Kamal Abdulla mətninin söylədikləri

Ədəbi cərəyanlar müəyyən dövrdə formalaşaraq həmin tarixi zamanın xüsusiyyətlərini əks etdirir, ədəbi prosesdə bir növ mayak rolunu oynayır.
Ədəbi fikir tarixində fenomenal adlandırıla biləcək belə cərəyanlardan biri postmodernizmdir. Postmodernizm tarix səhnəsinə çıxdığı gündən böyük səs-küyə, müzakirələrə səbəb olmuşdur. Hər bir tənqidçi, nəzəriyyəçi, yazıçı, oxucu onu öz başa düşdüyü kimi izah etməyə səy göstərmişdir. Bu bəlkə də postmodernizmin öz mahiyyətindən doğan bir haldır.
Ədəbiyyat sanki postmodernizmə dünyanın hər şeyini – bütün maddi-mənəvi irsini, dəyərlərini yıxmağa, desakrallaşdırmağa icazə verir. Eko deyir ki, hər dövrün öz manyerizmi olduğu kimi, hər dövrün də öz postmodernizmi var. Zatonski isə postmodernizmi İncilə qədər aparıb çıxarır. Lakin burada bir məqamı qeyd etmək yerinə düşər. Postmodern dünyagörüşü ilə postmodernizm cərəyanı fərqlənməlidir. Postmodern düşüncə tərzi, yəni yenilikçilik, köhnəni yıxıb yenidən yaratma şəklində fərqli adlar altında həmişə mövcud olub. Postmodernizm isə məhz ədəbi cərəyan kimi XX əsrin II yarısında meydana çıxıb. Poststrukturalizmin əsasında meydana çıxan postmodernizm ədəbiyyatda sərhədlərin silinməsi janrların qarışması və sintezi, mutasiyalar və parodik – oyun effektləri ilə seçilir. Oxucu artıq əsəri oxuyan fərddən kənar amil statusundan çıxaraq həmmüəlliflik qazanır, intertekstuallıq önə çıxır, “mən” silinərək ümumi xaos ortamı yaranır.

Postmodernizm Azərbaycan ədəbi-bədii düşüncəsinə bir sıra yeni əsərlər və obrazlar gətirdi. Bu sırada K.Abdullanın, İ.Fəhminin, S.Səxavətin, E.Hüseynbəylinin, N.Kamalın və başqalarının yaradıcılığını qeyd etmək olar. Bu kontekstdə Kamal Abdulla yaradıcılığı xüsusilə fərqlənir. Çünki Kamal Abdulla yaradıcılığı Azərbaycan postmodernizminin yeni mərhələsinin, belə demək caizsə, “intellektual postmodernizmin” əsasını qoydu. Kamal Abdullanın “Yarımçıq əlyazma”sından və “Sehrbazlar dərəsi”ndən sonra Azərbaycan ədəbiyyatşünaslığında postmodernin dərin qatlarına maraq başlandı. Kamal Abdulla yaradıcılığında özünəməxsus şəkildə təzahür edən, X.L.Borxesin yaradıcılığında parlaq şəkildə əksini tapan, U.Ekonun “Qızılgülün adı” romanında İsgəndərin “Qordi düyünü”ü doğradığı kimi kitabxananın yandırılması ilə çözdüyü labirint postmodernizmin əsas anlayışlarından biridir. Kamal Abdulla mətnində labirint effekti iki formada əks olunur. Birinci halda labirint postmodern nəzəriyyənin təsvir etdiyi əlamətləri ilə dərhal intellektual oxucunun diqqətini cəlb edəcək şəkildə qurulur. Məsələn, “Sirri-zəmanə” hekayəsi klassik Borxes labirintinin əlamətlərindən olan kitab, kitabxana fiqurları üzərində qurulmuşdur. “…Mən üç gün əvvəl siz bura gələndə bilirdim ki, elə belə də olacaq. Sən gəldiyin nöqtəyə qayıdacaqsan. Hələ yaxşı ki, risalələr səni Seyid Sarı Dərdəçarənin “Ruhi və rahi kəvakib”inin içinə aparıb salmayıblar. O isə tamam başqa bir dünyadır. Ora edilən səyahət heç vaxt bitmir”.

Kamal Abdulla yaradıcılığında labirintin postmodern ənənəyə uyğun şəkildə əksi məsələsinə Mətanət Vahidin “Kamal Abdullanın “labirint”i”, Səlim Babullaoğlunun “Kamal Abdullanın Minotavrsız labirinti…”, Tehran Əlişanoğlunun “Zəmanə sirrinə vaqif olanda”, “Kamal Abdullanın metafizik labirinti” məqalələrində toxunulub. Bu səbəbdən biz labirintin bu formasını geniş şərh etməyəcəyik.

