9.2.1.Avropa monetar ittifaqının təkamülü və müasir vəziyyəti

Avropa qitəsində vahid pul sistemini yaratmaq ideyası çoxdan meydana gəlmişdir. Makedoniyalı Isgən­dər­dən və Roma imperatoru Avqustdan başlayaraq, bir çox sərkər­də­lər, alimlər və mütəfəkkirlər Avropa xalqları üçün ümumi pul məsələsini qaldırmışlar. Orta əsrlər Avro­pasında ümumi val­yu­tanı tətbiq etməyə dəfələrlə cəhd göstərilmişdir. Məsələn, 1392-ci ildə şimaldakı alman şəhərləri monetar ittifaq yara­dıb, ümumi pulu kəsməyə başladılar. XIX əsrdə Napoleon Bonapart və Viktor Hüqo ümumavropa pulunu yaratmaq ideyasını irəli sürürdülər.
Bu ideyanın reallaşdırılması ilə bağlı təcrübi variantlar XIX əs­rin ikinci yarısında yarandı. Qitədə kapitalizmin sürətli inkişafı və təsərrüfatın beynəlmi­ləl­ləş­dirilməsinin başlan­ması Avropa ölkələrini qeyri-ixtiyari olaraq pul sistemlərinin birliyinə təhrik edirdi. 1865-ci ildə Fransa, Belçika, Italiya və Isveçrə Latın Monetar ittifaqını təsis etdilər. Bu ittifaqın ərazisində üzv ölkələrin istənilən pul vahidləri ödəniş qabiliyyətli idi. Onun ardınca 1873-cü ildə yaradılmış Skandinaviya monetar ittifaqı (bu ittifaqa Isveç, Norveç və Danimarka daxil idi) ümumi pul vahidinin – qızıl kronun tətbiqini və eyni çəkili, eyni əyarlı qızıl və gümüş pulların kəsilməsini nəzərdə tuturdu. Skandinaviya monetar ittifaqında bir ölkənin pul və banknotlarının digər ölkələrin ərazisində sərbəst dövriyyəsinə icazə verilirdi. Daha sonralar isə qızıl tərkibi 0,4 qram təmiz qızıldan ibarət olan kronun unifikasiyası tətbiq olunmuşdur. Birinci Dünya müharibəsi başlanandan 1924-cü ilə kimi banknot­ların qızıla mübadiləsi dayandırılmışdır. Pul emissiyalarının müxtəlif miqyasları üzündən üzv ölkələrin valyutaları müxtəlif səviyyədə qiymət­dən düşdü və 1924-cü ildə Skandinaviya monetar ittifaqı ləğv olundu.
Daha sonrakı dövrlərə gəlincə, «vahid Avropa» anlayışı Ikinci Dünya müharibəsinin qurtarmasından dər­hal sonra, Avropa dövlətlərinin bərpası ilə bağlı obyek­tiv səbəb­lər üzündən yaranmışdır. 1946-cı ildə Sürixdə Uinston Çörçil Avropa Birləşmiş Ştatlarının yaradılmasının zəruriliyi barədə bildirmişdir. Artıq 1947-ci ildə birləşmiş Avropa quruculu­ğu­nun iqtisadi fundamentinin əsası Mar­şall planı əsasında qoyulmuşdur. 1950-ci ildə Avropa ödəniş ittifaqı yaradılmış­dır. Bu ittifaqa qərbi Avropanın 17 dövləti daxil idi. Onun məqsədi dolların kəskin çatışmazlığı ilə mübarizə və regionun müharibə tərəfindən dağıdılmış valyuta-maliyyə sisteminin bərpası idi. Bazeldəki bey­nəlxalq hesablaşmalar bankı iştirak­çılar arasındakı klirinq hesablaşmaları öz üzərinə götürdü. 1951-ci ilin aprelində Kömür və polad üzrə Avropa birliyinin yaradılması barədə Paris müqaviləsi imzalanmışdır. 1950-ci illərdə, həmçinin Atom enerjisi üzrə Avropa Birliyi yaradılmış və bununla da Avropanın iqtisadi inteqra­siya­sının əsası qoyulmuşdur.
Avropa Birliyinin rəsmi başlanğıcını isə 1957-ci ildə Fransa, AFR, Italiya, Belçika, Niderland və Lüksemburq arasında imzalanmış əfsanəvi Roma müqaviləsini hesab etmək olar. Bu müqavilə Avropanın iqtisadi birliyinin yara­dıl­masını rəsmən elan etdi. Sonralar, 1973-cü ildə Böyük Britaniya, Danimarka və Irlandiya, 1981-ci ildə Yu­na­nıstan, 1986-cı ildə Ispaniya və Portuqaliya, 1995-ci ildə Avstriya, Isveç və Finlandiya Avropa Iqtisadi Birliyinə daxil oldular.
Istənilən inteqrasiya qruplaşması kimi, AIB də, bey­nəl­xalq iqtisadi inteqrasiyanın son səviyyəsinə çatma­mış­dan əvvəl bir neçə mərhələdən keçmişdir. Belə ki, 1958-1968-ci illərdə azad ticarət zonası formalaş­dı­rılmış, gömrük ittifaqına keçid­dən sonra isə (1968-1978-ci illər) iqtisadi və monetar ittifaqın yaradılması barədə sual­lar yaranmışdır. Hələ 1957-ci ildə üzv ölkələrin monetar siya­sət­lərinin uyğun təshihləri olmadan həmin birliyin fəa­liyyətinin reallıq məsələsi qaldı­rı­lırdı. Lakin Roma müqa­vilə­sinin müəllifləri o nöqteyi-nəzər­dən çıxış edirdilər ki, Avropa valyutalarının stabilliyi (Bret­ton-Vuds valyuta sistemi çərçivəsində təmin olunmuş) sabit anla­yış­dır və vahid Avropa bazarının yaradılması üçün bir­liyin ölkələri arasında malların, xidmətlərin, işçi qüvvə­si­nin və kapitalın ötürülmə sərbəstliyini təmin etmək kifayət­dir.
