Həzrəti Xızırın izləri

“(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!” (“Kəhf”-60)

“Həzrəti Musaya insanların ən biliklisi kimdir?-deyə soruşuldu. O da “mənəm” cavabını verdi. Tanrı “Allah bilər” demədiyi üçün ona vəhy edib bildirdi: “Dənizlərin birləşdiyi yerdə bir qulum vardır ki, o səndən daha biliklidir”(Buxaridən).

Qurani-Kərimdə kitablı peyğəmbər olan Həzrəti Musanın müdriklik öyrənmək üçün iki dənizin qovuşduğu yerə gəlməsi və burada Xızır adlı bir şəxsdən elm öyrənməsindən bəhs edilir. İki dənizin qovuşduğu bu müqəddəs yer bu gün üzərində gəzdiyimiz Azərbaycan torpağıdır və Həzrəti Musa ilə Xızırın qayıqla üzdüyü dəniz də elə onun adını daşıyan Xəzər dənizidir.

Tədqiqatçılar Xızırın (ə) nə zaman və harada yaşaması barədə müəyyən mülazihələr irəli sürüblər. Bəzilərinə görə, Xızır Həzrəti İbrahimin zamanında Babildən köç edib, bəzilərinə görə Həzrəti Süleymanla eyni vaxtda yaşayıb. Hətta onun əfsanəvi İran hökmdarı Firudinin müasiri olduğu da qeyd olunur. Türkiyədəki ələvi məzhəbli müsəlmanlar Xızırın Anadoluda yaşadığı, bir adının da Bəhruz olduğu inancındadırlar. Əsl həqiqət isə budur ki, Xızır nəbi (şumər mənbələrində Kızır Nabu) m.ö 3468-ci ilin may ayının 6-da anadan olub, öz vətəni Azərbaycanda yaşamaqdadır, Həzrəti Musa ondan elm alıb, Makedoniyalı İskəndər onunla görüşüb. Hər bir kəlamı Allah tərəfindən göndərilən Qurani-Kərimin ayələri və peyğəmbərimizdən nəql olunan hədislər bu fikrə əsaslı dəlildir.

Bu gün islam və ayrılıqda türk dünyasında fərqli Xızır inancı mövcuddur. Türk dastanlarında və xalqın minillik inancında özünə yer tapmış Xızır inancı ilə yəhudi və ərəb mənbələrinin bildirdiyi Xıdır kimliyi fərqlənməkdədir. Bu baxımdan Xızırın kimliyi barədə ikili araşdırmaya ehtiyac duyulur. Yəhudi və ərəb mənbələrinə görə Xızır peyğəmbər:



· Mesapotomiyada Həzrəti İbrahimin və ya Həzrəti Süleymanın zamanında yaşayıb

· Mifik İran hökmdarı Efridür ibn Esfiyünün vaxtında həyatda olub

· Həzrəti Musanın zamanında yaşayıb və ona yoldaş olub

· Həzrəti Adəmin dövründə həyatda olub, Adəmin dəfn mərasimində iştirak edib.

· Həzrəti Məhəmməd peyğəmbərlə görüşüb, Onun dəfnində iştirak edib, Həzrət Əli ilə görüşüb.

· Avropa və Asiyaya hakim olan Zülqərneynin qoşununun başçısı və onun xalası oğludur. 

· Əsl adı Belka bin Melkan, künyəsi Əbul-Abbasdır, soyu Nuhun oğlu Sama bağlıdır



Mənbələrin bildirdiyinə görə, Təbuk savaşında səhabələr ikindi namazını qıldıqdan sonra iki beyt eşidirlər. Fəqət şeiri deyəni görmədiklərindən Həzrəti Məhəmməd (s) səhabələrinə “bu iki beyti söyləyən qardaşım Xızırdır. Sizə tərif deyir” söyləyir. Digər bir rəvayətdə Xızır və qardaşı İlyasın birlikdə Həzrəti Məhəmmədin dəfninə gələrək Əhli-beytə başsağlığı verməsi bildirilir. 

