Keçinin balası-çəpiş | Səhər Əhməd

  • Esse
Maşının qapısını açmasıyla əvvəl çantasını, sonra özünü arxa oturacağa atması bir oldu, dalınca da qapını şaqqıltı ilə örtdü. Əsəbi tövrünə, üzündəki pərişan ifadəyə gülməyim tutsa da, qırımından qorxub gülmədim. Güzgüdə baxışlarımız toqquşan kimi qışqıra-qışqıra danışmağa başladı:

— Çəpiş keçinin balasıdı, hə, balasıdı?
Axrıncı sözü həm məntiqi vurğu, həm sual intonisiyasıyla, həm də daha bərkdən qışqıraraq dediyinə görə açar söz o idi. Mən “priçyom tut ya?” ifadəsi ilə key-key baxıb çəpişin keçinin balası olmasında nə boyda günahım ola biləcəyini götür-qoy edirdim ki, oğlum hər iki əlini açıb cütləşdirdi və irəli uzatdı:
— Nə susursan e? Bu gün müəlliməm dedi ki, çəpiş keçinin balasıdı.
— Hə oğlum, elədi, müəllimən düz deyib!
— Deməli, balanı kəsirlər, hə? Yadındadı, sən bir dəfə yemək bişirmişdin, atam dedi ki, bu çəpiş ətidi, xeyirlidi, hərdən yemək lazımdı?

Bircə anda söhbətin nəinki mövzusu, eləcə də məzmun və ideyası, hətta mən deyərdim, süjet və kompozisiyası da mənə aydın oldu. Bundan sonra oğlumun gətirəcəyi ittihamlar, çıxacağı lirik ricətlər, gələcəyi nəticə belə gözümün qabağında canlandı.
— Bilirsən, oğlum, biz quzu əti də alırıq, quzu da qoyunun balasıdı.

Qaş düzəltdiyim yerdə vurub gözü də çıxartmışdım, çünki oğlum bu dəfə daha bərk qışqırdı:
— Nə? Deməli, qoyunun da balasını kəsirlər? 
— Lap balaca olanda yox ki, böyüyəndə.
— Nə fərqi var, axır ki baladı də…

Yaddaşımı qurdalayıb belə vəziyyətlərdə böyüklərimizin bizə gətirdiyi bəhanələri xatırladım: “Heyvanları allah kəsilmək üçün yaradıb” Yox, bu arqumentlə oğlumun üstünə getmək olmazdı, tezliklə tərk-silah olub geri qayıdacaqdım. Odur ki, məğlubiyyətimlə barışıb sakitcə maşını işə saldım.
Osman hələ də öz-özünə deyinirdi:
— Bu haqsızlıqdı, belə olmaz, balaları kəsməzlər...

Yağış yağmağa başlamışdı, şüşətəmizləyəni qoşdum, oğlum həmişəki kimi “onu söndür, ətim ürpəşir”,-demədi. Sonra piyada keçidindən keçdim, bu dəfə də adəti üzrə zolağa yaxınlaşanda arxadan uzanıb qəza işığının düyməsini basmadı. Demək ki, çox təsirlənmişdi.

Yağış güclənirdi, evə qayıtmağın verdiyi huzur, yağışın gətirdiyi romantik ovqatla birləşib gözəl bir ab- hava yaradırdı, bircə oğlumun Hüseyn Cavidin həqiqətpərəst qəhrəmanı Arif sayağı pərişanlığı olmasaydı, hər şey yaxşıydı...

...Və mən işıqforun qırmızı işığında dayanıb gözlərimi yanıb-sönən saniyələrə dikərək düşünürdüm ki, kaş heç çəpiş keçinin balası olmayaydı…

Səhər Əhməd

0 şərh