9.1. AB iqtisadiyyatının inkişafının müasir tendensiyaları

Dünya birliyində geosiyası və iqtisadi hökmranlıq uğrunda rəqabət mübarizəsi ən çox Birləşmiş Ştatlarla Qərbi Avropa arasındadır. Ayrı-ayrı ölkələrin – AB üzvlərinin (AFR, Fransa, Böyük Britaniya və Italiya) maliyyə-kredit sistemlərinin ana­lizi Avropanın inteq­rasiya birliyinin əsas struktur elementlərinin xüsusiy­yətlərini müəyyənləşdirməyə imkan verir. Lakin Avropa Birliyi bir çox hallarda dünya maliyyə bazarında özünün institusional və hüquqi formaları olan müstəqil iştirakçı kimi çıxış edir. Həm də beynəlxalq iqtisadi münasibətlər sistemində ayrı-ayrı Avropa döv­lətlərinin rollarının minimallaşdırılması tenden­siyası nəzərə çarpır. Bu ölkələr arasında iqtisadi, hüquqi və digər sər­hədlərin silinməsi isə nəticədə onun vahid maliyyə-kredit sistemi olan bir dövlət kimi nəzərdən keçirilməsinə gətirib çıxarır.
2004-cü ilin yazına kimi Avropa birliyinə 15 ölkə daxil idi: Avstriya, Belçika, Böyük Britaniya, Yunanıstan, Dani­mar­ka, Irlandiya, Ispaniya, Italiya, Lüksemburq, Niderland, Portuqaliya, Finlandiya, Fransa, AFR və Isveç. Bu ölkələrin əhalisinin ümumi sayı 373 milyon nəfər, ərazisi 2364 min kvadrat kilometrdir. 2004-cü ilin ortalarından başlayaraq, daha 10 dövlət AB-nin tam­hü­quqlu üzvü oldu: Çexiya, Slova­kiya, Sloveniya, Kipr, Ma­carıstan, Polşa, Malta, Estoniya, Latviya, Litva. Nəticədə Avropa Birliyi dünyanın iri iqtisadi dövləti oldu. Avropa Birliyinin iqtisadi inkişaf templəri pozitiv stabilliyi ilə fərqlənir. Əgər 1996-cı ildə real ÜDM-in artımı 1,6% təşkil edirdisə, 2000-ci ildə bu göstərici 3,4%-ə çatmışdır. Lakin 2001-ci ildə iqtisadi artım tempi 1,5%-ə enmiş, 2002-ci ildə 0,9%, 2003-cü ildə 1,9% təşkil etmişdir. Avropa Bir­li­yinin makroiqtisadi  göstəricisinin analizində, adətən, «avro zona­sına» daxil olan daha inkişaf etmiş dövlətlərin analoji parametrlərini ayrıca nəzərdən keçirirlər. Bunlar daha sıx iqtisadi inteqrasiyaya çatmış və nəticədə vahid valyutanı tətəbiq etmək imkanına malik olmuş ölkələrdir. Yuxarıda adı çəkilən 15 ölkədən yalnız üçü «avro zona­sına» daxil olmur. Bunlar Böyük Britaniya, Danimarka və Isveçdir.
Cədvəl 9.1
Avropa Birliyində və «avro zonasında» real ÜDM-un artımı, əvvəlki ilə nəzərən %-lə

 

