5.2.1. Britaniyada pul sisteminin formalaşmasının və fəaliyyətinin əsasları

Böyük Britaniyanın funt sterlinq pul vahidinin Bri­taniya adalarında meydana gəlməsi mərkəzləşmiş döv­lətin yaranmasından çox –çox əvvəl baş vermişdir. Hələ norman işğalından (1066-cı il) əvvəl yerli əhali gümüş penslərdən, yaxud sterlinqlərdən istifadə edirdi. Gümüşün bir funtundan 240 pens kəsilirdi. «Funt sterlinq» adı da məhz buradan yaranmışdır. Funt da öz növbəsində 20 şilinqə bölünürdü. Hər bir şillinq uyğun olaraq 12 pensə bərabər idi. XIII əsrdə şillinqlər ilk dəfə pul şəklində kəsilmiş, artıq XIV əsrdə dövriyyədə qızıl funtlar peyda olmuşdur.
Pulların korlanması dövri olaraq pul dövriyyəsinin pozulmasına gətirib çıxarırdı. Məsələ bundadır ki, daha tam çəkili pullar ayrı - ayrı şəxslər tərəfindən dövriyyədən çıxarılır və sərvət şəklində toplanırdı, yəni tezavrasiya olunur­du. Pul­ların qiymətdən düşməsinə qarşı əhalinin bu təbii reaksiyası sonralar «Qreşem qanunu» adını almışdır. Qreşem kraliça Yeliza­veta dövründə hökumətin pul mə­sələləri üzrə məsləhətçisi idi.
1717-ci ildə sikkəxananın müdiri dahi fizik I.Nyuton funtun qızıl tərkibini müəyyənləşdirdi (7,3222382 q). Funtun bu tərkibi 1931-ci ilə kimi dəyişməz qaldı. Qızıl standartın rəsmi deklarasiyasına qədər Böyük Britaniya dünya birliyində dominant mövqe tuturdu. Müstəmləkə regionların iqtisadiy­yat­larına yatırılan investisiyalar sayə­sində və hazır məhsulların ixracatçısı, xammalın idxalatçısı kimi müstəsna vəziyyətinə görə Böyük Bri­taniya bu möv­qeyini saxlaya bilirdi. Bir çox ölkələr öz rəsmi ehtiyatlarını monetar qızıl formasında və ya London bankının depozit­lərində saxlayır­dı­lar. O dövrdə Londonda depozitlərdəki funt strelinqlər mone­tar qızıla bərabər tutulurdu. Faktiki olaraq, müxtəlif ölkələrin valyuta kurslarının ingilis funtuna nəzərən sərt fiksasiyası mövcud idi. Əksər dövlətlərin monetar siyasəti Britaniyanın mo­netar siya­sə­tindən asılı vəziyyətdə idi. Faiz dərə­cə­lərinin London­dakı hər bir dəyi­şik­liyi Bombeyin, Sinqapurun, Yoxannesbur­qun və Nyu-Yokun valyuta və fond bazarl­arında dəyişikliklər törə­dirdi. Böyük Britaniyanın valyuta sferasındakı üstünlüyü qızıl və gümüş istifadəsinin paralel şəkildə zəifləməsi, sönməsi ilə və gümüşün qızıl tərəfindən sıxışdırılması ilə müşayiət olu­nur­du.
Dörd əsr ərzində mövcud olan bimetallik pul sistemi 1816-cı ilin qızıl standart qanunu ilə ləğv edildi. Lakin yeni sistemin fəaliyyətinin təmin edilməsi üçün metalın çatış­maz­lığı səbəbindən banknotların qızıla müba­diləsi və qızıl pul­ların kəsilməsi yalnız 1821-ci ildə həyata keçirilməyə başladı. 1821-ci ildən 1914-cü ilə kimi Ingil­tərədə qızıl standartın qızıl sikkə pul sistemi kimi forması fəaliyyət göstərirdi. Banknot­ların emissiyası 1844-cü ildən başlayaraq, demək olar ki, 100% qızılla təmin olunurdu. Fidusiar, yəni təmin edilməmiş və etibara əsaslanmış emis­siya həmin dövrdə illik 14 milyon funt sterlinqi aşmamalı idi. Qızıl soveren, yaxud 20 şillinqlik sikkə 7,98805 qram ağırlığında idi və 0,9162/3 əyarına malik idi. 1914-cü ildə xəzinə soverenin əvəzinə 1 funt sterlinq və 10 şil­linq dəyərində banknotlar buraxdı. 1928-ci ildə bu ban­knot­la­rın buraxılma funksiyasını Ingil­tərə Bankı öz üzərinə götürdü.
