5.2.3.Kredit-maliyyə institutları sistemi

Böyük Britaniyanın kredit sisteminin ikinci hissəsi bank idarələridir. Bank müəssisələri tarixən depozitlərin cəlb edilməsində ixtisaslaşdığına görə, bir çox hallarda depozit müəs­sisələr adlandırılır. Kommersiya bankları depozit fəaliy­yətlərini həyata keçirməkdən əlavə, qısa­müddətli kre­dit­lər verir, xarici ticarəti maliyyələşdirir, həmçinin əmanət­çilərin vəsaitlərini idarə edirlər. Depozit bankların müş­təri­ləri müx­tə­lif cür həm iri müəssisələr və təşkilatlar, həm də şəxsi adam­lar ola bilir. Ona görə də depozit bankları bəzən pərakəndə banklar adlandırırlar.
Klirinq banklar mühüm depozit banklara aid edilir. Bunlar klirinq (qarşılıqlı hesablama) öhdəliklərlə bağlı olan və London klirinq palatasına daxil olan ən böyük səhmdar banklardır. Şotlandiyanın üç bankı və Şimali Irlandiyanın beş bankı da London klirinq palatasına daxildir və ingilis bank­la­rının Ingiltərədə oynadıqları rolu onlar orada yerinə yetirirlər. Bu banklar arasındakı ödəniş dövriyyəsi klirinq razılaşması çərçivəsində həyata keçir. Bu isə qarşılıqlı tələblərin hesab­lanması və saldonun köçürülməsi de­məkdir.
Altı ingilis klirinq bankını fərqləndirirlər: «Barkleyz» (Barclays), «Neşnl Vestminster» (National Westminsner), «Midlend» (Midland), «Loyds» (Lloyds), «Uilyams and Qlayns» (Williams & Glynes), «Kauts» (Coutts). Birinci dörd bank böyük dördlük adlanan qrup yaratmışdır. 1960-cı illərin axırlarında iri bankların birləşməsi nəticəsində ya­ranan bu dördlük əməliyyatların 70%-nə qədərini həyata keçirir. Hal – hazırda Böyük Britaniyanın kommersiya bank­larına qoyulan bütün əmanətlərin 92%-i «böyük dörd­lüyün» payına düşür. Altı banıkn son ikisi ölkənin maliyyə institutları sistemində daha az rol oynayır və digər banklar tərəfindən nəzarət olunur. «Uilyams ənd Qlayns» bankı «Standart ənd Çarted» (Standard and Chartered) tərəfin­dən, «Kauts» bankı «Neşnl Vestminster» tərəfindən nəzarət olunur.
Sistemyaradıcı altı bankın Ingiltərədə və Uelsdə 13 mindən çox şöbəsi var. Şotlandiyada və Şimali Irlan­diyada iri ingilis banklarına filial açmaq qadağandır. Ona görə də onlar yerli depozit banklarında çoxsaylı iştiraklara malikdirlər ki, Şotlandiyadakı və Şimali Irlandiyadakı kommersiya bank­la­rının siyasətlərinə təsir göstərə bilsinlər. Bütün depozit bank­la­rın əməliyyat həcminin təqribən 90%-i və Böyük Brita­ni­ya­dakı bankların bütün sterlinq əmanətlərinin yarısı bu altı bankın payına düşür (onların törəmə şirkətləri də daxil olmaqla). Digər ölkə­lərdən fərqli olaraq, nəhəng ingilis bankları 1970-ci illərin əvvəllərində aparıcı mövqe tuturdu. Bank kartelinin müdafiəsi altında olan bu banklar 1971-ci ilə kimi heç bir rəqabəti, demək olar ki, hiss etmirdilər. Bank karteli həm faiz dərəcələrinə, həm də bankların istismar şərtlərinə nəzarət edirdi. 1971-ci ildə rəqabət və nəzarət barədə qanunverici aktın qəbul edilməs­indən və real rəqa­bə­tin bərpasından sonra bank karteli öz mövcudluğunu da­yan­dırdı. 1980-ci illərin əvvəllərində iri bankların vəziyyəti bir qədər pisləşdi. 1996-cı ildə dünyanın aparıcı 100 şirkəti arasında Böyük Britaniyanın yalnız iki bankı var idi.
