Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- IV fəsil

 

IV FƏSİL

Variasiya

 

Hazırkı zaman

“Bizim” çay evi  qlavpoçtun arxasında rəngarəng, işıq effektli və vinilli reklamlarla bəzədilmiş müştərili obyektlərin qonşuluğunda yerləşirdi. Adı çəkilən çay evinin  super baxımlı reklam lövhəsi olmasa da (əslində çox pis gündə olub, “Bizim” sözünü o qədər toz-ləkə basmışdı ki, “B” hərfindən əsər əlamət qalmamışdı) bircə özəl xüsusiyyəti var idi ki, çay evində daimi müştərilərdən başqa nadir hallarda kimsə olardı.  Əksəriyyəti də işsizlər, son ümidini totalizatorlara pənah etmiş sosial zəlillər idi. Bircə biclikləri vardı bu  çay əhlinin. Arvad seriallara rahatca baxmaq dərdindən əri “Ged iş axtar...evdə balaların acınnan qırılır!”  deyə  günün günorta çağı çölə atması, qışın şaxtasında çöllərdə donmamaq üçün bunu ən son əlac bilirdi. Özlərinə həm-dərd  — eyni bəxti yaşayan kolleqalar tapıb, atışır, bir manatdan bir çaynik çay içirdilər, sonra axşama kimi masanı məşğul edib, istidə qızışırdılar. Günün ikinci yarısında isə “Şəkili” başlarının ətrafında gah o yana gah bu yana getdiyini görüb, naəlac şəkildə simvolik olaraq ikinci çaydanı gətizdirirdilər ki, getməli yerləri olmadığından bir azca da qızışıb yenidən evə qalxsın və arvadın evə gətirdiyi pul hesabına hazırlanan yeməkdən dadsınlar.

Rüstəm kişi bəlkə bu çay evinin yeganə fərqli müştərisi idi. Qasidi bağlayıb, birinci növbədə Bizim çay evinə təşrif buyurmağa vərdiş etmişdi.  Bir-iki stəkan xoruzquyruğu çay içib nərd oynar, canlı futbol oyunu gedən zaman bir az matç yayımını izləyərdi.

Saat yeddi yox idi, Rüstəm kişi köşkün işığını söndürüb, qapını arxadan qıfılladı. “Müştəri” üçün cari həftənin televiziya yayımlarının qısa icmalını hazırlamaq məqsədilə, Vasmoy bazarından topdan ucuz qiymətə video kaset alıb, köşkdə, kiçik masasının üstünə yığdığı boş VHS kaset topasından 3 dənəsini içi görükməyən salafana sarıyıb, özüylə gətirmişdi. Köhnə həftənin yazılıb hazırlanmış icmalını “müştəri” gəlib aparmamışdı hələ. “Yəqin sabah gələcək”-deyə ürəyə salmadı. Köşkdən tam ayrılmamışdı ki, daimi müştərilərdən biri, orta yaşlı, dolu, istər yay, istər qış olsun, xristian mərhumların kəfəninə bənzər tünd qara kostyum geyməyə vərdiş etmiş, üzərindən zəhrimar tökülən bir kişiylə toqquşdu:

-  Rüstəm kişi, bağladınmı?

-  Görmürsən.

-  Ay da, Paritet qəzetində oğlumun şeri çıxıb. Gərək mütləq məni sevindirəsən. Köşkü aç sənə on qəzetin pulunu verim,  bax bu ölsün.

-  Sən mənim canım, oğlun şerinin çıxmağı üçün nə qədər  görüb redaktoru.

-  Oğlumun cəmi yeddi yaşı var,...yeddi yaşında uşaq rüşvət verər heç...saqqalına yaraşan söhbət deyil Rüstəm kişi

-  Hmm...Necə olur, yeddi yaşlı uşaq şer yaza bilər, rüşvət verə bilməz?

-  Yaxşı da, şeri anası yazıb, deyir qoy oğlunun adına çıxsın ki, müəllimlərinin və sinifyoldaşlarının paxıllıqdan bağırları çattasın. Tanıyırsan da bu arvad tayfasını, hər şeydə birinci olmaq istəyirlər. Redaktor da yerlimdi, dedi “  iyirmi manat dilxoşduğ elə, oğlunun şeri arxa manşetdə getsin, fitri istedad bölməsində, atamın goruna and olsun hamsı baş redaktora çatır, öz pulumu səndən almıram”

Rüstəm kişinin yadına düşdü ki, makler Aslanla dünən təyin olunmuş nərd oyununa gecikir.

-  Sən mənim daimi müştərimsən, sənə canım da qurban. Lazım gəlsə on beş dəfə də açıb-bağlaram səninçin bu budkanı. Amma neylək ki, Paritet satılmadığından keçən həftədən sifariş vermirəm.- deyə yalan danışmalı oldu — Özünü çatdır “28 May”-a bəlkə hələ bağlamayıblar.

-  Oldu Rəis, arvad tapşırıb, evə qəzetsiz gəlməyim. Nə əlacım var savayı. Gecən xeyrə qalsın Rüstəm kişi

-  Xeyrə qarşı –deyib küçənin döngəsinə buruldu və Bizim çay evi istiqamətində yeridi. Ağ boya ilə yaxın günlərdə rənglənmiş qapıdan içəri girdikdə, həmişəki kimi  çay evindən  Rüstəm kişini ilk öncə kəskin siqaret qoxusu qarşıladı. Özü papiros düşkünü olmadığından, onun konsentrə olmuş qoxusuna qarşı olduqca həssas biri idi. Şəkilini (çayçı) salamlayıb, pəncərənin əks istiqamətində, peçin yaxınlığında divarın bir küncünə  söykədilmiş masanın başında oturmuş, nədənsə yarı zarafat yarı ciddi mübahisə aparan makler Aslan və qonşu Fəzailin “maraqlı söz konsertinə” qoşuldu.