XX əsrin əvvəlində Britaniya iqtisadiyyatı üçün kapi­ta­lın böyük ixracı xarakterik idi. 1904-1913-cü illərdə kapitalın ixracatı demək olar ki, daxili kapital yatırımlarına bərabər idi. Britaniya imperiyasının ölkələri onun xarici investisiyalarının təqribən yarısını udurdu. Kapital yığı­mının xüsusiyyəti Böyük Britaniya iqtisadiyyatına daxili ka­pital yatırımlarının maliy­yələşdirilməsində müstəmləkə və xammal şirkətlərinin aktiv iştirakı idi. 1910-1914-cü illərdə xarici investisiyalardan gələn təmiz gəlir ölkənin ÜDM-nin 8%-ni üstələyirdi.
1914-ci ildə hökumət hərbi xərclərin ödənilməsi üçün banknotların qızıla mübadiləsini ləğv etdi, qızıl pulları döv­riyyədən çıxararaq, xəzinə biletlərini buraxmağa başladı. Höku­mət öz hərbi xərclərinin maliyyələşdirilməsi üçün xəzinə biletlərinin emissiyasından aktiv şəkildə istifadə edir­di. Müharibə dövründə bu emissiyanın ümumi məbləği 346 milyon funt sterlinq təşkil etmişdir. Bu, dövriyyədə olan bütün pul nişanlarının təqribən onda doqquz hissəsi idi. Kağız pulların artımı ilə birlikdə dövriyyənin kredit vəsait­lə­ri­nin kütləsi də artdı. Onun əsas mənbəyi hökumət istiq­razları idi. Elə bu səbəbdən də Ingiltərənin dövlət borcu 1914-cü ildən 1919-cu ilə kimi 11 dəfə artmışdır (0,7 milyard funt sterlinqdən 7,9 milyard funt sterlinqə qədər).
Birinci Dünya müharibəsində Ingiltərənin xarici iqtisadi mövqeləri çox zəiflədi. Buna səbəb digər ölkələr tərəfindən aktiv şəkildə həyata keçirilən «valyuta dem­pinqi» idi. Funt sterlinq kursunun ABŞ dollarına nəzərən düş­məsi səbəbindən Ingiltərənin kapital yatırımları qiy­mətdən düşürdü. 1919-cu ilin aprelində Ingiltərə öz val­yutasının qızıla mübadiləsini dayandıraraq onun «üzən» kursunu tətbiq etmək məcburiyyətində qaldı. «Üzmə» prosesində funt sterlinq dollara nəzərən orta hesabla 10% qiymətdən düşdü. 1920-ci ildə gümüş pullarda təmiz gümüşün miqdarı 50%-ə qədər azalmışdır. Buna səbəb gümüşün qiymətinin yüksəl­məsi idi. 1925-ci ildən 1931-ci ilə kimi qızıl külçə standartı mövcud olmuş və indiyə kimi fəaliyyət göstərən xırdalan­ma­yan kredit pullar sistemi ilə əvəzlənmişdir. 1925 -1928-ci illərdə pul islahatı keçirilmiş və bu islahat dövründə xəzinə biletləri dövriyyədən çıxa­rılmışdır. Ingiltərə Bankına 260 milyon funt sterlinq həc­mində banknotların fidusiar emissiya hüququ verilmişdir. Bu məbləğdən yuxarı həcm üçün parla­mentin təsdiqi ilə xəzinənin icazəsi tələb olunurdu.
1931-ci ildə Böyük Britaniya sterlinq blokuna rəh­bərlik etdi. Ikinci Dünya müharibəsinin əvvəlində bu blok  sterlinq zonasına - dünya ticarət dövriyyəsinin təqribən altıda birini əhatə edən iri valyuta zonasına çevrildi. Dollar stan­dartının tətbiqindən sonra ikinci ehtiyat valyutadan istifadə etmiş ölkə kimi mövqeyini  itirən Böyük Britaniya 1970-ci illərin axırla­rın­da sterlinq zonasının qəti iflasından sonra da beynəlxalq valyuta mühitində xüsusi yer tut­maqda davam edirdi.
1939-cu ilin sentyabrında Ingiltərə Bankının qızıl ehtiyatı xəzinənin sərəncamına verilmiş və oradan da ingilis hərbi sifarişlərinin ödəniş hesabı ilə ABŞ-a gön­də­rilmişdir. Nəticədə ölkədəki pul emissiyası qızılla əlaqəsini itirmiş və tamamilə fidusiar olmuşdur. Onun yeganə təminatı höku­mətin öhdəlikləri idi, ölçüləri isə ödəniş dövriyyəsinin və dövlətin monetar siyasətinin tələbləri ilə diktə edilməyə başlamışdı. Ikinci Dünya müharibəsi döv­ründə Ingiltərənin pul dövriyyəsi dövlətin hərbi xərclərinin maliyyələşmə tələb­lərinə uyğunla­şa­raq çox artdı. Bununla belə, hərbi xərc­lərin maliyyələşməsində vergilərin yüksək payı (təqribən 40%) pul kütləsinin artımına ləngidici təsir göstərirdi. Bu dövrdə pul kütləsinin artımı Birinci Dünya müharibəsi illəri ilə müqayisədə ümumilikdə daha az idi. 1939-cu ildən 1945-ci ilə kimi bank depozitlərinin ümumi məbləği 2,4 milyard funt sterlinqdən 4,6 milyard funt sterlinqə qədər, banknot­ların ümumi məbləği isə 0,5 milyard funt sterlinqdən1,3 funt ster­linqə qədər artmışdır. Qiymətlərin artımı nisbətən mülayim (75%) idi. Bu isə qiymətlərə dövlət tərəfindən göstərilən nəzarət sayəsində mümkün olmuşdur.