Xızır sözünün ərəb dilindəki "xadir" "xidr" "xadr" (“yaşıllıq”, rəvayətə görə Xızırın atdığı hər bir addımda torpaq yaşıllığa bürünür) kəlməsindən əmələ gəlməsi bildirilsə də, əslində bu ad aşağıda qeyd edəcəyimiz misradakı “xız” sözü ilə əlaqədardır. “Xız” (ən əski variantı “kız”-“qız”) od, atəş mənasını ifadə edir ki, əcdadlarımız xız istəyərkən yazın tezliklə gəlməsini və havaların istiləşməsini arzu etmişlər. “ır” isə “ər”-kişi sözündəndir və ümumilikdə ad Xız (od) gətirən kişi mənasındadır və Xəzər dənizi ilə Xızı rayonunun adı buradandır. Maraqlıdır ki, həm türk, həm də ki ərəb inancında Xızırın ayaq basdğı torpağın yaşıllığa bürünməsi və abi-həyatdan (dirilik suyundan) içməsi mövcuddur, fəqət onun fəsillə əlaqədar olan keyfiyyəti ərəblərdə yoxdur. Xızırın sevgililərə kömək etməsi, insanları bir-birinə sevdirməsi də yalnız türk inancında mövcuddur.





Xızır, Xızır xız gətir,

Var dərədən od gətir.

Xızıra Xızır deyərlər

Xızıra çıraq qoyarlar



"Kitabi-Dədə Qorqud"da Xızır "Boz atlı Xızır" adlandırılır və dara düşən insanların imdadına çatan kimi göstərilir. "Dirsə xanın oğlu Buğacın boyu"nda göstərilir ki, Xızır yaralı Buğaca yardımçı olur, şəfa yolunu göstərir: "Oğlan yenə dedi: Ana, ağlama; qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığadı. "Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə ana südü sənə dərmandır" - dedi".



Ələvi müsəlmanlara görə Allah tərəfindən Xızır peyğəmbərə aşağıdakı vəzifələr verilib: 



v Aləmləri gəzərək darda olanlara yardım edir, bəzi təbiət hadisələrinə müdaxilə edir, gərəkli olan insanlara gizli elm öyrədir.

v Allaha niyaz edən qulların dualarını Kəbədə olan Saba mələyinə çatdırır. Hər azan vaxtında Kəbəyə gedərək yardım edəcəyi insanların siyahısını alaraq vəzifəsini yerinə yetirir.

v Təkcə insanlara deyil, Allahın yaratdığı digər aləmlərdəki canlı varlıqlara da yardımçı olur.

v Bitkilərin cücərməsinə, heyvanların çoxalmasına, insanların güclənməsinə yardımçı olur.

v Müxtəlif xəstəliklərdən şəfa tapmağa, ailədə ruzi-bərəkətin artmasına köməklik edir.

v Yeni doğulan körpənin və can verən xəstənin yanında olur.

v Yola çıxan yolçu ona əmanət edilir.

v Xızır əmanətlərin keşikçisi hesab edilir və insanlar bir-birilərinə bir şey əmanət etdikləri zaman “Bu Xızır əmanətidir” deyirlər.



Doğu Anadoluda ovçular arasında geniş yayılmış rəvayətə görə, ovlanmasını günah hesab etdikləri dağ keçisinə silah tuşladıqları zaman orada peyda olan ağ saqallı və danışmayaraq yalnız əsasını sallayaraq “dur” deyən şəxs məhz Həzrəti Xızırdır.

Digər maraqlı bir fakt Koreya savaşında vuruşan Dersimdən olan əsgərlərin anlatdıqlarıdır. Belə ki, onlar yenildikləri vaxt “Yetiş Xızır” dedikləri zaman düşmənin hücumunu dayandıran və onları məğlubiyyətə uğradan ağ paltarlı, ağ saqqallı, əsalı komandanın Xızır olduğunu bildirirdilər.