-  Bax bu Aslan var ha, çox fırığ adamdı...Nə var şərikimdi, icarə gətirdiyim obyektin sahibi ilə sözün çəp gəlib, hirslənib “bizə xoş gəldin” deyən vaxt onunla dil-ağız olub, yalvar-yaxar olub, özünü az qalıb sürtsün yerə ki, təki bizi Azadlıq prospekti üçün  sərfəli icarə qiyməti olan yerdən atmasın bayıra. Pah, kişinin oğlu ikiüzlülük edib, yaltaqlanıb, dəridən qabıqdan çıxıb ki, bizi ağ günə çıxarsın. Pah, guya belə böyük bir iş görüb. Əh mən də deyirəm, yekə kişisən əh, yüz manata görə oynadığın havaya bax. Özünü elə uşaq kimi qorxaq göstərib ki, obyektin sahibi də bundan suistifadə edib, hər dəfə bizi hədələyir, olmasızın minnət qoyur başımıza.

-  Yaxşı da şişirtmə, gopçu Pirim.-deyə Aslan etiraz etdi.

-    Hələ deyir, “Fəzail, mən olmasaydım biznes batmışdı”. Hmm.

Aslan bir arxaya bir yana baxdı ki, həmsöhbətlərindən başqa onlara qulaq asan var ya yox. Özünü qabağı verib vərdiş etdiyi qaydada əllərini masaya uzadıb barmaqlarını bir-birinə keçirdi.

-         Rüstəm kişi, bu savadsız Fəzail ki var a, bundan heç vaxt biznesmen olmaz....qram qədər siyasəti yoxdur bunun. İndi mən sizə Maraqlı bir Afrika məsəlini deyim, məsələ tam aydın olsun.

“Afrika məsəli” sözünü eşidən kimi içərini qəhqəhə bürüdü.  Hətta Şəkili də nəisə maraqlı bir söhbət getdiyini hiss edib (onsuzda onlardan başqa bir nəfər də müştəri yox idi içəridə) bir əlində dəsmal, o birində stəkan, silib-qurulaya-qurulaya üç dostun masasına yaxınlaşıb ayaq üstü qulaq verdi.

-         Davam elə,… bəsdir  hırılladın  Fəzail! –deyə Rüstəm kişi özünü bir təhər gülməkdən daşındıra bildi.

 Bir az uzun məsələdi...deyirəm sonra başınız ağramasın. Deməli biri var idi, biri yox idi...Afrikanın qızmar diyarlarından birində...

-         Bu lap nağıl oldu ki, (qəhqəhə) – Fəzail özünü yenə saxlaya bilmədi.

-  4 qardaş var idi. Ataları onlara seçildiyi xüsusiyyətlərinə görə Sərrast, İtigöz, Əliuzun və Dalıyekə adları vermişdi. Bu dörd qardaş ova hər zaman birgə gedərmiş. Günlərin bir günü ət ehtiyatları  bitdiyindən,  tüfəngi götürüb ova çıxırlar, fil ovuna. Ancaq bir əngəlləri olur ki, cəmi bir patronları qalır. Çayın o biri sahilinə keçmək üçün qayığa minirlər. Avar çəkən zaman Dalıyekənin ehtiyatsızlığı ucbatından, qayıq silkələnir və yeganə patron diyirlənib qayıqdan çayın dibinə düşür. Patronun suya düşməyini İtigöz dərhal görür.

“Avarı çəkməyi durdurun, patron suya düşdü. Amma mən onun suyun dibində olduğunu görə bilirəm. Onun yerini sizə göstərə bilərəm. Əliuzun! Nə qədər patron tam islanmamış, cəld əlini uzat patronu çıxar sudan. Əliuzun patronu dərhal çıxarıb, sahilə aparır və günün istisində qurudur. O vaxta qədər isə qardaşlar gözləri ilə potensial ovu – filləri axtarırlar cəngəlliklər arasında. Nəhayət bir sürü  filin çayın o biri tərəfində gəzişdiyini görüb tələsirlər. Patron quruduqdan sonra onu tüfəngə keçirib, şikarı vurmağı Sərrasta həvalə edirlər. Sərrast isə necə deyərlər şikarı bircə ölümcül atəşdən yerə sərir. Tez qayığa minib fil cəsədinin olduğu çayın o biri sahilinə üzürlər. Filin cəsədinə çatıb ətrafa göz gəzdirdikdə, uzaqdan bir topa buğda yeyib cənnətdən çıxmış yerli tayfa nümayəndələrinin müftə məhsula tərəf irəlilədiyini görüb təşvişə düşürlər.Dalıyekə cəmdəyinin üzərinə oturub nəhəng arxası ilə fili gizlədir. Tayfa camaatı səhrada  gölün ilğım olduğuna əmin olmuşlar kimi kor peşmən gəldikləri yerə dönür. Tayfanın uzaqlaşdığını görə qardaşlar fili daşıyaraq öz kəndlərinə qayıdır.

Hər şey elə bundan sonra başlayır.

Ətdən xidmətinə görə kimə daha çox pay düşəcəyi ilə bağlı ciddi mübahisə yaranır.  İtigöz deyir mən olmasaydım, patronun suya düşdüyündən və yad tayfanın gəlişindən xəbəriniz də olmazdı. Nəticədə ov da başarısız olardı. Ona görə payın böyük hissəsi mənə düşməlidir.  Əliuzun isə deyir ki, bir halda ki, ov yeganə patronun sayəsində baş tutub, onu isə o həm qurudub, həm də sudan çıxarıb, ətin əksər hissəsi onun olmalıdır.Sərrast da eynilə özündən deyərək, filin yalnız onun mahir atıcılığı sayəsində ovlandığını deyir.  Dalıyekə də dillənib, “nə olsun ki, patronu suya mən saldım. Əsası odur ki, mən fili gizlətməsəydim, yad tayfa onu aşkar edəcək, əlimizdən alacaqdılar, nəticədə sənin də sərrastlığın, sənin də itigözlüyün, sənin də əliuzunluğun mənasız olacaqdı. Bir araya gələ bilməyib, öz tayfalarının baş ağsaqqalına müraciət etməli olurlar. Tayfa başçısı gənc qardaşların əhvalatına qulaq asıb belə fikir söyləyir.

