Mədəniyyət!..

Bu yumurta qabıqlarını bura hansı mədəniyyətsiz atdı?”
Avtobusda sürücü: “Bir az da yaxınlaşın, bir az da mehribanlaşın”. Sərnişin: “Ay kişi, mədəniyyətin olsun, daha biz nə qədər yaxınlaşaq? Sən bizi qohum elədin ki, lap!”
Günümüzdə dəfələrcə eşitdiyimiz aqressiya dolu kəlmələr. Sizə bu gün haqqında danışmaq istədiyim, hamının beynində qəlibləşmiş forma alan mədəniyyət anlamı yox, tam fərqli sərhədsiz-hüdudsuz, azadlıq dolu, bir az da tərbiyəvi xarakter kəsb edən mədəniyyət olacaq. Hansı ki, ora insani mənəvi keyfiyyətlər, sevgi mədəniyyəti, küçə mədəniyyəti, nitq mədəniyyəti və s.daxildir.

Sevgi mədəniyyəti...

Bu yaxınlarda İnternet saytlarından birində maraqlı bir fikrə rast gəldim: “Sevgi sabitdir. Qərarsız olan bizlərik. Sevgi güvənlik verir, insanlar xəyanət edər. Sevgiyə güvənilir, insanlara əsla!” Bir neçə gün bu kəlmələri beyin laboratoriyamda fasiləsiz-filansız analiz etdim. “Sevgiyə güvənilir, insanlara əsla!” Necə də həqiqət dolu kəlmələr. Nədir sevgi? Yox, qardaşım, yox! Mən bu gün ondan danışmayacağam, çünkü insanlara güvənmirəm! Çünkü insanlar bu gün xəyanət, yalan pərdəsinə bürünərək, bəşəriyyətə sevgi yox, tənhalıq, göz yaşları, əzab-iztirablar satır. Bu bir həqiqətdir ki, sevgi deyəndə əksər gənclərin gözləri qarşısında Şəhidlər Xiyabanı ətrafındakı xəlvəti yerlər, Dənizkənarı Milli Park və s.gözdən iraq, könüldən uzaq məkanlardakı “aşiqi-məcnunlar” canlanır. Bu sevgi deyil! Sevgi 15 yaşına yenicə dolmuş bir yeniyetməni erkən nikaha girərək kortəbii ərə vermək deyildir! Sevgi valideynin: “Kəs səsini, nə sevgi? Sən hələ uşaqsan”- deyib övladın ağzından vuraraq onun yenicə açılmış qəlb gözlərini kor etmək də deyildir! Təkcə onu bilirəm ki, bu gün sevgi azərbaycanlı ailəsində övladlara tərbiyə olunmayan, lakin “Leyli və Məcnun”dan sitatlar gətirilən simvolik bir məhfumdur. Təkcə onu bilirəm ki, sevgi bu gün tərk edilmiş, minlərcə insanın acı göz yaşları, buz tənhalığı, iztirab çəkən ürəkləridir!!! Gəlin unutmayaq ki, bu gün bizim sevgi mədəniyyətinin tərbiyə olunmasına möhtac olan neçə-neçə ailələrimiz var! Gəlin, sevgi mədəniyyətini yumruq-təpiklə məhv yox, mehriban düşüncələrlə, sevgiylə, qayğıyla insanlara tərbiyə edək! Çünki onların buna çox ehtiyacı var!

Küçə mədəniyyəti!!!

Bilirəm, indi siz də fikirləşirsiniz ki, addımbaşı yollara “bəzək” olmuş tüpürcəklər, hətta tez-tez gözümüzə sataşan ağacların dibinə, asfaltlara atılmış salfetlər, butulkalar, yollardakı tıxac vurhavuru, insanların bir-birinə aqressiv münasibəti olduğu halda hansı küçə mədəniyyətindən danışa bilərik?! Avtobusla gedib-gələnlər yaxşı bilər, ən böyük “insan mədəniyyətinə” elə məhz oradaca rast gəlmək olar. “Ay taxtabaş, hara çıxırsan aradan, pulu ver də”, “Taxtabaş özünsən, kor gözlərini aç, gör də, konduktora vermişəm!” Bu iyrənc, insanın əsəblərini qıcıqlandıran dialoqlar siyahısını bir az da uzada bilərəm, lakin hər səhər işə, dərsə gedərkən qulaqlarınız onsuz da bu “stimul” gətirici sözlərlə dolur, yenidən təkrarın nə mənası? Görünür, bu aqresiyya burulğanı hələ uzunmüddət bitmək bilməyib, hər gün cənginə minlərcə insanı almalı olacaq. Burulğandan xilas olmanın yeganə yolu isə bir fərd şəklində özünüdərk və öz hisslərini tərbiyə etməkdən başlayır! Özünə hörmət edib mənəvi mədəniyyətə sahib olan şəxs heç bir zaman qarşısındakını nə alçaldar, nə də təhqir edər! Düşünürəm ki, bunları da tərbiyə etmək yerinə düşər!

Geyim mədəniyyəti...

