3.2.1. Almaniya iqtisadiyyatının formalaşma mərhələləri

Almaniyanın vahid pul-kredit sistemi 1870-ci illərdə təşəkkül tapmışdır. Həmin dövrdə imperiyanın elan edilmə­sin­dən sonra pul vahidi – qızıl tərkibi 0,358423 q olan reyxs­marka tətbiq olunmuşdur. Bu isə qızıl monometallizmin başlanğıcı demək idi. Bu vaxta qədər dövlətin ərazisində yeddi monetar sistem mövcud idi: Şimali (taler) və Cənubi (qulden) Almaniyada gümüş monometallizm, Bremendə qızıl taler, gümüşə nəzərən mübadilə kursu ilə dövr edən qızıl pullar – fridrixsdorlar, luidorlar, pistol və dukatlar. Bundan başqa banknotlar və kağız pullar da işləyirdi. Ilk kağız pul­ları Saksoniya buraxmışdı, 1772-ci ildə isə burada 1 talerdən 100 talerə qədər ümumi məbləği 1,5 milyon olan xəzinə biletləri döv­riyyəyə buraxılmışdır. Artıq 1856-cı ildə Prussiya çoxrəngli çapın istifadəsi ilə kağız pulların buraxılışına başladı.
1973-cü il 9 iyul qanununa əsasən Almaniyada qızıl-pul standartı tətbiq olundu. Qızıl reyxsmarkadan başqa (1871-ci il qanunu) dövriyyəyə imperiyanın gümüş pulları və misdən, nikeldən düzəldilmiş xırda sikkələr buraxıldı. Impe­ri­ya gümüş pulları artıq həmin dövrdə xırda pul rolunu oyna­yırdı. Onların ödəniş məbləği 20 marka ilə məhdudlaşırdı. Dövriyyədə həm­çinin qanuni ödəniş qüv­vəsinə malik olan, lakin tədriclə döv­riy­­yədən çıxarılan köhnə qızıl və gümüş pullar da işləyirdi. Sikkələrlə yanaşı, kredit pulları da – 100 və daha artıq marka­da olan bank­notlar dövriyyədə işləyirdi.
1875-ci ildə mərkəzi emissiya bankı – Reyxsbank (Reich­sbank) fəaliyyətə başladı. Bu bank pulların buraxıl­ması ilə bağlı nisbi monopoliyanı almağa Birinci dünya müha­ri­bə­sin­dən sonra, mütləq monopoliyanı al­mağa isə 1935-ci ildə mü­vəffəq oldu. Reyxsbank Prus­siya bankı əsa­sında yaran­mış­dır. Prussiya bankı isə öz baş­lanğıcını 1765-ci ildə yaradılmış Kral jirobankından (Konigliche Jiro und Lehpbank) götü­rür­dü. Müharibəyə qə­­dərki aralıqlarda Reyxsbankla yanaşı daha bir neçə emissiya bankı da fəaliyyət göstərirdi. 1875-ci il apre­lin 1-ə qədər onların sayı 32 idi. Sonradan onların 14-ü emis­si­­ya bankı kimi fəaliyyət göstərmədi. Birinci Dünya müha­ribə­sin­dən sonra yalnız dörd şəxsi emissiya bankı qal­mış, onlar da 1935-ci ildə banknot­ların emissiya hü­ququndan məhrum olmuş­lar.
Birinci dünya müharibəsi dərin maliyyə böhranına  və Almaniya tarixində inflyasiyanın ən yüksək səviyyəsinə gəti­rib çıxardı. Ölkə rəhbərliyi qızıl-pul standartından imtina etmə­yə məcbur oldu. Buna səbəb hərbi kampaniyaların keçirilməsi üçün daimi emissiyaların tələb olunması idi. Qızıl tədriclə dövriyyədən çıxarılırdı. 1914-cü il 4 avqust qanunu isə ban­knot­ların qızıla mübadiləsini rəsmi şəkildə qadağan edirdi. Hərbi xərclər 150 milyard marka təşkil etmişdir. Nəticədə müha­ribənin sonunda pul kütləsi müharibədən əvvəl­ki rəqəmləri 5 dəfə üstələdi. Qiymətlər təqribən 2 dəfə artdı.
