Bolero layihəsi- 3-cü hissə

3 ay sonra

"Son vaxtlar məndə maraq doğuran əsas məsələ, bütün bunların tez bir zamanda necə təşkil olunması idi... bütün lazımı sənədlər, uçuş bileti, hava limanında qarşılanma, Nyu Cersidə pensioner cütlüyünün mənzilində ikinci mərtəbədə kirəlik otaq, dərhal kiçik baqqalçı dükanlarının birində işə düzəlməsi, ilkin müvəqqəti tibbi siğorta, vergilərdən azad edilmə...Axı bunlar istənilən dövlətə ziyandan başqa hansı vəchlə xeyir gətirə bilərdi."- deyə sonralar Malik yaxınlarına nağıl edəcəkdi.

Baqqalçı dükan market şəklində olsa da, ancaq gündəlik məhsulların satışı ilə məşğul idi, adı da ispanca idi- Korrida- Malik tapa bilmirdi ki, Korridanın bu dükana nə kimi ayidiyyatı ola bilər.

Onun ABŞ-dakı ilk ayı, İngiliz dilini işiylə sinxron şəkildə öyrənməsini nəzərə alaraq olduqca dözülməz idi. Malikə çox maraqlı gəlirdi ki, amansız bazar münasibətlərinin, ölüm-qalım uğrunda müxtəlif tipli marketinq kampaniyaların, "skeyls of ikonomi" deyilən xərclərin hər sentinə kimi maksimal dərəcədə azaldılması prinsipinin dominant olduğu bir ölkədə, onun anti-məhsuldar iş fəaliyyəti niyə dükanın menecerini və ya sahibini narahat etmirdi...Axı o istədiyi sözü müştəriyə deyənə kimi, digər üç-beş müştərini qaçırırdı...Əslinə qalanda o bu gedişlə çoxdan işdən qovulmalı idi... Lakin yəqin edirdi ki, Birləşmiş Millətlər Təşkilatının göstərişi olduğundan menecerlər güzəştə getməli olurdular.
Ona görə də o, artıq nizamnaməyə qarşı olsa da, üzv- dövlətlərin israrı ilə ikinci dəfə seçilmiş Karl von Hitzfeldin işsizliyin azaldılması istiqamətindəki səyləri yüksəkdə tutaraq, əlindən gələni edirdi ki, bu dünyavi dili vaxtından əvvəl öyrənə bilsin.
Bütün problemlər bir yana, Malikin əlverişli bir yardımı da var idi. Belə ki, onun iş yoldaşı və həm kirəçisi əslən türk Abş-da doğulmuş gənc tələbə Tuncay idi. Tuncay ona hər zaman kömək olardı və xüsusi tutulmuş tyutor deyilən İngilis dili müəllimindən çox, o Malikə dilin təkmilləşməsində yardımcıl olurdu. Tuncay, enli-kürək, çiyinə dək uzun qara saçlı, Meksika nefti tək tünd qara gözlü amma ümumilikdə uşaq simalı bir 23 yaşlı gənc idi... Bir dərdi var idi ki, istədiyi qız "emo" deyilənlərdən idi,özü də sırtığın biri. Doğrusu Malik heç Bakıda fahişələr arasında belə üzlü qadın görməmişdi...İşi gücü elə zavallı uşağın qazandığı pulu qəpiyinə kimi məngirləməkdi.
- Bu gün şef mənə nədənsə acıqlıdı, Allah eləməsin bəlkə ona nəsə olub, problemi zadı var nədi, nə fikirləşirsən, Tuncay...Sözün düzü onun dediklərindən heç nə başa düşə bilmədim...Jarqonla danışırdı deyəsən..Mənə faşist dedi nədi?
- Jarqonla-marqonlar danışmır eh, yazıq sənə hər dəfə deyir başa düşmürsən, deyir niyə hər dəfə yanından keçəndə, qorxa-qorxa tez-tez , aqressiv şəkildə işləməyə başlayırsan...Deyir mən faşistəm nəyəm, məndən niyə qorxursan...Doğrudan da elədir, özüm fikir vermişəm....Səndə "bosafobiya" var nədi?
Malik vizit kartı terminaldan keçirib yiyəsinə qaytardı, müştəri uzaqlaşandan sonra yenidən söhbətə davam etdi:
- Sözün düzü, bu vərdiş kimi bir şeydi,...əsl şef bizdə olur eh Bakıda, ağzın nədi səni boş-bekar görsün, ağına-bozuna baxmadan sabahı atır səni bayıra, adamın olmadı get kimə şikayət edirsən elə.