Geyim də bir mədəniyyətdir. Hər bir xalqın mütləq özünəməxsus milli geyimləri olur və bəzi xalqların hətta müasir zamanda belə qardiroblarında milli geyimlərə xüsusi yer ayrılır. Elə Hindistanın adını çəkmək kifayət edər. Bəs bizdə? Yenə də Avropa… Əleyhinə deyiləm, əsla! Lakin əndazədə. Hərdən fikirləşirəm: olmazmı ki, geyimlərimizdə balaca da olsa, milli atributlarımıza yer ayrılsın. Məsələn, buta, naxışlı köynəklər və s.aksessuarlar. Gənclərin əksəri bu gün Avropanın mahiyyətini belə dərk etmədən “Müasirik, Avropa stilində geyinməliyik də” deyərək, “adını eşidib, üzünü görməyib” prinsipinə əməl edirlər. Bir az da düşünsək, yaxşı olar!

Və s.

Yazının əvvəlində danışmaq istədiyim mənəvi mədəniyyətin kateqoriyalarından bir neçəsi haqda söhbət açdım. Düşünməyin ki, gənc yaşımda “ağbirçək” olub sizlərə dərs keçmək istədim, əsla! Sadəcə olaraq ürəyimin köşəsində neçə vaxtdır qalaqlanmış kəlmələri bu gün bu köşədə sizinlə bölüşdüm. Düşünürəm ki, real həyatın mədəniyyətlə bağlı problemlərini mənəvi dünyamızın mədəniyyətini inkişaf etdirməklə həll edə bilərik...
Müəllif: Yeganə CANSAİL
Mənbə: Mədəniyyət qəzeti

9 şərh

seyidova
En esas medeniyyetsizlik avtobuslarda ve küçede tanımadığı qıza,geline söz atan ''oğlanlar'',''emiler'',''babalar''-dı.Birde ki, indi insanlar loru dilde danışaşmağı ''aye eşşey'',''korsan'',ala bambılı'' ve s. demekde görürler.
pascal
Hər başlıq altında yazılan yazılar, əslində, özləri ayrı-ayrılıqda müzkirəyə açıq bir mövzudurlar. Nə qədər desən danışmaq olar. Orda bir cümlə məni tutdu. İndi deyərsiniz ki, bu qədər söz qaldı, gör nəyə fikir verir. «Sevgi valideynin: “Kəs səsini, nə sevgi? Sən hələ uşaqsan”- deyib övladın ağzından vuraraq onun yenicə açılmış qəlb gözlərini kor etmək də deyildir!» Bax, bununla heç razı deyiləm.
seyidova
Pascal Niye razı deyilsiz?men razıyam.Çünki kes sesini demekle hemin uşaq söze qulaq asmır.Eger sevgi sözünü dile getiren uşaqdısa,yeniyetmedise onu valideyn otuzdurub başa salmalıdı ki,bütün insanlar sevib,sevilmelidi amma vaxtı gelende.Sevesden de,sevilesdende amma indi tehsil almalısan,kitabları sevmelisen.
pascal
seyidova, sizcə 15 yaşındakı yeniyetmə sevginin nə olduğunu bilir? Yeniyetməlik elə bir dövürdür ki, insan o yaşda özünün bildiyinin həmişə düz olduğuna əmindir. Sən onu anlatmaq istəsən də, o ya səni, loru dillə desəm «yola verəcək», ya da, öz bildiyin edəcək. Məsləhətlər çox vaxt onları qıcıqlandırır: «sən bilmirsən», «indi sizin zamənə deyil», «millət bilirsən nələr edir?» kimi cavablarla rastlaşırsan bəzən. Valideynin sözünə çox nadir hallarda qulaq asırlar. Etdikləri əməllərin qarşılığın almayanda, o vaxt yanlış etdiklərin anlayırlar. Hələ, iş-işdən keçəndən sonra, heç bir sözün əhəmiyyəti olmur. Yani, verdikləri yanlış qərarlar, Allah eləməsin, onların gələcəyinə mənfi təsir göstərsin. İndi burda durub danışmaq asandır. Belə etmək lazımdır, bunu demək lazımdır kimi sözlər, vaxtı gələndə başqa sözlərlə əvəz olunacaq. Ona görə deyirəm ki, bu mövzunun müzakirəsi uzundur. :) Plyus da ki, hər kəsin öz mövqeyi.
seyidova
Pascal,sizi başa düşdüm özde nece lazımdı ;)) Amma zennimce kes sesivi demeklede uşaq öz fikirlerinden daşınmaz.Siz demiş ''yola verer'' )))
pascal
İfadənin deyiliş tərzilə mən də razı deyiləm. Ancaq, yeniyetmələrin sevgi məsələsində çox sərbəst buraxılmasının əleyhinəyəm. 
_BUMERANQ_
Dahi Cavid dediyi kimi:      «Turana qılıncdan daha kəskin, ulu qüvət,
                                        Yalnız, Mədəniyyət! Mədəniyyət! Mədəniyyət!» 
azadmamedov90
mədəniyyət tək dişi qalmış canavar!!!
kulturoloq
Mədəniyyət geniş anlam olub, özundə bir sıra mənəvi məqamları ehtiva edir.