“Tanrı öldü”: Nitsşe nə demək istəyirdi?

Fridrix Nitsşenin “Tanrı Öldü” elanının üstündən 134 il keçsə də, bu cümlə XIX əsrdən bəri filosoflara kütləvi olaraq baş ağrısı verməyə davam edir. Bu bəlkə də bütün fəlsəfə tarixində ən məşhur ifadədir, hətta bunu ifadənin yazıldığı “Şən Elm” kitabını heç vaxt əlinə alıb oxumayanlar da eşidib. Bəs Nitsşenin dəqiq nəyi nəzərdə tutduğunu bilirikmi? Yoxsa daha əhəmiyyətlisi, bu bizim üçün nə ifadə edir?

Nitsşe cavan yaşlarından ateist idi və bu ifadə ilə Tanrının mövcud olduğunu və öldüyünü yox, bizim Tanrı anlayışımızın öldüyünü demək istəyirdi. Maarifçilik dövründən sonra dünyanın müqəddəs varlıq tərəfindən yox, fizika qanunları ilə idarə edilməsinə dair yaranan ideya artıq reallaşmışdı. Fəlsəfə göstərmişdi ki, dövlətlərin öz legitimliklərini əsaslandırmaq üçün Tanrıya müraciət etməyə ehtiyacları yoxdur, bu legitimliyi idarə edilənləri rasionallığı və ya razılığı ilə də əsaslandırmaq olar. Yəni, geniş və uyğun əxlaq fəlsəfəsi Tanrıya istinad etmədən mövcud ola bilər. Avropa daha bütün əxlaqın, dəyərlərin və təbiətdəki nizamın mənbəyi olaraq Tanrıya ehtiyac duymurdu; fəlsəfə və elm bu işin öhdəsindən gələ bilərdi. Düşüncənin bu cür artan sürətlə sekulyarlaşması filosofları sadəcə Tanrının öldüyünü dərk etməyə yox, həm də bizim Tanrını dünyanı daha yaxşı başa düşmək arzusu ilə öldürdüyümüzü deməyə vadar etdi.

Tanrının ölməsi Nitsşe üçün tamamilə yaxşı bir şey deyildi. Tanrı olmadan Qərbi Avropanın elementar dəyərlər sistemi təhlükədə idi, “Tanrıların Alatoranı” kitabında da dediyi kimi: “Xristian inancından imtina edəndə, xristian əxlaqını da ayağımızın altından çəkib kənara atırıq. Bu əxlaq heç də sübuta ehtiyac duymayan açıq-aşkar bir şey deyil… Xristianlıq bir sistemdir… Onun daxilindəki əsas konseptlərdən biri olan Tanrıya imanı qıranda, bütün sistem qırılır.” Nitsşe düşünürdü ki, bu yalnız bəzi insanlar üçün yaxşı bir şeydir. Deyirdi ki, “… ‘köhnə tanrının ölüm’ xəbərini eşidəndə biz filosoflar və ‘azad ruhlar’ yeni şəfəq tərəfindən işıqlandırıldığımızı hiss etdik.” Köhnə sistemin məhv edilməsi ilə birgə yeni bir sistem qurulmalı idi, amma bunun da riskləri var idi. Nitsşe inanırdı ki, hazırkı sistemin dağılması bir çox insanı mənasızlığa və ümidsizliyə düçar edə bilər. Tanrı olmadan yaşamağın mənası nədir ki? Əgər bir Tanrı varsa belə, Qərb indi öyrəndi ki, o Tanrı bizi bütün kainatın mərkəzində yerləşdirməyib və Qərb insanın aşağı mənbədən başlayaraq təkamül etdiyini öyrənir. Artıq kainat bizim üçün yaradılmayıb. Nitsşe qorxurdu ki, dünyanın bu cür başa düşülməsi bizi pessimizmə aparacaq, “yoxluğa iradə” bu həyatı təsdiq edən Nitsşe fəlsəfəsinin ziddi idi.