Tarix bu mülahizələrin səhv olduğunu göstərdi. Qızıl-dollar standartına (yəni, bütün dünya maliyyə sis­teminin stabilliyi ABŞ-ın Federal rezerv sisteminin Ame­rika valyu­ta­sı­nın qızıla nəzərən paritetini sabit səviy­yədə saxlaya bilmək imkanı ilə təmin olunrdu: troya unsi­yasına 35 dollar) və sərt qeyd olunmuş valyuta kurslarına (onları birdəfəlik qaydada dəyişdirmək icazəsi yalnız Beynəlxalq valyuta fondunun sanksiyası ilə verilirdi) əsaslanmış Bretton-Vuds sisteminin bir sıra ziddiyyətli məqamları var idi. Artıq 1950-ci illərin axır­larında dolların qeyri-stabil­liyinin ilk əlamətləri meydana gəldi, 1968-1969-cu illərdə isə dolların dəyişmələri Avropa baza­rı üçün real təhlükə yaratmağa başladı. Dolların düş­mə­si nəticəsində alman markasının kəskin revalvasiya və fransız fran­kının deval­vasiya təhlükəsi yarandı. Bunlar ümumav­ropa inteq­ra­si­yasının iki mərkəzinin pul vahidləri idi və bütün Birlik məhz onların çiyinləri üstündə saxlanılırdı. Belə şəraitdə ümumi Avropa qiymət siyasəti sual altına düşür və bu, xüsusilə kənd təsərrüfatı məhsullarına nəzərən – Avropa iqtisa­diyyatının daha həssas sahəsinə nəzərən baş verirdi. Kənd təsərrüfatı sahəsində tarazlığın əldə edilməsi həmin dövrdə Avropa Birliyinin məziyyəti hesab olunurdu. Bu vəziyyətdən çımış yolu kimi AIB-nin üzv ölkələri üçün qeyd olunmuş valyuta kursu rejiminin və ya onun aralıq ana­­loqunun tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürül­müşdür.
Maraqlı bir tarixi detalı da qeyd edək. 1961-ci ildə Amerikanın bir jurnalında iqtisadçı professor R.Mandellin «optimal valyuta zonaları nəzəriyyəsi» məqaləsi çap olun­muşdur. Müəllif bu məqalədə sərt şəkildə qeyd olunmuş valyuta kursunun üstünlüyünü milli valyutalardan imtina etmək və digər dövlətin valyutasından istifadə etmək for­ma­sında əsaslandırmışdır. 1999-cu ildə «avro zonasının» üzv ölkə­ləri tərəfindən avronun tətbiqi zamanı həmin ideya faktiki surətdə reallaşdırılmış və R,Mandell öz mü­la­hi­zələ­rinə və əsaslandırmalarına görə iqtisadiyyat sa­həsində Nobel müka­fatına layiq görülmüşdür.
Avropa valyutaları arasında qeyd olunmuş mü­badilə kurslarının müəyyənləşdirilməsi ideyası 1965-ci ildə Avropa komis­siyasının irəli sürdüyü təkliflərdən biri kimi səs­lən­diril­mişdir. Bu ideya Barrın 1968-ci ildə tərtib oldunmuş məruzəsi ilə müdafiə olundu və fransız-alman sammitində bəyənil­dik­dən sonra (əvvəlcə AIB-nin, sonra isə AB-nin qeyri-rəsmi mühər­riki) 1969-cu ildə dövlət və hökumət baş­çı­la­rının Haaqa­dakı görüşündə Birliyin inkişaf məqsədlərindən biri kimi elan olundu. Məhz bu görüşdə Lüksemburqun baş naziri Pyer Vernerin sədrliyi ilə öz məruzəsi sayəsində sonralar çox məşhurlaşan dövlət­lər­arası qrup formaşdırıl­mış­dır. Verner planı 1970-ci ildə özünün bitkin şəklində işıq üzü görmüş və Avropada mo­netar ittifaqın 10 il ərzində qurulma proqramını ifadə etmişdir. Proqramın məqsədi Avropa valyutalarının qar­şılıqlı konvertasiyasını təmin edən sistemin forma­laş­dırıl­ması, kapitalın Avropada maneəsiz hərəkəti və Avropa valyuta­la­rının mübadilə kurslarının bir birlərinə nəzərən dəyiş­məz dərə­cə­lərinin müəyyənləşdirilməsi idi. Milli val­­yutaların vahid valyuta ilə əvəzlənməsi yalnız gös­tərilən vəzifələrin müvəffəqiyyətli həlli zamanı mümkün məq­­­səd kimi çıxış edirdi. Verner planının əsas isti­qamətləri aşağıdakı­lar idi:

