Tənqid trendi

  • Esse
Bu gün “trend” sözünün ictimai fəaliyyətin müxtəlif sahələrinə aid edilməsi təbii hal kimi qarşılanır. Trend və meyllərin moda, siyasət, texnologiya, marketinq, internet şəbəkəsi, elm və s. kimi insan həyatı və aktivliyinin fərqli sferalarında təzahür tapması və bu haqqda danışılması, yazılması həm də proseslərə münasibət kimi anlaşıla bilər.
Zaman-zaman meydana gələn bir çox trendlər qarşısında cəmiyyətin reaksiyası heç də birmənalı olmamış, özlüyündə fərqli yanaşmaları əks etdirmişdir.
Bəs tənqid trendi necə, mövcuddurmu?
Məqalənin başlığının “tənqid trendi” kimi seçilməsi şübhəsiz oxucularda təəccüb doğura bilər. Lakin qeyd etmək lazımdır ki, müasir dövrdə tənqid də sanki bir növ trendə çevrilməklə özünün əvvəlki dövrlərdəki tənzimləyici, istiqamətləndirici funksiyasını itirmiş olur.
Bir məqamı qeyd etmək mühümdür ki, tənqidi düşüncənin inkişafı üçün fikir azadlığı zəruridir. Məhz bu zəmində fərqli fikir və rəylərin toqquşması, onların polifonikliyi nəticədə bütün sahələrdə inkişafa, tərəqqiyə gətirəcək. Şübhəsiz ki, ictimai şüurda mülahizələrin polifonikliyi, fikir azadlığı, obyektiv tənqid inkişaf və tərəqqiyə gətirəcək mühüm faktorlardan biridir.
Lakin onu da unutmaq olmaz ki, tənqid cəsarət və prinsipiallıqla yanaşı, həm də obyektiv mövqe tələb edir. Eyni zamanda tənqidi fikrin əsaslı biliklərə dayaqlanması, dəqiq “ünvanlanması” zəruridir.
Amma təəssüf ki, hazırda bunu müşahidə etmək çətindir. Sanki bütün sahələrdə əsassız və qeyri-obyektiv yanaşmanı özündə cəmləşdirən süni tənqid trendi yayılıb. Hər kəs əsaslı və ya əsassız olaraq nəinki yalnız öz sahəsində, hətta digər sahələrdə baş verən hadisələrə öz tənqidi rəyini bildirir və subyektiv fikrini cəmiyyətin ayrı-ayrı fərdlərinə yeritməyə çalışır.
Buna bariz nümunəni isə ölkəmiz üçün siyasi arenada həlledici rol oynamış və tamamilə yeni səhifə açmış Vətən Müharibəsi dövründə daha aydın görmüş olduq. Həmin zaman kəsiyində hər kəs sanki özünü nəsə deməkdə məcbur hiss edir, əsaslı-əsassız fikirlərini bölüşür və insanların baxışlarında hər vəchlə dəyişiklik etmək, yönləndirmə aparmaq istəyirdi.
Məsələyə tarixi rakursdan yanaşsaq qeyd etmək lazımdır ki, Azərbaycanda yeni məzmunlu müasir elmi ədəbi tənqidin əsasını Mirzə Fətəli Axundov qoymuşdur.
Mirzə Fətəli Axundov
Böyük mütəfəkkirin yaşayıb-yaratdığı tarixi zaman Rus imperiyasının Qafqazlara gəlişi, bunun nəticəsində Azərbaycanda bir çox siyasi-ictimai-mədəni proseslərin yeni məcrada başladığı mürəkkəb bir dövr idi. Milli tarixin bu səhifələri onun yaradıcılığında komediya libasına bəlkə də ona görə bürünür ki, həmin “qovuşan mədəniyyətlər” dövründə (şərti olaraq Sərq və Qərb) ictimai həyatımızda bir çox təmayüllər toqquşur, üst-üstə düşür və Axundovun bütün həyatı bu təzadlı hadisələrin kontekstində yaşanırdı.
Nəticədə Mirzə Fətəli güclü bir istinad nöqtəsi kimi “qovuşan, kəsişən” mədəniyyətlər məfhumunun bütün müsbət tərəflərindən bəhrələnməklə Şərq və Qərb mədəniyyətlərinin vəhdətini yaradan ilk şəxsiyyətlərdən biri olur. O zamankı Azərbaycan cəmiyyətinin həyat mənzərələrini məhz satira və yumor prizmasından təsvir edən Axundov öz komediyaları, başqa tənqidi əsərləri ilə Azərbaycan mədəniyyətinə ictimai gülüş estetikasını gətirir.
Sonrakı dövrdə bu missiyanı həyata keçirən mütəfəkkirlər arasında mühüm fiqurlar peyda olur, zaman Mirzə Cəlil və Sabir, Üzeyir bəy və Haqverdiyev kimi böyük tarixi fiqurları yetişdirir. Bu mütəfəkkirlər hadisələrə tarixi proses kontekstində yanaşır, yaratdıqları əsər nümunələrində fikirlərini həm bədii- kulturoloji, həm də elmi-nəzəri baxımdan əsaslandırırdılar. Onların tənqidinin təsirliliyi də bu faktorların mühüm vəhdətinin nəticəsi kimi ortaya çıxmışdır.
Çağdaş cəmiyyətimizdəki vacib suallardan biri Azərbaycan ictimai fikir tarixində zamanında mövcud olmuş kəskin və təsirli tənqidin müasir dövrdə xarakterinin dəyişməsi və tamamilə başqa anlamlara gəlməsi, bir növ moda, dəb xarakteri almasıdır. Hazırda mübaliğəsiz demək olar ki, bu özünü bütün sferalarda göstərir — istər ictimai sferada, istər siyasi proseslərin təhlilində, istərsə də kültür həyatında.
Bu xoşagəlməz meyli musiqi sahəsində də müşahidə etmək olar. Dövrümüzün indiki yüksəkliyindən, post-postmodernizm prizmasından musiqi mədəniyyətinə baxış və münasibət tənqidçidən geniş erudisiyanı, hərtərəfli dünya görüşünə malik şəxsiyyət olmağı tələb edir. Kulturoloji analiz musiqi tənqidini ictimai şüurun bir çox nöqtələrinin birləşdirildiyi, müasir sistemin aparıcı təbəqələrinin (elitar-kütləvi, elmi-populyar və s.) sintez edildiyi mürəkkəb bir fenomen kimi təqdim etməyə imkan verir.
Yəni müasir musiqi tənqidinin ümumestetik və mədəni-tarixi kontekstdə aparılması, yeni dövr şəraitində transformasiyası, problematikanın doğru qoyuluşu, habelə həlli yollarının göstərilməsi vacibdir. Musiqi hadisələrinə, meydana gəlmiş ayrı-ayrı musiqi nümunələrinə tənqidçi tərəfindən obyektiv yanaşma həm əsərin müəllifi ilə dinləyici arasında körpü yaratmağa xidmət edəcək, həm də auditoriyanın estetik zövqünün formalaşması və inkişafına, doğru yönləndirilməsinə təsir göstərəcək.