Son dövrdə klirinq bankların universallaşma ten­den­siyası aktiv şəkildə üzə çıxmağa başlamışdır. Onlar daha çox qeyri-bank xidmətlərini  - sənayenin maliyyə əmə­liyyatlarına xid­məti, ixracatın hazırlanmasını və maliy­yələşdirilməsini və s. həyata keçirirlər. Klirinq bankları həyatın sığortalan­ma­sında və səyahətlərin təşkilində aktiv şəkildə iştirak edirlər. Bütün bunlar klirinq banklarını maliyyə konqlomeratları kimi xarakterizə etməyə imkan verir. Onlar üçün bank əməliy­yatları fəaliyyətin yalnız bir hissəsini təşkil edir.
Ətrafında çoxsaylı törəmə şirkətlərin qruplaşdığı «Barkleyz» bankı Böyük Britaniyanın iri bankıdır və bu xüsusiyyət digər iri banklar üçün də tipikdir. Bankın törəmə şirkətləri arasında fərqlənənlər aşağıdakılardır: 50 ölkədə 1650 filialı olan «Barkleyz Merkant Ltd» (Barclays Mercanet Ltd), sığorta şirkəti kimi fəaliyyət göstərən «Barkleyz Inşurens Servis Kompani Ltd» (Barclays Insurance Service Comrany Ltd), «Barkleyz benk trast kompani» (Barclays Bank Trust Company) və lizinq, ixracat maliyyələşməsi, faktorinq əməliy­yat­larını yerinə yetirən «Barkleyz Eksport və Faynens Kompani Ltd» (Barclays Export and Finance Company Ltd) şir­kəti.
«Neşnl Vestminster», «Loyds» və «Midlend» şirkətləri kredit kartoçkaları ilə bağlı əməliyyatlarla məşğul olan «Eksess» səhmdar şirkətinin birgə sahibləridir. «Barkleyz»in özünə məxsus olan «Barkleykard» (Bar­claycard) şirkəti var. Klirinq bankları avtobankların (av­to­mat kassa aparatlarının) geniş şəbəkəsinə malik­dirlər. Bu avtobanklar müştərilərə Böyük Britaniyanın istənilən nöq­tə­sin­də və günün istənilən vaxtında bir sıra əmə­liyyatlar həya­ta keçirmək imkanı verir: nağd pul almaq, hesabdakı qalığı öy­rən­mək, çek kitabçasını və hesabdan çıxarışı sifariş etmək.
«Jirobank» (Girobank) kimi poçt köçürmələrinin idarəetməsi üzrə bank institutunu klirinq banklarına aid etmək lazımdır. «Jirobank» borclara və iri bankların ciddi etirazlarına baxmayaraq, 1968-ci ildə poçt idarəsi tə­rə­findən yaradılmışdır. Yeni poçt və çek xidmətlərini təqdim edən «Jirobank» klirinq banklarına ciddi rəqabət təşkil edir. Artıq 1973-cü ildə onun 500 mindən çox müştərisi var idi. Bunlar sənaye müəssisələri və şəxsi adamlar idi. Köçür­mə­lərə görə yüksək və bir çox hallarda gözlənilməz rüsumlar alan klirinq banklarından fərqli olaraq, «Jirobank» təshih edilmiş və nəşr edilmiş dərəcələr əsasında haqq alır. «Jirobank» xüsusi «Merkantil Kredit» (Mercantil Credit) bankı ilə birlikdə güzəştli şərtlərlə 5 ilə qədər müddət üçün kredit təqdim edir. «Jirobank» digər ölkələrin də buna bənzər müəssisələri ilə əməkdaşlıq edir.
Maliyyə evləri də depozit banklara şamil olunur. Onlara, hər şeydən əvvəl, istehlak krediti üzrə xüsusi banklar aiddir. Bu bankların aktiv əməliyyatlarının təqribən üçdə ikisi möhlətli istehlak kreditlərinin payına düşür. Onların da 60%-dən çoxu avtomobillərin alınması üçün verilir. Istehlak kreditinin rəsmiləşdirilməsi üçün müştəri applikasiya forma­sını doldurur. Bank oradakı məlumatları analiz edəndən sonra kreditin verilmə imkanı barədə qərar qəbul edir.
Lizinq əməliyyatları daha böyük əhəmiyyət kəsb edir­lər. Maliyyə evləri, bir qayda olaraq, iri bankların və ya bu bankları öz vəsaitləri ilə müdafiə edən sığorta şir­kətlərinin törə­mə müəssisələridir. Iri maliyyə evləri əma­nətləri cəlb etmək imkanına və universal banklara trans­formasiya olun­maq imkanına malik olmaq üçün bank əmə­liyyatlarının əhatə dairəsini maksimal şəkildə geniş­ləndirməyə çalışırlar.
