İnsan sosial proseslərdə

Məlumdur ki, hər bir fərdin tələbatı və mənafeyi vardır. Onları ödəmək üçün insanlar bir-biri ilə əlaqəyə girir, sosial təcrübəyə yiyələnir, müxtəlif qruplara daxil olur, başqalarını öyrənir və öz kimliyini müəyyənləşdirirlər. Bu zaman insan təkcə özünü deyil, başqalarını da dəyişdirə bilir. Fərdin sosial proseslərdə rolu onun sosial statusunu (insanın cəmiyyətdəki mövqeyini) müəyyənləşdirir.
Cəmiyyətin inkişafının müəyyən mərhələlərində insanın sosial statusu da daim dəyişmişdir. Məsələn, insanlar yaşma, cinsinə, maddi təminatına, siyasi mövqeyinə, vəzifəsinə, biliyinə, ünsiyyət dairəsinə görə fərqli sosial statuslara malikdirlər. Sosial statusun xarakterinə görə müxtəlif qruplarda: quldarlar, feodallar, kəndlilər, fəhlələr, ziyalılar və s. qruplarda birləşən insanların sosial statusu dəyişdikcə sosial rolu da dəyişmişdir.
Alimlər sosial proseslərdə insanın rolu haqqmda insan sosial proseslərdəmüxtəlif təzadlı fikirlər irəli sürmüşlər. Bu fikirlər mahiyyət etibarilə iki qrupa bölünür. Birinci qrup belə düşünür ki, ictimai həyatın bütün hadisələri mənəviyyatdan asılı olub, görkəmli şəxsiyyətlərin, qəhrəmanların, alimlərin, ixtiraçılann, mütləq və ilahi ideyanın, iradənin təsiri ilə dəyişmişdir. Belə ki sosial proseslərdə insanın fəaliyyəti deyil, ona olan münasibət başlıca rol oynayır, insan fəaliyyəti, adətən, mənəvi sahə ilə məhdudlaşır. Bu zaman zəruri dəyişikliklər cəmiyyətin mənəvi keyfiyyətlərinin dəyişməsindən asılı olur. Bu mənada insanın sosial münasibətləri cəmiyyətin mədəni münasibətləri ilə şərtlənir.
Bu cür yanaşmaya malik alimlər düşünürlər ki, mənəvi sahə insanların sosial proseslərdəki iştirakını böyük mədəniyyətlərin yaranmasına qədər inkişaf etdirə bilər. Məsələn, kiçik bir nəsil böyük bir imperiyaya, tayfa isə sivilizasiyaya qədər böyüyə bilər. Bu yanaşmanın ardıcılları idealistlər* adlanırlar. Onların fikrincə, cəmiyyətdə baş verənlər insandan deyil, onun ideyasından asılıdır. Ona görə də cəmiyyət və onun inkişafı dərkedilməzdir və çoxlu sayda təsadüflərdən ibarətdir.
İkinci qrup alimlər isə idealistlərdən fərqli olaraq, belə düşünürlər ki, cəmiyyət və onun inkişafı dərk ediləndir. Belə ki cəmiyyətdə öz xüsusiyyətləri ilə seçilən, insanın iradəsindən asılı olmayan hadisələr baş verir. Bu qanunauyğunluqların mərkəzində insanlar və onların müəyyən bir məqsədə çatmaq üçün əzmkar fəaliyyəti, məqsəd və cəhdləri dayanır. Bu nöqteyi-nəzərə görə, cəmiyyətdə baş verən hadisələr təsadüfi deyil, hər birinin arxasında insanın fəaliyyəti ilə bağlı olan zərurət dayanır. İnsanın sosial proseslərdə yaxından iştirakmı sübut etməyə çalışan alimlər materialistlər adlanırlar.
Bu alimlərin fikrincə, insanın mənəviyyatı, iradəsi, baxışları, adətləri ictimai istehsaldan asılıdır. Bir tərəfdən insan təbiəti dəyişdirir, digər tərəfdən isə insanın öz təbiəti dəyişir. Demək, sosial proseslərin mərkəzində insanın iqtisadi fəaliyyəti dayanır.
Məhz əmək fəaliyyəti prosesində istehsal münasibətləri və onun mədəniyyəti meydana gəlir. Məsələn, müəllimin öz fəaliyyəti dövründə qazandığı sosial-mənəvi səriştələr həm də onun şəxsi keyfiyyətlərinə təsir göstərir. O, ünsiyyətə tez girir, fikrini daha yaxşı izah edir, istiqamətləndirə bilir, insanpərvər və humanist olur.insanlar sosial proseslərdə
İnsanların sosial statusu onların əmək fəaliyyətindən çox asılı olur. Bu baxımdan insanların sosial proseslərdə yaxından iştirakı isə cəmiyyətin inkişafı ilə şərtlənir.
Son zamanlar cəmiyyətdə baş verən sürətli qloballaşma, informasiya və kommunikasiya texnologiyalarının imkanları insanların sosial proseslərdəki roluna böyük təsir göstərir. İnsanlar İKT-nin köməyi ilə rahat şəkildə dünyanın istənilən nöqtəsi ilə əlaqələr yarada bilir, iş birliyi qurur, əmək fəaliyyətinə daxil olur. İnformasiya cəmiyyətinin təşəkkül tapması insanların həyat tərzini, cəmiyyətdəki sosial mədəni prosesləri kökündən dəyişir və dünya sivilizasiyasının yeni mərhələsini açır.
Qloballaşma göstərdi ki, fərdin sosial proseslərdəki rolu da dəyişməkdədir. İndi o nə qədər çox təcrübə əldə edir, fəaliyyət və ünsiyyət dairəsini nə qədər genişləndirirsə, öz «iştirakı»nı da bir o qədər dinamik və çoxşaxəli şəklə salır, sosial statusunu dəyişir.
Maddi istehsaldan bilik istehsalına keçid insanları mükəmməl təhsilə yiyələnən, müasir texnologiyalardan istifadə edən, informasiyanı toplayan, ünsiyyət qurmağı bacaran, müxtəlifliyi, rəngarəngliyi günün tələbi kimi qəbul edən şəxslərə çevirməklə onların öz sosial statusunu saxlamaq və daha da yüksəltmək imkanlarını artırır.
Qlobal problemlərin artması, təhlükəsizlik məsələləri, ekoloji problemlər, su və ərzaq çatışmazlığı, müharibələr, terrorla mübarizə və s. insanları ümumi maraqlar ətrafında birləşdirir. Bu problemlər sosial statusundan, millətindən, dinindən, irqindən, yaşadığı ölkədən asılı olmayaraq, ayrı-ayrı fərdləri birgə mübarizəyə və əməkdaşlığa cəlb edir. Ona görə də insanların sosial proseslərdə iştirakı getdikcə daha fəal xarakter almağa başlayır. Beləliklə, cəmiyyətin sosial həyatı və insanın bu proseslərdə iştirakı qarşılıqlı şəkildə inkişaf edir. Bir tərəfdən insan öz şəxsi keyfiyyətləri və qabiliyyəti ilə sosial proseslərin aparıcı qüvvəsi kimi onu dəyişdirir, digər bir tərəfdən isə özü dəyişir.

Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Həyat Bilgisi — 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün «Həyat bilgisi» fənni üzrə DƏRSLİK
 

0 şərh