- Ola bilər...Amma indi sən tam azad adamsan, səbəbsiz səni heç kimə işdən çıxara bilməz...həm də sənin işçi kimi bir üstünlüyün var ki, mənim kimi dərin tam ağ deyil...Rəislər qorxurlar ki, bizim kimi işçiləri qovsa, gedib verərik məhkəməyə, deyərik ki, irqi ayrıseçkilik zəmində çıxarıb işdən...Ona görə bizə ağır bir səhv buraxmasaq çıxardan deyillər...Kehf elə! Əsas məsələ ondadır ki, işinin sapınnan necə yapışacaqsan- boş yoxsa tarım.
- Elədir, bacı oğlu
Tuncay nəyisə gizlədəndə bir qayda olaraq yanaqları qızarardı. İndi də elə bil Tuncay nəsə demək istəyirdi amma tərəddüdlü idi. Nəhayət özündə güc tapıb bir tövr ağzını açdı.
- Malik amca, sənə bir işim düşüb eh...
- İmkan daxilində, inşallah, hər şey.
- Saat yeddidə görüşüm var, saçlarım da gördüyün kimi çox unanıb, lap aranqutan meymununa oxşayıram, gərək saçıma bərbərdə əl gəzdirəm,...
Tuncay xahişini tamamlamamış
- Bacı oğlu, bu sırtığ qız, axırda səni sıfıra salacaq,...sən heç özün hiss eləmədən gələcək həyatıvı tədricən puça verirsən. Şəhvani nəfsivi saxlamağı bacar, onu at getsin!
Tuncay çox əsəbləşdi, belə ki, Malik dayı ona nə qədər yaxın olsa da, sevgilisindən yaxın ola bilməzdi. Qız haqqında dedikləri onun çox bərk xətrinə dəydi. Malik dayını acılamaq istəsədə bir tövr özünü ələ aldı.
- Məsləhətinə görə sağ ol. Nəzərə alaram dediklərini. Məni əvəz edərsən, inşallah indidən çıxım...
- Problem yoxdu...
- Çox sağol, onda sabah görüşərik
- Məgər, axşam evə qayıtmayacaqsan?
- Bəlkə yox...Özündən muğayat ol, Malik amca- deyə Tuncay marketdən çıxıb arxasında qapını möhkəm örtdü...Görünür Malikə sözlə deyə bilmədiklərini, bu jesti ilə deməyə çalışırdı.
Dükanda yalnız iki müştəri var idi, süd məhsulları tərəfdə eşələnən orta-yaşlı asiyalı qadın, və dükanın ən son şöbəsində, dietik ərzaqlar olan rəflərdə gözünü hansısa məhsulla zilləmiş, yaşı bəlkə yetmişi keçmiş afroamerkan bir baba.
Qəfildən Maliki möhkəm baş ağrısı tutdu. Sanki kimsə gicgahından çəkiclə vurmuşdu. Gözləri qeyri-iradi bağlamışdı ki, gözünün qabağına müxtəlif vahiməli və qanlı mənzərələr gəldi, atəş, yerə sərilmiş meyitlər, can verən yaralılar, hamısı da xüsusi qeyri-real həndəsi formalarda...sanki plastilindən düzəlmiş adamlardı...görünənlərin yuniformada olması, görüntülərin müharibəyə aid olduğunu göstərirdi...Son vaxtlar ona tez-tez belə sürrealistik görüntülər vaqe olurdu. Üç ay bu halla qarşılaşan adam yəqin ki, xroniki bir şey bilib, daha az təəcüblənərdi...Halbuki görüntülərin hər dəfə dəyişən konteksti onu təəcübləndirməyə bilməzdi...Axı bu gördüklərinin ona nə kimi ayidiyyatı ola bilər...Yazıq heç neçə gündür ki, kabel televiziyasına da baxmırdı.
Ağrı necə qəfildən başlamışdısa, elə qəfildən də kəsildi. Gözlərini açanda dükana boyunca sərasər yayılmış, lakin xaotik hərəkət edən buxarvarı yaşıl rəngli nəyinsə ona tərəf gəldiyini gördü...Qarabasma bilib gözlərini yenidən yumdu. Bir neçə dəqiqə bağlı saxladı ki, fikirlərindən tam azad olub, yenidən işinə davam etsin. Gözlərini açmazdan bir neçə saniyə əvvəl dükanın qapısının açılıb-bağlandığını eşitdi. Lakin hələ gözünü açmadı. Yəqin etdi ki, növbəti müştəridir.
