Qarabağ xanlığı

Qarabağ xanlığı

Qarabağ xanlığı 

 Qarabağ xanlığının yaranması və ərazisinin genişləndirilməsi. Əfşar dövlətinin süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən birinin-Qarabağ xanlığının əsasını Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Pənahəli bəy Cavanşir qoymuşdur. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Xanlığın əhalisini  Cavanşir, İyirmi dörd, Otuzikilər, Kəbirli, Ziyadoğlu və Baharlı türk  tayfaları təşkil etmişdir.  Otuz iki oymaqdakı tayfaların birləşməsindən yaranan Otuzikilər tayfası Qarabağın qədim və güclü tayfalarından biri olmuşdur. Mənbələr göstərir ki, bu adın yaranması XVI əsrə aiddir. Həmin tayfa birləşməsində Cavanşir tayfasının  nümayəndələri də vardı. Onlar çox vaxt Otuzikilər tayfa birləşməsinə başçılıq etmişlər.

Pənahəli xan da Cavanşir elinə mənsubdur. Cavanşir tayfasına aid olan kəndlərin bir çoxu XVIII əsrin sonlarında indiki Tərtər, Kəlbəcər, Bərdə, Goranboy, Yevlax, Ağdam bölgələrində yerləşir. Rusiya işğalından sonra yaranmış Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil olan Cavanşir qəzası əsasən həmin tayfaların yaşadıqları ərazini əhatə etmişdir. 

Qarabağ xanlığının yaranmasının çox maraqlı tarixi vardır. Qarabağ xanlığının vəziri olmuş tarixçi-salnaməçi Mirzə Camal yazır: «Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb inandığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları arasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gəlmişdir ».

Lakin Muğan qurultayından sonra Nadir şah hakimiyyətinə qarşı çıxmış Qarabağ tayfalarını cəzalandırır. Onları Xorasan vilayətinə və Əfqanıstana sürgün edir. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli bəy edam olunur. Bunu görən Pənahəli bəy Nadir Xorasanda olduğu zaman, fürsət taparaq bir neçə qohumu və yaxın adamı ilə 1738-ci ildə Qarabağa qaçır. Mirzə Camal Cavanşir yazır: «Şah Pənah bəyin qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çapar göndərir. Lakin onu tutmaq mümkün olmur. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərir ki, Pənah bəyi harada tapsalar, tutub şahın hüzuruna gətirsinlər».

Beləliklə, hələ Nadir şahın sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərir. Nəticədə Nadirin ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti-Qarabağ xanlığı yaranır.

Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd olan Qarabağ xanlığı Arazla Kür arasında yerləşirdi.  Qarabağ xanlığı müs­təqil dövlət elan edildikdən sonra onun möhkəmləndirilməsinə nail olmaq başlıca vəzifəyə çevrilir. Pənahəli xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini doğma torpağa qaytarmaq olur. Bu tədbir Qarabağ xanlığını gücləndirir. Sürgündən qayıdanların içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil ağa da var idi.

Qarabağ xanlığı yarananda onun ərazisində Gəncə, Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan, Dərbənd kimi şəhərlər olmamışdır. Halbuki belə siyasi və iqtisadi mərkəzlərin olması xanlığın gələcək inkişafı üçün çox mühüm idi. Ona görə də  yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənahəli xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır.

Bu sahədə ilk addımlardan biri 1748-ci ildə Azərbaycan türk tayfası olan bayatların adı ilə bağlı olan Bayat qalasının  inşası olur. Mirzə Camal Cavanşir yazır: «Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər».  Pənahəli xanın müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti onun rəsmən tanınması ilə nəticələnir.  Mirzə Camal Cavanşir yazır: «Müsləman tarixi ilə 1161, xristian tarixi ilə 1748-ci ildə Adil şahın (Pənah xana) «xan» adı verilməsi  və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə sərdar Əmiraslan xanın yaxın adamı vasitəsilə, o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı». Adil şahın fərmanı əslində gecikmiş bir sənəd  idi. Həqiqi hakimlik şah fərmanından əvvəl, ondan asılı olmayaraq qazanılmışdı.

Pənahəli xanın Qarabağın hakimi kimi tanınmasında Şəki xanı Hacı Çələbinin Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynayır. Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin yazdığına görə, Qarabağ məlikləri Hacı Çələbiyə məktub yazaraq bildirdilər ki, «Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir təxir edilərsə, sonra onun qarşısında  durmaq mümkün olmaycaqdır». Hacı Çələbi Qarabağa hücum edir, Bayat qalasını mühasirəyə alır və bir aylıq mühasirə heç bir nəticə vermir.

Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir yazır: «… Bu qalibiyyətdən sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi».  «Bayat savaşı» eyni zamanda, bu qalanın gəlcək tarixi sınaqlara davam gətirə bilməyəcəyini də üzə çıxarır. Buna görə də Pənahəli xan 1751-ci ildə Şahbulağı adlanan yerdə yeni paytaxt-qala saldırır. Mirzə Adıgözəl bəy yazır: «Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bərpa etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (bazar meydanı) və hamamlar tikdirdi. Xan oranı dövlətinə mərkəz etdi».

Ölkədə cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr gənc dövlətin təhlükəsizliyi üçün yeni yerin seçilməsini zəruri edir. Tarixçi-salnaməçi Əhməd bəy Cavanşirin yazdığına görə Pənahəli xan yeni paytaxt yaratmaq fikrində olarkən Şahbulaqda geniş Məşvərət Şurası çağırır. Şurada iştriak edənlərə belə bir müraciət edir: «...Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi, sarsılmaz qala tikək ki, onu ən güclü düşmən belə mühasirəyə ala bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz kəsilməməlidir».

Qarabağ xanlığının yeni paytaxtı Azərbaycanın qədim yaşayış məskənlərindən olub monqollar tərəfindən  dağıdılmış Şuşa qalası olur.  Qısa müddətdə burada bərpa işləri aparılır. Buraya qarabağlılardan əlavə, qonşu xanlıqlardan da gələnlər olur. Bunu Şuşa şəhərindəki bir çox küçə və məhəllələrin  adları- Təbrizli, Aqulisli, Qazançılı, Köçərli, Culfalar da sübut edir.

Şuşa məhəllələrinin hər birində tədriclə məscidlər, hamamlar, məhəllə bulaqları tikilir. Şəhərdə qalıqları dövrümüzə qədər gəlib çatmış güclü kanalizasiya sistemi yaradılır. Şəhərin cənub-qərbindəki Cıdır düzü adlanan geniş düzəngah gəzmək və təlim keçmək üçün, şimal-şərq hissəsindəki ərazi isə təsərrüfat, əhali, qoşun və başqa məqsədlər üçün ayrılır.

Separatçılığa (bölüşüdürücülüyəqarşı mübarizə.  Pənahəli xanın dövlətçilik siyasətində Qarabağ məliklərinin mərkəzi hakimiyyətə tabe etdirilməsi və onların separatçılıq əməllərinə son qoyulması mühüm yer tutur. Bu iş həm hərbi, həm də diplomatik bacarıq tələb edir. Çünki onlar bir tərəfdən mərkəzləşdrimə prosesinə mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı hücumların təşkilində və həyata keçirilməsində iştirak edir, onun müstəqilliyini sarsıtmağa çalışırdılar. Ona görə də məlikləri tabe etmək məsələsi mahiyyətcə Qarabağın, bütövlükdə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə idi.

Pənahəli xanın hakimiyyəti gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların-məliklərin  pozuculuq fəaliyyəti də artır. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri məsələyə çevrilir. Xanlığın ərazi-inzibati bütövlüyünü itirmək təhlükəsini dəf etmək üçün yeganə çıxış yolu separatçılığa qarşı mübarizədən keçirdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.  Qarabağ salnaməçilərinin yazdıqları kimi, Xəmsə məliklərindən yalnız Xaçın əhalisi yerli idi. Digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmişdilər.  Özü də bu əhali  erməni yox,  keçmiş alban nəsillərinə mənsub idi. Buna görə də erməni tarixçilərinin Azərbaycana qarşı ərazi iddialarına «haqq» qazandırmaq üçün həmin məliklərə «erməni dövlətçiliyi»nin davamı kimi baxmaları elmi saxtakarlıqdır.

Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra, kiçik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman da bir-biri ilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bu xüsusiyyətləri ilə məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən  qüvvələri təmsil edirdilər.

Məliklərin separatçı-mərkəzdənqaçma fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadellilərlə birlikdə Qarabağa hücumda  iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik münaqişə olmayıb, Qarabağ xanlığının müstəqilliyinə qarşı  yönəlmiş qəsdlər əleyhinə mübarizə idi.

Pənahəli xanın hakimiyyətini ilk olaraq Vərəndə məliyi Şahnəzər tanıyır. Bu tanıma həm də «nikah diplomatiyası» vasitəsi ilə möhkəmləndirilir; onun qızı Hürzətlə İbrahimxəlil ağa nikahlanır. Xaçın məliyi Məlik Mirzənin tabe olmaqdan imtina etməsi Pənahəli xanın onun üzərinə yürüş etməsinə səbəb olur. O, Ballıqaya  adlı yerdə baş vermiş döyüşdə məğlub olduqdan sonra mərkəzi hakimiyyəti tanımaq məcburiyyətində qalır. Dizaq, Çiləbörd, Gülüstan (Talış) məliklərinin də düşmənçilik siyasəti iflasa uğrayır. Bir müddətdən sonra onlar da xan hakimiyyətinə tabe olurlar.

