Salamlaşmaq

Əssalam əleykumBəlkə də çoxlarımız salam verməyin o qədər də əhəmiyyətli olmadığını düşünürük. Ancaq bu heç də belə deyil. Bəri başdan deyək ki, salam Allahın adıdır, əmin-amanlıq, salamatlıq kimi mənalara gəlir. 
Salam vermək əslində dua etməkdir: “Allah-Təala səni əmin-amanlıq içində saxlasın, şərdən, bəladan qorusun, xətadan uzaq tutsun”. Bəli, anlayana salamın faydası çoxdur. 

Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, salam verib, salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də salam verin və salam verməyi təbliğ edin.

Salam verməyin ən qısa şəkli belədir: “Əssalam aleykum”, yəni sizlərə salam olsun. Qarşılığı isə belə verilir: “Və aleykum salam”, yəni sizə də salam olsun. “Əssalam aleykum” deyənə eyni cavabı qaytarmaqdansa, “Aleykum salam” söyləmək daha doğrudur.

Bəzən biri “Əssalam aleykum və rəhmətullah” deyir. Yəni Allahın salamı və mərhəməti sizin üzərinizə olsun. Peyğəmbərimiz buyurur ki, salamı ya eyni dərəcədə qarşılığı ilə, ya da daha çox bəlağətlə və daha çox dua ilə qarşılamaq lazımdır. Yəni, bu cür salam verən birinə “Və aleykum salam və rəhmətullah” və ya “Və aleykum salam və rəhmətullah və bərəkətuhu” kimi qarşılıq vermək olar.

Salam vermək dediyimiz kimi, Peyğəmbərimizin bizə buyruğudur. Əgər biri ilə kinin, nifrətin ən yüksək səviyyədədirsə, ona salam verməyə bilərsən, amma ən doğru olanı Peyğəmbərimizin yolunu tutmaqdır. Dediyimiz odur ki, salam verməyə bilərsən, amma salam almamaq günahdır. Bu məqamı çox ciddi düşünmək lazımdır. Sənə verilən salamı almaq borcundur. Salamı almamaq həm salam verənə, həm də salam Sahibinə, yəni Allaha qarşı hörmətsizlikdir.

Əgər bir nəfər otağa daxil olub, hər kəsə “Əssalam aleykum” deyirsə, içəridəkilərdən birinin o salamı alması kifayətdir. Əgər istəsələr, hər kəs cavab verə bilər. Salamla başlayan işdə bərəkət olar, çünki salam Allahın adıdır. Salamlaşmaq Peyğəmbərimizin yoludur, dinimizin buyruğudur, xeyir-duadır, qarşı tərəfə Allahdan əmin-amanlıq, xeyir-bərəkət diləməkdir. Yəni salamda hər şey gözəldir. Salamlaşmaq həm də sevgidir, səmimiyyətdir.

Rastlaşarkən adətən, kiçiyin böyüyə salam verməsini gözləyirik. Əslində isə kiçiyin birinci salam verməsi ədəb, böyüyün birinci salam verməsi təvazökarlıqdır. Kim birinci salam verirsə, o daha çox qazanır.

Salam verin, salam alın və salamı həyatınızın ayrılmaz parçasına çevirin.

 

9 şərh

nurr
bir sey de maraglidi ki kimse bize salam gonderende" coxsagolsn" deyirik ama o salamn cvbni vermek lazmmis yeni «aleykum salam» demeliyik
heyatin-ellerinde
Namaz üstə kimsə salam verirsə cavab vermək vacib deyil,amma cavab verəndə ele deyilməlidir ki salam sözü öndə olmalıdır yəni əssəlamun əleykum
seyidova
bes tanımadıqmız biri bize salam verse ve qarşılıqnı gözlese gerek salamını alaq?ele şeyler çox olub tanımadığım üçün çox vaxt almamşam 
Ramil
Almalısınız, amma bir söz də deyim: yəqin ki, siz əks cinsin nümayəndələrini nəzərdə tutursunuz? Əyər elədirsə, mədəni kişi «salam» üçün əlini qadına uzatmaz, eyni zamanda birinci qadının salamını gözləməlidir.
asel
Bir salamla heç kim xanımlığından düsməz. siz salamınızı verin. Vallah mən hər səhər mindiyim marşrut soferinə də salam verirəm. 
seyidova
çox sağolun .bele eks cinsi nezerde tuturdum ele vaxt olur lağ lağa salamlar o qeder eşidirikki artıq esl salama inanmıram ..bu insanların sehvidi.olubki salam verenin salamın almışam başqa yerlere yozulub.ona görede tanımadıqlarmın salamını almıram
asel
o zaman doğru edirsiz
istorik_c
Xanım, əslinə qalanda salamı kimin birinci verməsi şəraitə uyğun olmalıdır.Yalnız bir istisna olmaqla-salamı birinci yaşca kiçik olan verməlidir. Əgər qadın əlini uzatmırsa kişi heç bir halda əl uzatmamalıdır, əksinə özü pis vəziyyətə düşür. Vəziyyətə uyğun hərəkət eləmək lazımdır. Siz düz edirsiz. Çünki tanımadığın adamın salamını alanda bizim bəzi(ifadəmə görə üzr istəyirəm) «yanıq kərəmilərimiz» bu başqa cür başa düşürlər
velili_hemide
Yazı üçün sağ olun, amma sadəcə «Salam» desək olmaz? yəni “Əssalam aleykum” demək lazımdır?