Рейтинг
+2.26

Esse

4 üzv, 98 topik

Qoşalıq və ya tənhaların qəm nəğməsi

  • Esse
Hardasa belə bir əfsanə oxumuşam. Guya hər bir insan iki yerə bölünüb. Bu bölünmüş insanlar yer üzündə öz yarılarını axtarırlar. Kim tapırsa, birləşib bütöv, xoşbəxt olur.
“Mənim yarım” sözü elə bu rəvayətdən yaranmayıbmı? Kim öz yarını tapa bilmirsə, qalır yarımçıq.
Bəziləri, bəlkə də çoxları öz yarı əvəzinə başqasının yarını tapır, sonra səhv etdiyini başa düşüb ayrılırlar.
Çoxları da heç ayrılmır. Ömürlərini özgələrinin yarıları ilə başa vururlar, ona görə də heç vaxt bütöv olmurlar.
Niyə belədir axı görəsən? Niyə hər şey qoşa olanda gözəl olur? Tənha qadın...Tənha kişi…
Heç vaxt inana bilmərəm ki, dünyada elə bir tənha qadın (yaxud kişi) tapılsın ki, özünü xoşbəxt hiss etsin.
Yarımçıq insan deyilmi tənhalar? Nədir axı bunun sirri? Bəlkə də ona görə ki, qoşalıqdan gəlir dünyaya insan övladı?
Tənha quşun yuva qurduğunu görən olubmu? Bəlkə Günəş elə tənha olduğuna görə alışıb-yanır?

Kim bilir, bəlkə tənha olduğu üçün belə solğundur Ay?
İnsan bədəninin neçə üzvü qoşadır. Qulaqlarımız, gözlərimiz, kirpiklərimiz, qaşlarımız qoşa deyilimi?
Qoşa deyilmi sifətimiz? Qoşa deyilmi dodaqlarımız?
Qoşa deyilmi damaqlarımız? Burnumuz birdir, bəs qoşa deyilmi onun dəlikləri? Birdir başımız, bəs qoşa deyilmi beyin yarımkürələrimiz?

Ürək birdir, ancaq ürəyin şöbələri qoşa deyilmi? Böyrəklərimiz, ağ ciyərlərimiz qoşa deyilmi?
Onurğa sütunu insan kürəyini iki yerə bölmürmü? Qoşa deyilmi ayaqlarımız? Qollarımız qoşa deyilmi?
Hər iki olan qoşadırmı? Qoşalıq və iki olmaq eynidirmi? İki olmaq ayrı-ayrı iki ədəd birin mövcud olmasıdır.
Qoşanın bir birləşən yeri var axı...qoşalıq həm də bir olmaqdır. Yəni, kökü eyni olur qoşanın.
Ayaqlarımız və ya qollarımızın biri o birindən uzun yaxud gödək olanda anormallıq əlaməti sayılır.
Gözün birinin o birindən balaca olması eyib hesab edilir.

Qoşalıq bərabərlikdir həm də. Cütlük bütövlükdür. Kimlərdir həyatda ən xoşbəxt?
Kimlərdir ən bədbəxt? Öz tayını, öz yarını tapıb bütövləşənlər xoşbəxtlər xoşbəxti deyilmi?
Öz yarılarını tapmayanlar dünyanın ən bədbəxti deyilmi?
Hər şeyin əlacı var. Şirin şeydən doyub bezəndə turş nəsə axtarırıq.
Yanan odu su ilə söndürürük. İstidən alışıb yananda sərin bir axtarırıq.
Budur odun əlacı. Soyuqdur istinin çarəsi. Hər şeyin əlacı var.
Hər şeyin çarəsi var. Bəs həyatda öz yarılarını tapmayanların əlacı nədir görəsən?

Öz yarılarının başqa birinə zorla calaq edildiyini görənlərin dərdinə dərman varmı görəsən?
Öz yarısını gec də olsa tapan, amma ona yalnız xəyalən qovuşanlar bədbəxtdir yoxsa xoşbəxt?
Öz yarılarını tapmayanların al-əlvan çılçıraqları o evi nurlandıra bilərmi, ilahi?
Öz yarılarını tapanların evində yanan zəif şam şölələri ən işıqlı çılçıraqdan işıqlı deyilmi?
Qoşaların ruhu ayrıdır, yoxsa birdir, ay Allah?
Qoşa olanlar xoşbəxtdir. Yarımçıqdır tənhalar! Tənhaların evlərinin divarları qəm nəğməsi dinləyir hər gecə.

