7.1. Yaponiyanın iqtisadiyyatı əsrlərin sərhədində

1990-cı illərə qədər Yaponiyanın iqtisadi sistemi üçün üfürülən sabun köpüyünün vəziyyəti xarakterikdir. XX əsrin son onilliyinin əvvəlində partlamış bu sabun köpüyü hakimiy­yəti məcbur etdi ki, öz siyasətlərini artım tendensiyasından döndərib enişin qarşısını almağa tərəf yenidən istiqamətlən­dirsinlər. Yaponiya 1970-1980-ci illərdə dünya birliyində sənaye mallarının ticarəti və is­teh­salı üzrə ABŞ -dan sonra ikinci yeri inamla tuturdu. Ölkə bəzi sahələrdə dünya iqtisa­diy­ya­tının qloballaşma pro­sesləri ilə və təsərrüfat əlaqələrinin beynəl­miləl­ləş­di­ril­məsi ilə əlaqədar olan tələblərə cavab verərək dünya lider­­liyini qazanmağa və saxlamağa nail oldu. Lakin mər­kəz­ləşmiş dövlət hakimiyyətinin sintezinə və digər ölkələrin təc­rü­bə­sini məhsuldar şəkildə mənimsəmək qa­biliy­yə­tinə əsas­la­nan iqtisadiyyat modeli 1990-cı illərdə öl­kə­nin gələcək in­kişafını ləngitməyə başladı. Yaponiya öz iqtisadi inki­şafına görə rəqiblərindən, ilk növbədə ABŞ -dan geri qal­mağa başladı. Əgər 1990-cı ildə Yaponiyada ÜDM ABŞ-dakı ÜDM-un 38%-nə bərabər idisə, 1999-cu ildə bu göstərici 32,5%-ə qədər düşdü. Yaponiyada adambaşına düşən ÜDM 1999-cu ildə ABŞ-ın analoji göstəricisinin 70%-nə bə­rabər idi. 1990-cı ildə isə bu göstərici 77% idi.
Depressiya ölkənin, demək olar ki, bütün makro­iq­ti­sadi göstəricilərini əhatə etdi. Xüsusi halda, iqtisadi artım sürətinin nəzərəçarpacaq dərəcədə azalması qeyd olu­nurdu. 1980-1999-cu illərdə bu göstərici orta hesabla 4,1% idisə, 1990-1999-cu illərdə 1,4% olmuşdur. Lakin 1998-ci ildə bütün müharibədən sonrakı dövrdə ilk dəfə ola­raq, ÜDM-in ən böyük azalması – 2,5% baş verdi. Bu azalma 2002-ci ildə də artıq 0,6% qiyməti ilə təkrar olundu (cədvəl 7.1).
Cədvəl 7.1
ÜDM-un artım sürəti, %

