2.2.1. ABŞ-da pul-kredit sisteminin yaranma tarixi

Müasir ABŞ ərazisində pul-kredit sisteminin for­ma­laşması məşhur Federal ehtiyat sisteminin yaran­ma­sın­dan çox - çox əvvəl baş vermişdir. 1690-cı ildə Massa­çusets kör­fə­zinin koloniyası ilk dəfə qısamüddətli kağız öhdəliklər (Short bills) buraxmışdır. Hökumətin qısa­müddətli öhdəlikləri ilə banknot­lar arasında orta mövqedə duran bu kağızların məqsədi Kana­da­ya yola düşən hərbi ekspedi­siyanı maliy­yələşdirmək idi. Lakin bu, birdəfəlik cəhd idi və dövriyyədə ingilis funt ster­linq­lərinin və ispan gümüş dollarlarının istifadəsi yenə də üstünlük təşkil edirdi.
Amerika dolları milli pul vahidi kimi 1785-ci ildə kon­qres tərəfindən tətbiq edilmişdir. Müstəqillik uğrunda mü­haribədən (1775 -1783) sonra ABŞ konqresi Birləşmiş kolo­niyaların (ştatlar) şəxsində Birləşmiş Ştatların Birinci bankının (The First Bank of United States) yaradılması barə­də qərar qəbul etdi və milli pulların birinci, artıq federal bu­raxılışına sanksiya verdi. Yaradılmış ilk sikkəxana (Fila­del­fiyada) gümüş dollarları və mis sentləri ispan gümüş pullarının çəkisi üzrə kəsməli idi. 1792-ci ildə ABŞ-da bimetallizm sistemi tətbiq olundu: dollar paralel şəkildə həm gümüşdən, həm də qızıldan kəsilə bilirdi. Monetar paritet 15:1 səviyyəsində qanunvericiliklə müəyyən­ləş­diril­miş­dir. Bu isə dünya bazarında və bəzi qərbi Avropa ölkələrində iki metalın dəyər münasibəti ilə (15,5:1) mü­qa­yisədə  gümüş pulların dəyərini yüksəldirdi. Belə şəraitdə qızılı ölkədən çıxarmaq və gümüşə dəyişərək daxili döv­riyyədə istifadə üçün yenidən kəsmək daha sərfəli idi. Ona görə də son onilliklərdə qızıl əsasən evlərdə sax­lanılmış və dövriyyədən itib getmişdir. 1834-cü ildə gümüş dollar tərkibinin dəyişməz qalması və qızıl dolların metal tərkibinin azalması yolu ilə pul pariteti 16:1 nisbətində qanun­vericiliklə dəyişdirilmişdir. Nəticədə gümü­şün ölkə­dən sızması başla­mış, qızıl dövriy­yəyə geniş miqyas­larla daxil olmuşdur.
1791-ci ildə Birləşmiş Ştatların birinci bankı yara­dı­lar­kən federal hökumət nizamnamə kapitalının böyük hissəsinə imza atmış və 20 il ərzində heç bir başqa banka çarter təqdim etməməyə söz vermişdir. Çarter – bank nizam­naməsinin funk­siyalarını və lisenziyaları uyğun­laş­dıran sənəddir. 1811-ci ildə çarterin uzadılması məsələsi orta­ya gələndə, bu, müxalifətin güclü müqaviməti ilə qarşılaşdı. Onlar bankların sayının artırılmasını tələb edir­dilər. Birləşmiş Ştatların birinci bankı ləğv edildi. Bankların sayı 88-ə çatdı. Sonrakı üç il ərzində daha 120 yeni çarter verilmişdir.
1812-ci ildən başlayaraq 1913-cü ilə – Federal eh­tiyat sisteminin yaradılmasına qədər bankların fəaliy­yə­tindəki ən ciddi problem klirinqin yoxluğu idi. Klirinq müx­təlif bank banknotlarının qarşılıqlı ödənişidir. Bağ­lan­mamışdan əvvəl bu funksiyanı Birinci bank yerinə yetirirdi. Onun analoquna zərurət yaranmış və 1816-cı ildə maliyyə naziri Ceyms Dallas ABŞ-ın ikinci bankını (The Second Bank of the USA) yaratmağı təklif etmişdir. Yeni bankın əsas ye­niliyi ştatların hökumətləri ilə razılaşmadan orada öz şöbələrini təsis etmək hüququ idi. Bu, siyasi narazılıqlar dalğasının yaranmasına gətirib çıxardı. Həddən çox sayda bank­notların buraxılması ilə bağlı olan 1819-cu ilin bank böhranı bu narazılıqları daha da gücləndirdi.

