha yaxşı vəziyyətdə olmağımızın vacibliyini düşünürəm. Demokratiya kübar deyil. Hətta çox vaxt düşünülmədən ortaya çıxarılan hay-küydür. Amma qazanmaq üçün az da olsa bir şansımızın olmasını istəyiriksə, heç olmasa, mübahisənin içərisində olmağımız lazımdır.

Müəlliflərə gəldikdə, elmi dəlillərlə oxucularımızın arqumentə, fakta olan inamını yenidən yaratmalıyıq. Yazıçı və oxucu arasında nəyin həqiqət olduğu haqqında uyğunluq yaratmalıyıq. 19-cu əsrin dar, imtiyazlı fikir birliyini yenidən yaratmaqdan bəhs etmirəm. Müasir ədəbiyyatda, daha geniş və mübahisəli bir cəmiyyət anlayışı olması çox xoşuma gəlir. Bəyəndiyimiz, ya da bəlkə çox sevdiyimiz bir kitab oxuyarkən, özümüzü insanın həyati portreti ilə həmfikir olarkən tapırıq. Bəli, bu, doğrudur, biz beləyik və bir-birimizlə də bu cür davranırıq. Ədəbiyyat bəlkə də ən çox bu məsələdə bizə kömək edə bilər. Belə köklü anlaşılmazlıq dövründə, insanların böyük dəyişməzlər haqqında bir-biriylə həmfikir olmasına imkan yarada bilir. Ki, bu zatən insanlıq halıdır. Buradan başlayaq.

Almaniyada İkinci Dünya Müharibəsindən sonra, trümmerliteratur və ya dağıntı ədəbiyyatı adı verilən ədəbiyyat janrının müəllifləri nasistlər tərəfindən zəhərlənmiş olan dillərini və ölkələrini yenidən yaratmağa ehtiyac duydular. Həqiqətin inşasına dil vasitəsilə eynilə bombalanmış şəhərlərin bərpası kimi, təməldən başlanmasının vacibliyi qənaətindəydilər. Məncə, onların bu hərəkətindən biz də öyrənə bilərik. Biz də müxtəlif səbəblərdən növbəti həqiqət dağıntısının ortasında dayanmışıq. Və oxucularımızın gerçəkliyə olan inamını, duyduqları etimadı yenidən qurmaq bizim, yazıçıların, alimlərin, jurnalistlərin, filosofların işidir. Bunu yeni bir dil vasitəsilə təməldən inşa etməliyik.

Salman Rüşdi
Tərcümə etdi:
Samirə Əşrəf

0 şərh