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

0,6

1,5

5,1

1,6

-2,5

0,2

1,7

0,3

-0,6

1,2

1998-ci ilin vəziyyəti əsasən Asiyanın maliyyə böh­ranının təsiri ilə izah olunurdu. Bundan başqa, həmin ildə şəxsi istehsala kapital yatırımları 11,7%-ə qədər azaldı. Investisiya aktivliyinin cari göstəriciləri aşağı olaraq qalırdı. Maşınqayırmada sifarişlərin portfeli əvvəlki illə müqayisədə il ərzində orta hesabla 19% az olmuşdur. Artıq 1999-cu ildə böhranı aradan qaldırmaq mümkün oldu. Sənaye istehsalı 0,4% artdı, hazır məhsulların eh­tiyatı 6,7%, müəssisələrin müflisləşmələrinin sayı 19% azaldı. ÜDM-un artımı 1996-cı ildən sonra ilk dəfə olaraq daxili bazarın şərtləri ilə təmin olunmuşdur. Istehlak tələbatı 1,2%, şəxsi mənzil tikintisi 1,4% artmışdır. 2000-ci il həyata keçə bilməyən yüksəliş ili oldu. Birinci rübdə bütün əsas iqtisadi göstəricilər çox yüksək oldu. ÜDM artımı əvvəlki rübdə 2,4%, sənaye istehsalında 4,5% təş­kil etdi. Konyunkturanı saxlayan amil ixracat artımının yük­sək sürəti idi (illik səviyyədə 12,8%). Zəiflik əlamətləri 2000-ci ilin son rübündə üzə çıxdı. Bu dövrdə əhalinin is­tehlak xərclərinin həcmi (ümumi tələbatın ən böyük komponenti – ÜDM-un 55%-i) dörd rübdə ilk dəfə olaraq 0,6% azaldı. Tendensiya qırıldı. Istehlak tələbinin artımı ləngidi (il ərzində cəmi 0,5% təşkil etdi), mənzil tikintisi tamamilə azaldı (illik artım yalnız 1,2%). Iqtisadiyyatın infrastrukturuna dövlət investisiyaları 5,3% azaldı.
ÜDM-un mənfi dinamikası qismən ümumi tələbatın mənfi tendensiyası ilə izah olunur. Bu isə əsasən istehlak xərclərindən ibarətdir. Istehlak xərcləri çox ləng şəkildə bərpa olunur, çünki gəlirlər, demək olar ki, artmır, əmək bazarı isə balanslaşdırılmamışdır. Xarakterik haldır ki, Yaponiyada əmək haqqının artım sürəti digər ölkələrin göstəricilərindən geri qalırdı. Belə ki, 1990-1998-ci illərdə Yaponiyada real əmək haqqının indeksi 9,4% artdığı halda, ABŞ-da 24,6%, Fransada 24,4%, Kanadada 20,7% artdı. 1999-cu ildə real əmək haqqı 0,9% azaldı, işsizliyin səviyyəsi isə 4,7%-ə çatdı. Bu, 1953-cü ildən sonra ən yüksək göstərici idi. Işsizlərin sayı 1999-cu ildə 3,2 milyon nəfərə çatdı. Onların, demək olar ki, yarısı yaşı 34-dək olan cavanlar idi. 2000-ci ildə işsizliyin səviyyəsi əmək qabiliyyətli əhalinin sayının 4,8%-nə çatdı, 2001 və 2002-ci illərdə isə göstərici artaraq, uyğun olaraq 5 və 5,4% təşkil etdi (cədvəl 7.2).
Cədvəl 7.2
Işsizlərin sayı,
Əmək qabiliyyətli əhalinin sayının % hesabı ilə

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2,9

3,2

3,4

3,5

4,1

4,7

4,8

5

5,4

2000-ci ildə ticarətdə və xidmətlər sferasında yeni iş yerlərinin yaradılması nəticəsində sənayedə və tikintidə məş­ğulluğun azalması kompensasiya olundu. Əmək baza­rının qeyri-tənzimlənməsi başlandı. Müvəqqəti muzd­lu peşələrə qoyulan məhdudiyyətlər aradan götürüləndən sonra müvəq­qəti müqavilələr üzrə işləyənlərin sayı artdı. Yapon şirkətləri son dövrlərə qədər işə qəbul üçün aşağı yaş limiti (40 yaş) müəy­­yənləşdirirdilər, lakin 2000-ci ilin sonunda ABŞ-ın nümunəsi üzrə yaş limiti qadağan edildi.
Yaponiyanın cari iqtisadi vəziyyətinin özünə­məx­sus xüsusiyyəti qiymətlərin azalan səviyyəsidir. 1990-cı illərdə ölkənin deflyasiya ilə qarşılaşması ilk dəfə 1995-ci ildə baş vermişdir. Bu dövrdə pərakəndə qiymətlərin artımı 0,1% təşkil etmişdir. Illik səviyyədə topdan qiy­mət­lərin azalması 1984-cü ildən başlayaraq, demək olar ki, aram­sız şəkildə baş verir. 1994-cü ildə deflyasiyanın sə­viyyəsi 1,9%, 1995-ci ildə 10% təşkil etmişdir. Daha sonra 1996-1998-ci illər ərzində Yaponiyada pərakəndə və topdan qiymətlərin (indekslərin növləri ilə fərqlən­mə­yən­lər) müsbət artımı müşahidə olunur­du. Bu artım həmin illərə uyğun olaraq 0,1; 1,8 və 0,6% idi. Lakin 1999 və 2000-ci illərdə deflyasiya spiralı yenidən işə düşdü və pəra­kəndə qiymətlər 1999-cu ildə 0,3%, 2000-ci ildə 0,7% aşağı düşdü. Zəifləyən istehsalın fonunda deflyasiya pro­sesi yapon iqtisadiyyatı üçün neqativdir. Ev təsərrüfatları və şirkətləri müəyyən məbləğli iri xərclər barədə qərarları son­raya saxlayır və qiymətlərin növbəti ucuzlaşmasını göz­ləyirlər. Nəticədə əmanətlər artır, istehsal xərcləri və in­vestisiyalar azalır. Ailə büdcələrində əmanətlərin payı 1987 və 1997-ci illər arasında 23,4%-dən 28,8%-ə qədər yüksəlmişdir.
1990-cı ildən başlayaraq, malların qiymətlərin azal­ma­sı korporasiya səhmlərinin kurslarının və torpaq qiy­mətlə­rinin azalması ilə müşayiət olunurdu. Yapon iqtisa­diy­yatının böhranı ondan başladı ki, 1989-cu ildə ticarətin son günündə 38915 maddə səviyyəsinə çatmış Nikkei indeksi 1990-cı ilin elə birinci günündə aşağı düşdü, 2001-ci ilin avqustunda ən aşağı rekord göstəriciyə (1984-ci il dekabrın 11-dən sonrakı dövr üçün) gəlib çatdı. Hər­racın sonunda isə indeks 11250 maddə təşkil edirdi (cədvəl 7.3).