Haşiyə –Ölümsüzlük hər zaman bəşər üçün arzu olaraq qalacaqdır. Təbii ki, bu ancaq mövcud məkan üçün xarakterikdir və Tanrı dərgahında seçilmiş ali insanlar əbədiyyat qazanacaqlar. Bunu Adəmdən-Xatəmə, Zərdüştdən-Nəsimiyədək bütün bilginlər insanlara anladıblar. Fəqət Rəbb özü bildiyi səbəblərdən bəzi seçilmiş bəndələrinə Qiyamətədək bu dünyada ölümsüzlük bəxş edib. Bir daha qeyd edək ki, ancaq Qiyamətədək. Çünki Quranda da deyildiyi kimi, bütün bəşər ölümü dadacaqdır. Bu dünyada ikən əbədiyyət qazanan müqəddəslərdən biri də məhz Həzrəti Xızırdır. Ona görə də Xızır (ə) müxtəlif formalarda imdad istəyənlərin köməyinə çatır.

Xalq arasında olan rəvayətlərə və islam alimlərinin verdiyi məlumatlara əsaslanaraq Həzrət Xızırın insanları hansı formada göründüyü barədə söz söyləmək mümkündür. Ümumi rəyə görə:



ü Əsasən ağ saqqallı və əlində əsası olan şəkildə

ü İnsanın tanıdığı bir şəxsin qiyafəsində

ü Dilənçi və yoxsul dərviş kimi

ü Üzündə yaşıl niqabı, belində mizraqı boz atın belində olan şəkildə (ələvilərin inancına görə Hacı Bektaş Vəlinin cənazəsinə bu şəkildə gəlib)



Camaat arasında yayılmış inanca görə, Xızırı görmək arzusunda olanlar mütləq onu görürlər. Bir insan sübh namazını 40 gün ara vermədən camaatla birgə qılarsa, onun Xızırı görməsinin mütləq şəkildə mümkünlüyü bildirilir. Adətən Xızır insanlara görsənərkən, insan qəflətdə olur və qarşısındakının Xızır olduğunu başa düşdükdə isə, Xızır həmin an qeybə çəkilir. Xızırı görənlərin dediklərinə görə, nəbinin orta barmağı ilə şəhadət barmağının hündürlüyü eyni boydadır, barmaqlarından biri sümüksüzdür.

Anadoluda Xızırla bağlı atalar sözləri və bir sıra müraciət formaları vardır. Bu qəbildən “Xızır yoldaşın ola”, “Hər vaxtını hazır bil, hər gördüyünü Xızır bil”, “Xızır kimi yetişdi”, “Yetiş, Xızır Nəbi, sən imdad eylə”, “Yetiş carımıza Xızır, ya Xızır”, “Əli haldaşımız, Xızır yoldaşımız ola”, “Qul dara düşməyincə Xızır yetişməz” və sair göstərmək olar.

Hazırda, Xızır günləri yurdumuzda əzəmətli şəkildə keçirilməsə də, digər türk eli olan Anadoluda bütün rituallarına riayət edilməklə təntənəli şəkildə qeyd olunur. Anadoluda bu bayram Hıdırellez adlanır ki, bu söz Hıdır və İlyas adlarının tarixən dəyişikliyə uğramış halıdır. Xalq arasında şifahi şəkildə işlənən təqvimə görə, bir il iki ana qola ayrılır ki, Hıdırellez günündən (6 may) 8 noyabra qədər davam edən 186 gün Xızır günləri adlanır. 8 noyabrdan 6 maya qədərki 179 gün isə qış dövrü kimi xarakterizə olunur və Kasım günləri hesab edilir. İnanca görə, bengü sudan (klassik ədəbiyyatda abi-həyat) içdikdən sonra Xızır (ə) yerdə, İlyas (ə) isə dənizdə ölümsüzlük qazanır və hər iki qardaş may ayının 6-da bir araya gəlirlər və həmin gün dünya yaşıllığa bürünür, bununla da yay fəsli başlamış olur. Bəzi yerlərdə bayram 14-15 fevralda keçirilsə də, xalqın əsas hissəsi mayın 6-da qeyd etməkdədir. Bu gün Anadoluda Hıdırellezlə əlaqədar bir sıra adət və ənənələr mövcuddur ki, onlardan bəzilərini nəzərinizə çatdırırıq.