Tənhaların göz yaşları içlərinə axır hər gecə.
Tənhaların dodaqlarında qəm nəğməsi oxunur hər gecə.

Mahnı qulaqlarımda əks-səda verir...

Hamı gəzir yarısını
Qoca gəzir qarısını...
gəzir....

© Sevil Gültən

Davamı →

Müəllim olmamaq arzusu

  • Esse
Orta məktəbimizin dəhlizində Həsən bəy Zərdabidən sitat yazılmış iri bir plakat asılmışdı. Uşaq ruhuma hopmuş, qırmızı hərflərlə yazılmış o sözlər indi də gözlərimin qabağındadır: “Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır, mən o zaman fikirləşmədən deyərdim: Müəllimlik!”

Evdə isə tez-tez atam bizə nəsihət verərdi: “Heç biriniz müəllim olmayın!”

Sonralar mən filologiya fakültəsini seçəndə də qarşıma belə bir şərt qoymuşdu: “Söz ver ki, müəllim işləməyəcəksən”.

O vaxt mən atama yox, Həsən bəy Zərdabiyə inandım. Mən atama inanmadım, o da məni bağışlamadı. Çünki mənə təkcə “Müəllim olma” deməmişdi, həm də demişdi ki, müti olma.

O daha heç nə demir, sadəcə, susur. Bütün ömrünü Azərbaycan ədəbiyyatının tədrisinə həsr etmiş o yorğun qocanı anlayıram. İndi bilirəm, bu xalqın ədəbiyyat tarixini beynində gəzdirmək necə ağırdır. Özün dünya ədəbiyyatını oxuyub, başqalarına Azərbaycan ədəbiyyatından dərs keçmək neçə yorucudur.
Davamı →

Xoşbəxtlik axtarışı

  • Esse
Bəşəriyyətin əsas siması olan insan daim axtarışdadır. O, gah müxtəlif obrazların fonunda «uzaq səyahətlərə çıxır», gah da axtarışlar arasında «itib-batır». Təbiətindəki «axtarmaq və tapmaq» xüsusiyyəti onu demək olar ki, hər zaman qalib cəngavərə çevirmək gücünə malikdir.

Axtarış obyektlərinə gəlincə isə — bu, özlüyündə «müxtəlif səpkili mövzular məcmusudur» — desəm, yanılmaram; elmi axtarış, söz dünyasına baş vuraraq həyata keçirilən ədəbi-bədii axtarış, xoşbəxtlik axtarışı və s.

Davamı →

Xilasımız kitablardadır

  • Esse
Bugünlərdə, xalaoğlu ilə Nizami küçəsində gəzişdikdən sonra, elə oradaca özümüzü bir kənara verib, kitab oxumağa girişdik. Elə həmin an bir polis nəfəri təbəssümlə xalaoğluya tərəf yaxınlaşıb, xoş dillə “baxım, nə kitabıdır” — dedi və xalaoğlu da onun mülayim həvəsinə adekvat olaraq kitabı qeyri-ixtiyari uzatdı. Polisimizin kitaba belə maraq göstərməsi təəccübümə səbəb oldu və sadəlövhcəsinə bu hala sevinərək, “siz də kitabsevərsiniz?” deyə soruşdum.

— Yox, elə bildim siz kitab satışı ilə məşğulsunuz…
Davamı →

Layk

  • Esse
Mən deyim, siz inanmayın: bir də görəcəyik, çöldə-bayırda qəfildən kiminsə olan-qalan ağlı da yerindən oynadı, başını itirdi, başladı ki, bəs axı nədən yarım saatdan bəri bu mərkəzi küçədə gəzişirəm, amma bir adam balası da yaxınlaşıb təzə köynəyimi, yeni saç düzümümü layk – like eləmir?! Noolub şəhərimizin 3D-5D gözlü sakinlərinə?! Yox, görünür bu işdə bir iş var, yəqin, “public” görünmürəm…

Özüm eşitmişəm, avtobusda sağollaşan iki rəfiqədən biri o birinə elə beləcə də dedi: “Axşam qızlara da xəbər elə, çatda görüşək…”

Belə baxanda, nəyi pisdi ki? Məsafələr şəffaflaşıb yoxa çıxır, hamı olur laməkan…

Belə baxanda, nəyi yaxşıdır ki? Jestlərinə, mimikasına, səsinə alışdığımız, məsəl üçün, adının Klark Kent olduğunu bildiyimiz adam o tərəfə – virtuala aləmə keçən kimi dönüb olur Supermen.