Cədvəl 7.3
Nikkei indeksinə daxil olan səhmlərin orta
kursunun dinamikası

Illər

Maddələr

illər

Maddələr

1985
1989
1992

12566
34056
18109

1998
17.08.2001

15356
11257

Torpaq sahələrinin qiymətləri daha ləng düşür, çünki səhmlərlə müqayisədə daşınmaz əmlak daha az likviddir. 1999-cu ilin əvvəlində şəhərlərdə torpaq sahə­lərinin qiymət səviyyəsi 1990-cı ilin səviyyəsindən 18,4% aşağı idi. Səhmlərlə və topaq sahələri ilə bağlı möhtəkirçi əməliyyatlarda kom­mersiya bankları daha aktiv idi. Bu kommersiya bankları həmin məqsədlər üçün aşağı faizli kreditlər verirdilər. Böh­ran­dan sonra isə həmin kreditlər «pis kreditlərə» çevrilirdi. Başqa sözlə, səhmlərin kursları və torpaq qiymətləri düşdüyü zaman və onların birja dəyəri 255 trilyon ienə qədər azaldığı zaman ölkə kom­mer­siya banklarının, trast bankların və uzunmüd­dətli kre­dit banklarının ümumi aktivlərinin təqribən 38%-dən, ya­xud bütün borc kapitalının 19%-dən məhrum oldu.
Müasir mərhələdə yapon iqtisadiyyatının vəziy­yə­tinin xüsusi göstəricisi şirkətlərin müflisləşmə sayıdır. Şirkətlərin müflisləşmə sayı (10 milyon ien və daha çox borcu olan şirkətlər nəzərdə tutulur) 1997-ci illə müqa­yi­sədə 1998-ci ildə 17,1% artdı. Bu, bütün müharibədən sonrakı dövrdə ölçü etibarilə ikinci göstəricidir. Həmin şirkətlərdən qalan borcların ümumi məbləği 1,438 trilyon iendir. Müflisləşmə­lərin 70%-i uzun sürən enmədə satışın aşağı səviyyəsi və ümidsiz borclar üzündən baş verirdi. Kəskinləşən iqtisadi böhran şəraitində 2001-ci ilin noyab­rın­da müflisləşmələrin sayı 2000-ci ilin noyabr ayı ilə mü­qa­yisədə 10% çox idi. 2001-ci ilin noyabrında 1851 şirkət müflis­ləşdi. Bu, Ikinci dünya müharibəsinin qur­tar­masından sonra ən pis aylıq göstərici­dir. Məhz resessiya ilə bağlı müflisləşmələrin sayı 1419 və ya ümumi sayın 76,7%-i idi.
Yaponiyanın xarici iqtisadi əlaqələrinin coğrafi təmərküzü əsasən ABŞ, Qərbi Avropa ölkələri və ACEAN dövlətləridir. Yapon ixracının 38%-i, idxalının 25%-i Cənub –Şərqi Asiya ölkələrinin payına düşür. Yapon iqtisadiy­ya­tının azsaylı dayaqlarından biri emaledici sənayenin ixrac yönümüdür. Son onillikdə ÜDM-in real artımının orta hesabla üçdə biri ixracatla təmin olunur. Yaponiya 1981-ci ildən başlayaraq xarici ticarət üzrə və qeyri ticarət cari ödənişlər üzrə daima aktiv saldoya malik idi. Bu aktiv saldo ÜDM-in 3-4%-nə bərabər idi. Xarici ticarətdə 1980/81 və 1998/99 maliyyə illərində Yaponiyanın ÜDM-da ixracatın xüsusi çəkisi dəyişməz qalaraq 10,2 və 10,3% təşkil etmiş, idxalın payı isə 10,8%-dən 7,6%-ə qə­dər azalmışdır. Ixracat payının stabilliyi xarici bazar­larda rəqabətin kəskinləşməsi və yapon hökumətinin əsa­sən daxili bazara istiqamətlənmiş inkişaf kursu ilə əla­qədar idi. Idxal payının azaldılması resurs­ların qənaət proqramının və xammal, enerji daşıyıcıları qiymətlərinin düşməsinin nəticəsi idi.

