Pişik ili

PİŞİK həmişə pəncələri üstünə yıxılır. Xoşbəxtdir. İstedadlıdır, müəyyən dərəcədə şöhrətpərəstdir, yaxşı yoldaşdır, təvazökar, təmkinli, incə qəlbli, xeyirxahdır. Bunu hamı bilir. Yaxşı danışır, özünə qiymət verməyi bacarır. Lakin bütün məziyyətləri ilə bərabər, kiçik bir nöqsanı da vardır. Bu nöqsan kiçik olsa da, hər halda, mühüm nöqsandır. PİŞİK dayaz adamdır və onun ən yaxşı keyfiyyətləri də dayazdır. O, cəmiyyəti sevir, cəmiyyət də onu sevir. Kübar məclislərini xoşlayır və bəzən qeybət qırır, bunu incəlik, ustalıq və ehtiyatla edir.
Qonaq-qara xoşlayır, evində hər işi incə bir zövqlə görür. Kübar adamdır. Bəziləri onu ədabaz adlandıra bilərdilər. Xırdaçı və vasvasıdır.
QADIN-PİŞİK öz mədəniyyətini bəh-bəhlə nümayiş etdirir. Özünü bilikli göstərmək məqsədilə bəzi fənləri dərindən öyrənə bilər. Eyni zamanda digər daha vacib məsələlər haqqında heç bir təsəvvürə malik deyildir.
PİŞİK adətən özündən çıxmır. Sakitdir, soyuqqanlıdır. Onda əsl hissiyyatdan daha çox ürəyi-kövrəklik var. Kiçik şəxsi qanqaralığı onu başqalarının böyük fəlakətlərindən daha çox pərişan edir. Dünyada müharibə və aclıq onu ancaq şəxsən özü əzab çəkdikdə mütəəssir edir, lakin PİŞİK elə əzab çəkir ki, davam gətirməyib ölə bilər. PİŞİK əhəmiyyətsiz bir səbəbdən ağlaya bilər, lakin tez ovunur. Pişik işarəsi altında dünyaya gələn qadınların qəmginliyi onların cazibədarlığının başlıca vasitələrindən biridir.
PİŞİK mühafizəkardır. Həyatını sarsıda bilən, gərginlik yaradan hər şeyə nifrət edir. Hər şeydən çox rahatlığa və təhlükəsizliyə can atır. Hərtərəfli götür-qoy etmədən bir addım da atmır. Belə ehtiyatlı olduğuna görə adamlar ona heyran qalır və etibar edirlər.
Maliyyə cəhətdən həmişə xoşbəxtdir. İşdə diribaş və çevikdir, onunla müqavilə imzalayan heç vaxt büdrəməz. Yaxşı möhtəkirdir, fürsəti əldən verməmək istedadı vardır. Uzun sözün qısası, sakit və dinc PİŞİK işgüzar bir adam kimi təhlükəlidir. Ticarətdə müvəffəqiyyət qazanacaqdır. Yaxşı zövqə malikdir və əntiqfüruş mağazasının sahibi ola bilər. Hüquqçu (vəkil, notarius) və ya diplomat da ola bilər, bu şərtlə ki, həyatı təhlükəyə məruz qalmasın.

PİŞİK işarəsi altında dünyaya gələn qadın zövq, qonaqpərvərlik və yaraşıq istəyən bütün fəaliyyət növlərində parlaq müvəffəqiyyət qazana bilər. Yaxşı olar ki, siyasət adamı PİŞİK işarəsi altında dünyaya gəlmiş qadınla evlənsin. O, eyni zamanda həm kübar, həm də təvazökardır, ərinə çox xeyir verə bilər.
PİŞİK sevdiyi adamlarla mehriban və iltifatlı olsa da, yaxın adamlardan asanlıqla ayrılır, dostlardan yapışır. PİŞİKDƏ ailə qarşısında məsuliyyət hissi yoxdur. O, çox vaxt öz doğmalarına və uşaqlarına yad kimi yanaşır, sevdiyi dostları onlardan üstün tutur. Bu işarə altında dünyaya gəlmiş qadınlarda analıq hissi çox zəifdir, lakin ana kimi öz borclarını həmişə yerinə yetirirlər.

PİŞİK KEÇİ ilə yaxşı yola gedir və KEÇİNİN artistlik zövqünü yüksək qiymətləndirir. PİŞİK KEÇİYƏ də rahat şərait yaradacaq, onun şıltaqlıqlarına dözəcəkdir. İT və hər işdə dəqiq olan DONUZ ilə PİŞİYİNKİ yaxşı tutacaqdır. Lakin XORUZ öz lovğalığı ilə onu hövsələdən çıxarır. SİÇANDAN isə taundan qaçan kimi qaçmalıdır.
Məhəbbətdə və işlərdə PƏLƏNG ilə münasibətlər gərgin olacaqdır. PƏLƏNGDƏN zəif olan PİŞİK həmişə dönüb oyundan çıxa bilər — onlar bir nəsildəndirlər və PİŞİK PƏLƏNGDƏN qorxmur (bax: «PƏLƏNG»).
Əgər müstəsna vəziyyətlərə, dramatik hadisələrə, aşılmaz maneələrə rast gəlməsə, PİŞİYİN həyatının hər üç mərhələsi sakit keçəcəkdir. Müharibələr, inqilablar, fəlakətlər onun işi deyildir, düşmən olmaq onun xoşuna gəlmir. Müqavimət göstərməsə, ağlı başından çıxa bilər, intihar edə bilər, yaxud əldən düşüb vətəni tərk edə bilər.

    Asiya xalqları PİŞİYƏ şübhə ilə baxırlar, deyirlər ki, PİŞİK sehrbazlardan, cadugərlərdən dönmədir. Avropada onları şeytanla sövdələşməkdə təqsirləndirərək, diri-diri yandırırlar. Lakin görünür, bu pis qiymət o qədər də ədalətli qiymət deyildir. Məsələn, misirlilər PİŞİYƏ allah kimi sitayiş edirlər. İstər allah, istər sehrbaz yaxud insan olsun. PİŞİYİN baxışlarında nə isə bir müəmma vardır. Onun zahiri zəifliyi təhlükəli bir qüvvəyə çevrilə bilər!
 

0 şərh