  • birlik ölkələri tərəfindən həyata keçirilən iqtisadi siyasətin dövlətlərarası koordinasiyası;
  • üzv-ölkələrin qarşılıqlı valyuta kurslarının dəyiş­mələrinin tədriclə azalması (perspektivdə onların tam fiksasiyasına və əlbəttə, həmin valyutaların tam qarşılıqlı dönmə qabiliyyətinə keçidə qədər);
  • bank üzrə faiz dərəcələrinin, mübadilə kursları dərəcə­lə­rinin müəyyənləşdirilməsi, həmçinin valyuta rezerv­lə­ri­nin idarə olunması ümumavropa səviyyəsində millidən üs­tün orqan­­lar tərəfindən, AIB ölkələrinin mərkəzi banklarının bir­liyi şəklində həyata keçirilməlidir;
  • razılaşmanın iştirakçıları tərəfindən eyni istiqamətli fiskal siyasətin həyata keçirilməsi, dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və ya profisitinin istifadəsi üsullarının qarşılıqlı nəzarəti üçün ümumi çərçivələri formalaşdırmaq zəruri idi;
  • struktur və regional siyasətlərin həyata keçirilməsi zamanı kooperasiya;
  • dollara və üçüncü ölkələrin valyutalarına nəzərən valyutaların birgə «üzməsi»;
  • əvvəlcə qızıl paritet əsasında, sonra AIB-nə daxil olan ölkə valyutalarının bazasında Avropa hesablaşma pul vahidinin tətbiq edilməsi.