“ Bu ovda hər biriniz əlinizdən gələni etmisiz ki, bu danılmazdır. Ancaq fil yer üzündə olan ən iri heyvandır.  Ona görə də o kəs ki, onun üstünə əyləşib, onu gizlədə bilib, məhz həmin adam işin ən çətin hissəsini görmüş adam sayılır. Bu hər oğulun bacardığı iş deyil.”

Bu məsəli niyə çəkdim,… ona görə çəkdim ki, bizim Fəzail qardaş mənim də xidmətimə yuxarıdan aşağı baxır...deyir ikiüzlülük edirsən, mən isə deyirəm ki, bu bir siyasətdir. Əslində mən hamıdan çox iş görürəm.  Sadəcə kənardan bunu görmək olmur.Gərək məsələnin batinə varasan.Belə.

-         Hə...Bambılının danışdığı anekdot, elə özü  kimi bambılısayağ  olar… (yenidən çay evini dəhşətli gülüş səsləri bürüdü, Aslan özü də gülürdü) Şəkili bizə nərd gətir, Rüstəm kişiynən bir tas vuraq.

Rüstəm kişi Aslanın belindən zarafatyana yaxşıca zoppa vurub, “Di bəsdir, sən bu gün çox danışdın...Qoy oyunumuzu oynayaq. Sən hələ dincəl. Sənin işinə sonra baxaram” dedi və  Fəzaillə qarşı-qarşıya oturmuş Aslanın stuldan durmasını gözlədi. Aslan həmişəki kimi, “Səni dünən qazdadığım az deyil, hələ ədəbazlığ da edirsən, eybi yox, gözlərik” gileylənib oturacağ yerini Rüstəm kişiyə verməli oldu. Şəkili içində  zərlərin və daşların kolliziyasından şaqqıltı-şuqqultulu səslər çıxaran nərdi gətirib, dostların önünə qoydu. Fəzail şübhəli şəkildə nərdin solmuş taxta örtüyünü süzüb:

-         Şəkili, o günkü lakirovannı nərd necə oldu?

-         Gözüvu yeyim, onu sa-tdım get-di, hayindi nərdə yüz manat verən ola, bunu necə qəbul etməməy olar?!

-         Siz Şəkililər hamınız beləsiz… Siz şəkililərdən yaxşı biznesmen çıxar mən ölüm...Şəki xan sarayını, imarət adıyla özbək milyonerə  satan siz deyildiz?!....Əşi başla görüm, Rüstəm kişi – deyə nərdin qabağını açmışdı ki, hay-haraylı on-on iki yaşları arasında bir yeniyətmə şütüyərək içəri girdi. Təngnəfəs şəkildə Rüstəm kişinin önündə durub, əllərini dizləri üstünə qoydu və dərindən hava udmağa başladı. İçəridəkilər təşvişə düşdüyündən dərhal yerlərindən qalxıb, uşağı dövrəyə aldılar.

-         Şəkili tez su gətir...

Şəkili cəld olaraq çay evinin mətbəx hissəsinə atıldı və tez bazar qrafindən bir stəkan qaynanmış su töküb özünü “hadisə yerinə” yetirdi. Həyəcan həmişə soyyuqqanlı davranan “Şəkilinin”də qapısını döymüşdü, ağzı dolu armudu stəkanı qaçan zaman oyan-buyana o qədər yelləmişdi ki, suyun yarısından əsər -əlamət qalmamışdı. Stəkanı uşağa uzatmışdı ki, trasdan çıxan dəhşətli çırpıltı səsi uşaq daxil olmaqla içəridə olanların ürəyini yerindən oynatdı. Özlərindən asılı olmayaraq çöldə nəyin baş verdiyini öyrənmək ürəklərində keçsə də,  yəqin yenə maşınlar toqquşub deyib, uşağın belə halda içəri girməyinin məqsədini öyrənməyə üstünlük verdilər. Uşaq suyu udan kimi, ətrafındakılar gözündən yaş gələ-gələ əhvalatı danışdı. Rüstəm kişi balaca gədəni tanıdı. Bu oğlu Yasinin məhlə uşağısı idi.

-         Rüstəm əmi, ...Yas...Yas..Yasini bir dayı apardı.

-         Nə...Necə yenə apardı? Hara apardı. – Rüstəm kişi başa düşdü ki, Yasin doğulandan bəri ən çox qorxduğu, dualarında “bircə belə olmasın” deyə Allaha yalvardığı şey gəlib başına.