1971-ci il 28 iyul tarixli qanuna müvafiq olaraq, əv­vəl­lər buraxılan pullar –krona (kraun), ikiqat florin, florin, şillinq və altıpenslik – yenidən dövriyyəyə 25, 20, 10, 5, 2,5 yeni pens dəyərində buraxılmışdır. 1980-ci ildə altı­penslik, 1990-cı ildə isə 5 şillinq dəyərində pul döv­riyyədən çıxarıl­mışdır. Ingiltərə Bankı 5,10, 20 və 50 funt sterlinq dəyərində banknotlar buraxır. Ingiltərə Bankının ban­knotları Ingil­tərə­də və Uelsdə qanuni ödəniş vasi­təsidir. Şotlandi­ya­nın və Şimali Irlan­di­yanın bankları banknotları buraxmaq hüqu­qunu saxlamışlar.
Böyük Britaniyanın iqtisadi sisteminin, o cümlədən pul və valyuta sistemlərinin dəyişdirilməsinin mühüm isti­qa­məti təsərrüfatın qeyri-tənzimlənməsi oldu. Böyük Britaniya ilə digər ölkələr arasında kapitalın hərəkətini məhdud­laş­dıran valyuta nəzarəti 1979-cu ildə ləğv edildi. 1986-cı ilin oktyabrında London fond birjasının yenidən təşkili həyata keçdi və iqtisadi ədəbiyyatda «böyük par­tlayış» adını aldı. Minimal qeyd olunmuş komisyon haqları sadələşdirildi, banklar və xarici müəssisələr üçün birjaya yol açıldı, birja üzvlərinə broker və cobber funksiyalarını birləşdirmək icazəsi verildi (yəni əməliyyatları öz hesabına aparmaq).
Qeyri-tənzimlənmə prosesi banklar tərəfindən gös­tə­ri­lən maliyyə xidmətlərinin artıq çoxdan bəri inkişaf edən diver­sifi­kasiya tendensiyasını və onların fəaliy­yət­lərinin univer­­­sal­­laş­­dırılma tendensiyasını gücləndirdi. Nəticə­də Böyük Brita­niya iqtisadiyyatı dünyanın ən qeyri-tən­zim­lənən iqtisadiy­yatlarından biri oldu. Ölkə «azadlıq indeksi» adlı göstərici üzrə altıncı yerdədir (102 döv­lətdən) və Sinqa­pur­dan, Yeni Zelandiyadan, ABŞ-dan, Isveçrədən və Malayziya­dan sonra gəlir.
1980-ci illər ərzində Böyük Britaniya monetar siya­sətin müəyyən formasını – pul kütləsinin targetingləşmə forma­sını həyata keçirirdi. Pul targetinqinin digər for­malar­dan əsas üstünlüyü aşağıdakılardır: mərkəzi bank tərəfindən milli prioritetlərin nəzərə alınması ilə monetar siya­səti təshih etmək imkanı, inflyasiyanın xaricilərdən fərq­li olan məqsədli göstəricilərini müəyyənləşdirmək imkanı və xarici sarsıntılara qarşı durmaq qabiliyyəti. Siyasət müəyyənləşdirilmiş pul aqreqatlarının dövri şə­kil­də elan edilməsi yolu ilə inflyasiya gözləmələrinə təsir gös­tərir və bununla da seçilmiş siyasəti həyata keçir­məklə bağlı hakimiyyətin arzusunu və qabiliy­yə­tini təkzib edir və ya təsdiq edir. Lakin 1990-cı illərin əvvəl­lərində hökumət əmin oldu ki, pul kütləsinin artımına nəza­rəti həyata keçirmək çox çətindir.