Avropa monetar ittifaqının fəaliyyətə başlama mexa­niz­mi ilə bağlı Birliyin üzvləri arasındakı fikir ayrılıq­larına baxmayaraq, 1971-ci ilin martında belə ittifaqın yaradılması proqramının reallaşdırılması barədə razılaşma əldə olun­muş­dur. Proses üç mərhələnin olmasını nəzərdə tuturdu. Birinci mərhələ eksperimental mərhələ kimi nəzər­dən keçirilir və bu çərçivədə Avropa valyutalarının qarşılıqlı dəyişmələrinin dinamik azaldılma səyləri nəzərdə tutu­lurdu. Dolların 1971-ci ilin avqustunda kəskin deval­va­siyası nəicəsində bu mərhələ iflasa uğradı. Vernerin ilkin stra­tegiyası ona əsaslanırdı ki, Avropa valyutalarının mü­badilə kurslarının dərəcələri Ame­ri­ka valyutasına nəzərən dəyişməz qalacaq. Bazarın qeyri-stabilliyi alman mar­kasına güclü yüksəldici təsir göstərdi və bu, onun digər Avropa valyutalarına nəzərən kursunda özü­nü dərhal büruzə verdi.
1970-c illərdə Verner planının uğursuzluğunun səbəb­­lərindən birincisi, millidən üstün valyuta-maliyyə mər­kəzinin yaradılmasına siyasi hazırlığın olmaması idi. Ikincisi, bu hazırlıqsızlıq qismən üzv ölkələrin iqtisadi in­kişafındakı və iqtisadi vəziyyətindəki böyük fərqlərlə əlaqədar idi (indi bu fərqlər 1980-ci illərin ortalarından Avropada başlamış iqtisa­di yüksəliş nəticəsində bir qədər silinmişdir). Üçüncüsü, 1970-ci illərdə iki neft şoku, staqnasiya və bir sıra ölkələrdəki inflya­siya ilə şərtləşmiş dünya iqtisadiyyatındakı ümumi əlverişsiz vəziyyət də öz rolunu oynadı.
Vəziyyətdən çıxış yolunu tapmaq cəhdi 1972-ci ilin martında «tuneldə ilan» vasitəsilə baş vermişdir. «Ilan» - Avropa valyutalarının dəyişmələrini bir-birlərinə nəzərən bağ­la­yan mexanizmi ifadə edir və bu mexanizm, həmçinin «ilan»ın dollara nəzərən dəyişmələrinin məhdudiyyətlərini müəyyənləşdirirdi. Lakin bu sistemin də aqibəti acınacaqlı oldu. Başlayan neft böhranı «tuneldə ilan»a zərbə vurdu. Şübhəsiz, ABŞ ilə nefti ixrac edən ölkələr arasında «neft müharibəsinin» başlanmasını əvvəlcədən görmək və nəticədə, bu müharibənin Avropa valyuta sisteminin for­malaşmasına təsirindən qaçmaq çətin məsələ idi. Hətta Bretton-Vud valyuta sisteminin iflasına baxmayaraq (onun qeyri-effek­tiv­li­yinin nəticəsi dünya birliyinin əvvəlcə faktiki, sonra isə formal surətdə, BVF-nun Nizam­na­mə­sinə Yamaykada qəbul olunmuş düzəlişlər şəklində sərbəst dəyişən, üzən valyuta kurslarına keçid oldu), Avropa valyutalarının Amerika dollarına bağlılığı onu sübut edirdi ki, Avropada əvvəllər olduğu kimi yenə də Avropa inteq­rasiyasını yalnız dünya lideri – ABŞ-ın inkişafı ilə qarşılıqlı əlaqədə nəzərdən keçirir və zərurət olan halda onun köməyinə ümid bəsləyirlər. Bun­dan başqa, yaddan çıxarmaq lazım deyil ki, valyuta kurs­la­rının «ilan» hüdu­dunda saxlanması könüllü idi və həmişə ayrı-ayrı ölkələr üçün məşəqqətli olurdu (valyuta interven­siya­larına çox böyük vəsaitlər tələb olunrdu). Buna görə də bir sıra ölkələr bu sistemdə ümumiyyətlə iştirak etmir və ya dövri şəkildə oradan çıxırdılar. Belə ki, Böyük Britaniya, Italiya və Irlandiya öz kurslarını müstəqil şəkildə müəy­yən­ləş­dirir, Fransa isə ümumi sisemə gah birləşir, gah da ondan ayrılırdı.
«Tuneldə ilan»ın iflasından sonra monetar ittifaqın Avropada tez bir zamanda sona çatacağını düşünürdülər. Valyuta sistemlərinin birləşməsi barədə təklif 1977-cı ildə Roy Cenkins tərəfindən irəli sürülmüşdür. Roy Cenkins həmin dövrdə Avropa komissiyasının prezidenti vəzifəsini tuturdu. Məhz bu təklif sayəsində 1979-cu il martın 13-də Avropa valyuta sistemi –AVS yarandı. AVS Avropada gələcək monetar ittifaqın əsası oldu. AVS-nin əsas vəzifələri aşağı­dakılar idi:

  • Avropada xarici və daxili valyuta stabilliyinin əldə olunması;
  • üzv ölkələrin iqtisadi əməkdaşlığının təkmilləş­dirilməsi;
  • valyuta qeyri-stabilliyinin azalmasına yardım. Val­yu­ta kurslarının marjı +/-2,25% (dar hüdud) və +/-6% (geniş hüdud), Mübadilə kurslarının Avropa mexanizmi (MKAM) müəyyənləşdirilmişdir. Yeni «Avropa valyuta ilanı» Birliyin valyuta problemlərinin kəskinləşməsi ilə əla­qədar olaraq, dəyişikliklərə uğradı. Belə ki, 1993-cü ildə MKAM-nin böh­ranı nəticəsində 15%-lik vahid hüdud müəyyən­ləşdirilmişdir. Bu isə, şübhəsiz, kurs münasi­bətlərinin maksimal yaxınlaşma prinsipindən geri çəkilmək demək idi. Bundan başqa, AVS heç bir vaxt Birliyin bütün ölkələrini əhatə etmirdi və onun iştirakçılarının tərkibi də­fələrlə dəyişirdi. Göstərilən rejimə riayət olunması bir sıra tənzimləyici tədbirlərlə möhkəmlən­dirilirdi. Bunlar val­yuta kursuna təsir göstərən faiz dərəcə­lə­rinin dəyişməsi, kurs münasibətlərinin saxlanması məqsədilə mərkəzi bankların qarşılıqlı kreditləşməsi, valyuta interven­siyaları idi.