Gözlərini növbəti dəfə açanda, gördüyü ilk şey üç metr məsafədən latın məşəli bir gəncin parıldayan revolveri ona tuşlaması idi. Özünə çox qəribə gəldi ki, instinktdən gələn qorxudan əsər əlamət yox idi, özünü olduqca rahat və gümrah hiss edirdi. Hətta bu hal özünə xoş gəlib, azca gülümsədi belə. Bu latın oğrunu özündən çıxartdı
- Nə baxırsan, sarsağ...tez nə qədər pul var, çıxart hamsını bayıra...eşitmədin, tez ol qoca maymağ
- Cəhənnəm ol! -deyə konkret cavab verən Malik əllərini çarpazvari bir-birinin içinə keçirdi. Sonradan ona məlum oldu ki, söyüşü elə öz Azəri dilində söyüb
- Başa düşmürəm ağzıvın altında nə mırtıldayırsan, alçaq ərəb, amma sənnən pul almamış bir yerə gedən deyiləm...Az danış, tez pulları çıxart.
- Sən neyləmisən ki, müftə pulu verim sənə
- Sən xəstəsən, sarsağ- deyə artıq tətiyi çəkməkdə idi ki, afroamerkan yaşlı müştəri belə yaşlı vaxtında olan qalan bütün gücünü yığmış kimi, yaraqlının üstünə atıldı, və əllindən revolveri salmağa çalışdı...
Əllərin amansız mübarizəsində gənclik öz sözünü dedi, yazıq müştərinin ürəyindən aldığı atəş onun yerindəcə o biri dünyaya göndərdi...Bu revolver yaxın məsafədən bronjileti belə deşmək gücünə malik maqnumdur...Yəqin ki, güllə ani olaraq ürəyi dəlmiş və kürəyindən çıxmışdı. Kişi yerə sərildikdən sonra qan döşəmədə nazik kanallarla hərəkət edib bir metr diametrində qanlı göl əmələ gətirdi. Soyğunçu yenidən üzünü Malikə tərəf çevirdi, yenidən tətiyi çəkməyə hazırlaşdı. Lakin atəş açılmazdan əvvəl özünün də gözlərinə inanmadığı bir hadisə oldu. Dükandakı digər müştəri, asiyalı qadın özünü Malikin qabağına sıçradıb, güləni özünə qəbul etdi. Gicgahından keçən güllə onu son nəfəsini də çıxmağa qoymadı...Artıq havada ruhunu itirmiş bədən kəsilmiş ət parçası tək yerə sərildi. Malik isə yenə də başa düşə bilmirdi ki, bütün olanlar niyə onun heç vechinə də deyil. O heç ayaqları altında yerə sərilmiş qadının sağ olub-olmamasını yoxlamadı belə.
Hadisələrin belə paradoksal gedişi latın mənşəli soyğunçunu tam çaş-baş etmişdi...Görünür özlüyündə götür-qoy edirdi ki, "sonra nə edim". Getdikcə yaxınlaşan Polis maşın sirenləri onu elə bil bu buzlaşamadan oyandırdı.
- Bilirsən mən üç rəqəminin müqəddəsliyinə filan inanmıram...indi ölməlisən
Soyğunçunun sanki başına qaynar su tökdülər, tətiyi çəksə də atəş açılmadı. Yəqin etdi ki, patronu qurtarıb.
- Sən necə də bəxtəvər donuzsan- deyə Malikə tərəf atılıb tapancanın qundağı ilə başına möhkəm zərbə endirdi. Huşunu itirib yerə düşən, Malikin başından qan axdığını görüb, onun öldüyünü zənn etdi... "Yaxşıdır, onu görənlərdən heç kəs bu dünyada deyil ki, ona qarşı iş açılsın...Dükandakı kameraya gəldikdə isə, o ağıllı iş görüb ki, başını daima aşağı tutub, sifəti aydın görünməsin deyə...Saqqalını isə qırxsa...elə sabah qırxsa, kimdi ondan şübhələnən." -deyə özlüyündə qərara gəlib, kassanı yarıb, orada olan bütün pulları qoydu cibinə. Dərindən nəfəs alıb, var gücü ilə qapıya tərəf sıçrayıb, dükanı polislər gəlib çıxmamış vaxtında tərk etdi.

 

0 şərh