Baxmaq olmur. Baxmamaq olmur.
Davamı →

Fəlsəfəni necə öldürməli?

  • Esse
Görüşlərdə, söhbətlərdə, sosial şəbəkələrdə gənclərin fəlsəfəyə meylini görürəm. Fəlsəfə təhsilli olduğum üçün bu suallarla tez-tez qarşılaşıram. Halbuki bu sualları heç sevmirəm, amma gənclərin bu istəyi çox təbii və yerindədir. Gənclik fəlsəfi suallar doğurur və bu sualların arxasınca gedir.

Dünyanı Tanrı yaradıbmı? Ölümdən sonra həyat varmı? İnsan öz hərəkətində azaddırmı? Azadlıq nədir? Bu və bu kimi suallar…

Doğrusu, bu suallara cavab verməyə həvəsim qalmır. Təkcə ona görə yox ki, bu sualların cavabları çox uzundur və bu cavabları anlamaq baza səviyyəsində olsa belə fəlsəfi mədəniyyət tələb edir. Məsələ təkcə bunda deyil. Bu məsələləri anlamağın elə bir əhəmiyyəti də yoxdur. Bilirəm, sizə çox radikal gəldi. Lakin məsələ bundan ibarətdir. İnsan həyatının mənası haqqında düşünənə qədər bu mənanı özü üçün yaratmalıdır. Əlbəttə ki, özünüdərk prosesini nəzəri mənbələrdən tamamilə ayırmaq mümkünsüzdür. Bilirəm, çox qəliz bir yerə girmişəm, sonda deyəcəyimi əvvəldən demişəm. Bir pritça danışaq, sonra da əhvalatımıza davam edərik.

Buddadan soruşurlar: Tanrı varmı? Budda suala sükutla cavab verir, adam sualı təkrarlayır. Yenə sükut. Yenə sual. Yenə sükut. Adam üçüncü dəfə soruşanda Budda deyir: “Bu cür məsələlər sənin nirvanaya çatmağa mane olur”.
Davamı →

Paxıllıq haqqında | Seymur Baycan

  • Esse
Nəyə görə qardaşları Yusiflə pis davrandılar. Onu quyuya atdılar? Paxıllıqdan. 
Gəlin, paxıllığı insan ürəyində özünə rahat yuva qurmuş iyrənc və murdar bir qurda bənzədək. Bu qurd insana bir qram da rahatlıq vermir. Onun bütün həyatını cəhənnəmə çevirir. Paxıllıq adlı bu qurd insanı içindən yeyərək onu eybəcər hala salır. Paxıl insan daima bu qurdu yemləməlidi. Qurd isə doymaq bilmir ki, bilmir. Paxıl insan nə qədər varlı, imkanlı olsa da o yenə də paxıllıq etmək üçün bəhanə tapır. Deməli problemin kökü heç də insanın varlı və ya kasıb olmasında deyil.
Bu qurd hətta ən varlı adamların ürəyində belə özünə yuva qura bilər. Paxıl insan heç nədən zövq və həzz ala bilmir. Məsələn, o başqasının gözəlliyindən həzz ala bilər? Xeyr, başqasının gözəlliyi onu dəhşətə gətirir. O başqasının işindən zövq ala bilər? Xeyr, başqasının işi onu dəhşətə gətirir. O paxıllıq etdiyi insanın hər kiçik bir uğuruna görə iztirab çəkir, can verir, məhv olur. Ürəyində yuva salmış eybəcər qurdun tərpənməsi üçün heç də böyük-böyük səbəblər, böyük-böyük hadisələr gərək deyil.
Davamı →

İstedad və zəhmət

  • Esse
Çox təəssüf ki, seyid cəddinə arxayın olan kimi, bizim sənət adamlarımız da öz istedadlarına çox arxayındırlar (nə gizlədim, bu cümləni yazanda güldüm). Sartrın yaxşı bir sözü var. Deyir ki, istedad insana verilmiş borcdur. İnsanın sonrakı həyatı onun həmin borca layiq olub-olmadığını müəyyən edir. Söz yadımda təxminən belə qalıb.