Belə ki, Hıdırellezin başlamasına günlər qalmış qəsəbə və kəndlərdə hazırlıq işləri görülür, evdə və həyət-bacada təmizlik aparılır. İnanca görə, təmiz olmayan evə Xızır ayaq basmır. Həmin gün insanlar üzərlərinə yeni paltar və ayaqqabılar alırlar. Xızırın toxunacağı şeylərin sonradan bol olacağını inanan insanlar yeməklərin, pul kisələrinin ağzını açıq qoyurlar ki, evləri bərəkətli olsun. Əgər hər hansı bir şeyi əldə etmək istəyən olarsa, həmin şeyin kiçik modeli və ya şəkli çəkilərək evə yaxud həyətə qoyulur və Xızırın bunlara toxunacağı təqdirdə həmin şeyləri qazanacaqlarına inanırlar. İnsanlar bu gün etdikləri duaların qəbul olunması üçün sədəqə verir, oruc tutur, qurban kəsirlər. Bayramdan qabaqkı gecə ibadətlə keçirilir və səhər erkən vaxtda oyanmaq vacib hesab edilir. Bayram günü çeşidli şirniyyatlar və yeməklər bişirilməli, süd içilməli, quzu yaxud keçi əti yeyilməli, yumurta qaynadılmalıdır. Səhər yeməyini bütün ailə birlikdə yeməli, ardınca dua və Quran tilavəti ilə məşğul olunmalı və məzarlıqlar ziyarət edilməlidir. Mayasız yoğurt düzəldilir və inanca görə, əgər yoğurt tutarsa, Xızır həmin evə ayaq basmasına inanılır. Qadınlar və qızlar əllərinə xına yaxmalı, evdə qalmaq təhlükəsi olan qızlar varsa, onların başları üzərində istifadə edilməmiş kilit açılmalıdır. Nişanlı olanların ailəsi bir-birilərinin evlərinə hədiyyələr göndərir, istək və diləkləri olanlar kağıza yazıb axar suya buraxırlar. Həmin gün evləri dərmanlamaq qadağandır, evin bərəkətinin itməməsi üçün bəzi yerlər süpürülməməli, pəncərə və qapılar bağlanmamalıdır. Acları yeməklə təmin etməli, küsülülər barışdırılmalı, qəm-qüssə aradan qaldırılmalıdır. 

Ələvi müsəlmanlar cümə axşamından cüməyə keçən gecə ağ parçanın üzərinə un tökürlər ki, əgər Xızır buradan keçərsə, o zaman unun üzərində at nalının izi olacaqdır. Sonra həmin unla çörək bişirilərək xalqa paylanılır. Bu adətin Təbrizdə də keçirilməsi barədə bilgilər mövcuddur. Paylanılan çörəklə birlikdə hər kəsə bərabər şəkildə qoyun və ya keçi əti verilir. Bir sıra bölgələrdə un kisələrinin üzərinə əl basılır və sabaha bu iz pozularsa, Xızırın gəlməsinə işarə kimi qəbul edilir. Bəzi yerlərdə əhali törənlərdə səhnəciklər düzəldirlər, Xızır və arvadının obrazı canlandırılır. Ələviliyin bektaşilik təriqətində Xızır peyğəmbərə xüsusi önəm verilir və təriqət başçılarının onunla görüşməsinə inanılır. Digər bir inanca görə Xızır insana üç dəfə görükür və insan onu tanımır. 

Anadolunun Sivas və digər bölgələrində olan bir inanca görə, Xızır günü niyyət edib oruc tutaraq su içməyən gənc qız və ya oğlan röyasında kimdən və ya hansı evdən su içdiyini görərsə, gələcəkdə həmin insanla və ya həmin evdə olan başqa biri ilə evlənəcəkdir. 

Xızır günlərində ocaq qalamaq geniş yayılmış adətlərdəndir. Xüsusən, evdə olan köhnə həsirlərin yandırılması vacib hesab olunur, inanca görə, bir il ərzində evə girən uğursuzluqlar həsirdə yuva qurduğundan onu yandırmamış evdən çıxmırlar. Tonqalın üstündən atlamaq da eyni inancı ifadə edir.

