Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- II fəsil

II FƏSİL

 UNUTMA!!!

İmranı telefon zəngi yuxudan oyatdı. Nədənsə çox həyəcanlı idi. Yerindən qalxanda prostinanın tər-su içində olduğunu hiss olunurdu. Distansion panasonic telefon isə artıq dördüncü dəfə idi ki, dınqıldayırdı. İmrana çox qəribə gəldi ki, telefon yanında olduğu halda, səsi mətbəx tərəfdən gəlirdi. Həm də, adi şəhər telefonuna zəng gəlsə də, telefonu balışının yanında olan mobil telefonun “Nokia” adlı zəng tonunu  çıxarırdı. Axı adi telefonda belə zəng çalarları olmur. Nədənsə əmin idi ki, bu məhz ev telefonundan çıxan zəngin səsi idi. Ayağa qalxmağı ilə mətbəxə daxil olmağı bir oldu. Gözləri qırpmaqla artıq telefon əlində idi. İmran baş çıxara bilmədi ki, bu neçə gün yuxusuzluğun nəticəsidir yoxsa onun başına doğrudan da hava gəlir. Belə sürətli şəkildə hərəkətlər etmək çevik milçəklərə belə qismət olmurdu. Hələ bu fikirlərdən ayrılmamışdı ki, telefonun “TALK” düyməsini necə basdığını özü də bilmədi. Sanki ruhu başqa bir kəsin bədəninə girmişdi və hərəkətlərini başqası idarə edirdi. Xəttin o biri tərəfindən çox sakit şəkildə danışan yaşlı bir adamın səsi eşidildi.

-         Sən deyəsən məsələnin nə qədər ciddi olduğunu bilmirsən. Beş saniyəyə pulları çatdırmasan qardaşının başının necə kəsildiyini öz qulaqlarınla eşidəcəksən

-         Bir-İki-....

İmranın ürəyi az qala partlayacaqdı. Beş saniyəyə pulu naməlum yerə- bəlkə də kilometrlərlə uzaq məsafəyə çatdırmaq, bu nə ağılasığmaz fikir idi belə-deyə İmran təlaş içində fikirləşdi. Üçüncü saniyə eşidilməmişdi ki, xəttin o biri ucundan qardaşının fəryadı eşidildi.

-         İmran qurban olum, bunları qoyma...qoyma məni öldürsünlər.

-         Dörd-Beş-deyə sanki birdən telefonu boğazı kəsilmiş və qan fışqıran qardaşına tərəf yaxınlaşdırdılar. Bir neçə saniyəlik xırıltıdan sonra qardaşının canını necə tapşırdığı aydınca eşidildi. Sonra xəttin o biri tərəfində dəstəyi qoydular.

-         Yooooooooxxxxxxxx....Ay Allah! –deyə öz başını yumruqlaya-yumruqlaya bağırdı.

Birdən gözünün qabağında olan fon yavaş-yavaş dəyişdi. İmran hələ də çarpayıda olub tavana baxdığını gördü. Başa düşdü ki, bu yenə də hər həftə gördüyü yuxu idi.  Çarpayının yanında olan stulun başına asılmış dəsmalı götürüb, tər-qan içində olan üz-gözünü sildi.

 

6 ay əvvəl

***                          ***                        ***

Üç aya yaxın idi ki, işə düzəldiyi “ofisdə” çalışırdı. Çalışmaq deyəndə ki,  iki yüz manat maaş erkək biri üçün həyatı alatoran vəziyyətə gətirirdi. İpoxondriya öz sözünü deməyə başlayırdı. Hər şeyə həvəsi ölmüşdü. Əvvəlki stimulları, uşaqlıq xəyalları, gənclik idealları topyekun iflasa uğramışdı. İşinin monotonluğu isə boz depresiyanı daha da qatılaşdırırdı. Stiven Kinqin sözü olmasın, eSeSDiDi – Seym Şit, Diferent Dey, bir sözlər “hər gün eyni zibil”.  Öz taleyinə hər gün bəd-dua edərdi. Axı niyə onun işə düzəlməyi bu lənətə gəlmiş “böhran iqtisadiyyat”la eyni vaxta düşdü. Əhalinin getdikcə pisləşən maddi durumuna görə idi ki, müştərilər gün-gündən günə daha aqressiv maskalar taxırdılar. Hər qəpik-quruşa görə əzizlərinin canına and içir, “sən öl” vurur, qeyri-peşəkarcasına yalan danışır, iş vaxtında hazır olmayanda isə, arvadı şərlənmiş erkək tək öküzcəsinə bağırardılar. Pentalgin qəbulu baxımından öz təyin etdiyi  -günə iki həb- kvotasını çoxdan alt-üst etmişdi. Bu isə onun qanının həddindən artıq durulmasına gətirmişdi. Bədənində ən  xırda cızıqlar belə, qan fışqırtısına səbəb olur, qan isə  laxtalanmaq bilmirdi. Diş ağrısı, baş ağrısı, “ruh” ağrısı – hamsı qarışmışdı bir birinə. Bəzən öz vəziyyətini təhlil edəndə, Şerifin ölməz karikaturalarından birində, bir personajın daha doğrusu, xəstənin qarşısında oturan həkimə dedikləri yadına düşür və öz-özünə gülümsəyir. “Həkim! Ruhum bir az xəstələnib”.