Müharibədəki məğlubiyyət daha çox pul tələb edirdi. Qalib ölkələr 132 milyard qızıl marka məbləğində təz­minat qoyaraq, bunların qısa zaman müddətində ödə­nilməsini tələb edirdilər. Müharibədən sonrakı emissiya nəticəsində 1923-cü ilin iyun ayında pul kütləsi təqribən 90 dəfə, qiymətlər 180 dəfə, dolların kursu 230 dəfə artdı. Belə ki, 1921-ci ilin iyun ayında 1 dollar 65 marka idisə, 1922-ci ilin iyul ayında 420, 1923-cü ilin yanvarında 7260, 1923-cü ilin iyun ayında 100 min, oktyabrında 25 milyard, noyabrında 4,2 trilyon marka idi. Qalib ölkələr təzminat məbləğlərinin təminatı kimi dəyər kəsb edən bütün  qiymətli şeyləri Almaniyadan çıxarırdılar. 1923-cü ildə isə fransız-belçika orduları Rur vilayətini işğal etdilər ki, metal və kömür sahələrinin məhsullarını maneəsiz çıxarsınlar. Rur vilayəti Almaniya kömürünün 90%-ni, meta­lının isə 50%-ni verirdi. Reyxsbank pulların çapını davam etdirirdi və beləliklə, 1923-cü ilin axırında kağız pulların həcmi təq­­ribən 500 kvintillion marka oldu. Qara bazarda isə Ame­ri­ka dollarının kursu 10 trilyon reyxsmarka idi.
O dövrün Almaniya tarixində qiymətlərlə bağlı nadir misallara rast gəlmək olar. Bir kömbə çörəyin qiyməti 430 mil­yard marka idi (müharibədən əvvəl onun qiyməti 0,29 marka idi). Elementar xidmətlərin ödənilməsi üçün kisələrlə nağd pul tələb olunur və artıq səhərisi gün bu pullar qiymət­dən düşür­dü. Zarafat edirdilər, taksi tramvaydan ucuz başa gəlir, çünki taksinin pulu əvvəl­cə­dən ödənilir, tramvayda gedənə qədər isə pullar qiy­mətdən düşməyə fürsət tapır. Belə vəziyyət pul islahatının keçirilməsini tələb edirdi.
1923-cü ilin axırında yeni valyuta - Rent bankı tərə­findən buraxılmış rent markası tətbiq olundu. Yeni valyuta 1:1 trilyon reyxsmarka nisbətində mübadilə olunur, 40% tərtibində qızıl və xarici valyuta ilə təmin olunurdu. Keçid döv­­rün­də iki emissiya bankı paralel şəkildə fəaliyyət göstə­rir­di. Bunlar Rent bankı (Rentbank) və Reyxsbank idi. Rent ban­kın kapitalı qızıl yox, onun təsisçilərinin – kənd təsərrüfat torpaqlarının mülkiy­yət­çi­lərinin, sənayeçilərin, tica­rətçilərin və bank sahiblərinin borc öhdəlikləri idi. Bu öhdəliklərin təmi­nat rolunu onların müəssisələrinin 4%-lik dəyəri üzrə girov kağızları və istiqrazlar oynayırdı. Lakin bank təsisçilərinin öhdəlikləri banknotlar kimi qızıl marka­lar­la hesablanırdı. Vəsaitlər 3,2 milyard marka təşkil etmiş­dir. Onun1,2 milyardı hökumətin Reyxsbanka olan borcu­nun ödənilməsi və büd­cə­nin balanslaşdırılması üçün höku­mətə kreditə verildi. Elə həmin məbləğdə pul da (1,2 milyard) şəxsi təsərrüfatların kre­dit­ləşdirilməsi üçün Reyxs­banka verildi, qalan markalar isə ehtiyatda qaldı. Artıq 1924-cü ilin avqustunda pul islahatının başa çat­masından və borc­ların ödənilməsi ilə rent marka­la­rının dövriyyədən çıxmasından sonra Rent bankı öz möv­cud­luğunu itirdi və onun funksiyaları yenidən təşkil olunmuş Reyxsbanka keçdi.