Bu sistemin xarakterik cəhəti Avropa valyuta va­hidinin (European Currency Unit) – ekyünün yaran­masıdır. Ekyü öz başlanğıcını 1950-ci ildə Avropa ödəniş ittifaqı tərəfindən yara­dılmış AIB hesablaşma vahidindən götürür. Roma razı­laş­ması verilmiş hesablaşma vahidini AIB insti­tutları üçün qəbul etmiş və onu 0,88867088 qram təmiz qızıl­la müəyyən­ləşdirmişdir. ABŞ dollarının devalvasiyası, o cüm­lə­dən valyu­ta­ların «üzməsi» barədə və SDR zənbil konsepsiyasının yara­dıl­ması barədə qərar (xüsusi borc alma hüquqları, Special Drawing Rights) AIB-ni xüsusi hesab­laşma vahidi zənbilinin yaradılma zərurətinə gətirib çıxartdı. Beləliklə, Avropa hesablaşma vahidi (European Unit of Account - EUA) adla­nan hesab­laşma vahidi yarandı və onun dəyəri tərkibindəki valyuta kurslarının gündəlik dəyişmə­lərin­dən asılı olaraq də­yişilirdi. EUA 1976-cı ilin kömür və polad üzrə Razı­laş­masının büdcəsinə, AIB-nin 1978-ci il büd­cəsinə daxil edilmiş və 1979-cu ilin gömrük əməliyyatlarında istifadə olunmuşdur.
Ekyünün dəyəri və tərkibi EUA-nın dəyərinə və tər­kibinə, onların yenidən nəzərdən keçirilməsi şərti ilə iden­tik idi. Ekyü rəsmi valyuta kimi 1978-ci ildə dekabrın 18-də yaran­mış, 1979-cu ildə martın 13-də isə Avropa valyuta siste­minin tərkib elementi kimi qüvvəyə minmişdir. Ekyü­nün dəyə­ri valyuta zənbili üsulu ilə müəyyənləşdirilirdi. Zənbilə AIB-yə üzv olan 12 ölkənin valyutası daxil idi. Hər bir val­yu­tanın bu zənbildəki payı Birliyin ümumi məh­sulunda ölkənin xüsusi çəkisindən, onların qarşılıqlı ticarət döv­riyyəsindən və AVS çərçivəsində qısamüddətli müda­fiə kreditlərində iştirakından asılı idi. Ona görə də alman markası ekyüdə daha böyük paya malik idi – təqribən 33%. Fransız frankının payına təqribən 20%, funt sterlinqə - 11,5%, italyan lirəsinə 8%, danimarka kronuna – təqribən 3% düşürdü. Ekyünün tərkibi iki dəfə dəyişikliyə uğramışdır. Birincisi 1984-cü ilin sentyabrında dirhəmin daxil olması zamanı və ikincisi 1989-cu ilin sentyabrında ispan pesetasının və Portuqaliya esku­do­sunun daxil edil­məsi zamanı baş vermişdir (cədvəl 9.3).

 

Cədvəl 9.3
Ekyü zənbilinin tərkibi (ekyünün tərkibində
hər bir valyutanını miqdarı)

Valyuta

AVS-in yaradılması

Ekyünün tərkibinə dirhəmin
daxil edilməsi

Ekyünün tərkibinə pe­­setanın və Portu­qaliya eskudosunun daxil edilməsi

Belçika frankı
Danimarka kronu
Alman markası
Fransız frankı
Holland quldeni
Irland funtu
Italiya lirəsi
Lüksemburq frankı
Funt sterlinq
Yunan dirhəmi
Ispan pesetası
Portuqaliya eskudosu

