Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 10-cu fəsil

X

SONUNCU RİSK

Sonuncu dəfə Stansiyanın bu seqmentinə nə vaxt  “ayaq basdığı” yadına gəlmirdi. Təqribi bilirdi ki, 2-3 ay əvvəl  Yerdən göndərilən su birələri üçün  həmin seqmentdə süni olaraq su ekosistemi yaratmışdılar. Əvvəl sınaq uğurlu alınsa da, sonradan     — özü də bilmir — çəkisizlik şəraitinə görəmi, yoxsa  açıq kosmosda  qurduqları su hövzəsinin ətrafla əlaqəda olmamasına görəmi – həşəratlar bir-bir ölməyə başladı.  Külli miqdarda vəsaitin ayrıldığı, böyük bir elmi-tədqiqat institutunun beyinməhsulu olan bu layihənin iflasına nəyin səbəb olduğu aydınlaşmadığından Yerə təkrar olaraq sınaqlar üçün su birələri göndərməyi tapşırmışdı. Sonradan bu məsələ nədənsə unuduldu, heçə Bakı da ona bu istiqamətdə planları barədə bir məlumat vermədi.   İndi  akvariuma bənzər su saxlancında olan  çöküntü vermiş mayeyə baxır və həmin sınaq günləri bircə-bircə yadına düşürdü.  Sınağın uğursuzluğundan sonra ta bu seqmentə bir dəfə olsun girməmişdi. Ehtiyac da yox idi azından. Çünki bu seqmentdə yalnız su canlıları ilə bağlı bio-tibbi eskperimentlər aparıla bilərdi. Ondan savayı heç nəyə yaramırdı.  İndi isə özünü illüziya adlandıran Seymurla bu seqmentdən son istinadgah kimi istifadə edirdi.  Seymur başına gələnləri, yadplanetə necə düşdüyünü,  hələ ki, məğzini tam bilmədiyi sınaqlar nəticəsində kosmik portalların açılmasını və onları kainatda yaratdığı fəsadları ətraflı şəkildə  kapitana başa saldı.  Seymurun dediklərində axır ki, cüzi də olsa bir məntiqi əlaqə  gördü. Məlum oldu ki, teleportasiyaların açılmasında əsas vasitəçi məhz onun hazırda yerləşdiyi  kosmik stansiya idi, ta bilmirdi, ondan  ulduz keçidlərinin yaranması üçün enerji mənbəyi qismində istifadə edirdilər, yoxsa ötürücü kimi. Bunlar hamısı nə qədər fantastik səslənsə də, Dadaşova bir xəfif inandırıcı gəlmişdi. Lakin burda oturub,  bu saat, elə indi  mövcud olmayan bir illüziya, beynində canlanan Seymurun proyeksiyası ilə, — əslində isə özü-özüylə danışmasına heç cür inana bilmirdi. Çox absurd bir vəziyyət idi.

-         Xəritən var? – deyə Seymur soruşdu.

-          Smartfonunmda lap qlobusda var.

Dadaşov barmağını toxunuşa həssas ekran üzərinə sürüşdürüb, lazımı düyməni seçdi və smartfonu masanın  statik durması üçün xüsusi dəstəyin içinə yerləşdirdi. Dərhal otaqda  mavi kürə şəklində olan planetin  geniş miqyaslı üçölçülü modelinin holloqraması canlandı.Dadaşova elə gəldi ki, holloqramın peyda olması ilə arada yaranan təxminən bir dəqiqəlik sükut vaxt, Xəzər dənizi səmtə diqqətlə baxan Seymurun gözləri azca yaşardı.

-         Seymur...

-         Hə, bir qədər yayındım....vaxt yoxdur.  — deyə Dadaşova  3D qlobusa müvafiq əmrlər verməyi tapşırdı.

-         “İstiqamətlər”  Buve adası  ---> növbəti  Çilov adası, Azərbaycan — axtar! – Kapitan tətbiqə səsli əmr verdi.

Həmən,  iki seçilmiş nöqtəni birləşdirən sarı rəngli, xəttli ,  bir qədər  assimetrik olsa belə kürəyə ən mükəmməl paralel əmələ gətirən zolaq ərsəyə gəldi.   Hər iki hədəfin kordinatları göstərildi. Dadaşov hələ ki, bir uyğunluq bir əlaqə tapa bilmirdi.