Bir dollara 4,2 marka tərtibində möhkəm kurs müəy­yən­ləşdirilmişdir və bu, qızıl markanın müharibədən əvvəlki pariteti ilə dəqiq uyğunlaşırdı. Ölkə faktiki olaraq qızıldeviz standartına keçdi  və bu standart 1931-ci il iyulun 13-nə qədər davam gətirdi. Artıq 1924-cü ildə ABŞ Almaniyanın köməyinə gəl­di və Daues planını təklif etdi. Bu plana əsasən Almaniya səna­yenin bərpa edilməsi üçün ABŞ və Ingiltərədən 30 milyard qızıl marka məb­ləğində borc alırdı. Sənayenin gəlirləri Ingil­t­ə­rə və Fran­sanın təzminatlarının ödənilməsinə sərf olun­malı, Ingil­tərə və Fransa isə öz hərbi borclarını ABŞ-a qay­tarmalı idilər.

1929-cu ildə Daues planı Yunq planı ilə əvəz olundu. Yeni plan Almaniyaya daha böyük güzəştlərin veril­məsini nəzər­də tuturdu. Təzminat məbləğləri əhə­miyyətli şəkildə aza­lır­dı və Almaniya onları 1988-ə ilə qədər nisbətən kiçik illik ödənişlərlə qaytarmalı idi. Lakin dünya iqtisadi böhranı Yunq planının həyata keçməsini dayandırdı. 1932-ci ildə bütün təzminatlar ləğv olundu. Bundan başqa, 1929 -1933-cü illərin böhran dövründə qızıldeviz standartı ləğv edildi və xırdalan­ma­yan kredit pullar sistemi müəy­yənləşdirildi.
Artıq 1933-cü ildə Hitler hakimiyyətə gələrək, öz üsul idarəsini üçüncü reyx (üçüncü imperiya) adlandırdı. Kredit sistemi barədə 1934-cü il qanunu Reyxsbanka müstəsna hüquqlar verdi, 1939-cu ildən isə Reyxsbank tamamilə fürerə tabe oldu. Hitler iqtisadiyyatının özü­nə­məxsus xüsu­siy­yəti qiymətlərin sərt tənzimlənməsi idi. Bu isə bazar müna­sibət­lərinin pozulması demək idi. Xalq istehlak mal­larına aşağı qiymətlər müəyyənləşdirilmişdir və bu, onların qıtlığına gəti­rib çıxarırdı. Nəticədə ərzaq məhsullarına kartoçka sistemi­nin tət­biq edilmə zərurəti yarandı. Bundan başqa, iqtisa­diy­ya­tın ümu­mi hərbiləş­di­rilməsi və başla­maqda olan Ikinci dünya müha­ri­bə­si pul­ların güclü axınını tələb edirdi və nəti­cə­də pul­la­rın miq­darı 56,4 milyard markadan 298 milyard markaya qə­dər çoxal­dı. Mühari­bə­dən əvvəlki səviyyə ilə müqayisədə inflyasiya 600%-ə yaxın­laşırdı. Antiinflyasiya üsulları qiy­mətə və əmək haqqına nəza­rətdən ibarət idi. Ikinci dünya müha­ri­bə­si illərində təkcə nağd pul dövriyyəsi 7 dəfədən çox art­mış­dır (10,4 milyard reyxsmarkadan 73 milyard reyxs­mar­ka­ya qə­dər). Almaniya hökuməti müharibə dövründə işğal olunmuş əra­zilərdəki xərclərin ödənilməsi üçün işğalçı pullar da buraxırdı. Işğalçı markalar Almaniya daxilində işləmir və yal­nız Almaniyanın istila etdiyi ölkə­lərin valyutasına dəyiş­diri­lir­di. Onların emis­siyası impe­ri­yanın 52 kredit kassasına qoyul­muş­dur.
Müharibədən sonrakı Almaniya dörd işğal zonasına bölünmüşdü (Amerika, ingilis, fransız və sovet). 1945-ci ildə Reyxsbankın sovet zonalarındakı bütün şöbələri bağlan­mış­dı. 1946 -1947-ci illərdə Amerika və fransız işğal zonalarında əra­zi­lərin mərkəzi bankları açıldı. Bu mər­­kəzi banklar ABŞ-ın Fede­ral ehtiyat sisteminin prin­sipləri əsasında fəaliyyət gös­tərirdi. 1948-ci ildə Britaniya işğal zonasında ərazilərin dörd mərkəzi bankı təsis olundu. 1946-cı ilin axırından 1948-ci ilin yazına qədər Almaniyanın müharibədən əvvəlki sərhəd torpaqlarında (inzibati – ərazi vahidləri) 11 ərazi mərkəzi bankı təsis edilmişdir. Lakin işğal zonalarının sərhədləri inzibati-ərazi bölgüsü ilə üst- üstə düşmürdü. Ona görə də məsələn, üç işğal zonasında yerləşən Baden-Vyurtemberq tor­paq­­la­rındakı ərazidə 1947-ci ildə üç mərkəzi bank açılmışdır. 1948-ci il martın 1-də bütün ərazi bankları Alman tor­paq­larının Bankını yarat­dı­lar. Bununla da, Almaniyanın kredit sisteminin iki səviyyəsi formalaşdı: Alman torpaq­larının Bankı (Landesdeutshe­bank) və torpaqların mərkəzi bankları.
