Hamilə qadına münasibət

  • Esse

Bütün cəmiyyət olaraq elə yanaşmağımız gərəkdi ki, qadın hazırda çox ciddi bir işin altına girdiyini hiss etsin. Qadın anlamalıdı: O, özü üçün uşaq doğmur. Dünyaya insan gətirir. Dünyaya insan gətirmək “dünya üçün doğmaq” deməkdi. Qadın doğmasa insanın nəsli kəsilər.

Bu, çox vacib detaldı. Ona bunu hiss etdirmək önəmlidi. Hamiləliyinə həm də bəşəri bir hadisə, bir iş kimi yanaşmaq doğru olar. Bir ölkə üçün vətəndaş doğulur. Necə ciddi bir hadisədi. Hamı üçün doğulur. Bir xalqın yaşaması, davam etməsi üçün doğur onu qadın.

Hamiləliyimdə yaxınlarımdan böyük diqqət görmüşəm. Azacıq belə tənhalıq hiss etmədim. Elə bilirdim nəsə böyük bir hadisənin içindəyəm. Nəsə çox böyük bir iş görürəm. Özəlliklə qadın təkdisə, ona xüsusi diqqət göstərməyimiz gərəkdi.

Hamiləliyi heç bir halda adiləşdirmək, bir ailənin içinə sığdırmaq olmaz. Hamiləlik heç bir halda bizim “qocalıq qarantımız” deyil. Uşaq öncə özü üçün doğulur. Onu “yaşlı vaxtımda mənə baxar” düşüncəsi ilə dünyaya gətirmək yanlışdı. Övlada yüklənmək ayıbdı. Hamiləlik xəstəlik deyil. Özünü xəstə kimi aparmağa gərək yoxdu. 

Hamilə qadını incitmək cinayətdi. Hamilə qadın nə hiss edirsə, bətnindəki körpə də hiss edir. Hamilə qadın həyəcan keçirirsə, bətnindəki körpə də həyəcan keçirir. Hamilə qadın stress yaşayırsa, uşağı əsəbi doğulur. Kütləvi şəkildə hamilə qadınlar stress içindədilərsə, həmin cəmiyyət nevroz adamlardan ibarət olur. Hamilə olduğunuzu öyrəndiyiniz anda — uşağı saxlamaq istəyirsizsə, — sizi gərildən hər kəsdən uzaq olun. Uşağınız sağlam olsun!

Aysel Əlizadə
 

0 şərh