Faydalı məsləhətlər

Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılsın deyə, una buladıqdan sonra qatın. 

Peçenyeləriniz bərkiməsin deyə, tənəkə qutuda (yüksəkkeyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun. 

Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə sirkəli suda saxlayın və sonra yuyun. 

Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Həmişə cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın. 

 Cemin köpüklənməsini istəmirsinizsə, bişirərkən içinə qoz böyüklüyündə yağ atın. 

 Makaronu qaynadarkən suyuna bir qaşıq maye yağ tökün ki, bir-birinə yapışmasın. 

Çörəyin kiflənməməsi üçün çörək qutusuna bir qab duz qoyun. 

Keks daha çox qabarsın deyə, tərkibinə bir qaşıq qaynar su əlavə edin. 

Təzə çörəyi asan kəsmək üçün bıçağı bir qədər odda qızdırın. 

Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.

Əgər kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.

Təzə südü işıqda saxladıqda, tərkibində olan A və C vitaminləri itir.

Ət nə qədər vamla bişərsə, bulyon bir o qədər şəffaf olar.

Xəmir yoğrulmamışdan əvvəl un ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.

Kartof püresini isti kartofdan hazırladıqda və ona qaynar süd tökdükdə daha zərif olur.

Göyərtini xörəyə süfrəyə verilən gün tökmək lazımdır. Belə ki, xörək səhəri günə qalsa, göyərti xörəyi korlayar.

Əriyin tumunu atmayın. Onları qurudun və saxlayın, çünki onlar badamı əvəz edə bilər.

Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dilimləri qoyduqda, un və düyüdə qurd əmələ gəlməz.

Tavada yağ sıçramasın deyə, onun içinə azca duz səpmək lazımdır

4 şərh

naninka

paylaşdığınız ücün təşəkkürlər.

pascal
Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dilimləri qoyduqda, un və düyüdə qurd əmələ gəlməz.

Ay Apollon, bu nə deyir? O un və düyü sarımsğın qoxusun özünə götürməz? :))
Ferbara
Cemə yağ atmaq nə dərəcədə düzgündü?
Keksin xəmirinə qaynar su töksən, həmin su düşən hissə bişib tutuşar.
Bıçağı qızdıranda korşalır.
Karof püresini hazırlayanda kartof bişən suyu atmıram, stəkana tökürəm. Kartofu əzəndən sonra istədiyim yumşaqlığı alana qədər kartofun suyunu əlavə edirəm. Amma su əvəzinə isti süd tökəndə daha ləzzətli olur. :)
Hər əriyin tumu yaxşı olmur. Gərək birini qırıb yoxlayasan ki. acı olmadığına əmin olasan. :)
Un, düyü tez qoxu götürəndilər. Onda gərək onları ancaq sarımsaqlı yeməklər üçün istifadə edəsən.

Birini də mən deyim. Tomat götürərəkən təmiz qaşıqdan istifadə edin. Xörək qarışdırdığımız qaşıqdan istifadə edəndə tomat tez xarab olur. 
Apollon
Elə keks reseptləri var ki, ora 1-2 xörək qaşığı qaynar su əlavə olunur və bu keksin yaxşı qabarmasına kömək edir. Amma bunu siz deyən kimi yox, xəmiri mikserlə çala-çala əlavə edilir. 
 Sarımsağın sadəcə qabığını soyub onu zədələməyəndə heç nəyə qoxusu keçmir, yəni səthi hamar olanda. 

Tomatı da çox düz qeyd etmisiniz. Tomat olan qaba yağlı qaşıqdan istifadə tez kiflənməyə səbəb olur.