Balıkəsir bölgəsində insanlar soğanın kökünü torpaqdan çıxarmayaraq onun yarpağını iki yerə bölür və onları iki müxtəlif rəngli iplə bağlayaraq birini yaxşı qismət, digərinə pis tale kimi qəbul edirlər və həmin gecə hansı yarpaq uzanarsa, ilin o cür keçəcəyinə inanırlar.

Bayram günü xəstəliklərdən qurtulmaq istəyənlər yaşıllıqların üzərində yuvarlanır, müxtəlif otları toplayıb suyundan içirlər. Həmin otların suyundan günəş doğmamışdan qabaq 40 gün müddətində üzə sürürlər və bu zaman onların üzlərinə gənclik, gözəllik gəlir.

Bir sıra bölgələrdən əhali evlərindən at nalı asır ki, darda olanların imdadına yetən Xızır atını nallamaq üçün həmin evə gələcək və beləliklə, onları dardan qurtaracaqdır.

Əgər Hıdırellez günü yağmur yağarsa, mal-qara çölə buraxılır ki, islansın və bunun nəticəsində heyvanların südünün bol, yununun çox olacağına inanılır. Gənc qızlar həmin yağmurdan topladıqları su ilə yuyunurlar və inanırlar ki, bunun sayəsində heç bir xəstəlikləri olmayacaq, saçları uzanacaq, gəlin getdikləri evə xeyir-bərəkət gtirəcəklər. 

Xızır günündə halva bişirmək, ağ at minmək, şam yandırıb dağa getmək xüsusi adətlərdəndir.

Kosovada Hıdırellez bayramını demək olar ki, bütün əhali qeyd edir və günlər öncədən bayram tədarükü görülür. Həmin gün pulu olmayan və ya maaşını almayanlar mütləq borc taparaq bayramı keçirməyə çalışırlar. Bayram təntənəli şənliklərlə qeyd olunur və həm albanlar, həm türklər, həm də ki serblər və digərləri birlikdə olurlar. Erkən qalxmaq və təmizlik işləri aparmaq ən vacib əməllərdəndir. Əgər hər hansı bir ailə həmin gün həyət-bacasını təmizləməzsə, digər qonşular onu cəzalandıraraq topladıqları zibilləri həmin ailənin evinin qabağına tökürlər. 

Dobrucada yaşayan Krım türkləri bu bayramı “Tepreş”, makedoniyalılar “Ederlez, Edirlez, Hıdırles” kimi adlandırırlar.

XVI əsrdə yaşamış türk şairi, yəsəvi təriqətinin nümayəndəsi Hazini başda Buxara və Səmərqənd olmaqla bütün Türküstanda Xızır bayramının keçirildiyini bildirir. 

Hazırda Hıdırellez Balkan, Krım, Türküstan, Suriya, İraq, İran kimi böyük bir ərazidə keçirilməkdədir. 

Bəlli olduğu kimi, Türküstan ellərində və digər torpaqlarda Xızır peyğəmbərlə əlaqəli məkanlar mövcuddur. Yurdumuzda olan və əsas sayılan Xızır Zində ziyarətgahından savayı peyğəmbərlə əlaqədar digər məkanları nəzərinizə çatdırırıq:

Suriya- Şam şəhərində Cami-Üməyyədə Həzrəti İsanın adı ilə bağlı ziyarətgaha yaxın, məscidin sol tərəfində Xızır ziyarətgahı yerləşir. Şamın yaxınlığında Trablusda başqa Xızır məkanı mövcuddur ki, Övliya Çələbiyə görə həmin yer Rical-i Ğaybın toplandığı yerdir. Çələbiyə görə, Sayda civarındakı Sarfael kəndində bəyaz bir qübbənin altında başqa bir ziyarətgah yerləşməkdədir. Yaqut Həməviyə görə, Şamla Hələb arasındakı Neyreb kəndində Xızır peyğəmbərin namaz qıldığı yer hesab edilən ziyarətgah mövcuddur. 