3,66000
0,21700
0,82800
1,15000
0,28600
0,00759
109,0000

0,14000
0,885000
-
-

-

3,71000
0,21900
0,71900
1,31000
0,25600
0,00871
140,0000

1,14000
0,08780
1,15000
-

-

3,301000
0,197600
0,624200
1,332000
0,219800
0,008552
151,800000

0,130000
0,087840
1,440000
6,885000

1,393000

Qeyd etmək lazımdır ki, ekyü özünü «açıq zənbil» kimi aparırdı və onun yenidən nəzərdən keçirilməsi AIB şurasının 1978-ci il 5 dekabr qətnaməsinin müəyyən­ləş­dirdiyi qaydalara əsasən həyata keçirilirdi. Dəyişikliklərin daxil edilməsi yalnız bütün üzv ölkələrin razılığı ilə mümkün ola bilərdi. Ekyünün tərkibi aşağıdakı hallarda yenidən nəzərdən keçirilirdi:

  • iştirakçı dövlətlərdən birinin xahişi ilə – əgər ekyü­nün tərkibində onun valyutasının xüsusi çəkisi son dəfə nə­zərdən keçiriləndən sonra 25% və daha artıq dəyiş­mişdirsə;
  • yeni dövlətin qoşulması zamanı;
  • 5 il keçəndən sonra.

Ekyünün özünəməxsus xüsusiyyəti ondan ibarət idi ki, ekyü dövlət xarakterinə və şəxsi xarakterə malik idi. Ekyünün rəsmi və ya dövlət xarakteri AVS-nin əsas ele­mentidir və onun aşağıda göstərilənlərdə reallaş­dırıl­mış əsas funksiyalarıdır:

  • AIB-nin büdcəsində;
  • gömrük rüsumlarında;
  • AIB-nin aqrar siyasətində;
  • AIB-nin statistikasında;
  • AIB-nin maliyyəsində;
  • Avropa inkişaf fondunun və Avropa investisiya bankının fəaliyyət sferasında.