Prosopoaqnozia – daha doğrusu sifət aqnoziyası. Bu Rüstəm kişinin Yasinin bağça dövrlərindən bəri ailələrini dərdə qərq etmiş əsas mövhum idi.  Üçyaşlı Yasin yaşına görə digər bağça uşaqlarından çox iri və yetənək uşaq idi.  Dili də bir o qədər tez inkişaf etmişdi. Acı-zəhərli, söyüşlü dili ilə  müəllimləri daima  çıxılmaz vəziyyətlərə salardı. Beş gün də həmişəki kimi keçsə idi, Yasin də bütün digər uşaqlar kimi normal həyat sürəcəkdi. Amma neyləmək olar ki, bağça müəllimlərindən biri Yasinin ürək cızıldadan söyüşlərindən təngə gəlmiş, dözməyib Yasinə var gücü ilə qapaz vurur. Əli çox ağır olduğundan, Yasinin   başı şapalağın təsiri ili arxa divara çırpılır. Nəticədə uşağın beyninin sağ yarımkürəsinin ənsə hissəsində olan bir sıra  görmə və qavrama arasında körpü rolunu oynayan həssas hüceyrələrin fəaliyyətində pozuntu yaranır. Həkimlər uşağa aqnoziya – yəni yunan dilindən “tanımama” sindromunu diaqnoz qoyurlar.  O vaxtdan uşaqda insan sifətləri, insan simalarını tanımama xəstəliyi var. Yazıq uşaq bütün günü ata-anasının yanında olduğu halda belə, səhər oyandıqda heç birinin sifətini tanımır. İş orasındadır ki, istər görmə qabiliyyəti, istər sə də qavrama qabiliyyəti ayrılıqda tam normadadır, sadəcə bu iki faktorun arasında olan tarazlıq pozulub. Beləcə  minlərlə dollar müalicənin heç bir xeyr vermədiyini görüb, Yasini əlil olaraq yalnız ev şəraitində saxlamaq məcburiyyətində qalırlar.

-         Necə yəni apardı… Hara apardı...Kim idi o əclaf...Görünüşü yadında qaldı.

Su içdikdən sonra özünə gəlmiş yeniyetmə artıq aramla:

-         Siz həmin adamı tanımamış olmazsız...Qaş-qabaqlı biridir, hər zaman Sizdən bir yığın qəzet alır.

 Nədənsə Rüstəm kişinin ağlına dərhal “müştəri” gəldi.

-         Hansı istiqamətdə getdilər?

-         Yolu keçib, bulvara tərəf getdilər...Yasinə yallannan dedi ki, sənin atan Rüstəməm.

Rüstəm kişi bəlkə on ilə yaxın olardı ki, beş metrə məsafəni də qaçmamışdı. Ancaq indi əsəbdən ona elə güc gəlmişdi ki, bunca ağır bədən, bunca bədənin həqiqi-fiziki yaşı ilə, sıçrayaraq, çay evinin qapısına tərəf atıldı. İçəridəkilər və yeniyetmə isə lal-dinməz çayçını tərk edən çılğın Rüstəm kişini baxışları ilə yola saldılar.

Rüstəm kişi qapıdan çıxan kimi çay evinə daxil olan biri ilə toqquşdu. İkinci Rüstəm kişidən daha çox diksindi. Toqquşduğu adamın sifətinə ötəri nəzər saldıqda gözlərinin dediklərinə inanmadı. Bu həmin “daimi müştəri” idi.

 

***                          ***                        ***

Rüstəm kişi o dəqiqə “müştərinin” yaxasından yapışıb, onu divara sıxdı.

-         Əclaf, oğluma neyləmisən, tez ol cavab ver görüm, oğlumu hara aparmısan?

-         Sən nə danışırsan ay kişi, sənin oğlun nə işimə gərək,...kasetdəri almağa gəlmişəm,...iş yerini ki, vaxtından qabaq bağladın, mən gələndə də köşkün bağlı olduğunu gördüm. Qonşu marketdən soruşdum, dedilər “Rüstəm kişi işdən sonra birinci Bizim çay evinə gedir...Mən kasetlərin dalınca gəlmişəm. Onları gərək mütləq mənə çatdırasız

“mənimlə ünsiyyəti yoxdursa adımı hardan bilir” –deyə Rüstəm kişi özlüyündə fikirləşdi. “Müştərinin” səmimi danışdığını hiss edib onu buraxdı.

-         İndi kaset vaxtı deyil, mənim başıma iş gəlib,...oğlumu hansısa oğraş qaçırıb.- deyib bir neçə saniyəyə bulvar istiqamətində gözdən itdi. “Müştəri”nin həmişəki tək soyuqqanlı şəkildə xeyli müddət oğlunun xilasına qaçan Rüstəm kişinin arxasınca baxdı.

 

***                              ***                                 ***

        Qlavpoçtun döngəsindən burulmuşdu ki, mobil telefonuna gələn zəng onu durmağa vadar etdi. Telefonun displeyinə baxıb orada zəng edənin adı yerindən ingilis dilində “Call-1” yazısını oxudu. Belə olanda bilirdi ki, gizli nömrədən zəng vurublar. Ürəyi sanki bir neçə saniyəlik donmuşdu. Nəfəs alıb-verməsi tənzimlənməmiş telefonunun YES düyməsini basdı. İlk öncə xəttin qarşı tərəfindən sanki ilkin kəşfiyyat işi aparılırmış kimi, bir səs-səmir çıxmadı. Qaçmaqdan üzünə qan vurmuş Rüstəm kişinin yanından keçənlər ona qəribə-qəribə göz zilləyirdilər. Bir sarışın ortayaşlı qadın heç utanmadan  hələ çevrilib baxırdı da.  Rüstəm kişi bir neçə dəfə Alo, Alo dedikdən sonra qarşı tərəfdən öz səsinə lap oxşayan – elə bil olmayan əkiz qardaşının səsi idi- bir qalın kişi səsi eşidildi: “Alo, Rüstəm müəllimdi danışan?”. Rüstəm kişiyə o dəqiqə aydın oldu ki, prosopaqnoziya sindromlu oğlu atasının simasını  yadda saxlamaq baxımından qüsurlu olduğundan onu qaçıran yad adamın səsinin atasının səsinə oxşamasına allanıb.

-         Hə, Rüstəmdir danışan...Sən kimsən?

-         Konkret keçirəm əsas məsələyə...On beş dəqiqəyə- istəyirsən ayaqla, istəyirsən təyyarəylə, mənə heç bir fərqi yoxdur...özünü çatdırırsan Fəvvarələr meydanının arxasındakı köhnə Erməni kilsəsinə,...səndən pul-zad qoparmaq fikrimiz yoxdur. Başqa məsələdir. Amma bil ki, oğlunun həyatı indi sənin əlindədir.