Livan- Çələbi Cebeli-Livan ətəklərində insanlar tərəfindən ziyarət edilən başqa bir müqəddəs məkanın olmasını bildirir.

Qüds- Əqsa məscidinin sol tərəfindəki qapı Xızır qapısı adlanır.

Misir- Eyni şəkildə İskəndəriyyə qalasının sahil qapısının adı Babul Hadır (Xızır qapısı) adlanır. Ermenet yaxınlığındakı Sümeyref kəndində də başqa bir ziyarətgah vardır.

Əlcəzair- Yaqut Həməvi Tlemsendə bir ziyarətgahdan bəhs edir və burada çökməkdə olan divarın Xızırın (ə) sayəsində düzəlməsini bildirir.

İraq- Bağdadda Xızır ziyarətgahı və məscidi vardır. Kufədə Məscid-i Sahlada başqa bir ziyarətgah yerləşir. Mosulda Müqəddəs Georgiyə aid olan Mar Behnam monastrı ətrafında Deyrul Hadır adlanan bir təkkə yerləşir.

İran- Yaqut Həməviyə görə Bacervan şəhərinin ətrafında Xızır ziyarətgahı yerləşməkdədir, Aynul-Həyatın burada olduğunu bildirir. Kirmanşah yaxınlığındakı Kuh-i Perovda biri isti, digəri soyuq olan iki su qaynağının Xızırın məkanlarından olması ehtimal olunur. Qum şəhəri yaxınlığındakı Qorqabidəki xarabalığın Xızırın məzarı olması ehtimal olunur.

Mərakeş- Fəs şəhərindəkı Xızır ziyarətgahının xüsusi önəmi vardır. Xızıriyyə təriqətinin banisi İbnud Debbağın məhz burada bilavasitə Xızırdan təlimat alaraq təriqət yaratdığı qeyd olunur.

Özbəkistan- Seyid Əli Rəis Xızır ziyarətgahının olmasını xəbər verir.

Türkiyədə Xızır peyğəmbərin adı ilə əlaqədar çoxlu sayda ziyarətgahlar mövcuddur. Bunlar aşağıdakılardır:
Bingöl- Övliya Çələbi buradakı göllərdən birinin Xızır, digərinin Aynul Həyat olduğunu bildirir. 

Kütahya- burada qalanın yaxınlığındakı bir təpə Hızırlıq adlanır. Çələbi burada Hızırlıq təkkəsinin yerləşdiyini bildirir.

Sivas- Ulu Caminin içindəki sütunlardan biri Xızır dirəyi adı ilə tanınır və insanların müxtəlif xəstəliklərdən şəfa tapmaq üçün buraya gəlmələri bildirilir.

Amasiya- Çələbi burada Hızır-İlyas Təkkəsi olmasını bildirir, lakin başqa heç bir məlumat vermir.

Sinop- Səyahətçi İbn Battuta Sinopa gələrkən sahildən dənizə girən burnun üstündə bir dağın yerləşdiyini bildirir və ora qalxmağın çətin olduğunu yazır. Ardınca səyyah rumların yaşadığı bir kənddə Xızırın adını daşıyan və rahiblərin yaşadığı bir monastrın olmasını və bir su qaynağının olmasını bildirir.

İzmir- Piri Rəis Foçada üç ziyarətgahdan bəhs edir. Bunlardan biri Xızır-İlyas boğazı olub ki, bu da adını Xızır-İlyas adasından götürüb. Səyyah bu ada üzərindəki xarabalığa çevrilmiş bir binanın Xızır-İlyaslıq adlandığını qeyd edir. Binanın qədim bir kilsə olması ehtimal olunur. 

Merzifon- Burada bir təpə Xızırın adını daşıyır və vaxtilə bir ziyarətgahın və kəndin olması bildirilir.

Ladik- Çələbi Samsuna bağlı olan bu qəsəbədə ziyarətgahın olmasını bildirir.

