Kişilərdən doğulan qadınlar

  • Esse
Kim deyir, kişilər doğmur? Kişilər də doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Bir az cəsarətindən, ən çox sevgisindən, bir xeyli də verdiyi güvəndən dünyaya gəlirlər. Necə, analar sancını, ağrını, əzabı, gələcək bütün fəlakətləri bilə-bilə uşaq dünyaya gətirirlər, eləcə də həmin kişilər bu riski gözə alır.

Hər kişi bunu bacarmır. Bəziləri ömür boyu sonsuz olur. Qabriel də hamı kimi anasından doğulmuşdu. Böyük bacısıyla birlikdə rəqs edib, mahnı söylədikləri bir kafedə varlı zabit Etyenlə tanış olmasıyla başlayır onun eşq həyatı…

Bacısı sevdiyi insana qoşulub yaşadıqları qəsəbəni tərk edir və bu, Parisə üz tutmaq üçün Qabrielə əla bəhanə olur. Qapısından qovulub, bacasından girdiyi Etyenin malikanəsində yaşamağa nail olur. Əvvəllər yalnız gecəlik sevişmə üçün onu evində saxlamağa razı olan, dostlarının qarşısına çıxarmaqdan utanan Etyen, bir müddət sonra ən böyük hobbisi olan atçılığı mükəmməl öyrənən gənc qadına bağlanmağa başlayır. Yaşadığı malikanə onlarla qadın görməsinə rəğmən, orada ən uzun qalan Qabriel olur.

Hər gecə içən, kef məclisləri təşkil edən, əyləncə içərisində ömür sürən Etyen bir müddət sonra Qabrielə xaos kimi görünür. İnsanın ümidi öləziyəndə hər şeyi qəbul edir. Qapqara buludların arasında iynə ucu qədər işıq görəndəsə bütün dünyasını ona bağlayır.

Qabriel üçün o işıq zülmət kimi gecənin birində yandı, Royla bərabər. İngilis əsilli Roy Etyenin dostu, Qabrielisə eşqlə tanış edən kişi olub. Etyen bunu hiss edir, qısqansa da büruzə vermir. Hətta Royun Qabrieli iki günlük ondan “borc almasına”, qısa tətilə aparmasına etiraz etmir. Qabriel iki günü iki min il kimi yaşadı. Malikanədə keçirdiyi 3 ilin ardından yaşadığı anlar ona dünyanın heç də boğucu yer olmadığını xatırlatdı. Gənc, yaraşıqlı ingilislə insanların içində əl-ələ, qol-qola, rəqs edərək keçirdiyi bu tətil gənc qadının Roya dəli-divanə kimi aşiq olmasıyla nəticələndi.

Sonra da deyirlər, qadınlar nə istəyirlər? Nə istəyəcəklər sevgi, güvən, cəsarətlə əlindən tutulmasından başqa?.. Heç bir qadına hüceyrələrini tək-tək öldürən kişiylə birlikdə olmaq xoş deyil. Kişinin məhv etmək miqyası böyüdükcə, qadın ox kimi dartılıb, özünü onun yanından ən uzaq hədəfə atır.

Qabrielə aşiq olduğunu hiss edən Roy iki gündən sonra onu Etyenə təslim edir. Artıq əmindi, bir-birinə bənzəyən insanların içində sevə biləcəyi yeganə qadını tapmışdı. Etyen bir vaxtlar evində saxlamaqdan imtina etdiyi, çevrəsindən gizlətdiyi qadının başqasını dəlicəsinə sevdiyini görəndə təlaşlanır. Çox kişi belədir. Əvvəllər əhəmiyyət vermədiyi qadının başqası tərəfindən sevildiyini, əl üstündə tutulduğunu görəndə dəyərini dərk edir, amma qatar çoxdan uzaqlaşmış olur. Etyen də belə kişilərdəndi. Qabrieli birdəfəlik itirdiyini anlayanda ona evlilik təklif edir. Halbuki bunun gənc qız üçün zərrə qədər əhəmiyyəti olmur. Çünki o, ilk dəfə özünə dəyər verən, qadınlığını hiss etdirən, sevgini gül kimi başına ələyən kişini artıq tapmışdı.