Bizim ölkədə istedad sənət adamlarının qəniminə, daha doğrusu qəbrinə çevrilir. Çünki onların sonrakı həyatı bu borca, yəni istedada layiq olmadıqlarını ortaya qoyur. Çaykovski kimi əjdaha deyir ki, uğur doxsan doqquz faiz zəhmət, bir faiz istedaddır. Bizimkilərin isə fəaliyyətindən belə hiss olunur ki, onlar üçün sənətdə uğur doxsan doqquz faiz istedaddan, bir faiz zəhmətdən ibarətdir.

Bizim sənət adamlarımız istedadlarına həddindən artıq çox inanırlar və sonra da bu istedad onların faciəsinə səbəb olur. Tutaq ki, cavan bir uşağın şeirlər kitabı çıxıb. Bu uşağın da iyirmi iki yaşı var. Biz onun şeirlərini oxuyub, onun haqqında nə deməliyik? Deməyəcəyik ki, sən yaxşı şairsən, sən dahisən. Deyəcəyik ki, istedadlısan. Gözləyək görək yeddi-səkkiz ildən sonra bu şair nə qoyacaq ortalığa. Amma əlli yaşında adamın kitabı çıxanda durub ona istedadlı şairsən demək nə qədər düzgündür? Düzdür, o, bunu kompliment kimi qəbul edəcək. Ancaq ağlı varsa bunu söyüş kimi qəbul etməlidir. Ya ona yaxşı şair, ya da pis şair deməlisən. Bizdə yetmiş yaşlı insan «istedadlısan» sözünü hələ də kompliment kimi qəbul edir.
Davamı →

Yazıçı sənəti – Yuhan Borgenin essesi

  • Esse
Yuhan Borgen (28 aprel 1902 – 16 oktyabr 1979) dünya şöhrəti qazanmış yazıçılardandır. Təkcə Norveç deyil, ümumilikdə Avropa ədəbiyyatına öz töhfəsini vermiş yazıçı Müqavimət hərəkatının fəal iştirakçısı kimi də yaxşı tanınıb. Onun novellaları, romanları, esseləri, məqalələri dünyanın bir sıra dillərinə tərcümə edilib.
Yuhan Borgenin çoxşaxəli ədəbi irsi əsasən ədəbiyyat və incəsənət məsələlərinə həsr olunub. Bu nümunələrdə bədii yaradıcılığın problemləri, sözün mövqeyi, yaradıcılıq psixologiyası öz əksini tapıb. Müəllifin məqalələrinin böyük əksəriyyəti L.N.Tolstoy, F.M.Dostoyevski, M.Qorki, Ç.Dikkens, H.K.Andersen, K.Hamsun, H.Qriq kimi məşhur söz-sənət sahiblərinin yaradıcılığını əhatə edib.

Davamı →

Məqsədə çevriləndə sənət özünə xəyanət etmiş olur – Henri Millerin essesi

  • Esse
Nə vaxtsa Knut Hamsun anket suallarını cavablandırarkən qeyd etmişdi ki, o, yazılarını məhz vaxtı öldürmək məqsədilə qələmə alır. Fikrimcə, K.Hamsun öz dediklərində, hətta səmimi olsa belə, yenə səhvə yol verib. Yazıçılıq da həyat kimidir, məqsədə çatmaqdan ötrü səyahət etmək, dünyanı gəzib dolaşmaq, metafizik macəralara baş vurmaq, dolayısı ilə reallıqları qavramağı bacarmaq xüsusiyyətlərinə malik olmaq lazımdır. Yazıçı şüuru varlığın üst qatı ilə aşağı qatı arasında ömür sürməklə həyat yoluna qədəm basır, nəticədə isə özü də bu yolun sonuna gedib çıxır.

Davamı →