Bacardığı yeganə iş kompyuteri bir az “qurdalamaq” idi. Onu da natamam şəkildə aferist tədris müəssisələrin birində ayı əlli manatdan altı aya öyrənmişdi. Bu qansız şirkət sahiblərinin işi ancaq süni şəkildə müştərinin tədrisinin vaxtının uzadılmasından ibarətdir. “Müştəriyə az-az öyrət ki, çox-çox gəlsin” deyə fəaliyyət göstərirdilər.Nə çox belə OFİS, WINDOWS, DELPHY, INGILIS DILI və s. şeylər  şeylər “öyrədən” müəssissələr. Bakının bir müdrik imamı demişkən, əvvəllər Abdullah – Allah qulu adı qoyurdularsa, indi də gərək ABDULMANAT, ABDULDOLLAR adının qoyulması geniş vüsat alsın. Axı bu adlarda qəribə səslənən nə var. Limonad, Qaraj, Traktor adı ola bilər, Abdulmanat yox?! –deyə

 

***                 ***                ***

İmran qarşısında arxası ona tərəf oturmuş, barmaqları ilə klavişləri çevik şəkildə şaqqıldadan iş yoldaşı Ətrabəyə baxırdı. O sümbül tək sarı saçları elə gözəl daranmışdı ki, arxadan nəzər yetirdiyi qızın həmin Ətrabə olduğuna inana bilmirdi. Ətrabə isə üçüncü gözüylə öz üzərində kişi nəzərinin olduğunu duyub, fors-qəmzəsindən geri qalmırdı. Müxtəlif pozalar alır, qıncanır, əsnəyir, saçına sığal çəkir, ayaqlarının yerini dəyişir, af-of tipli səslər çıxarır. Boşuna deməyiblər ki, qadın sevgilisindən çox özünü sevir, öz görünüşünü… narsisizm qadınlar arasında geniş yayılmış hal olduğundan, bu amil kişiləri seçim baxımından daha uğurlu edir. Axı qadın gözüylə deyil, qulaqlarıyla sevir.

Bütün bu tip fikirlər ağlından bir anlıq keçsə də, onun o qədər də Ətrabədən xoşuna gəlmirdi. Ətrabəyə qarşı yalnız qadınlığına görə simpatiyası vardı. Ətrabə isə on İmran tərəfdən nəvaziş görmədiyindən və xoş sözlər eşitmədiyindən, İmrana qarşı marağı ölmüşdü. Həm də bu hal onu özündən çıxarırdı. Daxilində ictimai senzor olmasaydı qalxıb ona yaxşıca bir neçə yağlı cümlələr deyərdi. “ Sən heç kişi deyilsənmiş,...”, “ Necə kişisən ki qadın gözəlliyi qarşısında ərimirsən!”.

Ətrabə özü də o qədər forsa girdi ki, diqqəti yenidən qarşısındakı monitora qayıtdıqda tələbə müştərilərdən birinin kurs işini ilan-qurbağa hərflərlə yığdığını gördü. “Of...İndi gəl iki absaz yazını təzədən yaz.

İmranı isə canlı yuxudan cib telefonuna qəfildən gələn zəng oyatdı. Bir neçə cızığı olan köhnə Nokiasının displeyində BOSS adını görüb, özündən asılı olmayaraq üz-gözünü turşutdu. Bir neçə saniyə nə danışacağını götür-qoy edib YES düyməsini  basdı.

“Alo....