Getməyə qərar verən və ya gedən qadının ayaqları altına sərvət töksən də, qayıdan deyil. Qadın sevdiyi kişi tərəfindən sevilmək istəyir. Ancaq gözlədiyi sevgini ala bilmir, üstəlik, dəyər görmürsə, həmin qadın dünyanın altını üstünə çevirəcək gücə sahib olacaq qədər təhlükəyə çevrilir. Gün keçdikcə, Qabriel də Etyenin qorxusuna çevrilirdi. Çünki evlilik, atelye açmaq təkliflərini rədd edən qadın Roydan başqa heç nə düşünmürdü. Etyen gənc qızın həyatını sarsıdan, əlindəki sonuncu qisas zərbəsini işə salır. Royun onunla evlənməyəcəyini, İngiltərənin ən zəngin ailələrindən birinin qızıyla nişanlı olduğunu, yaxın günlərdə ailə həyatı quracağını deyir.

Dünya Qabrielin başına çökür. Ümidsizliyin, məğlubiyyətin, çarəsizliyin içində qıvrılır. Həmin gün özünə söz verir: “...heç vaxt evlənməyəcəm!” Royla görüşür, hər şeyi bildiyini deyir. Roysa onu sevdiyini, ölənə qədər belə davam edəcəyini söyləyir. Elə də olur! Qabriel onun sevgilisi olmağı qəbul edir. Roy ona moda sahəsində çox qabiliyyətli olduğunu, Parisdə kiçik bir atelye açacağını bildirir. Qabriel öz pulunu qazanır, bəzəkli tort kimi şlyapa geyinən, dəbdəbəli pərdə kimi gəzən qadınların tərzini dəyişir. Sevgilisisə dayanmadan onu ruhlandırır, daha böyük işlərə imza ata biləcəyinə inandırır.

Budur, bir qadının kişi tərəfindən dünyaya gətirilməsi bu cür reallaşır. Ona güc verir, inandırır, dəstək olur, qayğı göstərir, təkcə özündə yox, hamının gözündə ucaldır. Bu qadınlar kişi sevgisindən doğulanlardır. Royla Qabrieli bir-birinə bağlayan tellər sadəcə sevgi, biznes olmur. Oxuduğu kitablar, çılğın ehtiras, bitib-tükənməyən planları olur.

“Ehtiraslı Paris günləri”nin birində gənc sevgililər son dəfə görüşürlər. Roy birlikdə keçirəcəkləri bir aylıq tətil müjdəsini verdikdən sonra, yeni aldığı avtomobiliylə bir günlük İngiltərəyə üz tutur. Bir gün bir ömür olur. Roy avtomobil qəzasında həyatını itirir. Gənc qadın ağrısı iliyinə qədər işləmiş nakam eşqin iztirabını içində yaşaya-yaşaya iynəyə, sapa, parçaya sarılır, gecə-gündüz, yorulmadan çalışır, dünya səviyyəsində stilist olur.

Dünyanın ən parlaq, təmtəraqlı modelyeri KoKo Şanel belə doğulur. Roydan sonra rusiyalı bəstəkar İqor Stravinskiylə sevgili olur. Ayrıldıqdan sonra İngiltərənin ən nüfuzlu adamı Vestminsterlə nişanlanır. Ancaq o nişan da, “həyatı boyunca evlənə bilməyən bu qadına” səadət gətirmir. Koko Şanel bu hadisədən 7 il sonra memar Paul İriblə evlənməyə qərar verir. Bilirsiniz nə olur? Toya bir neçə gün qalmış İrib ölür. Həyat onun dəlicəsinə sevdiyi Royun vaxtında verdiyi sözə xəyanət etməyə imkan vermir. Və Şanel evlənmək fikrini biryolluq yaddan çıxarır. Şanel Royun boşluğunu heç vaxt doldura bilmir. Qaysaqlanmış, amma bir balaca toxunan kimi qanayan yara kimi ömür boyu vücudunda qalır.

Kiminin gəlişi, kiminin də gedişi fəlakət olur. Royun gedişi ikincilərdəndi. Kim deyir, kişilər doğmur? Kişilər də, doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Şanel kimi!



Türkan TURAN
«525-ci qəzet»

0 şərh