Qış üçün ərzaqları necə hazırlamaq olar?

Konservləşdirmə işini evdə görmək qənaət baxımından əlverişli olsa da, bir az risklidir.
Çünki həmin konservlərə bakteriyalar yol tapa bilər. Xüsusən  “Clostridium Botulinum“ adlı bakteriyalar yüksək temperatura davamlıdır və qaynatma zamanı ölmür.
Dondurmaq, qurutmaq və ya konservləşdirmək yolu ilə bir çox ərzaqları keyfiyyəti pozulmadan saxlayıb qışda istifadə etmək mümkündür. Lakin hansı şəraitdə olursa-olsun, bu üsulla saxlanan məhsulların qida dəyəri azalır.
Konservləşdirmə zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:
1. Banka və qapaqlar yaxşı yuyulmalıdır. 1 il əvvəlki qapaqlardan istifadə edilməməlidir.
2. Bankalara, əvvəlcə, şorabanın suyu tökülməlidir. Ardından qaynadılmış məhsullar yerləşdirilməlidir.
3. Qaynatma uzunmüddətli olmalıdır.
4. Bankalarda çox boşluq buraxılmamalı, lakin çox da doldurulmamalıdır;
5. Qaynatmadan sonra sərin yerdə soyudularaq üzərinə istehsal tarixi yazılmalıdır.
6. Bankalar sərin və qaranlıq şəraitdə saxlanılmalıdır.

Evdə hazırlanan konserv məhsullarında bakteriyalar ola bilər

Konservləşdirmə işini evdə görmək qənaət baxımından əlverişli olsa da, bir az risklidir. Çünki həmin konservlərə bakteriyalar yol tapa bilər. Xüsusən  “Clostridium Botulinum“ adlı bakteriyalar yüksək temperatura davamlıdır və qaynatma zamanı ölmür. Əgər konserv yüksək temperaturda saxlanarsa, “botulin“ deyilən toksin daha da inkişaf edir. Bu bakteriyaya yoluxan məhsul sağlam zənn edilsə də, istifadədən bir müddət sonra insanda halsızlıq, yorğunluq kimi zəhərlənmə əlamətləri ortaya çıxır. Göz bəbəklərində böyümə, cütgörmə, ağızda quruluq, dilin şişməsi, qəbizlik kimi hallar da özünü göstərir. Vaxtında tibbi müdaxilə edilməsə, nəfəs yolu əzələlərinin iflic olması səbəbilə zəhərlənmə ölümlə nəticələnə bilər.
Turşulu qidalarda isə bu bakteriya inkişaf edə bilmir. Ona görə də evdə yalnız turşulu qidaların konservləşdirilməsi məsləhət görülür.
Qeyd edək ki, bəzi Avropa ölkələrində ət, balıq, badımcan, quru lobya, kərəviz və göyərti qarışıqları kimi məhsullar qətiyyən evdə konservləşdirilmir.

Qurutma zamanı təmizliyə diqqət edilməli
Sobada və ya günəş şüaları altında qurutma işləri aparmaq olar. Günəşdə qurudarkən həmin sahənin təmizliyinə fikir vermək lazımdır. Bundan başqa, məhsulun torpaqla təmasda olmaması, böcək və digər zərərli təsirlərdən uzaq olması əsasdır. Məhsullar tam qurudulduqdan sonra saxlanan yerdən götürməli, sərin və quru yerdə nəmdən uzaq saxlanılmalıdır.

Müəllif: Yeganə Məmmədova
Mənbə: Zaman qəzeti

1 şərh

Zeyneb_Ehmedova
faydalı məsləhətə görə təşəkkür