Müasir akademik musiqinin qavranılması, inkişafı, o cümlədən, təbliği prosesində də tənqid aparıcı rolda olmalıdır.
Lakin təəssüflə qeyd olunmalıdır ki, nəinki müasir dövr Azərbaycan musiqisi, habelə XX əsr Azərbaycan musiqi mədəniyyətinin müxtəlif dövrlərində baş verən hadisələri, tənqidi görüşləri aydın əks etdirən əsərlərin sayı azdır və ya demək olar ki, yoxdur. Mövcud bəzi əsərləri, məqalələri oxuduqda isə dahi Üzeyir bəyin məşhur “Küyçülük” məqaləsi (“Yeni iqbal”, 26 oktyabr 1915, № 151) yada düşür… “… Biləks, “tənqidçi”lərimiz var, yəni yalançı tənqidçilər ki, yaxşıya pis və pisə yaxşı deməyə insafı yol verir.
Bu saxta tənqidçilər iki cürədirlər: Birisi anlaya-anlaya pisə yaxşı deyir və yaxşını pisləyir, çünki qərəzi-şəxsisi var və o qərəzli-şəxsisini hər bir şeydən əvvəl tutur. Birisi də anlamadığına görə, pisə yaxşı və yaxşıya da pis deyir, çünki başa düşmür və ağlı kəsmir. Hər ikisinin cəmiyyətə zərəri vardır…”.
Buradan məlum olur ki, tənqid trendi elə o dövrdə də mövcud imiş və bir çoxlarının qələmindən belə nümunələr çıxırmış. İstər akademik, istərsə də kütləvi musiqi nümunələrinə münasibətin həm də məntiqi düşüncə əsasının olmaması dərin təəssüf doğurur. Necə deyərlər estetik zövqə xələl yetirə biləcək xoşagəlməz nümunələri gülüş obyektinə çevirib, fenomenal hadisə yaradırıq, sonra isə onu tənqid etməyə başlayırıq. Beləcə həm gülüş istəyirik, həm inkişaf.
Amma cəhdimiz uğursuz alınır. Gülürük, lakin inkişaf etmirik. Çünki fenomenal hadisəyə çevrilən nümunə kütləviləşərək zövqlərə təsir edir. Bu isə hər sferada öz əksini tapır. Buradan belə nəticəyə gəlmək olar ki, tənqidin məntiqi əsası, dəqiq ünvanının olması vacibdir.
Eynən Üzeyir bəyin “Çoban” adlı məqaləsində deyildiyi kimi: “… Yoxsa, intiqadsız yazılar ucundan yazıq oxucular qarıxıb, başlarını itirirlər və axırda da “черт знает что такое” – deyib ah çəkirlər və yəqinki əsnəyirlər.”
 
 
 
 
Müəllif: Günay Məhyəddinli
Mənbə: azlogos.eu

0 şərh