-         Sən kimsən...Allah sənə lənət eləsin, nə imansız adamsan, xəstə uşağı qaçırmısan, səni tikə-tikə doğramaq da azdır...

Söyüş dolu söz ardıcıllığını bitirməmişdi ki, qarşı tərəfin dəstəyi qoyduğunu eşitdi.

Artıq beynində tormozlanma gedirdi, başını tam itirmişdi. Yada sala bilmirdi ki, Erməni kilsəsinin yanından axırıncı dəfə nə vaxt keçib. Hər halda MUM-un yaxınlığında olacağına şübhə etmirdi. Bircə şey maraqlı idi ki, onun qarşısına niyə belə qısa vaxt tələbləri qoyulmuşdu. Taksiylə gedəsi olsaydı, onsuzda şofer Neftçilər prospektindən Azneftə, ordan yuxarı Baksovetə, ordan aşağı İstiqlaliyyətə,sürəcək — təkcə bu marşrut ən azı iyirmi dəqiqə vaxt aparacaqdı. Üstəlik tıxacda ilişib qalma ehtimalı da böyük idi. “Lənətə gəlsin bu yaramazlar”-deyə yerindəcə fikirlərini cəmləməyə və daha səmərəli fikirləşməyə çalışdı. Ən azından yarım saat versəydilər… Heç olmasa çoxdan bəri görüşmədiyi amma çox əl-çatar dostu olan Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış şöbə rəisinə də kömək üçün müraciət edə bilərdi. Amma tərəddüd edirdi ki, bir neçə dəqiqə geciksə, gözünün işığı olan Yasin oğlunu itirə bilərdi. Beynində ayaqla qaçaraq qət etməli olacağı marşrutun planını cızaraq ən qısa yolla hərəkətə başladı.

***                                 ***                        ***

Bir neçə dəqiqə fazla  qaçsaydı, bəlkə ürəyi param-parça olacaqdı. Rüstəm kişi telefonun saatına baxdıqda müəyyən etdi ki, artıq beş dəqiqə gecikib. Uzun müddət istifadə olunmayan Erməni kilsəsinin hündür hasarının yanında durub darvazanı axtarırdı. Paslanmış dəmir darvazaya çatdıqda onun yarı bağlı olduğunu gördü. Qapısı yarımçıqdan da azca açıq olub arasından dəmir zəncir keçirdi. İçəri girməzdən əvvəl ətrafa göz gəzdirdi ki, görəm onu görən varmı. Yalnız İSR Plaza tərəfdən bir Qərbi Avropalı turistin öz pudeli ilə yellənə-yellənə əlli metr aralıda ona tərəf hərəkət edirdi. Yarımçıq qapını yalnız yanakı, özü də ki, əyilərək keçmək olardı. Əyilib yöndəmsiz şəkildə içəri keçdiyindən qalın dəmir zəncir onun alnını xəfifcə cızdı. Əhəmiyyət verməyib kilsə həyətinin içinə ayaq basdı. Kilsənin həyətyanı sahəsi o qədər də böyük deyildi. Bəlkə burada hər hansı bir ayin keçiriləsi olsaydı, kilsənin çölünə ən çoxu əlli nəfər yerləşərdi-yerləşməzdi.  Kilsənin həyətində asfalt qatı dağıldığından, həmin yerlərdən xaotik şəkildə  gicitkan, yabanı kol-kos yetişirdi. Hara baxırdın salafan kulyok, kağız tullantıları və şprits idi. Kilsənin girişindəki şkaturda tökülmüşdü. Binanın qırmızı kərpicdən tikildiyini görmək olurdu. Taxta qapısı da olduqca eybəcər görükürdü. Qapının ağzında nəhəng bir siluet peyda oldu, mundirdən məlum oldu ki, polis nəfəri idi. Rüstəm kişi ağzını açmaq istəyirdi ki, polis nəfəri sanki özü onu gözləyirmiş kimi:

-         Düz yeddi dəqiqə gecikmisən...gəl dalımca -dedi.

Səs telefonda onunla danışan həmin səs idi. Bu Rüstəm kişini tam çaşqın vəziyyətə saldı.  Polisin paqonlarına nəzər saldıqda orada böyük ay ulduz gördü. Əmin oldu ki, bu adi polis serjantı deyil.Kilsənin  taybatay açıq qapısında kilsənin dəhlizinə keçdilər. İçəri keçən kimi Rüstəm kişi kilsənin içinin çölündən soyuq olduğunu duydu. Foe kilsənin dua zalına açılırdı. İçəridə yalnız bir neçə şam yandığından içəri alaqaranlıq idi. Bununla belə hər iki tərəfdən ətrafında olan sınığ-salxaq skamyaları və yırtıq kavraliti seçə bildi. (Şamların quruluşundan anlamaq olurdu ki, bu heç də atılmış kilsənin fəaliyyətinə xitam verildiyi gündən qalan şam deyil, gövdəsi əlvan rəngdə idi) Kilsənin başında çarmıxa çəkilmiş Həzrəti İsanın nəhəng heykəli dururdu. Birdən rahibin köşkünə kiminsə söykəndiyini gördü. Bəli bu soyuq olmağına rəğmən taxta döşəməyə əyləşib, belini taxta köşkə söykəmiş, Yasin idi. Polis dərhal üzünü ona tərəf çevirdi.

-         Sakit ol indi hamsını sənə başa salaram- deyə əmr yüklü tonla dilləndi.

-         Sən mənə nəyi başa salacaqsan əclaf- deyə polisin sifətini sol yumruq vuracaqdı ki, polis mayoru onu qabaqlayıb, çənəsinə beton ağırlı zərbə endirdi. Rüstəm kişi yerə sərildi, başı zərbənin ağırlığından yaman gicəllənirdi. Gözünün mərkəzləşməsi qaçmışdı.