-         Demə ki, beynini oxuyuram, ancaq əlaqə heç axtarmada, mən Russo ilə illər ərzində bu portalların açılması ilə bağlı baş sındırmışam… Bir məntiqli cavab tapa bilməmişik. Ona görə buna heç qalxışmağa da dəyməz.  Yığışdıra bilərsən holloqramı.

Dadaşov əlinin işarəsi ilə virtual görüntünü yoxa çıxardı və smartfonu cibinə qaytardı.

-         Əsas məsələ termotoksin aparatını  dağıtmaqdır.

-         Nə? dağıtmaq? Sənin başına hava gəlib… Neçə milyonluq qurğunu məhv etmək....Belə olsa məni yüz faiz qayıdanda içəri basacaqlar. Bu mənə yaramır.

-         Ay axmaq, sən kiminlə mübahisə edirsən?! Sən özünlə söz güləşdirirsən, hamımız bu andıra qalmış qurğunun və stansiyanın zibilinə keçmişik. Onu mütləq zərərsizləşdirmək lazımdır. Bütün kosmik paradoksların yaranmasının səbəbi  odur.

-         Bəlkə  onu sadəcə söndürək....

-         Heç dediyivi qulağın eşidir. Tutalım onu söndürdün. Bəs bilmirsən ki, Yeqorun proyekiyası  səni onu yenidən işə salmağa məcbur edə bilər. Üstəlik onun termotoksinlə bağlı öz xüsusi planları var, hansı ki, sənin çətin ki, xoşuna gəlsin. Onu ya dinc yolla  vaxtında məhv edirik, ya da sənin əlinlə onunla yeni dağıntılar törədə bilər.

-         Heç bilmirəm..

-         Tələsmək lazımdır....Bir qərara gəl...

-         Neylək, görünür başqa əlacım yoxdur....Heç olmasa demə ki, onu partladacaqsan?- deyə Kapitan yarı-zarafat yarı ciddi soruşdu.

-         Mən yox sən partladacaqsan, ...- bir qədər fasilə edib, təkəbbür dolu təbəssümlə -  bütün stansiyanı.

 

***                       ***                       ***

Seymur onu partlayıcı materialların saxlanıldığı qaranlıq alt modula müşayət edən zaman, ağlına müxtəlif gümanlar gəlirdi. İlk növbədə onu təsəvvür  edirdi ki, bu dəqiqə əslində onu qaranlıq otağa ötürən,  və ya  stansiyanı partlatmağa cəhd edən heç kim yoxdur. Daha  əmin idi ki, bunlar hamısı onun beynində dolanır. Kosmik “kabusun” içində “gic” kimi var-gəl edəndə,   kosmik idarəetmə mərkəzi ilə əlaqəni kəsib-bərpa edəndə,   “qoca” stansiyanı da hava uçurmağ və uçurmamağla bağlı tərəddüd oyununa qapanan özüdür. Axı niyə indiyənə kimi  seqmentlərdə gizli partlayıcıların saxlandığından bixəbər idi.

 Əgər bütün bunlar onun ağlında dolanırdısa, lap süni şəkildə beyinə yeridilən proyeksiya olsa belə, onlara qarşı bir suiqəsd planı ərsəyə gətirə bilərdi.    İradəli şəkildə beynini bu proyeksiyaları rədd etməyə məcbur edə bilərdi...

-         Etibar, sənə dedim axı, heç ağlına da götürmə, — aşağı seqmentə  eniş edən kimi Seymurun əlində tutduğu fənər yerə düşdü. Gözləri qarşısına zülmət pərdəsi qalxdığından, bir anlıq qaranlıqda çaş-baş oldu, yalnız onu gördü ki, Seymur  üzərinə hücum çəkən kölgə ilə boğuşur. Nədənsə artıq  fiziki çərçivələri aşmışdılar. Elə bil ağırlıq qüvvəsi birdən birə tam bərqərar olmuşdu. Çünki  seqmentin döşəməsinə üzərində güləşib, bir birlərini boğmağa çalışırdılar. Dadaşova isə nədənsə bu paradoksal cazibə  şamil olunmurdu. Hələ də havada süzür, gözlərini qaranlığa alışdırıb, nəyin nə yerdə olduğunu dəqiqləşdirməyə çalışırdı.