Pul –kredit sferasındakı nisbi stabillik 1836-cı ilə qədər – ABŞ-ın ikinci  bankının çarteri qurtarana qədər da­vam etdi. Bu, yenə də bankların sayının artmasına gə­tirib çıxardı. Bun­dan başqa, kreditin həddən artıq əlçatan olması nəticəsində federal (dövlət) torpaqlarla bağlı möh­tə­kirlik halları artdı. Böhran 1840-cı ilə qədər davam etdi və hər bir ştatın öz kredit problemlərini müstəqil şəkildə həll etmək zərurətini yaratdı. Bu problemlərin ən başlıcası ifrat emis­siyaya qarşı müqavimət göstərmək idi. Problemi mürək­kəbləşdirən o idi ki, bank banknotları buraxarkən onların dərhal və hamı tərəfindən ödənilməsini nəzərdə tutmurdu. Ödəniş məqsədilə banknot­la­rın onları buraxan banka çat­dırılmasını çətinləşdirmək üçün ban­knotların yığım mexanizmi qəsdən tətbiq olunmur, bəzi banklar isə qəsdən çətinliklə gedilə bilən rayonlarda yerləş­dirilirdi. Mə­sələn, Massaçusetsin Saffolk bankı (Suffolk Bank of Mas­sachusetts) bu qəbildəndir. Nəticədə, 1859-cu ildə dövriy­yədə 5400 növ banknot var idi.
Problemin həll yolu Bostonun Saffolk banklar sis­te­mi­nin yaradılması idi. Əyalət bankları Saffolk bankına 5000 dollar məbləğində sabit depozit və üstəgəl Bostona düşən banknotların ödənilməsi üçün kifayət edəcək məb­ləğ köçür­mə­li idilər. Əvəzində isə Saffolk bankı sistemin bank ban­knotlarını nominal üzrə qəbul etmək öhdəliyini öz üzərinə götürmüşdü. Bu halda, birləşmək fikrində olmayan bankların banknotları ödəniş üçün bilavasitə emi­tent banka çatdırılmalı idi. Bundan başqa, Saffolk bankı vicdanlılığı onda az da olsa şübhə yaradan bankları öz klirinq agent­liyinə qəbul etməkdən imtina edirdi.
1861-1865-ci illərin Vətəndaş müharibəsi dövründə cənub bankları şimal bankları ilə müqavilələri ləğv edən zaman pul –kredit münasibətləri sistemində radikal də­yişik­liklər baş verdi. 1864-cü ildə xəzinədarlığın katibi Solomon Çarlz ümummilli bank qanununu hazırladı və reallaşdırdı. Bu qanuna əsasən, payçılarının sayı 5-dən az olmayan, kapitalı 50000 dollardan az olmayan bankların təsisatına icazə verilir­di. Bankların yaradılma şərti ABŞ hökumətinin qeyd edilmiş istiqrazlarının xəzinədarlıqda depozitə qoyulması vasitəsilə banklar tərəfindən öz emis­siyalarının təmin edilməsi idi. Depo­zitə qoyulmuş məbləğ depozitə qoyulmuş istiqrazların bazar dəyərinin 9%-dən və onların nominal dəyərinin 100%-dən çox olmamalı idi. Bütün banklar üçün emissiya hüququ 300 milyon dollarla məhdudlaşırdı.
ABŞ 1873-cü ildən gümüşün kəsilməsini ləğv edərək, qızıl monometallizminə keçdi. Lakin gümüş mədənlərinin sahiblərinin təzyiqi ilə xəzinədarlıq monetar ehtiyaclar üçün gümüşün alqısını bərpa etdi. 1,50463q tərkibli qızıl dolların de fakto tətbiqi 1900-cü ildə qızıl standart aktının nəşrindən baş­la­dı.
ABŞ-da pul-kredit münasibətlərinin tənzimlən­məsi­nin uzlaşma və mərkəzləşmə problemi 1907-ci ilin bank böh­ra­nından və birja çaxnaşmasından sonra daha aktual oldu. Bu böhran bütün əvvəlki rekordları vuraraq, 1929-1933-cü il hadisələrinə qədər kəskinliyini itirmədi. Əyalət bankları əmanətçilərin təzyiqi ilə Nyu-Yorkun iri banklarına müraciət edir, depozitlərini götürmək istə­yirdilər. Bu, bəzi kredit müəssisələrinin müflis­ləşmə­sinə gətirib çıxardı. Pul –kredit sisteminin qeyri elastikliyi və iqtisadiyyatın tələbatlarına qarşı onun zəif reaksiyası ABŞ-ın mərkəzi bankı haqqında qanunun islah edilməsini və hazırlanmasını zəruri etdi.

0 şərh