Yorğan-döşəyin sırınması

Azərbaycan ailələrində yorğan-döşək, adətən, yundan hazırlanır. Qoyunun yunu ildə 2 dəfə qırxılır: yayqabağı və payızda. Yayqabağı qırxılan yun uzun və zərif olduğu üçün ondan yorğan salınır. Payızda qırxılan yun isə üstdən qırxıldığı üçün qısa olur, buna güzəm deyilir. Güzəmdən döşək salınır.

Yunun yuyulması və çırpılması
Ev şəraitində yun böyük ləyənlərdə yuyulur. Təzə qırxılmış yun bir gün əvvəldən islağa qoyulur. Bir neçə dəfə çirkli suyu axıdıldıqdan sonra otaq temperaturlu suya hər hansı yuyucu tozlardan bir az töküb yunu onun içində saxlayırlar. Ertəsi gün yunu həmin suda övkələyib yenidən təmiz suya tökür və yuyurlar. Əgər yun çoxdursa, onda ya hissə-hissə yuyur, ya da ayaqlayırlar. Təmiz yuyulmuş yunu bir neçə dəfə soyuq suda yaxalayırlar. Sonuncu dəfə yaxalayanda suya naşatır spirti tökülsə, yun yumşaq olar və tez çırpılar. Yuyulub yaxalanmış yunu torlara yığıb suyu süzülmək üçün asırlar. Sonra yunu quru parçanın üzərinə sərib gün tutan yerdə qurudurlar. Yun çırpılmaq üçün bir qədər nəm olmalıdır.

Yunu nazik heyva, ya da zoğal çubuqla (təxminən 100-110 sm uzunluq-da) çırpırlar. Yun çırparkən naşı adamların əlində qabar əmələ gəlir. Bunun qarşısını almaq üçün ələ ya əlcək geymək, ya da çubuğun əl tutan yerinə əsgi dolamaq lazımdır. Yunu çırpmaq üçün çubuğu zərblə yuna vurub qaldırır, çubuğa ilişmiş yunu sol əllə çubuqdan çıxarır və yenidən yuna vururlar. Beləliklə, çırpılıb açılmış yunu qırağa qoyub, yerdə qalanı çırpırlar. Bu qayda ilə çırpılmış yun açı-lır. Dolaşıq yunu əllə didirlər. Sonra yunu yenidən sərib qurudurlar. Nəm yundan yorğan-döşək sırımaq olmaz, çünki tezliklə yaprıxar.

Döşəyin salınması
Döşəyi salmamışdan əvvəl hansı çarpayı üçün nəzərdə tutulduğu müəyyənləşdirilir. Çarpayının ölçüsünü biləndən sonra mitil tikirlər. Yadda saxlamaq lazımdır ki, döşək sırınandan sonra onun ölçüsü kiçildiyi üçün mitili çarpayının enindən 10 sm enli, uzunundan 20 sm uzun götürmək lazımdır. Mitili tikəndən sonra döşək salınır. Bunu iki üsulla edirlər.

I üsul. Döşək çox qalın olmadıqda, yəni 7-8 kq yundan salındıqda mitili tərsinə çevirib yerə sərir və yunu bərabər qalınlıqda üstünə sərirlər. Sonra mitilin tikilmiş tərəfindən başlayaraq yunu içəri burmaq lazımdır. Bunu 2 nəfər etsə, daha yaxşı olar. Mitilin ağzına çatanda yun sərilmiş tərəfi tutur, alt tərəfi isə üstünə çevirib asta-asta açmağa başlayırlar. Beləliklə, döşək salınmış olur. Döşəyin açıq tərəfi tikildikdən sonra, yunun hər tərəfə eyni qaydada paylanması üçün döşək yun çubuğu ilə döyəclənməlidir.