Seymurun yardımına gəlmək üçün özü də aşağı seqmentə atıldı. İlk növbədə seqmentin üst blokunda yerləşən sarı düyməni bazaraq,  işıqlandırma sistemini işə saldı. Bəyaz zərbə gözünü onun gözlərini qamaşdırsa da, proyeksiyalar  ölüm-dirim mübarizəsini ətrafada olanların fərqinə varmadan davam etdirirdi. Rəqibi seymuru fənn işlədib altına saldıqdan sonra, Dadaşov ikincinin Yeqor  olduğunu başa düşdü.  Hmm… nəyahət ki, reallığla qeyri-reallıq arasında tarazlığı özü üçün təsbit  edə bilmişdi. Ona görə Seymurun planını əsas tutmaq lazım idi, o proyeksiya olsaydı belə.  Yeqor  var gücü ilə Seymurun çiyinlərini silkələyib, başını bir neçə dəfə möhkəmdən  metal korpusa çırpdı. Seymur əl-qol atıb, üzünə bir neçə dəfə zərbə  endirsə də,  daha sərt əzələlər öz sözünü deyirdi.   Yeqor  hər iki əli ilə Seymurun boğazına sarılıb, onu sıxmağa başladı.

-         Aaa...app...apar...bombanı yerləşdir –deyə xırıltılı səslə  Dadaşova işarə etdi.

Dadaşov  onun stansiyadakı yeganə dostunun – proyeksa olsa belə — yoxa çıxmasına yol verə bilməzdi   Biləyində gizlətdiyi bıçağı çıxarıb, havada  rus pəhləvana doğru arxadan həmlə etməyə çalışdı. Qəfildən qarşısnı  stansiyanın əsas baxıcısı   — robot Patsak heybətli duruşu ilə kəsib, onunla toqquşmasına gətirib çıxardı. Təmasdan Dadaşovun başı Patsakın dəmirdən olan sinəsinə  çırpıldı.

-         Müdaxilə etməyiniz məsləhət görülmür, cənab kapitan.

 Dadaşov qərara gəlməli idi, ya vaxtını itirib reallıqda mövcud olmayan proyeksiya uğrunda həyatını və planet sakinlərini təhlükəyə salacaq, yada  SeymurunYeqorun başını qatmasından istifadə edib, xəlvətcə partlayıcı ilə termotoksin aparatını havaya uçuracaqdı.  İkinci varianta üstünlük verib,  Seymurun bundan əvvəl ona barəsində dediyi alt rəfdən üzərində rəqəmsal gerisayım indikatoru olan partlayıcını aşkarladı.   Seymur hələ də rəqibinə müqavimət göstərir, arabir boğazının dərisini siyirmiş, o vandal əlləri boynundan aralayıb, Dadaşov üçün vaxt qazanmağa çalışırdı.

-         Bağışla qardaş ? –deyə əlində partlayıcı qurğu uzaq səfərə gedən biri kimi seqmentin qapısından sonuncu dəfə baxıb, termotoksin moduluna tərəf tələsdi.

 