-         Mən sənin oğlunu qaçırmağa məcbur idim Rüstəm, sən mənim bu çıxılmaz vəziyyətdən qurtarmağım üçün yeganə əlacımsan.

Rüstəm kişi hələ də bir şey başa düşmürdü.

-         Söhbət böyük pullardan gedir. Sənin ikinci vəzifənin xəttat olduğunu demişdi sənin yaxınlarından biri. Mənə təcili sənin imzan lazımdır...imzan deyəndəki gərək- birinin imzasını necə var üzünü köçürəsən o biri sənədə.

-         Yəni saxtalaşdırım...-deyə acıqlı şəkildə Rüstəm kişi gileyləndi...nə sənəddi elə?

-         Mülki etibarnamədir. Rusiyada yaşayan əmimoğlu bir neçə həftə bundan qabaq Bayıldakı xırda torpaq sahəsini mənə satmağı etibar edib, notarial qaydada Perm şəhər, Dzerjinski rayon notariusunda təsdiq edib. Bircə notarius axmağın biri olduğundan, dayım oğlumun imza atıb-atmadığına fikir verməyib (hər ikisinin yadından çıxıb)...

Rüstəm kişinin fikirləri nə qədər dolaşıq olsa da, eyni adamı əvvəl əmioğlu, sonra dayıoğlu adlandıran ona oxşar səsli polisin dediklərində artıq çirkin bir qəsd olduğunu uzaqgördü.

-         ...Üç gün bundan qabaq isə dayıoğlu müəmmalı  şəkildə qətlə yetirildi. Etibarnamə qoşmalı konvert mənə yalnız dünən çatdı və bu çatışmamazlığı aşkar etdikdə başımdan tüstü çıxdı. Onun mənə külli miqdarda borcu var idi. Əvəzində həyətini mənə gendoverrenostlya verməyi söz vermişdi. Hardan biləydim ki, notarius belə tupoy ola qol-çəkdirməyə ona,...Bakıda belə sənədi ömrü boyu qəbul eləməzlər...Üstəlik mənim borclarım da yığıb məni boğaza, gərək mütləq bir günün içində onu notarial qaydada tərcümə etdirdikdən sonra yenidən etibar edim digər şəxsə (borcum olan adama) – o dakı böyük adamdı, bıçağı az qala boğazıma dirəyib ki, pullarını qaytarım.

Polis rütbəsinə görə çox cavan görükürdü. Rüstəm kişi artıq hər şeyə diqqətlə qulaq verirdi ki, xırda detalı belə nəzərdən qaçırmasın.

-         İmzası asan çəkilən bir şey olsaydı dərdyarı, elə qəliz imza çəkirdi ki, rəhmətlik, elə bil Barcelona klubuyla müqavilə bağlayır. Bizə lazım olan odur ki, imza onun rus pasportunun təsdiqlənmiş kopyasında olduğu kimi etibarnamədə də imza yerinə çəkilsin. Özüm nə qədər çəkdimsə, heç nə allınmadı. İmza dəqiq olmalıdır. Əks halda bizim notarius tutuşdurduqda imzanın oxşamadığını görəcək.

Rüstəm kişi artıq dözməyib:

-         Sən ümumiyyətlə bilirsən heç nə danışdığını...Necə yəni kiminsə imzasını çəkmək...Sən məni maygülü sanırsan nədir?! Mən heç bir yerə qol-zad çəkməyəcəm. Skamyanın dirəyində tutub qalxmağa çalışdı.  Mayor çevik hərəkət edib, şalvarına arxadan keçirdiyi koburadan gümüşü tapancanı çıxarıb, soyuqdan tir-tir əsən Yasinə tərəf tuşladı.

Tapanca üçün Yasinlə arasında olan məsafə çox böyük olsa da, Rüstəm kişi dərhal şeş qoşanın  polis zabitində olduğunu başa düşdü. Ya qol çəkəcəkdi, ya da ki, gözünün bəbəyi oğlunun qanı çıxacaqdı.  Rüstəm kişi manevr edib, tapancanı zabitin əlindən çırpması üçün çox qoca və gücsüz idi. Həm də ən azı yeddi addımlıq məsafə ayırırdı qeyri-adeqvat şərait həmsöhbətlərini. Rüstəm kişi tam dilemma qarşısında idi.

-         Oğlumla işin olmasın...biz bir təhər razılığa gələrik. Qoy o çıxıb getsin!

-         Kəs səsini...Onsuz da çəkməlisən...Əks halda oğlunun güllədən sağ-salamat yeri qalmayacaq. Onsuz da tapanca mənimki deyil.

Polis zabiti çox həyəcanlı vəziyyətdə idi, sifətinin əzələləri kobud şəkillərə düşür, sağ gözü atırdı,...qan sərasər sirayət etmişdi üz dərisinin hər bir toxumasına. Gözlərini artıq Rüstəm kişiyə əvvəlki kimi zilləmirdi. Özünə əminliyi sanki bir-iki-üç deyiləcək vaxt ərzində tam yoxa çıxmışdı. Hadisələrin ardıcıllığı plan üzrə getmədi, və ya Rüstəm kişi onun gözləntilərinə əks olaraq tez təslim olaraq onu çaşdırdı və ya gözlənilən bir şey baş vermədi. Gözlərinin tədricən bərəldiyini aydınca sezdi Rüstəm kişi. Bəlkə biri arxadan XOX eləsəydi, dərhal tətiyi çəkəcək hala gəlmişdi. Həyəcanlar tarımda idi.