Inflyasiya ilə mübarizənin yeni aləti kimi funtun müba­dilə kursunun stabil alman markasına bağlılığı, yəni tarqeting­ləş­mə (bax: fəsil 1) seçilmişdir. Nəticədə Böyük Britaniya inflyasiyanın 1990-cı ildə 10%-dən 1992-ci ildə 3%-ə qədər aşağı salınmasına müvəffəq olmuşdur. Lakin Mübadilə kurs­larının Avropa Mexanizminin (MKAM) böh­ranı səbəbindən Böyük Britaniya 1992-ci ildə mübadilə kursunun targetinq siyasətindən imtina etdi. Bu böhran britaniyalılar üçün yaxın gələcəkdə avronu tətbiq etmək imkanını aradan qaldırdı.
1990-cı ildə Almaniyanın birləşməsi və AB-nin bununla bağlı potensial xərcləri Avropa Birliyinin digər ölkələri üçün iki il ərzində maliyyə cəhətdən qeyri-sta­bil­lik­dən xəbər vermir­di. Valyuta kurslarının tənzimlənmə siste­mi­nin yaxınlaşacaq iflasından xəbər verən ilk əlamət (eyham) 1992-ci ildə «Bundesbank»ın prezidenti Şley­zin­qe­rin çıxışı oldu. Şleyzinqer nüfuzlu iclasların birində bildirdi ki, inves­tor­lar vahid Avropa valyutasının sta­billiyinin bəra­bər səviy­yədə bütün Avropa valyutalarının zənbilindən asılı olma­sını hesab edirlərsə, səhv edirlər. Bu eyham birinci növ­bədə həmin dövrdə pis vaxtlarını yaşayan italyan birjasına aid idi. Şleyzinqer əlavə etdi ki, əgər Avropa valyutası avro yox, marka olsa, bu daha yaxşı hesab edilər. Dünyanın məşhur alverçisi və möhtəkiri Corc Soros bu bəyanata dərhal reak­siya ve­rərək öz kapitallarını liranın zəifləməsinə yönəltdi. Soro­sun hərəkətləri zəncirvari reaksiya yaratdı. Nəticədə italyan hökuməti lira kursunu məqsədli MKAM zonası çərçivəsində saxlamaqdan imtina etdi.
MKAM -dakı vəziyyət həm də 1992-ci il 20 sentyabr üçün təyin edilmiş fransız referendumunun gözlənilən nəticələri ilə gərginləşmişdi. Maastrixt müqaviləsinin müda­fiəsi ilə bağlı məsələnin səsvermə nəticələri mənfi olacağı hal­da AB-nin monetar inteqrasiyasının üstündən xətt çəki­lər­di. Bu hadisənin əvvəlində AB-nin əsas loko­moti­vindən – alman markasından asılı olan funt avqustun 26-da Mübadilə kurs­larının Avropa mexanizminin aşağı sərhədinə qədər düşdü. Nəticə olaraq, Böyük Britaniya sərbəst möh­təkirçi kapital­ların hücumu üçün obyekt rolunu oynamağa başladı. Funtun gücünü saxlamağa çalışan ingilis hökuməti dərəcələrin 2% qaldırılması ba­rədə qərar çıxardı. Nəticədə möhtəkirlərin valyuta hücumu daha da gücləndi. Faiz dərəcələri günorta qaldırılmış, axşam isə ingilis funtu özünün MKAM -dakı üzvlüyünü dayandırmışdır. Sorosun ingilis funtu ilə həyata keçirdiyi əməliyyat ona iki gün ərzində 2 milyard dollar gətirdi. Bu əməliyyat Forex beynəlxalq valyuta bazarında ən böyük uğur hesab olunur.
1993-ci ildən başlayaraq, Ingiltərə antiinflyasiya siyasətinin - qısamüddətli faiz dərəcələrinin dəyişdirmə siya­sə­tinin digər elementindən istifadə etməyə başladı. Elə həmin ildə də Ingiltərə Bankı yeni dərəcələrin tətbiq olunma vaxtını müəyyənləşdirmək imkanı əldə etdi, 1997-ci ildən başlayaraq isə faiz dərəcələrinin dəyişilməsi barədə müstəqil qərar çıxar­maq hüququ aldı.
ABŞ dollarına nəzərən funt sterlinq kursunun dina­mi­kası funt sterlinqin mərhələli şəkildə düşməsini nümayiş etdirir. Belə ki, 1991-ci ildə 1 funt sterlinq 1,76 dollara bəra­bər idisə, 1998-ci ildə 1 funt sterlinqə görə 1,65 dollar verirdi­lər. 2001-ci ilin iyununda Böyük Bri­ta­niyada parlament seçkiləri ərəfəsində ingilis funt ster­linqinin kursu dollara və digər əsas valyutalara nəzərən kəskin şəkildə düşdü. London valyuta bazarının bağ­lan­ması zamanı 2001-ci ilin iyun ayında funtun kursu dollara nəzərən son 15 ildə ən aşağı səviyyəyə düşdü. Həmin dövrdə 1 funta 1,3915 dollar verilirdi.

0 şərh