***                            ***                       ***

Termotoksin qurğusu stansiyanın eksteryerində diyircəkli plaftormanın üzərinə quraşdırılmış  istənilən bucağa gözəgörünməyən şüalar göndərə bilən və stansiyanın elektrik enerjisinin 80 faizinə yaxınını işlədən,  milyonlarla dəyəri olan avadanlıq idi. Hələ bir neçə il əvvəl dostu bildiyi Nemanzadə ona bu lənətə gəlmiş affidaviti və müqaviləni imzaladanda,orda spesifik olaraq göstərilirdi ki,  bu bahalıqda avadanlığın nasazlığı və ya bilərəkdən sıradan çıxarılması və ya təlimatdan kənar, etinadsız istismarına görə qarşı tərəf  mütləq şəkildə cinayət məsuliyyətinə cəlb olunur.  “O bəndə imza atan yerdə əlim quruyaydı”- deyə Dadaşov öz-özlüyündə gileyləndi.  Müqavilədə termotoksin aparatının istifadəsi qaydaları barədə heç bir məlumat yox idi. Cəmi-cümi bir səhifə yarım olan auqmentasiyalı (artırılmış) reallığ əsasında hazırlanmış  təlimatda isə yandırıb, söndürmək, texniki qulluq haqqında əsas göstərişlər verilirdi. Təlimatda  başı top şəklində ucu isə  3 ədəd beş santim diametrli bizlərdən oluşan, və işə düşən zamanı yalnız aparatın başında üçbuçaq şəklində mavi gur işıqlı xətt əmələ gətirən  bu elmin son nailiyyəti olan “silahın” istiqamətini dəyişdirmək barədə bir kəlmə belə qeyd olunmurdu. 2-ci təlimat – fövqəladə təlimat idi və kodlaşdırılmış təlimatı yalnız termotoksin qurğusu ilə bağlı nasazlıq və ya stansiyada böyük qəza, məsələn ammonyak sızması, yanğın zamanı istifadəsinə icazə verilir.  Termotoksin qurğusu xaricdən sadə artileriya topuna bənzəsə də,  onun işə düşməsinə və idarəolunmasına aid modulu 12 kvadrat metrə yaxın sahəsi olan bir gəmi motorxanasını xatırladırdı.  

Stansiyada olan elektron avadanlıqların və qurğuların temperaturunu normal saxlamaq üçün   soyutma sistemindən toksik ammonyak maddəsindən istifadə olunurdu. Ancaq termotoksin qurğusunun sobasında o qədər yüksək hərarət ərsəyə gəlirdi ki, burada istiliyin izolasiyası üçün heç bir ammonyak və ya başqa maddə işə yara bilməzdi. Bu məqsədlə qurğuların ətrafları bərk halda olan azbest maddəsi və qalın şüşəpambıq təbəqəsi ilə  izolasiya edilmişdi. Azbest karsogen yəni asanlıqla xərçəng əmələ gətirən maddə olduğundan  termotoksin moduluna yalnız xüsusi qoruyucu kostyumla girməyə icazə verilirdi.

Dadaşov  Afrikada  ölümcül virusu olan xəstələri müalicə edən həkimlər kimi ağ rəngli qoruyucu kostyumun içinə daxil olub,   termotoksin modulunun hermetik qapısını açdı. Çəkisizlik şəraitindən rəhbərlik heyət üzvləri və ya konkret üzvünün belə bahalı avadanlıqla ehtiyatsız işləməsinə imkan verə bilməzdi. Ona görə də, içəridə süni ağırlıq qüvvəsi yaratmasalarda, döşəmədə maqnit üzərinə bərkidilimş və istifadəçinin beynindən gələn motor əmrləri sayəsində istənilən nöqtəyə hərəkət etməyə icazə verən dəmir ayaqlıqlarla təchiz etmişdilər. Seymurun ayaqlarını həmin qurğuya keçirib, üzərindəki lazımı düyməni basmaqla içi rahat pambıq və kauçuk materialdan hazırlanmış olan ayaqlığı öz ölçülərinə uyğun köklədi.  Termotoksin qurğusunu deaktivləşdirmək kifayət etmirdi. Seymur modulun havaya uçurulmasına israr edirdi. Əks halda onu proyeksiyaların təsiri altında yenidən işə sala bilərdi. Birinci növbədə indiyənə kimi yalnız üzünü gördüyü qəza təlimatını gözdən keçirib, qurğunun partlayışa həssas hissələrini öyrənməli idi.  Termotoksin qurğusu durmadan işlədiyindən içəridə olan uğultu adamın qulaqlarını “dəlirdi” .Ventilasiya sistemi ideal işlədiyindən havada bir toz dənəsinə və ya azbest fraqmentlərinə rast gələ bilməzdin.  Bununla belə nədənsə Kapitana elə gəldi ki, bu yaxınlarda kimsə içəri girib. Seymurun versiyasını əsas götürsə, bura ümumiyyətlə heç kim girə bilməz, çünki, stansiyanın yeganə ekspediya üzvü özüdür. Hər halda içəridə dəyişikliyin baş verdiyini “altıncı hissiyatı” ilə duyurdu.