Arxaya gedə-gedə, kilsə dəhlizini əsas zalla birləşdirən qapı çərçivəsinin önündə durdu. Əlləri titrəyə-titrəyə pencəyinin cibindən çox güman qol-çəkiləsi saxta sənədi çıxarırdı ki,  qaranlıq dəhlizdən iri bir əl onu ağzını arxadan bağlayıb möhkəmcə sıxdı, o biri əl isə başına ağır alətlə eşidiləcək dərəcədə möhkəm zərbə endirdi. Zabit dərhal yerə sərildi. Rüstəm kişinin ürəyi partlayacaqdı. Qaranlıqda o nəhənglikdə polis zabitini yıxanın kim olduğunu bilmək istəyirdi. Zabit nəfəs alırdı. Çox güman sadəcə ağır zərbədən huşunu itirmişdi. Maraqlısı onda idi ki, kəlləsinin heç yerindən qan açılmamışdı. Potensial xilaskar yavaş-yavaş qaranlıqda işığa doğru təcəlli etdi.  Siluetindən cavan adama bənzəyirdi. İnanmaq nə qədər çətin olsa da bu, əlində bir neçə qat qəzet bürünmüş dəmir parçası tutan “müştəri idi”.

-         Çoxlu kağız sarıdım ki, əclafı öldürməyim

Rüstəm kişi ilk öncə kilsənin rahiblərin çıxışı üçün nəzərdə tutulmuş taxt hissəsinə qaçıb, Yasini bağrına basdı. Telefonunun işığı ilə bədəninə tez-bazar göz gəzdirdi ki, hər hansı bir xəsarət alıb-almadığını bilsin.  Artıq oyanmış Yasinin boynunu qabırğasına sıxıb birlikdə, polis mayorunun üstünü yoxlayan “müştərinin” yanına gəldilər.  Sallağı oturmuş “müştəri” arxasında durduqlarını hiss edib, yerindən qalxmadan üzünü çevirdi.

-         Bu heç polis-molis deyildi...Vəsiqəsi də yalançıdı. Möhür şəkil skan olunub, özüdə photoshopda işləməyi təzə öyrənən “balıq” hazırlıyıb bu saxta sənədi yüz faiz. Adi uşaq da düzgün vəsiqə olmadığını seçə bilər...Bilirsiz belə sənədləri laminasiya ed....- boğazında möhkəm caynaqları hiss etdi. Tədricən boğulurdu. Polis mayoru yerindəcə başının üstündə duran “müştərini” var gücü ilə boğurdu. Qaranlıq olduğundan əvvəl Rüstəm kişi heç nə başa düşmədi, sadəcə xırıltı səsləri eşidirdi (“müştərinin” telefonunun işığı sönmüşdü). Əlini “müştərinin” belinə qoyub nə olduğunu yoxlamaq istədikdə, iki möhkəm qaynar əlin ilan tək “müştərinin” boğazına sarıldığını duycaq, var gücü ilə yad əlləri didişdirdi,...xoşbəxtlikdən dırnaqlarını vaxtında tutmamışdı.

Bircə onu bildi ki, polisin potaş barmaqlarını elə var gücü ilə sıxdı ki, dırnaqların cızıltı ilə ətinə necə daxil olduğunu qulaqları ilə eşitdi. Sinir sistemi avtomatik olaraq ağrını polisin beyninə ötürüb, reflektiv olaraq əl əzələlərini  boşaltdı. Nəfəsi çatmayan, və yəqin ki, al rəngə boyanmış “müştəri” özü də dərhal polisin yanına sərilərək, sudan çıxmış balıq tək nəfəs almağa başladı. Vəziyyətdən istifadə edib, ayağa qalxan yalançı polis Rüstəm kişinin nəsil artıran yerindən sərt təpik vurub, çevikcə  kilsənin dəhlizindən yoxa çıxdı.

 Beləcə saxta polis qaçıb canını qurtardı. Rüstəm kişidə naəlac ağrıdan qarnını tutub dalı üstə tozlu döşəməyə oturdu. “Müştəri” demək olar ki, özünə gəlmişdi artıq.  Yasin  qaranlığa tab gətirə bilməyib,  kilsəni xəlvətcə tərk etdi. Onsuz da hələ tam əmin deyildi ki, polislə savaşan həqiqətən də onun atası idi, ya yox. Rüstəm kişi burnundan maye axdığını hiss elədi. Tərslikdən burun dəsmalı qoymamışdı cibinə. Ovucunu dodaqla burun arası hissəyə sürtüb silməyə çalışdı. Məlum oldu ki, burnundan gələn adi burun suyu deyil, təzyiq-əsəbdən açılan qan idi. Tez-tez halbahal olurdu. Yaxınlaşıb “müştərinin” qoltuğuna girdi və sürtünməklə divardakı ştukaturu tökə-tökə bir təhər qaranlıq dəhlizə daxil oldular.

Dəhlizin içi əsas zalla müqayisədə daha isti idi,əgər buna isti demək olardısa. “Müştəri” naəlac şəkildə bir əlini Rüstəm kişinin boynuna sarısada, digər əli daima sol cibində qurdalanırdı. Elə bil istədiyi şeyi tapmağa çalışsa da, cibin içinə baxmadan, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Rüstəm kişini elə vahimə bürümüşdü gəl görəsən. Arxaya baxmaq istəyirdi amma baxa bilmirdi. Bununla belə, arxadan bu saat kiminsə çıxıb onları diksindirəcəyini düşünürdü. Hərəkət edə-edə arxaya boylandı. Zalda yanan bir iki şamın parafini qurtarmaq üzərə olduğundan, dua zalında gözlə heç nəyi seçmək olmurdu.

 Küləyin təsiri ilə oyan-buyana hərəkət edən şam işığının əksi zalda qəribə və tükürpədici kölgə effekti yaradırdı. Yalnız “yəqin şamın kölgəsi idi” deyə özünü inandırmağa çalışırdı.Bir neçə saniyə əvvəl arxadan sürətlə ötüb keçmiş kölgənin sadəcə şamın işıq çalarları olduğunu güman edib nəzərlərini yenidən kilsədən çıxacağa yönəltdi. Çölə çıxdıqda hər ikisinin gözləri sanki gecə ovuna çıxmış yarasa tək itiləşdi. Ətrafda baxmalı elə bir şey olmasa da, hər şeyi aydın seçdilər.