“Hə, İmran oralarda vəziyyət nə təhərdir? – ağlından qəşəng bir söyüşlü cavab keçirdi ki, belə axmaq suala əntiqə cavab ola bilərdi. Bir şey də var ki, söyüşü şayət işlədsə, gərək bir daha bu “OFİSƏ” ayaq basmaya.

“Belə də pis deyil...- bax indi maymağ soruşacaq ki, klient çoxdur? Yüz faiz.

“Kliyent zad var? – İmrana əsəbdən dəli gülməy gəldi. Bu əclafın elə bir günü yoxdur ki, İmranı qıcıqlandırmasın. Yəni O, simasından və ya hərəkətlərindən “başqa cür” görsənir ki, rəisi ondan bu qədər şübhələnir. Axı o dəfələrlə əyani şəkildə sübut edib ki,  qəlbdə təmiz olmasa (öz özünə yalandan qiymət vermək istəmir) da, hərəkətlərində olduqca vicdanlıdır. Başqalarının halına özündən çox yanır....Bununla belə bu təmizlik başqalarında şübhə doğurur.

-         “Xeyr. Dünənki kurs işlərini yığırıq”

-         “Neylək,  siz davam edin,...bir iki saata mən də gəlirəm...İmran bax ah, gəlirləri kağıza düz yaz” – görməmiş, yedim sənin pullarını, boğazında qalsın...deyə ürəyində cavab verdi.

-         “Oldu” deyə tez-bazar No düyməsini basıb telefonu bayaqdan boş-bekar oturduğu masanın üstünə vızıllatdı. Möhkəm sürtüntü səsindən diksinən Ətrabə çevrilib ona tərəf kinli-kinli baxsa da heç bir söz demədi. Əslinə qalanda rəisinin verdiyi az maaşa rəğmən həddindən artıq, ifratca tələbkar olması onu da boğaza yığmışdı.

Qapı çevikçəsinə açıldı. İçəri idman geymində olan son dərəcə arıq bir leşyeyən sifətli cavan oğlan daxil oldu. Mazut tək qara dərisi olan, bununla belə, nədə olsa zəncidən seçilən, bu dəliqanlının sağ gözü sol gözündən təxminən iki dəfə kiçik idi. Daha doğrusu, göz qapağı daha çox yığılmışdı. Adətən dəm adamlar gözlərini yorğunluqda belə edərdilər – sinxron olmaq şərtilə. Bu halı ona aid etmək düzgün olmasdı. Sadəcə anadangəlmə bir defekt. Bəlkə də üstünlük. Kim bilir?- deyə İmran özlüyündə götür-qoy etdi.

Oğlanın şorgöz olması elə ilk saniyələrdən bəlli oldu. İmrandan qabaq qıza baxıb, ağzının suyunu udurmuş kimi şüuraltı cinsi niyyətlərini özü də istəmədən üzə çıxardı. Hətta qısqanmasa belə, oğlanın heç də xoş məramla gəlmədiyini hiss edən İmranın “Nə lazımdır?” sualını eşidəndə belə, gözləri hələ də qızın çılpaq qalmış baldırlarında idi. Bic-bic gülümsəyib, üzünü İmrana tərəf çevirdi.

-         “Qağa, balaca bir ərizə yığmaq lazımdı...”

Mətn yığımı işinə Ətrabə özü baxdığından İmranın yalnız iki çıxış yolu var idi. Ya razı olub müştərini qızın üstünə göndərməli ya da ki, onsuzda müştərinin səhrada bit tək az olduğu bir mövsümdə bir bəhanəylə geri yollamalı idi. Üstəlik rəisin gələn vaxtlarında.

-         “Xanıma yaxınlaş...o, yığar”-deyə özü də istəmədən dodaqlarını tərpətdi. Əclaf sanki bu məqamı gözləyirmiş kimi, yenə ağzının tüpürcəyini fısıltı ilə udub qıza tərəf getdi. Başının üstündə durdu.

-         “Siz mətni mənə verin, mən özüm yığaram...Başımın üstündə durmaq lazım deyil”-deyə Ətrabə acıqlı şəkildə öz sözünü dedi.

-         “Mama qızı, məndə hazır mətn olsaydı ta burda nə itim azmışdı? Mən sizə diktavat edim SƏN də yığ”- naməlum bu cavanın birdənbirə SƏN-ə keçməsi qızı çox özündən çıxarsa da, işinin xatirinə müştərinin nazıyla oynamalı oldu.