«Bayat savaşı»ndan sonra Qarabağ xanlığının ərazisi xeyli genişlənir. Şamaxı, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanlıqları Pənahəli xanla yaxınlaşmağa çalışırlar. Pənahəli xan isə öz növbəsində Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili ələ keçirərək onların idarəsini öz adamlarına tapşırır.  Çiləbörd və Talış məliklərinin Pənahəli xana qarşı yaratdıqları ittifaq da iflasa uğrayır.   Onlar Ağdərə döyüşündə məğlub olaraq Cermux qalasında gizlənirlər.

Xarici siyasət. Qarabağ xanlığı kimi bir dövlətin yaranması ətrafdakı xanları və hakimləri ciddi  narahat edir. Onlardan biri də Astrabad hakimi Məhəmmədhəsən xan Qacar olur. O, güclü qoşunla 1757-ci ildə  Qarabağ xanlığı üzərinə yürüşə başlayır. «Xatın arxı» deyilən yerdə baş vermiş döyüş Qarabağ qüvvələrinin qələbəsi ilə nəticələnir.

Xanlıq 1759-cu ildə Urmiyalı Fətəli xanın hücumuna məruz qalır. Urmiyalı Fətəli xanın Qarabağ xanlığı üzərinə yürüşünü Qarabağ salnaməçiləri ətraflı şəkildə  təsvir edirlər. Əhməd bəy Cavanşir bu barədə belə yazır: «… Rumlu (Urmiyalı-red.) Fətəli xan adlı birisi 30 min nəfərlik qoşunla qəflətən Şuşa yaxınlığında göründü. Fətəli xan qalanı qəflətən tutmaq üçün öz seçmə qoşunları ilə Qarqar çayı tərəfdən hücuma keçmişdir. Deyilənə görə bu tərəfdən qala üzərində elə bir sükut hökm sürürdü ki, hücum edənlər dərələrdə və divarların arxasında gizlənmiş seçmə dəstələri görmədən sərt qayalarla  dırmaşaraq, atəş açmadan qalanı tutmaq ümidində idilər. Lakin qala divarlarının yaxınlığında mühasirəyə alınanlar gizləndikləri yerlərdən çıxıb çağırılmamış «qonaqlar»ın üzərinə cumdular və onlarla əlbəyaxa vuruşmaya girdilər...». Səkkiz aylıq mühasirədən sonra Pənahəli xan Fətəli xandan asılılığı qəbul etməli olur.

Tezliklə  Kərim xan Zəndin  Fətəli xan Əfşar üzərinə hücumu və Pənah xanı öz müttəfiqinə çevirməsi ilə bu asılığığa son qoyulur. Urmiya xanlığı tutulduqdan sonra Kərim xan burada dustaq olan İbrahimxəlil ağanı buraxdırıb hakimiyyət fərmanı ilə Qarabağa yola salır.  Pənahəli  xan isə «Şiraz qonaqlığı»na aparlılır. Beləliklə, Qarabağ xanlığına ciddi zərbə vurulur. Xanlığın banisi hakimiyyətdən uzaqlaşdırılır.

Mirzə Camal yazır: «Mərhum Pənahəli xan az bir müddət Kərim xanın paytaxtı Şirazda qaldıqdan sonra əcəli çatıb Şirazda  Allahın rəhmətinə getdi. Cənazəsini böyük hörmətlə Qarabağa gətirib indi Ağdam adı ilə məşhur olan, özünün satın aldığı, halal mülkündə dəfn etdilər».

Qarabağa qayıdan İbrahimxəlil xan bu vaxt atasının tapşırığı ilə xanlığı idarə edən qardaşı Mehrəli bəylə  münaqişəyə girməli olur. Bu münaqişədə Mehrəli  bəy məğlub olur və Quba xanlığına qaçır. 1785-ci ildə Mehrəli bəyin öldürülməsi ilə bu münaqişəyə son qoyulur.

Ölkənin birləşdirilməsi uğrunda mübarizəni davam etdirən İbrahimxəlil xan özünə müttəfiq axtarır. O, Car-Balakən camaatlığının başçısı Ümmə xanın bacısı ilə evlənir.  Bu «nikah diplomatiyası» sonralar da onun işinə yarayır. Pənahəli xandan sonra başlanan mərkəzdənqaçma qüvvələrin qarşısı alınır. İbrahimxəlil xan öz nüfuzunu Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına da yayır.

