Mən qocayammı?

  • Esse
Bir neçə il əvvəl həmkarlarımla bir məclisdə olarkən, mən ağsaçlı xeyriyyəçi David Rubenşteynin həyatımızın son səhifələrinə daxil olarkən “cəld davranmaqla” bağlı söhbətinə qulaq asırdım. Cəld davranmaq? Həmyaşıdlarımdan bir çoxu artıq dayanıblar, dayanmayıblarsa da, naftalin iyi verirlər.

Ağlımda onun bu öyüdünü saxlamışdım, bir müddət əvvəl indi 69 yaşı olan cənab Rubenşteynlə daha bir söhbətim oldu, ondan özünü həqiqətən yaşlı hiss edib-etmədiyini soruşdum. “69 mənə yeniyetməlik kimi görünür”, — deyə o cavab verdi. Təsadüfən ondan iki gün əvvəl də cərrahiyə əməliyyatları arasındakı bir vaxtda kömək etdiyim 68 yaşlı tanış şairə isə mənə belə demişdi: “Mən indi qoca qarıyam”.

Necə olur, 68 yaşlı biri özünü qoca hiss etdiyi halda, o birisi etmir? Ümumiyyətlə, “qocalıq” nədir?

61 yaşa daxil olandan bu sual beynimdə fırlanır, yəqin, 50+ yaşı olan 70 milyon uşaq törəyənlərin də (bu «baby boomer»lərin əksəriyyəti “orta yaşlı”, “yaşlı” hesab edilsə də) ağlını məşğul edir. İndi biz elə bir dövrdə yaşayırıq ki, nahar vaxtı əsasən necə cavan qalmaq və ya ən azından qocalığı necə təxirə salınmaq kimi mövzularla keçir.

Əlbəttə, uzunömürlülük artdıqca, “qocalığın” tərifi də dəyişir. “İndi 60 yaşlarındakı bir kimsə orta-yaşlıdır”, — yaşlanma ilə əlaqədar araşdırmalar aparan Sergey Şerbov deyir. Yaşlılıq nə zaman başlayır? Mən ondan soruşdum.

Dr. Şerbov amerikalı kişilər üçün bunun 70-71, qadınlar üçünsə 73-74 yaş olduğunu deyir, hərçənd onun belə yazdığı da məlumdur: “sənin həqiqi yaşın yaşadığın rəqəmlər deyil”.

O söhbət zamanı mənə belə dedi: “Layihənin ana ideyası budur ki, yaşlılığın sərhəddi müəyyənləşdirilə bilməz, bu, insanın xarakterindən asılıdır”. Burada təxmin edilən ömür, fərdi sağlamlıq, koqnitiv funksiya və əlillik dərəcəsi kimi faktorların hamısı rol oynayır, Şerbov deyir, bugünkü 65 yaşlı şəxs 45 il əvvəlin 55 yaşlı adamına bənzəyir.

Gözəllik kimi, “yaşlılığın” da mənası soruşulan adamdan asılıdır. 20-30 yaşlarında olan millenniallar (yetkinliyə 21-ci əsrdə çatanlar) yaşlılığın 59 yaşda başladığını deyirdilər, amma 2017-ci ildə ABŞ “Trust. Gen Xers” təşkilatının apardığı araşdırma zamanı məlum olmuşdu ki, indi 40 yaşlarına qədəm qoyan bu şəxslər 50 yaşların yaxın olduğunu gördükdən sonra, 65 yaşın qocalığın başlanğıcı olduğunu deməyə başlayıblar. Uşaq törəyənlər və Ən Böyük Nəsil (“Greatest Generation” – ABŞ-da böyük depressiyanı görənlər) 73 yaşın qocalıq yaşı olduğunu deyirlər. Təbii olaraq, məsələ kimdən “yaşlılığı” müəyyən etməyi soruşmaqdan asılıdır.

Bu məqamda 50+ yaşlarında olan dostlarımın yaşlılığı necə tərif etdikləri mənə maraqlı gəldi – “Facebook”da onlardan bu barədə soruşdum. Çoxsaylı cavabların içərisində ikisi məni daha çox güldürdü: “Mənim indiki yaşım+4=yaşlılıq”. Və bu: “Sabah. Həmişə sabah. Bu gün heç vaxt”. Böyük ehtimalla, eşitmək üçün ən ağırı bu idi: “Xanım əvəzinə, ağbirçək kimi çağırılmağa başlayanda”. (Bu heç vaxt mənim başıma gəlməyəcək, baxmayaraq ki, bugünlərdə məni daim “ağsaqqal” deyə çağırırlar.)