Onun nihilizm qorxusu və bizim buna reaksiyamız “Hakimiyyət İradəsi” kitabında göstərilib: “Mən növbəti iki əsrin tarixinə dair nə görürəm. Mən nəyin gəldiyini təsvir edirəm, bu artıq başqa cür ola bilməz: nihilizmin gəlişi… Artıq bir müddətdir ki, bizim bütün Avropa mədəniyyətimiz fəlakətə doğru gedir.” Nitsşe XX əsrdə Avropanın başına oyun açan hadisələrdən təəccüblənməzdi. Bütün qitədə yayılan, Birinci Dünya Müharibəsindən dərhal sonra insanlara bir işçi kimi, Ari irqi nümayəndəsi kimi, ya da başqa bir şey kimi yaşamaq üçün məna və dəyər ilə təmin edən kommunizm, nasizm, millətçilik və digər ideologiyalar. Bütün bunlar xristianlığa bənzəyirlər, çünki xristianlıq da öz növbəsində Tanrının uşağı kimi insanlara məna təmin edir və dünyanı cənnətə gedən bir yol kimi dəyərləndirir. Nitsşe həmin ideologiyaları rədd etsə də, onların təmin etdikləri mənaya olan ehtiyacı da etiraf edərdi.

Təbii ki, Nitsşe bunun gəldiyini görəndə bizə bir çıxış yolu da göstərir. Bir fərd olaraq öz dəyərlərimizi yaratmaq. İnsanların öz həyatları üçün yaşamağa məna yaratması. Bunu etməyi bacaran fərdin bizim də populyar şüurumuza gəlib çatan bir adı var – Übermensch (Üst İnsan). Lakin Nitsşe bunu insanlar üçün uzaq və insanların çoxunun çata bilməyəcəyi hədəf kimi görürdü. Dünyada hələ ki mövcud olmayan Üst İnsan təkcə öz iradələri ilə həyatda məna yaradacaq və başa düşəcək ki, o öz növünün davamından məsuldur. Nitsşenin dediyi kimi; “Yaradılış oyunu üçün, mənim qardaşlarım, müqəddəs olan şey, bəli lazımdır: ruh indi öz iradəsini diləyir.” Belə cəsarətli fərd hansısa doqmaya, ya da ictimai fikrə əsaslanmadan öz dəyərlərini yaratmağa qadir olacaq.

Üst İnsanın yaranmasının nadirliyini və çətinliyini nəzərə alaraq, Nitsşe nihilizmə başqa bir alternativ də təklif edir – Sonuncu İnsan. Fərd olmaq və ya şəxsi inkişaf barədə heç nə düşünməyən və komfort içində həyat sürən “ən alçaq şey.” “Biz xoşbəxtliyi kəşf etdik – deyir Sonuncu İnsan və göz vurur.” Nitsşenin yaratdığı obraz olan Zərdüştü məyus edən öyüd verdiyi insanların ona Sonuncu İnsanın həyat tərzi üçün yalvarmaqları idi. Bu da Nitsşenin biz insanların Tanrının ölümünü necə qarşıladığımıza olan pessimizini göstərir.

Amma soruşa bilərsiniz ki, əgər Tanrı ölübsə və biz bundan xəbərdar olaraq əzab çəkməliyiksə, bəs niyə hamı ateist deyil? Nitsşenin buna bir cavabı var: “Tanrı öldü. Amma minillər boyu mağaralar qala bilər ki, oradan Tanrının kölgəsi görünsün.” Bəlkə də biz hələ indi Nitsşenin bəyannaməsinin effektlərini görürük.

