Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- III fəsil

III FƏSİL
 Yeni il hədiyyəsi

1 il  3 ay öncə
Yeni il bayramını səbirsizliklə gözləyirdi Abdullayevlər ailəsi.  Ona görə ki, ailənin bütün üzvləri üçün bu ilin ən maraqlı və ən yadda qalan günü idi.  Hər biri həmin gün işləmədən azad olduğuna görə, ailə tam şəkildə yığışardı süfrə başına, dadlı təamlardan dadıb, bol-bol söhbət edərdilər. Başqa günlərdə yeni il günündə olduğu kimi bayram nəşəsi duyulmazdı.  Ailə başçısı –  56 yaş, həkim-cərrah Vüsal Abdullayevin də üzündə təbəssüm sezilərdi bu bayram günündə. Uşaqların bayram hədiyyələrini  Almaz xanım hazırlayardı. Əkiz qızlarının həddi-buluğa çoxdan çatmış olmaqlarına rəğmən, hər il, üzərində şaxta baba həkk olunmuş və Happy New Year sözləri yazılmış boz rəngli bağlamaları müxtəlif şirniyyatlarla, xüsusi suvenir və ya ətirlər, cürbəcür hədiyyələrlə doldurar və onların yeni ilini bu yolla təbrik edərdi. Yeganə oğulları olan Ramizə də eləcə.
 
-         A kişi nə istəyirsən eh, vaxtında qədrimi bil deyirəm sənə. Əlli manata lap Şah Abbasın bazarlığını eləmişəm. Masanın üstündə nəistəyirsən var-deyə evdarlıq işləri ilə yarışmağı sevən qadınlar kateqoriyasına aid olan Almaz xanım ərinə dedi – Nə olsun pajarnik qızı olmuşam, buna baxmayaraq, hesab işini lap kompyuter kimi bilirəm. Sənə deyirəm bu baş, bu əllər qızıldı qızıl. Vaxtında qədrimi bil.
Vüsal bu bekara lovğalıqdan təngə gəlib oğluna:
-         Ramiz, tez araqları boşalt bir vedrəyə, gətir bura!
Almaz xanım o dəqiqə reaksiya verib, yeməyi dayandırdı, çəngəli qırağa qoyub:
-         A kişi sənin başın xarab olub. Arağı tökməyə yer tapmadın?
-         Demirsən mən beləyəm, mən eləyəm. Sənin başın axı qızıldandı, deyirəm gələcək nəsillərə mütləq lazım olar, ona görə çürüməsin deyə elə indidən spirtin içində saxlayaq.
-         Ə sən nə sarsağ adamsan. Bu axmaq zarafatlarından heç vaxt xeyr gəlmir.
Mənzilləri səkkizinci mərtəbədə yerləşsə də, liftləri işləmirdi. Hər gün bu böyük məsafəni qət etməkdən lap idmançıya çevrilmişdilər. MİS-dən bu yaxınlarda söz vermişdilər ki, lift məsələlərinə baxan “müvafiq qurum” yaxın gələcəkdə bu məsələni çözəcək. Hələ ki, heç bir əncam çəkilmirdi.  Ən zülümü isə altıncı günlərə təsadüf edərdi, Vüsal həkim yarmarkadan aldığı 4-5 torba meyvə-tərəvəzlə evə qalxanda.
-         İndi day, bayramdı deyə danışmıram, ...bayram qurtaran kimi bu üstümüzdəki əclafı elə çalxalayacam ki, daxılında olan qəpik-quruşu da qoyacaq həmin kanalizasiya borusunun təmirinə.
-         Əşi qanını qaraltma bayram günü! Di ye salatdan.
Söhbət doqquzuncu mərtəbədə yaşayan İrəvan məcburi köçkünləri İsrafilgildən gedirdi. Bir neçə ay qabaq, Vüsal həkim deyəni “unitazın başına nə iş gətirmişdilərsə, birinci mərtəbəyə kimi bütün mənzillərdən keçən enli kanalizasiya borusu deşilmiş, nəticədə səkkizinci mərtəbədə yerləşən mənzillərin divarlarına sızmışdı. Nəmişlikdən Abdullayevlərin nəzir-niyazla etdikləri  iki il öncəki ümumi təmiri “yağlı şillə” yemişdi: yasəmən və nərgiz gülləri həkk olunmuş al-əlvan rəngli divar kağızları qaraltı verərək, şişmiş, bəzi yerlərdən qopmuş, üzlük şpaklyovka çatlaq verərək ovulmağa başlamışdı.
Şuba salatın hələ yeyilməmiş olduğunu görüb ağlından nəsə keçən Almaz xanım dizüstü kompyuterdə Hitman 3D oyununu oynayan oğlu Ramizə dilləndi:
-         Balamsan, deyirəm bəlkə bu bayram yeməklərindən bir-iki dilim qonşu Murada aparasan. Yazıqdır axı, yetim. Yeni ili kimsəsiz keçirir, tək bayquş kimi. Yəqin yeni ilə heç bir şey almayıb, həmişəki yarımfabrikat suplardan yeyir.