1998-ci ildə ticarət balansı rekord səviyyədə – 133,3 milyard dollara yaxın idi. Ödəniş balansının cari mad­dələr üzrə müsbət saldosu 27,4% artmış və təqribən 132,2 milyard dollara çatmışdır. Yapon ixracatının ticarət struk­turunda maşınqayırma məhsullarının payı 1998-ci ildə 74%-ə çatmış, idxalatda isə xammalın və enerji daşı­yıcılarının payı 23% olmuşdur. Hərçənd, 1975-ci ildə bu göstərici 65% idi. Buna səbəb olan amillər neft və xammal qiymətlərinin düşməsi və artımda resursların qə­naət modelinin reallaşdırılması, həm­çinin yapon kapi­ta­lının xaricə axını və Yaponiyanın xarici müəssisələrinin məhsullarının ölkəyə gətirilməsi idi. 1999 və 2000-ci illərdə malların ixracı onların idxalını uyğun olaraq 12279,5 və 10716 milyard ien üstələdi.
Xarici ticarət ekspansiyasının əks tərəfi dollara nə­zə­rən ien kursunun yüksəlməsi oldu (1980-ci illərdə 35%).1990-cı illərdə artım daha sürətli idi. Təkcə 1999-cu ildə ien 40%-dən çox bahalaşdı. Həm də bahalaşma öz yolunun yarısını iyulun ikinci yarısından başlayaraq iki aya keçdi. Yaponiya­da valyuta vəziyyətinin möhkəmlənməsi beynəlxalq hesablaş­malarda ienin iştirakının genişlənməsi ilə müşayiət olunurdu. Ien yapon ixracatı üzrə əmə­liy­yatların həcminin 34%-də, idxalat üzrə isə 12%-də istifadə olunurdu. Lakin yapon hakimiy­yəti hələ ki, ienin bey­nəlxalq valyuta qismində rolunun yüksəlməsini güclən­dirməyə cəhd göstərmir və ölkə iqtisadiyyatı üçün neqativ nəticələrdən ehtiyat edir. Təsadüfi deyil ki, beynəlxalq ehtiyatların tərkibində 66% ABŞ dolları­na, yalnız 8% yapon ieninə düşür.
Beləliklə, 1990-cı illərdə Yaponiya iqtisadiyyatının inkişafı, demək olar ki, bütün sferalarda böhran hallarının qarşısının alınmasının xroniki zərurəti ilə xarakterizə olunur.

0 şərh