Düzü, ateizm yüksəlişdədir, bir çox Avropa ölkəsində onların sayı əhalinin yarısına yaxınlaşır və Amerika Birləşmiş Ştatlarında da ateizmin yayılması davam edir. Amma, ateizmin kommunist ölkələrdə məcbur yayılmasından fərqli olaraq, dünyada bu yeni Tanrısızlıq, Tanrının yoxluğu trendinə beynəlxalq dəstək yoxdur, bu sadəcə yoxluqdur. Britaniyalı filosof Bertnand Rassel bolşevizmi dinə yaxın bir ideologiya kimi görürdü. Bolşevizm əhaliyə özü-özlüyündə məna və dəyər yaratmaq arzusunda və qabiliyyətində idi. İnanc olmadan mövcud olan o məna artıq yoxdur. Əksər ateistlərin də bildiyi kimi, məna yaratmaq üçün əlavə fəlsəfi struktur olmadan tanrının yoxluğu ekzistensial qorxuya səbəb ola bilər. Biz öz mənasızlığımızla mübarizə aparan cəmiyyət olmağa doğru gedirik? Bir cəmiyyət olaraq nihilizm təhlükəsi ilə qarşı-qarşıyayıq? Biz indi bizə Tanrının vəd etdiyi şeyləri söz verən ideologiyalara və hiylələrə inanmağa daha uyğunuq? Amerikanlar gələcəklə bağlı pessimist olsalar da [statistika göstərir ki] dinsiz olanlar dindar olanlara görə daha optimist baxır gələcəyə. Belə görünür ki, Nitsşe bizim Tanrının öldüyünü uzun perspektivdə necə qəbul edəcəyimizə dair yanılıb.

Alain de Bottonun da bizim dəyərlərimiz barədə dediyi kimi, belə görünür ki, biz Tanrının ölümünü Nitsşenin gözlədiyindən daha yaxşı qəbul edə bilmişik və nə bizim hamımız Sonuncu İnsana çevrilib, nə də biz bütün əxlaqı bütünlüklə nisbi və mənasız hesab edəcək vəziyyətə düşməmişik. Belə görünür ki, biz elə bir dünya qurmağı bacarmışıq ki, orada bəzi insanlar üçün Tanrıya olan ehtiyac ictimai ümidsizlik və xaosa düşmədən azaldıla bilib.

Biz fərdlər olaraq öz dəyərlərimizi yaradacaq səviyyədəyik? Özümüzə həyatda Tanrının köməyi, doqma, ya da ictimai fikir olmadan dəyər yarada bilərik? Güman ki, bəzilərimiz yarada bilər və əgər biz Tanrının öldüyündə ifadə edilən fikri başa düşə bilsək, özümüzə dəyər yarada bilmək ehtimalımız da artar. Tanrının ölümünün yaratdığı ümidsizlik bizə həyatlarımızda yeni məna yaratmağa şərait yarada bilər. Jan Pol Sartrın dediyi kimi “həyat ümidsizliyin digər tərəfində başlayır.”

Mənbələr:
Abrams, Daniel, Haley Yaple, and Richard Wiener. «ArXiv.org Physics ArXiv:1012.1375v2.» [1012.1375v2] A Mathematical Model of Social Group Competition with Application to the Growth of Religious Non-affiliation. N.p., n.d. Web. 04 Aug. 2016.
«Americans Overwhelmingly Pessimistic about Country's Path, Poll Finds.» Mcclatchydc. N.p., n.d. Web. 04 Aug. 2016. «America's Growing Pessimism.» The Atlantic. Atlantic Media Company, 10 Oct. 2015. Web. 04 Aug. 2016. «CNN/ORC Poll: 57% Pessimistic about U.S. Future, Highest in 2 Years.» CNN. Cable News
Nietzsche, Friedrich Wilhelm, and Walter Arnold Kaufmann. «The Meaning of Our Cheerfulness.» The Gay Science: With a Prelude in Rhymes and an Appendix of Songs. New York: Vintage, 1974. N. pag. Print.
Press, Connie Cass Associated. «Gloom and Doom? Americans More Pessimistic about Future.» Las Vegas Review-Journal. N.p., 03 Jan. 2014. Web. 04 Aug. 2016.
Russell, Bertrand. Bolshevism: Practice and Theory. New York: Arno, 1972. Print.

Orijinal mətn: «God Is Dead»: What Nietzsche Really Meant" — Scotty Hendricks
bigthink.com/scotty-hendricks/what-nietzsche-really-meant-by-god-is-dead 

Tərcümə: İlkin Hüseynli

baslatercumeleri.blogspot.com 

0 şərh