-         Eh mama, mənim o qaşqabağlı, özünnən razı gədədən heç xoşum gəlmir
-         Xoşun gəlmir, Allah rizası üçün elə, əl tutmaq Əlidən qalıb.
-         Hə,yaxşı  bezdirdin   eh,mama!  Ver aparım, nə aparacam.
Bayaqdan gözü sataşdığı təpə şəklində bütün qabı ehtiva edən qırmız-ağ rəngli “şuba” salatını götürüb oğluna uzatdı.
-         Onsuz da, nə atan  nə də qızların şubayla arası yoxdur. Hər il özümə söz verirəm ki, “ta bəsdir, bu dəfər hazırlamıram”, amma hər dəfə də yaddımdan çıxır.
-          Yaddınnan çıxmır eh, prosta qonum-qonşu xanımlar arasında sonra lovğalanasan ki, filan qədər salat bişirdim yeni ildə.
-         Vüsal gördün balaca yaramazın nə uzun dili çıxıb
Söhbətə ata – Vüsal həkim də qoşuldu:
-         Sən dediyin “balaca yaramazın” artıq on üç yaşı var.
-         Kişi elə səndə onun tayısan. Ramiz fırt eliyib burnundan düşüb. Ta sənə sözüm yoxdu.- üzünü Ramizə tərəf çevirib hədələyici tonda- di tez elə apar qonşunun payını.
Ramiz nədənsə ailə üzvlərini itirmiş özündən bir neçə “yeni il bayramı” böyük olan Muraddan yaman qorxurdu. Muradın kəskin soyuqqanlığı və təkbaşına sürdüyü həyat tərzi onu dəhşətə gətirirdi. Ötən il sentyabr aylarında podyezddə şahidi olduğu hadisədən  sonra Ramizin ona qarşı instinktiv hürküləri daha da artmışdı. Belə ki, günlərin bir günü dərsdən tez gəlib, (yuxarı mərtəbədə bircə Murad qalırdı, İsrafilgil hələ köçməmişdilər, Murad da həmin vaxtlar işdə olardı adətən) xəlvətcə yuxarıda papiros tüstülətmək fikrinə düşmüşdü. Pilləkanları tam qalxmamışdı ki, doqquzuncu mərtəbədən gələn qapı cırıltısı və sakit pıçıltı səsi eşitdi.  Yavaş-yavaş addımlarla, qozbel şəklində pilləkanları adlayıb yuxarı boylandı. Gördüyü şeyin gözlənilməzliyindən bir neçə dəqiqə yerindəcə key vəziyyətdə qalmışdı. Gördüyü isə o idi ki, anasının yazığı gəldiyi həmin yetim Murad öz mənzilinin qapısının arxasında durub, qulağını qapıya dirəmişdi. Sanki kimisə pusurdu.  Ramiz bilirdi ki, həmin evdə Muraddan başqa heç-vaxt heç kim olmurdu. “Kimi güdə bilər axı?”-deyə təşviş içində Ramiz dərhal aşağı düşdü. Lazımsız şahid olmaq istəmirdi.
Keçmiş əhvalatı yadda salıb, Muradın qapısının ağzına necə gəldiyini özü də hiss etmədi. “Şuba” salatı sağ əlində,  şadlıq evlərində qulluq edən ofisantlar tək saxlamışdı. İlk öncə qapını döyməyə tərəddüd etdi. Bilmirdi ki, onu içindən sıxan, doqquzuncu mərtəbənin tünd salyarka iyli ağır havası idi, yoxsa Muradın mistik surətiylə bağlı beyninə kök salmış xof. Qətiyyət ortaya qoyub, qapını üç ardıcıl tuqqultu ilə döydü. Bir cavab gəlmədi. İkinci dəfə bir qədər bərkdən döyməyi qərara aldı. TUK-TUK...üçüncü TUK-dan sonra qapı çərçivədən sanki bir qədər aralandı. Sən demə qapı bayaqdan açıq imiş.  Qapını aralasa da içəri girməyə qorxdu, başını içəri qorxa-qorxa dürtüb, “ Murad dayı! Ay Murad dayı, qonşudur eh, gəlməy olar?” –deyə səsləndi. Heç bir cavab çıxmadı. “Yəqin harasa çıxıb”-deyə düşündü. Əvvəl evə qayıtmaq istədi. Fikirləşdikdən sonra ki, belə olduğu təqdirdə anası bir neçə saatdan sonra (anası əqrəb bürcündən olduğu üçün əksər bu bürcdə doğulanlara xas olaraq çox tərs idi) onu yenidən bu vahiməli adamın yanına göndərəcək, qərara aldı ki, elə sovqatı masanın üstünə qoyub evə qayıtsın. “Qoy elə bilsin Şaxta Baba doğrudan da mövcuddur”-qorxunu neytrallaşdırmaq məqsədilə özünü əyləndirməyə çalışdı.   Qapını tam açıb içəri daxil oldu. Qapını örtməyib ala-qaranlıq dəhlizlə yaxında olan otağa doğru kor-koranə addımladı. Qonaq otağında sanki televizor yanılı qalmış kimi, mavi göy işıqlar yanıb-sönürdü. Həyəcan içində olduğundan ayağı qatlanmış kavralitə büdrədi, az qaldı əlindəki salat qabı qarışıq gəlsin üzü üstə yerə. Bir təhər müvazinəti saxlayıb özünü qonaq otağına çatdırdı. Evin pərdələri elə tünd parçadan idi ki, günəşi pəncərədən içəri ötəri baxmağa da qoymurdu. Otağa tez-bazar göz gəzdirən Ramiz əvvəl qorxmuşdusa gördüklərindən sonra bir az da rəngi qaçdı. Otaqda salat qabını qoymağa heç bir masa yox idi. Ümumiyyətlə televizoru çıxmaq şərtilə dörd divar və köhnə-didilmiş parketdən başqa heç bir şey yox idi.