Məliklərlə mübarizə yenə də Qarabağ xanlığının dövlətçilik siyasətində mühüm yer tutur. Dizaq, Çiləbörd və Gülüstan məlikləri mərkəzi hakimiyyətdən üz döndərirlər. Vərəndə və Xaçın məlikləri isə mərkəzi hakimiyyətə sadiq qalaraq 1781-ci ildə xanın qoşunları ilə separatçıların gizləndiyi Tuğ qalasını mühasirəyə alırlar. Dizaq məliyi təslim olur, hakimiyyətə məlik Bahtam gətirilir. Lakin tezliklə o da dönük çıxır.

1783-cü ildən etibarən İbrahimxəlil xanla separatçı məliklər arasında münasibətlərin pisləşməsi Rusiyanın təhriki ilə daha da güclənir. Rusiya onların köməyi ilə Qarabağda xristian dövləti yaratmağa çalışırdı. İbrahim xan diplomatik  bacarığını işə salmaqla separatçıları Şuşaya toplayır. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanətini sübuta yetirərək həbs etdir. Məliklərdən ikisi Şuşa qalasında həbsxanada saxlanır, digəri isə siyasi məhbus kimi Ərdəbil xanına verilir. Sonra isə xəyanətkar məliklərin müttəfiqi Qansazar monastırının katolikosu beş qardaşı ilə birlikdə ələ keçirilir və layiqli cəzalarını alırlar.

Şuşa həbsxanasından qaçmağa müvəffəq olan məliklər Tiflisə gələrək buradan II İrakli və rus ordusunun polkovniki Burnaşovla  birlikdə yeni qəsd hazırlayırlar. Birləşmiş qüvvələrin «xaç yürüşü» 1787-ci ilin sentyabrında başlayır. Onlar Gəncəyə qədər irəliləyirlər. Lakin 1787-1791-ci illərin Rusiya-Osmanlı müharibəsinin başlanması bu avantüranın dayandırılmasına səbəb olur. İbrahimxəlil xan Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bilir.

 İbrahimxəlil xan XVIII əsrin 60-cı illərindən etibarən öz mövqeyini möhkəmləndirərək müstəqil xarici siyasət yeritməyə başlayır. Bu, İbrahimxəlil xanın İranın təcavüzünü dəf edə biləcək hərbi-siyasi qüvvəyə malik olmasından irləli gəlir. Qarabağ xanlığı ilə Gürcüstan arasında  müttəfiqlik münasibətləri  vardı. Müttəfiqlər 1780-ci ildə Gəncə xanlığını ələ keçirərək, onun gəlirindən birgə istifadə etməyə başlayırlar. Lakin çox keçmir ki, II İrakli 1783-cü il Georgiyevsk traktatına arxalanaraq Qarabağ xanlığını Gəncədən sıxışdırmağa nail olur. Odur ki, İbrahim xan gürcü çarının nümayəndələrinin Gəncədən qovulmasına nail olur.

Əhalinin məşğuliyyəti. Qarabağ xanlığında əhali əkinçilik və maldarılqla məşğul olurdu. Bağçılıq, bostançılıq, arıçılıq və sənətkarlıq  inkişaf etmişdi. Şuşa ticarət mərkəzi idi. Burada «pənahabad» adlı pul kəsilirdi. Xanlıqda əhalinin vəziyyətini ağırlaşdıran əsas amillərdən biri burada 17 əsas vergi və mükəlləfiyyət növünün olması idi.

Qarabağ xanlığı Şuşa şəhərindən və 638 kənddən ibarət olmuşdur. Əhalinin ümumi sayı 90000 nəfər  idi. Təbii-coğrafi şərait əkinçiliyin və heyvandarlığın inkişafına əlverişli şərait yaradırdı. Əkinçilik təsərrüfatında taxıl, arpa, darı, çəltik, pambıq, küncüt, gəngərçək kimi bitkilər yetişdirilirdi. Düyü Qarabağ xanlığında taxıldan sonra ikinci qida məhsulu idi.  İpəkçiliyin inkişafı xanlığın illik ipək məhsulunun 1700 puda çatmasına imkan verirdi. Qarabağ xanlığının ixtiyarında olan 500000 hektara yaxın yaylaq-otlaq sahəsi burada külli miqdarda iribuynuzlu heyvan və qoyun saxlamaq üçün əlverişli idi.

Salnamələr Qarabağ xanlığında sənətkarlığın da inkişaf etdiyini  xəbər verir. Sənətkarlar  əsasən Şuşa şəhərində fəaliyyət  göstərirdilər. Eyni zamanda kəndlərdə də ev şəraitində xammalın ilkin təmizələnməsi, ip əyirilməsi, xalça toxunması ilə məşğul olurdular. Şuşa sənətkarları  tüfəng, tapança lülələri və silah qundaqları hazırlayırdılar. Dabbaqlar camış və inək dərisindən ayaqqabı, xüsusilə çarıqlıq gön emal edirdilər. Şuşada yundan müxtəlif şeylər toxumaq üçün dəzgahlar da  var idi.

0 şərh