Bəzi dostlar müxtəlif fiziki xüsusiyyətləri əsas nişanələr kimi göstərdilər. Həmkarım belə yazdı: “25 kilometr qaça bilməmək qocalıqdır”. Bir başqası belə dedi: “Tennisi dayandırmağa məcbur olduğum vaxt”. Digərləri koqnitiv müqayisəni əsas götürdülər: “Yeni məlumatlar və təcrübələrlə maraqlanmamağa başlamaq, qocalıq əlamətidir”. Bir çoxları “yaddaş problemlərini” yaşlılığın başlanğıcı kimi gördülər.

Çıxan nəticə: “yaşlılıq” subyektiv, dəyişkən məsələdir.
Məhz buna görə də Kennedi Mərkəzinin, Smitsonian İnstitutunun büro sədri və “Carlyle Group”un həmtəsisçici və icraçı direktoru 69 yaşlı David Rubenşteyn özünün yaşlı olmadığını iddia edə bilir, ondan bir yaş balaca olan mənim şairə dostum isə özünü qoca adlandırır. Bir müddət əvvəl sağlamlığındakı problemlərə görə, o, evə köməkçi çağırıb və başqalarından asılılığını daha da artırıb. Həqiqətən də, Dr. Şerbovun kəşf etdiyi kimi müstəqilliyin və mobilliyin azalması “qocalıq” tərifini müəyyən edən əsas səbəblərdən biridir.

İndi 76 yaşı olan Dr. Endryu Veil özünün “Sağlam yaşlanma” kitabında insanlardan “qocalıqla” əlaqəli məfhumları sadalamağı istəmişdi. Siyahıda tez-tez istifadə olunan bu anlayışlar vardı: köhnə, əntiq, vaxtı keçmiş, qurumuş, kövrək, solmuş, qırışmış, istifadə müddəti bitmiş, faydasız, xarab, lazımsız və bürüşmüş. Gözəl stereotiplərdi, deyilmi?

“Yaşlı insanlara qarşı neqativ münasibət hər yerdə yayğındır”, bunu 2015-ci ildə Dünya Sağlamlıq Təşkilatının analizi də təsdiq edib. 57 ölkədən olan bütün yaşlardakı 83,000 respondentdən az qala üçündən biri yaşlı insanlara hörmət etmədiyini deyib, hörmətin ən aşağı olduğu ölkələrin sırasında isə ABŞ kimi yüksək gəlirli ölkələr yer alıb. Ən pisi isə budur: bu cür nöqteyi-nəzər “yaşlı insanların fiziki və mənəvi sağlamlığına mənfi” təsir göstərir.

Yaxşı xəbər isə budur ki, bu baxışlar dəyişdirilə bilər. Yaşlanma və həyat kursu “WHO”nun direktoru Con Bierd yazır ki, “Seksizm və irqçilik kimi sosial normaların dəyişməsi mümkündür”. “Artıq biz insanlara yaşlarına görə qiymət verməyə son qoymalıyıq”.

Eşidin, eşidin!

Artıq qocalmışammı? Mən mərhəmətlə “yox” deyirəm. Ən azından 70-80 yaşlarıma qədər və bundan da o yana da fəal və həyat dolu qalmaq niyyətim var. Hərçənd mənim yaxşı niyyətlərim pozula da bilər. Çünki ürək damar xəstəliklərim var və depressiyadan əziyyət çəkirəm, xərçəng isə bizim ailənin əsas dərdidir. Mənim “istədiyini əldə et” yanaşmam, bircə rentgen müayinəsi, avtoqəza, yaxud arteriyalarımdakı problemə görə pozula bilər. Bu isə o deməkdir ki, mən yaşlılığın kandarından o tərəfə adlamaqdan həmişə bir neçə metr aralıyam. Ona görə də cəld davranmaq üçün nə qədər desəniz, səbəb var.

“New Yorker” yazarı Stiven Petrov

0 şərh