Ərin qulu

  • Esse
Bir kişi sizlə evlənib deyə özünüzü ona borclu saymayın. Evlənmir evlənməsin. Evlənir evlənsin, özü bilər. Ailə qurmamağı özünüzə dərd etməyin. O zaman mütləq ailə quracaqsız. Tək qalmağı kimsə sevmir. Hər kəs həyatında başqa birinə ehtiyac duyur. Adamlar buna görə evlənirlər. Ancaq bu, insanın xoşbəxtlik qarantı deyil. İnsanı xoşbəxt edən tək səbəb onun özü ilə vəhdətidi. Özü ilə rahatlığıdı. Içindəki xoşbəxtlik anlayışıdı. Bir gün qarşısına bunları paylaşa biləcəyi kimsə çıxırsa, həyat bir az da gözəlləşir, çıxmırsa, dərd deyil. Tək qalmaq kimləsə vəhdətdə olmadan yaşamaqdan daha rahatdı.

Ətrafa baxanda, insanlararası münasibətlərə diqqət edəndə bunları görmək olur. Kimlər daha rahatdı, kimlər daha bədbəxt? Psixoanalitiklər deyirlər ki, əks energetikalı, bir-birini anlamayan adamların birliyi cəmiyyətin əsas stress mənbəyidi. Buna görə dövlətlər ailə mövzusunu xüsusi proqramlarla işləyiblər.

Övlad yetkinlik yaşına çatanda sərbəstdi. Yetkinlik yaşı həssas dönəmdi. Kimlik oturuşmağa başlayır. Bu zaman valideynlə övlad arasındakı konflikt dərinləşə bilir. Hərçənd konfliktin kökü uşaqlığa gedib çıxırsa, münasibəti yumşaltmaq, travmaları unutdurmaq çətin olur. Bir evdə yaşamağa davam edirlərsə, stress ağırlaşır. Dağıdıcı enerjiyə çevrilir.

Bu mənada gəncin durumu daha önəmlidi. Çünki hələ yetişməyə, böyüməyə davam edir. Valideyn isə pis-yaxşı artıq formalaşıb. Onun formalaşmasına övladının aqressiyası təsir edə bilməz artıq. Gəncin formalaşmasına isə valideynlə ünsiyyətdə yaşadığı konflikt ciddi təsir edir. Onu zədələyir. Qərbdə valideynlər övladlarına evlənməyə qız-oğlan seçmirlər. Belə məsuliyyətin altına girmirlər. Evlilik ciddi məsələdi deyə Avropada valideynlər bu yükü üzərilərinə götürmürlər. Şərq ölkələrində valideynlər düşünmədən toyda oynadığı yerdə oğlanları üçün bir qız işarələyə bilir. Oğluna bir dəfə qız tapıb evləndirən saysız ana var. Bu evlilik alınmayanda, boşanmadan sonra yenidən başqa bir qız tapıb oğlunu evləndirən ana, məsuliyyətsiz anadı. Kütləvi şəkildə övladının şəxsi həyatına analıq eqosu və hikkəsi ilə dayanmadan barmaq edən valideynlər var.

İnsan evlənəcəyi adamı özü seçəndə, münasibət alınmırsa, ayrılığın öhdəsindən gələ bilir. Çətin olur, ağrılı olur, amma bir yerdə adlayır. Bu adamı sənin üçün seçiblərsə, deməli, evinizdə ömürlük qaxınc mövzusu var. Ömürlük peşmanlıq, suçluluq var. Bir xanım təhsilli, dünyagörüşlü qızına beləcə zorla ər seçmişdi. Qız isə oxumaq, işləmək xaricdə təhsilini davam etdirmək istəyirdi. Ana qızını zorla oğlana ərə verdi. Bir müddət sonra ərin narkoman olduğu bilindi. Qız onu hər dəfə iynə əlində ağzı əyilmiş, halsız şəkildə görürdü. Oğlan günlərlə yoxa çıxır, heç bir işin qulpundan yapışmır, hətta qadına əl qaldırırdı. Boşandılar.

Ana isə bir ilin içində fikirdən xəstəlik tapıb öldü. Qız özü seçib ayrılsaydı, belə olmayacaqdı. Ananı öldürən səbəb qızının ayrılmasından çox, günahkarlıq hissi idi. Özünü qınayırdı. İçini yeyirdi. Günahkar idi. Əlbəttə, ağıllı valideynlə məsləhətləşmək faydalıdı. Amma ağıllı valideyn hələ özünə həyatda yer tapmayan, işi olmayan övladı üçün evliliyi prioritetə çevirməz. Hər valideyn bu mənada ağıllı düşünmür. Bunu etiraf etmək gərəkdi. Uşağının həyatını məhv edən ata-ana çoxdu. Valideyn elə həddə çatdırır, bəzən ondan qurtuluşu qızlar evlilikdə görürlər. Hansısa oğlan onlarla evlənəndə, azadlıqları üçün ona minnətdar olurlar. Bu evlilik də uğurlu olmayanda qula çevrilirlər.

Aysel Əlizadə

0 şərh