-         Atana ləhnət Nataşa!- deyə dostları arasında təzələrdə dəb düşmüş məsəli işlətdi. Bilmirdi ki, bu qədər həyəcandan sonra evə qayıtsın, yoxsa işini sonraya qoymayıb, digər otaqlara da göz gəzdirsin ki, bəlkə salatı qoymağa yer tapdı. Axı nədə olsa bərəkəti yerə qoymaq olmazdı.
Birdən gözünə televizorun ekranında gedən görüntü sataşdı. Əvvəl elə diqqət yetirmədiyindən elə bilmişdi ki, sadəcə olaraq televiziya kanallarından birinə qoşulub. Ekranda gedən isə köhnə lent yazısı idi. Muradgilin ailəsinin xatirə kasetləri. Çox güman ailənin birgə çəkdirdiyi sonuncu video yazı idi. Belə ki, bütün ailə üzvlərinin bir masa arxasında olması, ekranın aşağı sol küncündə tarix yerində ağ şriftlərlə göstərilən 12/05/2005 yazısı buna sübut ola bilərdi. Murad lentdə çox gülərüz və şadiman görsənirdi. Lenti yazıya alan operator  (çox güman elə öz qardaşı  İsmayılidi)  demək olar ki, yalnız şıltaqlıq edən, deyib gülən, gah anasını gah da atasını qucaqlayan, çox səliqəli geyinmiş və şıqq görünən Muradı obyektivə alırdı. Desəydilər ki, ailə üzvlərini itirməzdən əvvəl Murad belə gözəl enlikürək dəliqanlı idi, heç inanmağı gəlməzdi. Axı 2005-ci ildə,(o vaxtlar Muradın bütün ailə üzvləri həyatda idi) Ramizin özünün hələ balaca idi. Azyaşlı uşaq isə ətrafda olanları qeyri-iradi və iradi psixoloji təhlil etmir. Ona görə ömründə Muradı belə nikbin görməmişdi. Hal-hazırkı Murad qaş-qabaqlı, solğun sifət, sifətinə çıxan tüklər necə gəldi çıxan, səliqə-səhmansız bir sirli gədə idi. Sanki gipnoz altında bir neçə dəqiqə gözlərini həmin yazıdan ayırmadı. Ta,....
“Tarrraaaappp....” elə bil Ad qövmünün başına gələnlər təkrarlandı həmən otaqda.   Dəhlizdə olan antresoldan çox ağır bir şeyin döşəməyə düşdüyünü hiss etdi. Ramizə elə gəldi, ürəyi bu dəqiqə ağzından bayıra çıxacaq. Yerində qurumuş şəkildə durub sadəcə, hündür məsafədən iki qıçı üstə döşəməyə tullanıb, tədricən adi duruş vəziyyətinə qayıdan qara siluet tərəfə baxdı. Siluetin isə kimə məxsus olduğunu tapmaq o qədər də çətin gəlmədi Ramizə. Yalnız bircə kəlmə eşitdi qaranlıqdan peyda olmuş siluet tərəfdən:
-         İndi də səni göndəriblər...insanları necə aldatdığınız mənə məlumdur? Bu suiqəsdin üstünü axır-əvvəl açmalıyam.
Ramiz mürəkkəb cümlələrdən bir şey anlaya bilmədi. Siluetin bayaqdan arxasında gizlətdiyi parıltılı alət aydınca görsəndi. Bu təp-təzə polad qaz açarı idi. Siluet Ramizə tərəf o qədər çevik şəkildə hərəkət etdi ki, Ramiz heç qımıldamağa da macal tapmadı. Hörümçək toruna düşmüş və zəhəri ilə paralizə olunmuş şikar tək qatilinin gözlərinə baxdı. Siluetin Murad olduğuna əmin olmuşdu ki, son sözünü demədən gözlərini həmişəlik yumdu.

0 şərh