Budur yadına düşdü. 1 il əvvəl seqmentdə  avadanlığın icbari təftişini aparanda  təlimatları borulardan və elektrik naqillərindən, simlərdən azad olan, bir bucaqda yerləşən dəmir  siyirtmənin içinə qoymuşdu. İndi isə hər iki təlimat, çertyojlara, planlara baxılması üçün nəzərdə tutulmuş seqmentin divarına dayanmış  qalın təbəqə şüşədən hazırlanmış masanın üzərinə necə gəldi atılmışdı. Üstəlik qəza təlimatı açıq idi. Təlimatın üz qabığı elektronlaşdırıldığından,  üzərində qovluğun yaradılma tarixi, etibarlılq müddəti göstərilir, ən əsası isə son istifadə tarixi müntəzəm olaraq təzələnirdi. Son istifadə müddətinin rəqəmsal yazısına baxdıqda gözləri kəlləsinə çıxdı. Dünənki təqvimi göstərirdi. Axı bu mümkün olan şey deyil. O azı bir il bu otağa girməyib.

-         Niyə mümkün deyil, mümkündür...Bəlkə qeyri-iradi şəkildə  olmusan burda, yuxuda cəsəddən çıxan ruh kimi.

Dadaşov arxadan gələn səs çevrilib, qapının ağzında Yeqorun  heybətli siluetini gördü.

-         Mən qapını kilidləmişdim axı?

-          Özün sualına cavabı bilirsən.

Birdə onu seçdi ki, Yeqor əlində saxladığı qırmızı-sarı dəstəli bıçağla qəfil üzərinə hücum çəkib, qarın nayihəsinə iki ildırımsürətli zərbə endirdi. Bıçağın ülgüc hissəsini qarnında çıxarmağa güc tapsada, əli-qolu az bir an içində qana bulaşdı. Yeqor  daha bıçağa dəymədi, Dadaşovun onu yerə atmasına icazə verdi və kənara çəkildi. Dadaşovun ayaqlarının altından döşəmə qaçmağa başladı, başı birdən birə bərk gicəllənirdi. Kəsmə yarası və çox güman yoğun bağırsağını zədələmiş bıçaq zərbəsi o qədər ağrılı idi ki, bir anlıq ağrısını unutdurdu. Diziüstü yerə yıxılıb, başı taqətsizlidkən oyan-buyana sallayıb,havada uçan qırmızı damlalara tamaşa etdi,  yortulmuş qarnın çıxarından  xaric olan qan damlaları irili xırdalı, havada xaotik şəkildə dolanır,  termotoksin sobasının isti sobalarına dəyib, buxarlanır, özündən sonra hərbi hospitallar üçün spesifik olan dişləri qıcıqlandıran quru qan qoxusu buraxırdı.Yeqorun bədəninə qəribə şeylər baş verirdi. Gah ayaqları yoxa çıxardı, gah əlləri, hərdən bir üzü Seymura bənzəyirdi. Bəzən də  ona elə gəlirdi ki, qarşısında duran, onu bıçaqlayan elə öz əksidir. Elə bil güzgüyə baxırdı. Ən maraqısı isə o idi ki,  Yeqor onu hardan bıçaqlamışdısa, özündə də həmin yerdə dərin dəlik əmələ gəlmişdi. Bircə fərqi vardı ki, oradan qırmızı “köpüklər” çıxmırdı.

Dadaşov özündə güc tapıb soruşdu

-          Məndən qabaq içəri girmişdinsə, bu lənətə gəlmiş aparatı istədiyin kimi istifadə edə bilərdin, tam sərəncamında olacağdı....Təlimatı da oxumuşdun.

-         Mən deyəndəki sən, olmusan bu seqmentdə, sadəcə termotoksin aparatını Yer planetinə yönəltmək üçün sənin təkcə fiziki iştirakın deyil, şüurli iştirakın da vacib idi. Sənin şüuraltı şəkildə  termotoksin qurğusunu idarəedə bilməzdin.

