Xoşbəxtlik axtarışı

  • Esse
Bəşəriyyətin əsas siması olan insan daim axtarışdadır. O, gah müxtəlif obrazların fonunda «uzaq səyahətlərə çıxır», gah da axtarışlar arasında «itib-batır». Təbiətindəki «axtarmaq və tapmaq» xüsusiyyəti onu demək olar ki, hər zaman qalib cəngavərə çevirmək gücünə malikdir.

Axtarış obyektlərinə gəlincə isə — bu, özlüyündə «müxtəlif səpkili mövzular məcmusudur» — desəm, yanılmaram; elmi axtarış, söz dünyasına baş vuraraq həyata keçirilən ədəbi-bədii axtarış, xoşbəxtlik axtarışı və s.

Özümü tanıyandan, dünyanı dərk edəndən bəri xoşbəxtlik arxasınca gah qaçan, gah ləng addımlarla addımlayan biri kimi deyə bilərəm ki, mütləq olaraq xoşbəxtlik duyğusuna qovuşmaq hətta arzu, istək performansında da mümkün deyil. Zamanı geri qaytarmaq və ya xəzinə tapmaq kimi utopik düşüncə və arzular vasitəsilə xoşbəxt olmaq düşüncəsi isə fikir sahibləri üçün sadəcə olaraq xəyal dünyasına növbəti səyahət şansıdır.

* * *

Məşhur Amerika rejissoru Robert Zemekisin illər öncə ekranlara çıxan «Geriyə, gələcəyə» adlı fantastik filmindəki qəhrəmanların zamanlararası səyahətini bu gün də həyəcansız izləyə bilmirəm. Filmin əsas qəhrəmanı Martin Makflayın doktor Braun tərəfindən icad olunan zaman maşını ilə gah keçmişə, gah gələcəyə yollanması filmi izləyən insanda bir növ ümid yaradır; nə vaxtsa bu cür zaman maşınının kəşf olunacağını, həmin maşınla keçmiş günlərə yollanıb səhvlərinə düzəliş edəcəyini və ya ötən günləri xatirə olaraq xatırlamaq deyil, canlı surətdə görə bilmək şansına sahib olacağını xəyal edir. Ya da elə gələcəyə getmək, müəyyən zaman sonra tutacağı mövqeyi, qazanacaqları və ya itirəcəklərinin şahidi olmaq yəqin ki, izləyicilərin əksəriyyətin fikrindən keçmişdir.

* * *

Bu yerdə söyləməliyəm ki, Paulo Koelyonun «Kimyagər» əsəri mənim üçün bir çox hallarda «xoşbəxtlik» mövzusuna açar rolunu oynayır. Santyaqonun «yuxusu», həmin yuxunun ardınca uzaq diyarlara yollanması və nəhayət, taleyinə yazılmış uğuru əldə etməsi oxucunu «axtardığını tapacağına» bir daha əmin edir — bu mövzuda istifadə etdikləri «olmayacaq», «ola bilməz» kimi yanlış ifadələrə inanan kəslərin isə ümid etməkdən başqa «yolu» qalmır.

Əslində, bu cür fatalist düşüncələrin hansı sonluqla yekunlaşacağını bilmək üçün elə Santyaqo kimi «yuxuların yozulmasına müraciət etmək» ən uğurlu variantdır. Bu zaman da başqa əngəl yaranır: yuxuyozan tapmalı. Bəs haradan? Bəlkə elə yuxuları özün yozasan; hansısa şəxsin, əşyanın, ya da fantastik varlıqların hansı məqsədlə yuxuna gəldiyini məhz özün dərk edəsən… Zira, yuxular bizə hadisələrin başlanması, kulminasiyası və finalı haqqında ip ucu vermək gücünə malikdir.

Beləliklə, xoşbəxtlik axtarışında olan insan göndərilən «siqnallar»ı, «işarələr»i qəbul etməli, həm ətrafında, həm də yuxusunda gördüyü hər şeyə — hər bir nəsnəyə diqqət yetirməli, heç bir əlaməti gözdən qaçırmamalı, ən kiçik, mənasız görünən hadisədən belə diqqətini yayındırmadan incələməyi bacarmalıdır. Hər nə qədər «bacarmalıdır» ifadəsi özlüyündə hökm kimi səslənsə də, bunu həyat devizinə çevirmək elə insanın öz əlindədir.

Bəs tale, qismət, bəxt? Axı həyatı idarə etməyə yönəlmiş bütün bu anlayışlar dolayı yolla da olsa, özlərini yaşamın bir hissəsinə aid etməyi bacarmışlar. Elə bu yerdə daha bir sual çıxır ortaya — fatalist düşüncə tərzi ilə kamilliyə və əslində dolayı yolla da olsa, xoşbəxtliyə doğru addımlamaq olarmı? Təbii ki, yox. Bu üsul olsa-olsa, mənəvi cəhətdən arxayınlığa apara bilər. Lakin xoşbəxtlik tənliyinin həlli kimi həm fiziki, həm mənəvi sakitliyə qovuşmağa çalışan insan üçün bu vəziyyətə çatmaq elə xoşbəxtliyi əldə etməkdir. Bu, hər nə qədər istisna hal olsa belə, xoşbəxtliyin həyata keçməsi yolunda «istifadə edə bildiyimiz» mümkün variantlardandır.

* * *

Və bir gün insan başa düşür ki, ən cüzi hadisələrə, əhəmiyyətsiz hesab etdiyi hisslərə görə də xoşbəxt olmaq mümkündür. Elə həmin andan da xoşbəxtliyi az qala ən xırda detallarda axtardığı kimi, onu ən adi hadisə zamanı itirə biləcəyini yaxşı başa düşür. «Mənim olanları, mənə bağlı olanları qorumaq» instinkti sayəsində özünün, sevdiklərinin həyatını mühafizə etməyə çalışır, övladının qayğısına qalır...

Baş verən heç nəyə "əhəmiyyətsizdir" — deyib keçməyək. «Xoş-bəxtlik» və «Bəd-bəxtlik» arasında bir hecalıq fərq olduğu kimi, xoşbəxt olmaqla bədbəxt olmaq arasında da bir addımlıq məsafə var… Bəxtimizi sınayaq, məsafələri qoruyaq, xoşbəxt olaq…

Xatirə NURGÜL
 

1 şərh

insaf-musaev
xoshuma geldi, maraqli fikirlerdir))