Müharibədən sonrakı Almaniya iqtisadiyyatının əsas memarı L.Erxard idi. Dəyişikliklərin əsas prinsipləri sər­bəst qiymətlər, sahibkarlıq və pul islahatı idi. 1948-ci il iyunun 21-də səhər çağı reyxsmarkalar etibarsız elan olundu. Hər bir sakin 40 reyxsmarkanı (sonra isə daha 20 -ni) 40 yeni doyç­markaya dəyişə bilərdi. Beləliklə, 60 reyxsmarka 1:1 kursu ilə doyçmarkaya mübadilə olu­nurdu. Bu məbləğdən çox olan markalar isə başqa kursla diyişdirilirdi: 1 doyç­mar­ka 10 reyxs­mar­kaya bərabər tutulurdu. Təqaüdlər, əmək haqqı, məva­ciblər, icarə haqları 1:1 nisbətində dəyişdirilirdi, yəni əvvəlki ölçüdə ödənilirdi. Nağd pulların və əmanətlərin yarısını 1:10 kur­su ilə dəyişmək olardı. Müvəqqəti «dondu­rul­muş» ikinci yarısı isə sonradan 1:20  nisbətində dəyiş­dirilirdi. Müəs­sisə­lə­rin pul öhdəlikləri də 1:1- nisbətində yenidən hesablanırdı. Ilk maaşın ödənilməsi üçün nağd pul alan müəssisələr sonradan öz məhsullarının reallaşdırılması hesabına mövcud olmalı idilər.
Bütün devalvasiyalar nəticəsində reyxsmarkaların və doyçmarkaların orta mübadilə nisbəti 10:0,65 təşkil etdi. Beləliklə, pulların həci 93,5% azaldı (reyxsmarkaların kütlə­sinə görə). 1948-ci il iyunun 24-də qiymətlərin tam liberal­laş­ması baş verdi. «Qara bazar» yox oldu. Ma­ğa­zalar mallarla doldu. Qiymətlər ilin axırına qədər adəti üzrə olduğu kimi 2-4 dəfə yox, yalnız bir neçə faiz yük­səldi. Bununla belə, dövriy­yəyə buraxılan pullar iqtisa­diyyat üçün kifayət etmirdi və 1948-ci ilin axırında pul kütləsi 2 dəfədən çox artdı.
Bretton-Vuds valyuta sisteminə qoşulandan və 1949-cu ildə AFR Konstitusiyasının qəbul edilməsindən sonra qızıl-dollar standartı müəyyənləşdirildi. Alman markası 3,33:1 nisbətində dollara eyniləşirdi. 1949-cu ilin sentyabrında dolların qiyməti 3,33 doyçmarkadan 4,2-ə qalxdı və yalnız 1961-ci ilin martında markanın reval­vasiyası keçirildi (1 dollar = 4marka). Alman markasının 1949-cu ildəki devalva­si­yası ticarət balansının kəsiri ilə əlaqədar idi. Koreya müha­ri­bəsinin başlanması səbə­bin­dən 1950-ci ildə idxal olunan xammal qiymətlərinin qəfil artımı nəticəsində ticarət balan­sının kəsiri daha da artdı.
1953-cü ildə AFR Beynəlxalq valyuta fonduna daxil oldu. BVF markanın qızıl tərkibini 0,211588 q təmiz qızıl səviyyəsində qeyd etdi. 1976-cı ildə qızıl paritet ləğv olundu.
Ikinci dünya müharibəsindən sonra Almaniyanın ilk pulları ofset çap yolu ilə Londonda (5 marka dəyərində kağız pul) və ABŞ-da çap olunurdu. Kağız pulun üzərində su nişanı yox idi. AFR ərazisində pulların çap edilməsi yalnız 1955-ci ildə bərpa edildi.

0 şərh