Ədirnə- Çələbi burada iki ziyarətgahın olmasını bildirir. Biri, Təkiyyə-i Həzrəti Xızır Dədə Hünkar olub ki, rəvayətə görə, Osmanlıların əlinə keçməzdən qabaq Təkiyyəgahı Həzrəti Xızır imiş. Sonra, Hacı Bektaş xəlifələrindən Səfərşah Dədə və Xızır Dədə gəlib ərazidə özlərinə təkkə düzəldirlər. 

Çorum- Burada Xıdırlıq adlanan ərazi və məscid yerləşir. Mecitözü qəzası yaxınlığında yerləşən Elvançələbi kəndində Xızıra aid edilən bir ziyarətgah və bulaq vardır. XVI əsrdə Təkkəköy adlanan bu əraziyə gələn Busbecq dərvişlərin ona Xızırın atının ayaqlarını basdığı qaya və torpaqları göstərmələrini qeyd edir. 

Dənizli- Çələbi Çorumdakı kimi burada da Xıdırlıq Sultan ziyarətgahının olduğunu yazır.

Afyonkarahisar- Çələbi burada da Xızırlıq dağı adlanan məkanda ziyarətgahın olmasını bildirir.

Giresun- əraziyə yaxın qayalıqlar Xızır adlanır.

Dilqəm Əhməd

8 şərh

papatürk

Kifayət qədər maraqlı işdir,amma bir şey deyim:


Xızır nəbi (şumər mənbələrində Kızır Nabu) m.ö 3468-ci ilin may ayının 6-da anadan olub, öz vətəni Azərbaycanda yaşamaqdadır, Həzrəti Musa ondan elm alıb, Makedoniyalı İskəndər onunla görüşüb.


Belə çıxır ki,Makedoniyalı İsgəndər eramızdan əvvəl 3468-ci ildə yaşayıb?


Hıdırelles bayramı haqqında çox maraqlı bilgilər vermisən. Azərbaycan folklorunda Xıdır İlyas yaxud Xızır fenomeni çox maraqlıdır.

eysar
Məlumatalara görə sağ olun.Məqalə mənim deyil.Gənc yazarındır.Kifayət qədər istedalı oğlandır.Necə deyərlər silsilənin davamıdırTəxəllüs də ona məxsusdur.Mən də ondan götürmüşəm.
IDEAL
Xızır haqqında çoxlu inanılmaz rəvayətlər mövcuddu. Sufilər hər zaman ondan ilham alardılar. Bəzilərihə görə o yeganə türk peyğəmbər bəzilərinə görə isə sadəcə övliyadır. Bəzən onun müxtəlif dövrlərdə insan cildinə girib, ən böyük sufilərə ilham verdiyinə inananlar da var. Məsələn bir versiyaya görə Mövlanə Cəlaləddin Rumini o səviyyəyə qaldıran Şəms Təbrizi əslində Xızır imiş.
Dior
Qurani Kərimdə də Xızır peyğəmbər haqqında ayələr vardır.

65«Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu.

  1. 66. Musa ondan soruşdu: „Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?“
  2. 67. (Xızır) belə cavab verdi: „Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan). 
  3. 68. Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?
  4. 69. (Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!
  5. 70. (Xızır: ) „Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!“ — dedi.
  6. 71. Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: „Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)“. 
  7. 72. (Xızır) belə cavab verdi: „Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?“
  8. 73. (Musa) dedi: „Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!“ 
  9. 74. Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: „(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)“.
  10. 75. (Xızır) yenə belə cavab verdi: „Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən? 
  11. 76. (Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)».
  12. 77. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: "Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın.
  13. 78. (Xızır) dedi: «Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!
  14. 79. Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.
  15. 80. Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.
  16. 81. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik. 
  17. 82. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!»
eysar
Mən bu barədə yalnız rəvayət şəklində eşitmişdim.Əslini verdiyin üçün təşəkkürlər.Bir də bunlar hansı surədəndir?
Dior
Üzr istəyirəm yadımdan  çıxıb,surənin adını yazmaq.Bu  ayələr Kəhf (18) surəsindən idi.
eysar
Şəms Təbrizi haqında da bir məqalə var onu da yerləşdirərəm.
IDEAL
Maraqlı olar. Şəms barədə məlumat çox azdı.