Kilsənin həyətini tərk edib, qaranlıq küçəyə çıxan kimi əlini müştərinin belinə dostcasına qoyub:

-           Heç bilmirəm sənin xəcalətindən necə çıxım. Oğlumu xilas elədin...Sənə ömürlük borcluyam...Bəs de görüm, necə xəbər tutdun, bu məsələdən

“Müştəri” ilk dəfə olaraq gülümsədi:

-         Əslində heç nədən xəbər tutmamışdım. Sadəcə mənimlə toqquşanda, sizin dalınızca düşməyə qərar verdim. Dedim bəlkə işinizi gördükdən sonra, mənə köhnə qəzetləri verərsiz. Kilsənin içinə girdiyinizi görüb, məsələnin çox ciddi olduğunu anladım. Binanın altından  dəmir parçası tapıb, pusquya çıxdım. Sonrasını da özünüz bilirsiniz. Sizdən əvəzindən heç bir şey istəmirəm. Bircə keçən həftəki qəzetləri mənə verin və mənə söz verin ki, sizin vaxtı keçmiş qəzetləri nə üçün oxuduğumu soruşmayacaqsız.

-         Əlbəttə bala, sənə bütün qəzetlər qurbandı. Nə vaxt istəsən gəl, atamına qəbrinə and olsun, sənnən bir daha pul alsam mənə daha nə deyirsən de.

Yasinə həqiqi atası olduğunu inandırdıqdan sonra, birlikdə taksi tutub, Azadlıq prospektinə qayıtdılar.

 

***                        ***                        ***

Gecənin gur sarı-qırmızı işıqları şəhərə möhtəşəm görünüş verirdi. Həm də gecənin gəlişi ilə küçələrin, məhəllələrin səhər görükən əyər-əksikləri sanki sübhədək yoxa çıxırdı.Əksər dükanların, şopların, bahalı obyektlərin, Dell mağazasının, Nar mobile diller dükanının reklam lövhələri rəngarəng çalarla parıldasa da, Rüstəm kişinin QASİDİ  demək olarsa tarixin zülmətinə qərq olmuşdu. Budkanın qapısını bağlayan qıfılı açıb özünü içəri girdi. İşığı sistemini təmin etmək üçün uzun həngamə etməli olduğundan, başının üstündəki rubilniki keçirmədən, yandıranının fənəri ilə srağa gündən yığıb  “müştəri” üçün bir kənarda saxladığı qəzetləri və xəbərlərin həftəlik icmalından ibarət  lent yazılı kassetləri “müştəri”-yə ötürdü. Müştəri yazılmamış etiket qaydalarına riayyət edib, çağırılmadığına görə, özünü içəri dürtməyib, çöldə durub, dombalmış gözlərlə içəriyə tamaşa etdi.

-         ­­­Bu da sənin qəzetlərin, bu da kassetlərin. Başqa nə qulluğun var, əllimdən gələni etməyə hazır...Siqaret, sərin su...sözün düzü deyə bilərsən ki, bir halda ki, işıq keçir sular necə sərin qalır, amma sənə deyim ki, soyuducunu gecə keçirsəm də, səhərə kimi sərin saxlayır içindəkiləri,...həm də əsas satılan yarım litrlik qazlı suları, sokları işdən çıxana yaxın buzxanaya yığıram...Belə ürəyin nəsə başqa istəyir.

-         Yox..Allah razı olsun, mən elə mənə çatası şeyləri alıb gedim.- deyə qəribə görünən hərəkət edib, Rüstəm kişinin əllərində tutduqlarını səbirsizcəsinə (az qala) qapıb, ciblərinə göz gəzdirdi.

-         Tələsdim deyəsən...Pullar sol cibimdədir zəhmət olmasa götürün.

Rüstəm kişinin üzü turşudu.

-         Sən məni yəni o dərəcədə yaramaz  sayırsan balam? Mənə də Rüstəm kişi deyərlər, mən sözümü dedim, deməli sözü gərək ölsəm də tutam. Mən sənə borcluyam. Bunu yaddan çıxartma.

-         Minnətdaram. Sağ olun – deyə burulub getmək istədikdə qəfildən Rüstəm kişi müraciət formasını dəyişib.

-         Oğlum sən mənə telefonunu de, mən sənə zəng vurum nömrəm düşsün ora. Birdən nəsə lazım olsa, yerin dibinə də girsəm sənin dərdinə dəva tapım.

“Müştəri” pişik tək iri gözləri ilə Rüstəm kişini xeyli süzdü. Artıq gözləri də hərəkət etmirdi, tormozlanma getmiş kimi. Rüstəm kişi güman etdi ki, bu dəqiqə bu dəlisov gəncin tutmacası tutub ağzından çıxanı əndərəcək ortaya. Halbuki gözləntilərin tam əksi oldu. “Müştəri” ayaqlarının arası sürtüldüyündən dərisi yaman qıcıqlanmışdı. Sürtünmə baş verməsin deyə kənardan gülünc görünən duruşda durmuşdu. Ayaqları şpaqat açmağa hazırlaşan kikboksçu tək yarımaralı idi.

-         Hmm… Yaxşı ta neylək...365-75-35… sıfır əlli ilə — deyə sağollaşıb budkadan uzaqlaşdı.

Təqribən on metr aralanmışdı ki, Rüstəm kişinin yenidən səsini eşitdi.

Bəs nömrənə adını da yazmalıyam. Adın nədi oğlum?

-         Adım.?..Mənim adım.?...-bir qədər durnuxdu- mənim adım Murad.

0 şərh