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

AB
Avro zonası

2,8
2,4

2,4
2,2

1,6
1,4

2,5
2,3

2,9
2,9

2,8
2,8

3,4
3,5

1,5
1,4

0,9
0,8

1,9
1,8

Avropa Birliyində, xüsusilə «avro zonasında» isteh­lak qiymətlərinin orta illik artımı yüksək olmasa da, 2% həddini – Avropa mərkəzi bankının monetar siya­sə­tinin istiqamətini aşmırdı. Əgər 1996-cı ildə «avro zona­sında» inflyasiya sürəti 2,2 %, 1997-ci ildə 1,6 %, 1998 və 1999-cu illərin hər birində 1,1%, 2000-ci ildə 2,1% idisə, 2001 və 2002-ci illərdə bu göstərici 2,3%-dən çox təşkil etmişdir.
Avro Birliyi ölkələrində əmək bazarının vəziyyəti kifa­yət qədər çətindir. Ayrı- ayrı Avropa ölkələrində, məsələn, AFR-də, Fransada və Italiyada işsizliyin yüksək səviy­yəsi səbəbindən, 1990-cı illərdə AB-də bu göstərici çox yüksək olmuş və işçi qüvvəsi sayının 10%-ni üstə­lə­mişdir. Yalnız 1998-ci ildə işsizlik səviyyəsinin azalma ten­densiyası qeyd olunmuş və 2002-ci ildə bu göstərici artıq 7,6% təşkil etmişdir (cədvəl 9.2).
Cədvəl 9.2
Işsizliyin səviyyəsi, işçi qüvvəsinin sayının % tərtibi ilə

1993

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

10,1

10,5

10,1

10,2

10,0

9,4

8,7

7,8

7,4

7,6

Beynəlxalq əmək bölgüsündə və beynəlxalq tica­rətdə Avropa Birliyinin iştirakı çox böyükdür və aşağıdakı göstə­ri­cilər də bunu sübut edir. Dünya ticarətində AB-nin payı 39,1%, ÜDM-də ixracatın payı 10,2% təşkil edir, ticarət dövriy­yəsinin nəzərə alınması şərti ilə birlik da­xilində bu ölkələrin ÜDM-də ixracat payı orta hesabla 30%-ə çatır. Son göstərici ilə ölçülə bilən iqtisadiyyatın açıqlıq səviyyəsi AB-nin bəzi ölkələrində daha yüksəkdir. Məsələn, Belçikada və Irlandiyada bu göstərici  60%-i üstələyir. «Avro zonası» ölkələrində mal və xidmətlərlə xarici ticarətin aktiv saldosu 2000-ci ildə 46,3 milyard av­roya qədər azalmışdır. Əvvəlki ildə bu göstərici 71,6 mil­yad avro olmuşdur. Bu ölkələr qrupunda həmin göstərici 2002-ci ilin üçüncü rübündə ÜDM-in 3,1%-ini təşkil etmişdir. Avropa Birliyinin bütün ölkələrinə gəlincə, nə­zər­dən keçirilən dövrdə mal və xidmət­lə­rin xarici ticarətinin aktiv saldosu ÜDM-in 2,1%-inə çatmış­dır. Malların xarici ticarətinin saldosu müsbət olaraq qalmış, lakin daha əhəmiyyətli şəkildə – 51,2 milyard avrodan 12,6 mil­yard avroya qədər azalmışdır. 2002-ci ilin noyabrında isə «avro zonası» ölkələrinin ticarət balansının profisiti 9,9 milyard avro təşkil etmişdir. Bununla belə, AB-də analoji göstərici  daha az – 0,8 milyard avro idi. «Avro zonası» ölkələrinin ödəniş balansının cari əməliyyat hesabının kəsiri inves­tisiya gəlirlərinin və cari trans­fert­lərin qarşılıqlı hərəkə­tinin mənfi saldosunun yüksək məb­ləğləri ilə şərtlənmiş və 1999-cu ildə ÜDM-in 0,1%-indən 2000-ci ildə 0,4%-inə qədər artmışdır.
Ümumilikdə, Avropa Birliyinin dünya maliyyə –kre­dit münasibətləri sistemində rolu və yeri AB-nin ayrı- ayrı ölkələri tərəfindən vahid pul vahidi - avronun tətbiqindən sonra əsaslı şəkildə dəyişdi. Avropa Birliyi dövlətlərinin atdığı və presedenti olmayan bu addım Avropada iqtisadi in­teqrasiya prosesinin son məqsədlərindən biridir. Hələ birliyin özündən də əvvəl yaranmış Avropa Biriliyi pul sis­teminin əsas hissəsi avrodur.

 

1 şərh

Sufi

Dünyada 790 milyarddan çox yevro (avro) dövriyyədədir.