“Alimlər padşahı” Urməvi

Orta əsrlər Şərq elmindən söz düşəndə Azərbaycanın bir sıra görkəmli mütəfəkkirləri xatırlanır. Məşhur filosof Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi də elm sahəsində sayılıb-seçilənlərdən olub.

Azərbaycanda Siracəddin Urməvi irsinin tədqiqatçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun əsərlərindən məlum olur ki, filosof 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub, uşaqlıq illərini həmin diyarda keçirib. Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir. Burada tanınmış filosof Kəmaləddin Musa ibn Yunusdan elmin sirlərini öyrənib.

Siracəddin Urməvi bir müddət Suriyada və indiki Türkiyə ərazisində yaşayır. Konyada baş qazi işləyən Urməvi geniş biliyə və yüksək mənəviyyata malik Cəlaləddin Rumiyə hədsiz rəğbət bəsləyir. Onun azad fikirlərinə qarşı çıxanları qınayır.

S.Urməvinin elmi və müəllimlik fəaliyyəti dövrünün alim və mütəfəkkirləri tərəfindən yüksək dəyərləndirilib. Mənbələrdə qeyd olunur ki, XIII əsrin türk tarixçisi İbn Bibi “Ali işlərə dair Əlaəddin əmrləri” kitabında Azərbaycan filosofu barədə belə yazıb: “...alimlər padşahı, imamlar sultanı, xalqa nümunə… Dünya dairələrində, ruzigar meydanlarında əvvəlki alimlərdən, fəzilətli filosoflardan birinciliyi onun alması heç kəsdə fikir ayrılığı doğurmamışdır. O, elmlərin bütün sahələrində, xüsusən dinin və hüququn əsaslarında, məntiqdə, qanunşünaslıqda və mühakimə yürütməkdə ruzigarın parlaq siması, əsrin nadir şəxsiyyətidir”.

İbn əl-İbri “Dövlətlərin müxtəsər tarixi” kitabında S.Urməvini Fəxrəddin Razinin şagirdi, məntiq və fəlsəfəyə dair sanballı əsərlərin müəllifi, Konyanın baş qazisi kimi yad edib. Əhməd Taşköprizadə “Elmlərin mövzuları” ensiklopediyasında məntiq elmindən bəhs edərkən Fərabi və İbn Sinanın əsərlərindən sonra Urməvinin kitablarını bu sahədə dəyərli vəsait sayıb.

S.Urməvinin elmi yaradıcılığının tədqiqində istinad edilən mənbə XVII əsr türk alimi Hacı Xəlifənin “Kitabların və fənlərin adlarının açıqlanması” əsəridir. Bu mənbədə Urməvinin məntiq və fəlsəfəyə dair “Nurların doğuşları” kitabı alimlər tərəfindən yüksək qiymətləndirilir: “O, görkəmli alimlərin əhəmiyyət verdikləri, tədqiq və tədrisi ilə maraqlandıqları, qaranlıq yerlərini aydınlaşdırmış olduqları bir kitabdır”.

Yazılı mənbələrdə S.Urməvinin aşağıdakı əsərlərinin adı çəkilir: “Nurların doğuşları”, “Hikmət incəlikləri”, “Haqqın bəyanı”, “Metodlar”, “Ziddiyyətin misallarına dair traktat”, “Dialektikaya dair traktatlar”, “Həkimanə sözlərin islahı”, “Suallar” və s. Bu kitablar içərisində ən geniş şöhrət tapanı “Nurların doğuşları”dır. Bu əsərin məntiq hissəsinə onlarla şərh və haşiyə yazılıb. Kitabın məntiq hissəsinin əlyazması Qahirədə (Misir) Xədiviyyə kitabxanasında saxlanılır. Əlyazmanın üzü hələ müəllifi sağ ikən – 1278-ci ildə Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb. Kitabın bu hissəsi Qütbəddin Razinin (1291-1365) ona yazdığı şərh ilə birlikdə Təbriz, İstanbul və Tehranda müxtəlif illərdə çap olunub.

Əbu Abdulla Əhməd Mikayıl oğlu Təbrizi 1278-ci ildə “Nurların doğuşları” kitabına “Nurların doğuşları”nı işıqlandırmalar” adlı təfsir yazıb. Xəttat zəhmətinin haqqının S.Urməvi tərəfindən ödənildiyini qeyd edib.

Urməvi araşdırmalarında varlığı onun qarşılığı olan “yoxluq” anlayışı ilə birgə götürüb: “Mövcud olan hər şey bir səbəbin nəticəsidir. Həmin səbəb də digər bir səbəblə nəticələnir. Bu, sonsuz davam edir”.

Filosof “Nurların doğuşları” kitabında hərəkət, məkan və zaman kateqoriyalarının izahını verib. O, hərəkət haqqında danışarkən Şərq alimləri ilə bərabər Platon, Aristotel və başqalarının müvafiq fikirlərini də gözdən keçirib. S.Urməvinin məntiqi Aristotel və onun Şərqdəki davamçılarının təliminə əsaslanıb. Göstərilir ki, idraki əhəmiyyət daşıyan məntiqin əsas qayəsi həqiqətə çatmaqdır. Alim məlum biliklərə istinadən yeni biliklərə çatmağı mümkün sayıb. O, insanlar arasındakı münasibətdə ədaləti hər şeydən, hətta ibadətdən də üstün tutub.

Siracəddin Urməvi 1283-cü ildə Konyada vəfat edib, “Müsəlla” qəbiristanlığında dəfn olunub.

Savalan FƏRƏCOV

0 şərh