Dövlət ekyüsü «ekyü zənbili» ilə eyniləşir, lakin ABŞ dol­ları və qızıl ehtiyatı ilə əlaqələndirilirdi. Dövlət ekyüsü kon­kret şəkildə dövlət institutlarının bank hesab­la­rında mövcud idi, onun istifadəsi isə maliyyə orqanları tərəfindən məhdud­laşdırılmışdır.
Ekyünün şəxsi xarakteri müqavilə hüququnda əks olunur, lakin dövlət hüququnun normaları ilə dəqiq şəkildə şərt­lənirdi. Şəxsi ekyü, həmçinin «ekyü zənbili» ilə eyniləş­dirilirdi, lakin onun tərkibi 12 Avropa valyutasının əma­nətləri ilə möhkəmləndirilmişdir. Ekyü konkret forma­da bank hesab­larında mövcud idi.
Ümumilikdə ekyü üç mühüm funksiyanı yerinə yetirirdi:
*mərkəzi valyuta kursunu müəyyənləşdirirdi, yəni mübadilə barədə razılaşmada iştirak edən hər bir valyuta üçün ekyüdə mərkəzi kurs müəyyənləşdirilir və nəticədə ikitərəfli valyuta kursları qeyd olunurdu;
*müdaxilə mexanizmindən yaranmış və ya AVS-də nə­zərdə tutulmuş kreditlər və borclar üzrə hesab­laş­maların vahidi idi;
*sistem daxilindəki hesablaşmaların aləti rolunu oynayırdı.
Deyilənlərdən aydındır ki, ekyünün digər hesab­lama, ödəniş və rezerv kollektiv pul vahidindən –SDR-dən (1970-ci ilin yanvarından başlayaraq, SDR-in emitenti Beynəlxalq valyuta fondudur) əsas fərqi ondan ibarətdir ki, ekyünün istifadə olunma sferası SDR-in istifadə sfe­rasından çox genişdir. Məsələ bundadır ki, ekyüyə SDR kimi təkcə rəsmi sektor (mərkəzi banklar və beynəlxalq təşkilatlar) yox, həm də şəxsi sektor (kommersiya bankları, şirkətlər) daxildir.
XX əsrin son onilliyinin əvvəlində Avropa monetar ittifaqının təşəkkül tapması AVS-in fəaliyyətinin müsbət yekunlarını təsdiq etdi. Lakin monetar ittifaqın mərhələli şəkildə yaranması inteqrasiyanın vahid bazar kimi pilləsini nəzərdə tutur. Bundan başaq, birliyə üzv ölkələrin prin­sipial siyasi öhdəlikləri zəruri idi. Delor Komitəsinin 1989-cu ilin aprelində tərtib olunmuş məruzəsi belə öhdəliklərin texniki əsasını təmin edirdi. Avropa Şurasının 1985-ci ilin dekab­rın­da Brüsseldə və 1986-cı ilin fevralında Haaqada keçirilən iclasları nəticəsində hazırlanmış və 1987-ci ildə iyulun 1-də qüvvəyə minmiş Vahid Avropa Aktı iqtisadi və monetar ittifaqın tədriclə yaradılmasını məqsəd şəklində təsdiq edirdi. Avropa Şurası 1988-ci iln iyununda Hanno­verdəki iclasında Jak Delorun sədrlik etdiyi Mərkəzi bank mü­dirləri və ekspert­lərinin komitəsinə tapşırmışdır ki, ko­mitə belə ittifaqa gətirib çıxara biləcək konkret mərhələləri öyrənsin və təklif etsin. Komitənin tərtib etdiyi məruzədə əvvəlcə Birliyin iqtisadi və monetar inteqrasiyasının vəziyyəti qısa şəkildə analiz edilir, sonra isə iqtisadi və mo­netar ittifaqın yekun vəziyyəti və onun əldə olunma mər­hələləri təsvir olunurdu.
Monetar ittifaq Vernerin 1970-ci il məruzəsinə uy­ğun olaraq, valyutaların tam və dönməz (başqa ölkə­lərin valyu­ta­larına dəyişdirilə bilməyən) qarşılıqlı kon­ver­siyasını nəzərdə tutur və bu da artıq həyata keçirilmişdir. Həmçinin, kapital­ların hərəkətində tam azadlığı, bank və maliyyə bazarlarının tam inteqrasiyasını da nəzərdə tutur və bunun həyata keçiril­məsi Vahid akta əsasən 1993-cü il yanvarın 1-dən olmalı idi. Daha sonra kurs dəyiş­mələrində hüdudların ləğv edilməsi və pari­tetlərin qəti şəkildə möhkəmləndirilməsi nəzərdə tutulur­du ki, bu da Avropa valyutalarının qeyd olunmuş kurslarının müəy­­yənləşdirilməsini ehtimal edirdi. Delorun məruzəsi onu da əlavə etdi ki, vahid valyutanın qəbul edilməsi monetar ittifaq üçün öz mahiyyəti etibarilə çox zəruri olmasa da, onun dönməzliyini möhkəmləndirməyə, əmə­liyyatlar üzrə xərc­ləri azaltmağa və beynəlxalq həyatda Avropanın daha böyük nüfuz qazanmasına imkan verərdi.
Qeyd olunmuş valyuta kurslarına riayət olunması üçün vahid pul-kredit siyasəti və üçüncü valyutalara nəzərən valyuta siyasətinin ümumi idarəetməsi zəruridir. Bütun bun­lar Birliyin müstəqil təşkilatına - Avropanın Mərkəzi Bank­lar Sisteminə (AMBS) tapşırılmalıdır. Vahid aktla nəzərdə tutul­muş vahid bazarın yaradılmasından başqa, iqtisadi ittifaq aşağıda­kıları da nəzərdə tutur:

  • Birlik miqyasında rəqabətin həvəsləndirilmə siya­sə­tinin gücləndirilməsi. Bu siyasət bazara giriş maneə­lərini ləğv etməyə və istər şəxsi, istərsə dövlət agent­lə­rinin davranışı nəticəsində bazarın fəaliyyətində yaranmış po­zuntuları aradan qaldırmağa imkan verir;
  • struktur bərabərləşdirməyə və regional inkişafa yönəl­miş ümumi siyasətin inkişafı. Məqsəd resursların opti­mal bölüşdürülməsinə və bütün Birliyin inkişafına, xüsusilə əlveriş­siz şəraitdə yerləşən regionların inkişafına kömək etməkdir;
  • qiymət stabilliyinin təmin olunmasına və iqtisadi artıma kömək etmək üçün makroiqtisadi siyasətin koor­dinasiyası.