 Dadaşov artıq halsızlıqdan müvazinətini itirdi. Əli ilə yarasını nə qədər bərk sıxırdısa,  qırmızı mayenin nəbzə uyğun bir oqədər güclü sıçradığını hiss edirdi.  Ayaqları  hələ döşəməyə yapışmış maqnit qurğunun içində olduğundan ,  rahat uzanıb,  özünü çəkisizliyin ağuşuna təslim edə bilmirdi.  Yeqor axsaya-axsaya  termotoksin qurğusunun idarəetmə çubuğuna yaxınlaşıb, Dadaşovun ekrandan seçə bilmədiyi kordinatları verdi. Termotoksinin bayaq topa bənzətdiyi ötürücü hissəsinin mövqeyini dəyişməsi zamanı bir qayda olaraq termotoksin sobası və generatoru avtomatik olar keçirdi.  Ekranın qaranlıq otaqda divarlara əks olunan işıqlarından anladı ki, Yeqor hədəf olaraq Yeri seçib.  Sobanın və generatorun sönməsi ilə,  stansiyanı tam sükut bürüdü, daimi uğutlu səsləri yoxa çıxdı. Sonuncu dəfə stansiyada belə sakitliyin nə vaxt olduğunu xatırlaya bilmirdi.  Termotoksin aparatı  stansiyanın üzərində əmr olunan mövqeyi tutduqdan sonra bircə düyməni basmaq qalırdı.

-         Əgər Yeqor mənim beynimdə canlanan proyeksiyadırsa, istəsəm onun qarşısını ala bilərəm – deyə qan itkisinə baxmayaraq, soyuq başla özlüyündə plan cızdı.

Yeqor barmağını düyməyə az qala toxundurmuşdu ki,  taqətini itirib yerə yıxıldı.Çünki Dadaşov  “eyni bədən” fərziyəsinin həqiqliyini sınamaq məqsədilə, var gücü ilə qarnındakı dəliyi barmağı ilə aralayırdı.  Daha ağrıdan dayana bilməyib reflektiv olaraq əlini yaradan çıxardı.

Yeqor  yenidən ayağa qalxıb,

-         Bacardığın elə buydu?Hmm… – dedi və işinə davam etdi

Üzünü çevirə də bilmədi heç,  müəmmalı şəkildə peyda olan Seymur əlində tutduğu dəmir dəyənəklə Yeqorun  ənsə nayihəsindən  necə vurdusa, kəllə sümüyünün qırıntıları qan laxtaları və beyin fraqmentləri ilə birgə termotoksinin nəzarət panelinə dağıldı.

Seymur   Yeqorun cansız cəsədini  idarəetmə pultundan kifayət qədər aralaşdırıb, kapitanın imdadına gəldi.   Modulun yuxarı rəfində yerləşən ilkin yardım bağlamasını çıxarıb antiseptiklərlə  Dadaşovun yarasını işlədi, qanaxmanı dayandırmaq üçün bütün qarnına xüsusi qoruyucu materialdan ibarət sarğı doladı.Dadaşov bilirdi ki, indi əslində ona ilkin yardım göstərən özüdür. Sadəcə Yeqorun proyeksiyası ona öz qarnını yortdurmuşdusa, Seymur əksinə öz qeydinə qalmağa kömək edirdi.

Seymur ağ-yaşıl şaxmatlı həb çıxarıb halsız vəziyyətdə olan Dadaşova söylədi:

-         Al bunu iç, xeyli qan itirmisən… Müvəqqəti olaraq qan təzyiqini və tonusu qaldıracaq.  Qanaxmanı hələlik sarğı ilə dayandırdım,   sonra tikmək lazım gələcək.

-         Nə yaxşı vaxtında özünü çatdırdın....silahı Yerə yönəltmək istəyirdi....mən elə bildim öldürdü səni, əclaf.

-         Yaxşı sakitləş...sənə güc lazımdı.  Bu  Şər  qurğusuna birdəfəlik son qoymalıyıq.

Udduğu həb həqiqətən də öz sözünü demişdi, tərkibində olan analqinin təsirindən ağrı öldü, taqətsizliyi dəyişməz qalsa da, artıq  beyni iti şəkildə fikirləşə bilir, ayağa qalxıb, hərəkət edə bilirdi.  Seymur ilk əvvəl qəza təlimatını ona ötürdü, holloqramlı səhifələrə ötəri göz gəzdirən  Dadaşov ona lazım ölən bölməni tapıb, özlüyündə partlayışa ən həssas olan hissələri müəyyənləşdirdi. Rəqəmsal saatı olan 2 bombadan birini sobanın alt hissəsinə  digərini  generatorun  mikroçipinin yerləşdiyi  çərçivəyə quraşdırdı və  saatları sinxronlaşdırdı.  Seymur ona yaxınlaşıb, tələm-tələsik 10 dəqiqəlik geriyə sayım təyin etdi.

