Botoks, xiyar maskası

  • Esse

Bir axşam qızlarımızdan biri inboxuma sual yazdı. “Necə belə gənc qalırsız?”
Bu sualı çox adamdan eşitmişəm. Cavabı haqda heç vaxt düşünməmişəm. Çünki bu dünyada düşünəcəyim ən sonuncu şey yaş ola bilər. Bizim qadın çox tez qocalır. Bu da ayrıca izah istəyən mövzudu. Bu dəfə düşündüm. Çünki sualı bir feminist verirdi. Onu da bu məsələ maraqlandırıbsa, demək, hər şey fikirləşdiyimdən də maraqlıdı.

Qıza bilmədim nə deyim. Yalandan özümdən nə uyduraydım? Özəl bir reseptim yox, “cavanlıq proqramım” yox.  İlk səbəbi tapdım deyəsən: – Yaş haqda düşünməmək.

Zaman – hər nə qədər biz onu hesablasaq da, əvvəli, sonu bilinməyən ölçüdü. Biz bu günə — bu gün, sabaha – sabah, ilə — 2018, aya – May deməsək, zaman aramsız bir axındı. Bəlkə heç axın da deyil. Statikdi. Bəlkə də heç canlı da deyil. Zamanın içində canlı olan bizik.

Bizim varlığımız hərəkətdədi – zaman yox. Zamanın ətrafında olan şeylər hərəkətdədi – planetlər, peyklər, göy cismləri və mən necə ki Yer ölmür, necə ki Günəş ölmür, canlı olan digər varoluşların da ölmədiyinə inanıram. Necə torpağın üstündə yeriyirik – o yox, biz gedirik. Necə havanın içində nəfəs alırıq – o yox, biz alırıq, eləcə zamanın üstündə, içində gedirik, alırıq, yaşayırıq.

Çexov bu yazını oxusa, feilləri yan-yana düzmə, mətni qəlizləşdirmə deyərdi. Mətn isə doğrudan qəliz oldu. Deməyim o ki biz torpaqda, zamanda, havada işlənirik. Ona görə də dəyişirik.

Burdan keçid edirəm ikinci səbəbə. Çölümüz hər şeylə təmasdan dəyişir dedik. Bu təmas doğru olmayanda korlanır cismimiz. İçimiz isə fikirlərlə təmasdan dəyişib “qocalır” və bu qocalıq çölə yansıyır. Cavan qalmaq istəyirsizsə, mentalitetdən, dedi-qodudan, xıltdan uzaq olun. Bunlar insanın üzünü “sürtən” şeylərdi. İnsan bunlardan sürtülür, hətta sırtılır. 

Gəldik əsas, hətta çox əsas məqama. Sevgi! Üçüncü səbəb sevgidi. Qıza dedim ki, sevmək tonusda saxlayır. Yaşlanmağa qoymur. “Mən əksini düşünürdüm” — dedi, — Sevmək qocaldır.

Qocaltdığını hiss etdiyin anda vəziyyəti dəyiş dedim. Tez-tez aşiq ol. Bu yerdə güldük. Mən sizdən botoks proseduru, xiyar maskası – filan haqda məsləhətlər alacağımı düşünürdüm dedi. Amma sevgi...
Bu haqda ayrıca yazmaq istəyirəm. Sevgi haqda gələn yazıda.

Aysel Əlizadə

0 şərh