Kamal Abdulla mətnində bizim diqqətimizi cəlb edən, labirintin gizli formasını əks etdirən məqamlara nəzər salaq:
“Səyyah Sehrbaz nəfəsini dərib aramla sözünə davam etdi: “… mən çox uzaq bir yerdənəm, ağa, inanmıram sən öz karvanınla o yerlərə nə zamansa getmişsən, nə zamansa da gedib çıxacaqsan. Çərxi-fələk deyərlər öz vətənlərinə bizimkilər. Özləri də yaşayışlarını, inam-əqidələrini, söz-söhbətlərini  eynən çərx kimi, çevrə kimi qurarlar. Hər şeyi yumru bir şeyə bənzədərlər, yerişləri, oturuşları da dairəyə oxşar, nəinki ev-eşikləri, hətta bütün dünya, bütün səltənəti-kainat onlar üçün beləcənə dairə, çevrə, çərxdir” (“Sehrbazlar dərəsi”).
“O təpənin altından, yolun o biri üzündən aşağı bir dərə açılır, adına Sehrbazlar dərəsi deyərlər. Cəmi dünyanın sehrbazları bu gün yığışıblardı o dərəyə… Çevrə düzəldiblərdi. Adına öz aralarında Qaranlıq çevrə deyirlər. Dünyamıza qaranlığı çəkib gətirmək üçün var gücləri ilə çalışırlar. Çevrə qapansa, bu işi bəlkə də görə biləcəklər. İndilik bu qaranlıq çevrənin bir kiçik həlqəsi çatmır”. (“Sehrbazlar dərəsi”)
“Evdən bir adam çıxıb yağan qar ləpələrinin arasıyla qəribə bir yerişlə, dövrə vura-vura uzaqlaşır və gözdən itir. Bu, Səyyahdır” (“Korneliusun ölümü”).
“Qanad çalıb dərhal yuxarıya şığıdı, yetişmiş dumanın üstü ilə dağın ətrafına bir geniş dövrə vurdu və yenə də qanad çala-çala dağın başındakı sıldırım qayanın üstünə, bayaq durduğu yerə uçub qayıtdı, ayaqlarını ahəstəcə yerə toxundurdu” (“Uçuş”).
“Bir anın içində əyrisinə çevrə vurub aşağı enmək, evə qayıtmaq istədilər” (“Uçuş”).

Nədir bu çevrə, dairə? Niyə görə biz çərxi fələk deyirik? Niyə “həsri basma dolan gəl?” Nə üçün “dolanım başına?” Niyə gəlini çırağın başına fırladıb xeyir-dua veririk? Çırağın odun simvolu olduğunu, atəşpərəstlikdən gəldiyini bilirik. Bəs niyə mütləq başına dolanmalıyıq? Nəyi tamamlayırıq? Hansı çevrəni qapayırıq? Dərvişlər niyə məhz fırlanaraq cəzb olurlar?

Sualların cavabını Kamal Abdulla mətni verirmi bizə? Bəli! Kamal Abdulla bu dairə, çevrə obrazı ilə postmodern estetikanın bizə təqdim etdiyi labirint effektinin kökünü göstərir. Dairə labirintin ilkin formasıdır. Labirintlərin ilkin variantları məhz dairə şəklində təzahür edir. V.V.Koronanın klassifikasiyasına görə, həm də konsrtuktiv arxetip olan dairə mifologiyada qoruyucu funksiyanı özündə ehtiva edən elementdir. Dairə, çevrə içində qalan əşyanın, məfhumun ətrafla əlaqəsi kəsilir, öz xüsusi zamanında dustaq qalır. Və əslində, ətraf aləmdən fərqli zamanda daim mövcudluğunu qoruyur. Çevrədə son yoxdur. Yol sonsuz davam edir. Fırlanır, yenidən yaranır, reinkarnasiya dairəvi şəkildə davam edir. Deməli, Kamal Abdullanın da obrazları, mətnləri də dairəvi şəkildə hərəkət edir, “təkcənəlik zamanı”na daxil olur, Sirr içindən keçərək yenidən Sirrə qayıdır. Labirintin sonunda isə… “Qoca Mif” bizi gözləyir!!!
 
Müəllif: Elnarə Qaragözova

0 şərh