-         Seymur dəlisən, on dəqiqə bizim evakusiya olunmağımıza kifayət etməz birdən?

-          Narahat olma, bəs edər. Üstəlik sən tək gedirsən.

-         Necə yəni tək, mənimlə gəlmirsən.

-          Mənim proyeksiya olaraq  səni xilas etmək üçün daşıdığım cavabdehliyim burda bitir. Mən stansiyada qalıram… Mənə görə narahat olma, onsuzda çoxdan ölmüşəm… Ala bu hesabatları da götür yollan 2-ci kapsula.

Dadaşovun gözləri doldu, hər halda proyeksiya, qeyri-real bir görüntü olsa belə,  qısa zamanda ona doğmalaşmış bu insanla vidalaşmaq ona acılı gəlirdi.  Stansiyanın “qara qutusu” adlandırılan son hesabatları qoltuğuna alıb, Seymuru qucaqladı.  Köks ötürüb seqmentin çıxışına doğru irəlilədi.

-         Diqqət! Stansiyada olan heyətin nəzərinə, bu təlim həyacanı deyil, stansiyada partlayış təhlükəsi var, stansiyada partlayış təhlükəsi var,  ən tez zamandan evakuasiya olunun, diqqət mütləq evakuasiya olunun – deyə stansiyanın avtomat bələdçisinin həyəcan çağırışı eşidildi.

Buna qədər Allah bilir harda dolanan xidməti-robot Patsak da gəlib, çıxdı.

-         Yoldaş kapitan, evakuasiya olunmalısız. 7 dəqiqə 50 saniyəyə partlayış baş verərəcək

Dadaşov Patsakın ardınca düşüb seqmenti tərk etməyə hazırlaşırdı ki, birdən tüklərini ürpədən bir səs eşitdi. Kapitan Nemanzadənin səsi idi, termotoksin modulunun səs sütunlarından çıxan. Yerində donub  qaldı. Heç geri çönmədidə, sadəcə qulaqlarını şəklədi:

-         Etibar ordasansa mütləq cavab ver,  sənə son dərəcə kritik xəbərim var, bəli sən orda tək deyilmişsən...Sən yadplanetlilərin eniqmatik siqnallarla göndərdiyi proyeksiyaların tələsinə düşmüsən..

Dadaşov Patsakın qolundakı klavişlərdə qəbul dümyəsini basıb, onun əlindən mikrofon kimi istifadə etdi.

-         Çox gecə başa düşdüz, mənə inanmırdız, artıq hər şeyi yoluna qoymuşuq.

-         Heç bir şeyi yoluna qoymamısan əksinə pisləşdirmisən...Bax sənin gözünə görünən dostlarından birinin adının Seymur olduğunu bilirəm...Səncə bu mənə hardan məlum olub.

Doğurdanda Yerdə olan Nemanzadə onun beynində dolanan bu görüntülərdən necə xəbərdar ola bilərdi.  Seymura baxdı:

-         Kapitan sən tələs, ona fikir vermə, istəyir bu andıra qalmış qurğu bundan sonra da işləsin, səni tovlamağa çalışırlar. –deyə Seymur müdaxilə etdi.

Nemanzadə isə həyəcanlı səsi ilə tələm-tələsik dialoqu davam etdirirdi.

-         Sən yaxşısı budur Seymurdan soruş, o stansiyaya necə gəlib çıxıb, yəni sənə  teleportasiyanın yan təsirləri nəticəsində yapplanetə düşdüyünü və orada edam edib beyin proyeksiyasını işıq sürətilə bizim qalaktikaya göndərən aborigenlərdən xilas olduğunu danışmışdı. Bəs niyə sonrasını danışmadı. Xilas oldusa necə oldu ki, digərləri kimi  stansiyaya elə proyeksiya kimi gəlib çıxdı. Yəni yalnız sənin beyninə sirayət olunan görüntü kimi?