II üsul. Döşək qalın, yəni 10-13-15 kq yundan salındıqda mitili paltarın qolu qatlanan kimi qatlayır və içinə yun qoyduqca açırlar. Beləcə, mitilə ağzına kimi yun doldurduqdan sonra açıq tərəfini tikib düz yerdə yunun hər tərəfə eyni qaydada paylanması üçün çubuqla döyəcləyirlər, sonra sırıyırlar. Döşəyi ya qıyıq və qalın sapla sırıyır, ya da altdan və üstdən 25 sm-dən bir dörd qatlanmış balaca parça qırığı qoyub tikirlər. Ensiz döşəkləri 2 cərgə, enli döşəkləri 3 cərgə və lap enli döşəkləri 4 cərgə sırıyırlar. Sonra günə verirlər.

Yorğanın salınması və sırınması
Yorğanların ölçüsü döşəklərdən böyük olur. Onları mağazalarda satılan yorğan ağlarının ölçüsünə uyğun düzəltmək lazımdır. Mitil endən 15 sm, uzunluqdan 25 sm artıq götürülməlidir ki, sırınanda yığıldığı üçün yorğanı ilə bərabər gəlsin.

Mitil tikilərkən bir başı açıq qalmalıdır. Tikilmiş mitili tərs üzünə çevirib yerə sərir və təmiz yuyulub çırpılmış yunu eyni bərabərdə üstünə döşəyirlər. Nəzərə alın ki, yun döşənərkən yorğanın qıraq hissələrinə yunu bir qədər qalın, içəriyə doğru isə bir qədər nazik döşəmək lazımdır. Çünki yorğan sırınarkən yun bir qədər sürüşüb yorğanın orta hissəsinə yığılır. Bir cəngə yunu axıra saxlayırlar ki, çevirəndən sonra ağız yerini düzəltmək lazım gələrsə, istifadə olunsun.

Yorğanı iki nəfər çevirməlidir. Bunun üçün yorğanın tikilmiş tərəfini tutub, onu bura-bura ağzına kimi gətirirlər. Açıq qalmış başına çatanda yun sərilmiş tərəfi tutur, alt tərəfi üstünə çevirib asta-asta açmağa başlayırlar. Yorğanın ağzında yun azdırsa və ya çılpaq bir yer qalmışsa, ehtiyat üçün qalmış yunu ora qoyub, açıq tərəfini tikirlər.

Yorğanı sırımağa başlamazdan əvvəl onun ortasına ağır bir əşya qoymaq lazımdır ki, sırınanda yun ortaya yığılmasın. Yorğanı qalın sapla sırıyırlar. Sırımanı 3-4 iynə ilə birdən başlamaq olar. İynələri şəkildə göstərilən kimi, bir-birindən 5 sm aralı sancıb növbə ilə hər dəfə bir sıranı sırıyırlar.

Sırıyıb qurtarandan sonra iki nəfər yorğanın iki tərəfindən tutub dartır ki, tikilən vaxt yığılmış yerlər açılsın. Bundan sonra onu günə verirlər. Milli adətə görə yorğanın üzünü ipək parçadan, astarını isə sətindən və ya güllü çitdən tikirlər. Yorğanın astarı hər tərəfdən 5-6 sm üzə çıxmalıdır.

Balışların yuyulması
Evdə tük balışları da tez-tez yumaq lazım gəlir. Bunu belə etmək olar: balışın özü boyda cunadan torba tikir və bir ağzını balışın açılmış ağzına tikib, tükü balışdan həmin torbaya boşaldırlar. Sonra tük olan torbanın ağzını tikir və ilıq suda yuyurlar. Təmiz yaxaladıqdan sonra torbanı bir ucundan zivədən asırlar. Tük üstdən quruduqca onu çevirirlər.

Çox çirklənmiş balış tüklərini bir az naşatır spirti qatılmış ilıq, sabunlu suda yuyur və səbətə yığırlar. Sonra tükü səbətdə isti su ilə yaxalayırlar. Əgər balış tükləri çox çirkli deyilsə, səbətə yığıb, üstünə bir neçə dəfə qaynar su tökməklə yumaq olar. Tükü yayın ən isti vaxtında – iyun, iyul aylarında yumaq məsləhətdir. Tamam quruduqdan sonra tükü təmiz yuyulmuş balış mitilinə töküb ağzını tikirlər.
 

0 şərh