-         “Hə, qəşəng qız...Deməli yuxarı hissədə yaz...Hmm...Səlahiyyətli orqanlara...Yaz ki,  filan ünvanda yaşayan filankəsov filankəs tərəfindən...”- guya ekranda yazılan görmürmüş kimi təzim şəklində qızın önündə başını ekrana demək olar ki soxdu. Heybətli sifəti az qala qızın üzünə toxunacaq dərəcədə yaxın idi. Ətrabə özünü çox narahat hiss etməyə başladı. Ağzından gələn mənfur qoxu isə onu lap çox özündən çıxarırdı. 

-         “Bir az aralı durun” –deyə İmranın eşitməməsi üçün sakitcə dilləndi.

İmran tədricən özündən çıxırdı. Ancaq qaynama nöqtəsinə çatmamışdı ki, bütün gərginliyini boşaltsın. Yaramaz aralı dursa da, bir neçə saniyədən sonra yenidən qıza yaxınlaşdı. Bu dəfə həddi lap aşaraq, İmran görməsin deyə qızın sağ tərəfinə keçib, çiyniylə qızın çılpaq qolların sürtündü. Ətrabə artıq dözməyib müştərini əliylə geri itələyib yaxşıca söydü.

-         Cındır oğlu, cındır...mən sənin tanıdığın qızlardan deyiləm.

-         Səsini kəs və yaz...

Bəli bu artıq qaynama nöqtəsi oldu,  İmran mümkün qədər əsəblərini cilovlamağa çalışdı. Əlbəyaxa davaya yalnız ən son anlarda girərdi.

-         Sən çıx bayra...Çıx, çıx...Get mətni başqa yerdə yığdır.

Müştəri elə qorxunc sifət aldı ki, İmran belə onun həmin adam olub-olmadığına tərəddüd etdi. Cibindən 5 manat çıxarıb İmranın arxasında əyləşdiyi iş masasının üstünə vızıllatdı

-         Götür pulu, kəs səsivi, peysər!

Əcləf...İmranın həyatda ən nifrət etdiyi söyüş idi bu söz. Hətta əsgərlikdə olarkən belə  sözünün gündəlik işlənən sözlərdən olduğu bir mühitdə belə, özünü hörmət qoyub, söyüş söyən yoldaşları arasında hədd saxlayırdı. PEYSƏR-in mənası o, idi ki, ya anan fahişədir, ya bacın, ya da kı, arvadın.

Bircə bu söz kifayət etdi ki, İmran yaramaz müştərinin üstünə vaşaq tək atılıb, bədəninin ağırlığı ilə yerə aşırsın və ağzına-ağzına vursun. Ətrabə vəziyyətin gərgin olduğunu görüb, arxa qapıdan çıxıb kömək dalınca getdi.

`        -4-Sağ yumruq, sol yumruq, kəllə,...boğazlama, saçdan tutub başını döşəmədəki kafelə var gücü ilə vurma. Bir sözlə müştərinin üz gözü o qədər qana boyanmışdı ki, sifətində nəyin harada olduğunu ayırd belə etmək olmurdu. Yaramaz leş gününə düşmüşdü. Artıq əlləri ilə zərbələri dəf edə bilmirdi.  İmran isə hələ də vurmaqda idi.

-         Cındır, fahişənin oğlu sənsən...mən yox...Peysərin böyüyü sən özünsən. Oğraş...

İmran arxadan qapının açıldığını və kimlərinsən içəri cumduğunu hiss etsə də hələ də hirsini zərbələrlə soyutmağa çalışırdı. Boynundan kimisə yapışıb onu ayırmaq istədi. Nə qədər etdisə məqsədinə çata bilmədi.

-         Burax, onu....Burax!

Daha sonra İmran boynunun arxasından ağır bir alətlə zərbə aldığını hiss ətdi. Əzələləri boşaldı və gözləri yumuldu. Sən demə bu ağır alət, rezin dubinka imiş. Gözlərini açdıqda Xətai rayon polis bölməsinin kamerasında yerdə uzandığını gördü. Onunla bağlı böyük sirrin üstünün açılmaması üçün sabahı günü (dörd  yüz manat verib azadlığa çıxdıqdan sonra) işdən çıxdı. Bir neçə ayın içində isə yaşadığı mənzili tərk edib  Azadlıq prospektində kirayə ev tutdu.

0 şərh