Dadaşovun onsuzda qanaxmadan başı ağrıyırdı, indi isə belə ekstrimal  şəraitdə, bomba həyacanı şəraitində bu ağılçaşdıran ironiyadan  özünü son dərəcə düşük hiss edirdi.

-         İndi dəstəyi bir nəfərə verim. Onda hər şey sənə aydın olar.

Bir-iki saniyədən sonra ona yad olan gənc bir oğlan səsi eşitdi.

-         Yoldaş Kapitan, sizin nələr çəkdiyinizi, başınıza nələrin gəldiyini yaxşı başa düşürəm,  partlayış anına artıq cəmi 5 dəqiqə qalıb. Ona görə fikrimi qısa və konkret çatdıracam.  Çilov adasında dəniz qırağına təmiz hava almaq üçün gedib, təsadüfən termotoksinin yaratdığı portala düşən və kainatın naməlum bucağında peyda olan mən idim Seymur. Düşdüyüm planetin yerli sakinləri –  məni və dostlarımı pusquya saldılar və məndən başqa hamını edam etdilər, dostlarımın beynindən ötürücü kimi istifadə etdilər,  proyeksiya olaraq  onlara ziyan vurmuş teleportalın mənbəyinə yəni kosmik stansiyaya göndərdilər. Mən isə qaçmağa macal tapdım. Riskə gedərək, açılan teleportala daxil oldum, bir qədər fərqli zamana qayıtsamda, hər halda doğma planetimə dönə bildim. Çətinliklə də olsa, stansiya rəhbərliyinə  sizə qarşı hazırlanan sui-qəsd planını inandıra bildim.  İndi mənə diqqətlə qulaq asın… Sizi xaincəsinə pusquya salıblar.Özünü mənim kimi qələmə verən və guya sizi xilas etməyə çalışan əslində ən böyük manipulyator, ən mənfi proyeksiyadır. Həyatda olanda mənim dostum idi, ancaq proyeksiya kimi, yadplanetlilər insanın elmi-fiziki bacarıqlarından istənilən şəkildə istifadə edə bilirlər.  Stansiyanı lap əvvəldən havaya uçurmağa çalışan əsl adı Russo olan  təhlükəli proyeksiyadır.Nə badə onun qurğunu işlək vəziyyətdə partlatmasına imkan verəsən. Böyük pozuntular böyük fəsadlar yarana bil....-deyə sözü yarımçıq qaldı.

Kosmik İdarə etmə Mərkəzi ilə  rabitə kəsildi. Dadaşov əvvəl Qazax, sonra Seymur kimi tanıdığı indi isə həqiqi adının Russo olduğu məlum olan “virusun”  rabitə xəttlərini əlində tutduğu bıçaqla kəsdiyini gördü. Dadaşov əvvəldən onun danışıqlarında bir tuhaflıq, bir hiylə duyurdu.

-         Patsak dərhal partlayıcıları zərərsizləşdir.- deyə yanında duran robota əmr etdi.

-         Bay-bay- deyə Russo əlilə sağollaşma işarəsi göstərib, üzündə kinayə dolu təbəssüm əmələ gətirdi.

Patsak əvəzində  kapitanın əllərini qandallayıb, onu dəmir qucağına aldı. Dadaşov nəqədər qışqır-bağır salıp, çırpındısada  bir xeyri olmadı.

-         Yoldaş kapitan. əsas prioritet sizin evakuasiyanızdir. Dünənnən bu əmri vermisiz – deyə robot israrlı şəkildə onu seqmentdən çıxardı. Dəmir ovucları qarnının yarasını bərk sıxdığından huşu özündən getdi.

Patsakın kapsula mindirdiyi kapitanın  yuxuya getməsi ilə Russo da birdəfəlik yoxa çıxdı.  Dadaşov birdə bir nəfərlik kapsulun korpusunu silkələyən dalğanın mənbəyi olan güclü partlayış səsinə oyandı.  Beşdəqiqə əvvəl yeganə ekipaj üzvü və ekspedisiya rəhbəri olduğu Azərsat kosmik stansiyasından əsər əlamət qalmamışdı.

0 şərh