Delorun komitəsi ittifaqın üç mərhələdə yaradıl­ma­sını təklif edirdi. Hər bir mərhələ monetar ittifaqın yaradıl­ma­sında və iqtisadi siyasətin konvergensiyasında paralel təkamülün əldə olunmasına imkan verirdi.
Birinci mərhələnin məqsədi iqtisadi və monetar siyasətin koordinasiyasının gücləndirilməsi yolu ilə iqtisadi effektivliyin konvergentliyinin artırılması idi. Iqtisadi sa­hə­də geniş bazarın yaradılması, struktur fondlarının islahatı və möhkəmlən­diril­məsi, iqtisadi siyasətin koordi­na­siyasını güc­lən­dirən yeni pro­se­durların tətbiqi nəzərdə tutulurdu. Bunlar iqtisadi siyasətin təkamülünə hərtərəfli nəzarət, bu siyasətin ortamüddətli perspektivdə koor­dina­siyası, üzv ölkələrin büdcə fəaliy­yətlərinin razılaşdırılması idi. Valyuta sahəsində söhbət vahid Avropa maliyyə məkanının yara­dıl­masından, AVS qayda­larının bütün Avropa val­yu­talarına tətbiqindən, şəxsi ekyünün istifadəsi ilə bağlı bü­tün maneələrin aradan qaldırılmasından və mərkəzi bank müdirləri Komitəsinin tövsiyəçi səlahiy­yət­lə­rinin geniş­lən­dirilməsindən, komitənin yükünün üç alt komitə arasında bölüşdürülməsindən gedirdi (pul-kredit siyasəti üzrə, valyuta siyasəti üzrə, bank fəaliyyətinə nəzarət üzrə).
Ikinci mərhələ birinci mərhələ ərzində hazırlanmış yeni müqavilənin tətbiqindən başlayırdı. Bu mərhələdə qərarların qəbul olunma məsuliyyətini əvvəlki kimi milli valyutalar daşı­yırdı. Iqtisadi sahədə struktur siyasətin və rəqabətin həvəsləndirilmə siyasətinin gücləndirilməsi nəzərdə tutulurdu. Birlik şurası ortamüddətli fəaliyyət çər­çivələrini səs çoxluğu ilə müəyyənləşdirib, makroiq­tisa­di istiqamətləri təyin edə bilərdi. Pul-kredit sahəsində Av­ropa mərkəzi banklar sis­te­minin yara­dıl­ması təklif olu­nurdu. Bu sistem milli pul-kredit siyasət­lərinin koor­di­nasiyasından tədriclə ümumi valyuta siyasətinə keçməli idi. Zərurət olan halda valyuta mexanizmindəki dəyişmə hüdudları azaldılırdı.
Son mərhələ qəti qeyd olunmuş valyuta kurslarına keçiddən və ittifaq çərçivəsində nəzərdə tutulmuş iqtisadi və valyuta səlahiyyətlərinin Birliyin təşkilatlarına veril­məsindən başlayırdı. Iqtisadi sahədə struktur və regional siyasət güc­lənirdi. Birliyin qayda və prosedurları mak­roiqtisadi sahədə mə­hdud xarakter alır və Birlik özünün bütün funksiyalarını beynəlxalq əməkdaşlıq səviyyəsində həyata keçirməyə başla­yır­dı. Pul-kredit sahəsində qəti qeyd olunmuş paritetlərdə Avropa mərkəzi banklar sis­te­minin (AMBS) himayəsi altında vahid siyasət yürüdülürdü. Bundan başqa, AMBS ümumi sərən­cama verilmiş re­zervləri idarə edir və valyuta bazar­la­rın­da inter­ven­si­yalar sahəsində qərarların qəbul edilmə səlahiy­yətini saxlayırdı. Bu mərhələdə vahid valyuta qəbul olunurdu.
Vahid valyutaya gəlincə, Delor komitəsi hesab­lamışdır ki, ekyü bu rolu oynamaq üçün kifayət qədər po­tensiala malik­­dir. Bu o demək idi ki, ekyü valyuta zənbili olmayacaq və əsl valyutaya çevriləcək. Bununla belə, Komitə ekyünün möv­cud valyutalarla rəqabət aparan tamqiymətli val­yutaya keçməsi ideyasını son mərhələyə qədər qəbul etmə­di və pul emis­siyasının hədsiz artı­mından, nəticədə pul-kredit siyasə­tinin koordi­nasi­yasında əlavə çətinliklərin yarana biləcəyindən ehtiyatlandı.
Delor komitəsinin məruzəsinin məziyyəti onun müha­kiməli qayda ilə təklif olunması idi. Birinci mərhələyə yalnız o halda qədəm qoyulurdu ki, dövlətlər prosesin sonuna qədər getməyə qərar versinlər. Bu isə dövlətlərin yekun mərhələ barədə dəqiq siyasi öhdəlik götürməyi demək idi. Məruzənin nöqsanları ittifaqın yaradılması üzrə təqvim müddətlərindəki qeyri-müəyyənlik və öz məz­mununa görə fəaliyyətdə olan AVS-ə çox yaxın olan birinci mərhələ idi. Verner planının ilk mərhələsi kimi, o da əbədi ola bilərdi.

0 şərh