Cəmiyyətin həyatı

Televizorda, internetdə, məktəbdə, jurnal və qəzetlərdə bizim cəmiyyətin istəkləri, problemləri, vətəndaşların tələbləri və s. ifadələr tez-tez işlədilir.
Hər bir vətəndaş cəmiyyətin üzvüdür. Vətəndaş ölkənin həyatında mühüm rol oynayan şəxsdir. Onun cəmiyyətin problemlərinin həllində iştirak etmək və qərarlar qəbul edilməsinə təsir göstərmək hüququ vardır. Vətəndaş cəmiyyəti — cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyidir. O özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Azərbaycan Respublikasında cəmiyyətin həyatında aşağıdakı strukturlar da rol oynayır:
Cəmiyyətin həyatını bir neçə sahəyə bölmək olar:
  1. İqtisadi həyat
  2. Sosial həyat
  3. Siyasi həyat
  4. Mənəvi həyat
Cəmiyyətin həyatında iqtisadiyyat əsas yer tutur. Hər hansı bir məhsulun hazırlanması, onun istehsalı, alışı, satışı və s. buna nümunədir.
Cəmiyyətin sosial həyatına insanların sosial münasibətləri daxildir. İnsanların həyat tərzindəki oxşarlıqlar onları sosial qruplarda birləşdirir.
Cəmiyyətin siyasi həyatı isə siyasi proseslərlə bağlıdır. Siyasət dövlətin və xalqın mənafeyinə uyğun addımlar atmaq üçün bir vasitədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqın mənafeyinə xidmət edərək ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirir.
1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi”ni neft strategiyasının başlanğıcı hesab edən Prezident İlham Əliyev bu sahədə daha geniş addımlar atdı. 2004-cü ildən başlayaraq o, ölkədə “Azərbaycan Respublikası regionların sosial iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində böyük layihələrin reallaşmasına şərait yaratdı. 2014-cü ildə təməli qoyulan “Cənub Qaz Dəhlizi” ölkəmizin iqtisadi inkişafında böyük rol oynayır.
2007-ci il 7 fevral tarixində Azərbaycanla Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanıldı. 2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş bu yol Qədim İpək Yolunun bir hissəsinin bərpasıdır.
Cəmiyyətinin mənəvi həyatınа mədəniyyət, dünyagörüşü, adət-ənənələr, təhsil, peşə fəaliyyəti və başqaları aiddir. Hər bir insanın davranışı, hisləri, qabiliyyəti, arzusu və s. cəmiyyətin mənəvi həyatına daxildir. Hər birimiz ətrafımızda gözəllik, düzgünlük, paklıq axtarırıq. Yaşadığımız ərazinin təmiz saxlanılması, insanların mədəni davranış qaydalarına riayət etməsi, bir-birinə hörmətlə yanaşması və bu kimi başqa nümunələr mənəvi həyatımızın bir hissəsidir.
Hazırda ölkəmizdə aparılan islahatlar cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Cəmiyyətin və ölkənin həyatında qadınların iştirakının bariz nümunəsi olan respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində nəhəng layihələrin həyata keçirilməsi, valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən hərtərəfli qayğı məhz onun səyi nəticəsində öz bəhrəsini verir.
 
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Həyat Bilgisi 7 Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik

0 şərh