Ticarət mərkəzlərindəki xüsusi bank məntəqələrini də maliyyə evlərinə aid etmək lazımdır (Money Shops). Ilk belə şöbələr 1970-ci ildə yaranmışdır. Bunlar Amerikanın «First Neşnl Siti Bank of Nyu –York» (First National City Bank of New York) bankının filialları idi. Sonralar iri ingilis bank­ları da ticarət mərkəzlərində şöbələr açmağa başladılar. 1974-cü ilin sonunda onların sayı artıq 120 idi. Belə şöbələr bank­larda hesabları olmayan insanlar üçün nəzərdə tutul­muş­dur. Hər şeydən əvvəl, şəxsi adamlar üçün nəzərdə tutul­muş çek və kredit kartoçkalarının istifa­dəsi ilə müşayiət olunan inkişaf etmiş çek dövriyyəsinə baxmayaraq, 1974-cü ildə yetkinlik yaşına çatmış britaniyalıların yalnız 35%-i, 1981-ci ildə isə 57%-i cari hesablara malik idi. Fərdi kre­dit­lə­rin, yəni maddi təminatı demək olar ki, olmayan şəxsi adam­lara kreditlərin təqdim edil­məsi daha geniş yayıl­mış­dır.
Lakin maliyyə evlərinin daha çox sayı, investisiya əmə­liy­yatları da daxil olmaqla, adi bank əməliyyatlarını həya­ta keçirməyə başlayırlar. Maliyyə evləri bankların kreditləri, vek­sel­lərin uçotu hesabına, həmçinin iri sənaye və ticarət şirkət­lərinin əmanətlərinin cəlb edilməsi yolu ilə pul əldə edirlər.
Böyük Britaniyanın kommersiya banklarının digər hissəsi ticarət banklarıdır. Onlar bank əməliyyatlarını tədriclə mənimsəmiş ticarət müəssisələrində yaranmışlar. Uzun müd­dət ticarət banklarının fəaliyyətinin əsasını  aksert əməliy­yat­lar təşkil etmişdir. Bu da ticarət banklarını aksept evlər sıra­sına aid etməyə imkan verir. Bəzi müasir ticarət bankları bank əməliyyatları ilə yanaşı sənaye və ticarət funkisyalarını da yerinə yetirirlər. Belə ki, ticarət bankları əsl bank əməliy­yatları ilə yanaşı, sahibkarlara xidmət göstərir və qiymətli kağızlarla idarəetməni həyata keçirirlər. Bütövlükdə, bu institutların fəaliyyəti çoxcə­hət­lidir. Onlar xarici ticarətin maliy­yələşməsi, aksert biznesi ilə məşğul olur, korporativ borcalanları aktiv şəkildə kre­ditləşdirir, investisiyaları idarə edir, investisiya məsələləri üzrə məsləhətlər verir, maliyyə konsorsiumları təşkil edir, təsisçilik fəaliyyətində, şirkətlərin birləşməsi və udulması kampaniyalarında iştirak edir və ya vasitəçi kimi çıxış edir, valyuta bazarında və qiymətli metal­lar bazarında əmə­liyyatlar keçirir, maliyyə əməliyyatlarının aparıl­ması məsə­lə­ləri üzrə məsləhətlər verirlər. Bundan baş­qa, onlar avadan­lığın lizinqi üzrə, faktoriq üzrə əməliyyatları aktiv şəkildə genişləndirir, sığorta sferasına, möhlətli kre­dit­ləşməyə, gəmi və təyyarə fraxtı sahəsində vasitəçilik fəaliy­yə­ti­nə daxil olur, o cümlədən mülkiyyətin ida­rəetməsi ilə məş­ğul olurlar. Onların emissiya evləri qismində rolu daha nəzərə­çarpandır. Bu rol qiymətli kağız­ların yerləşdirilməsində və təkrar bazar əməliy­yatlarında vasitəçiliklə büruzə olunur. Ticarət bank­ları avroistiqrazlar bazarındakı əməliyyatlarda iştirak edir, sindikatlaşdırılmış konsorsiumların iştirakçıları olurlar.
«Rotşildlər və oğlanları» (Rotshilds & sons), «Ber­rinq Brazers» (Barrings Brother), «Lazard Brazers ənd K» (Lazard Brother & Co) və başqa ticarət banklarının 100-dən çox yaşı var. Bəzi iri klirinq bankları özlərinin xüsusi ticarət banklarına malik olur (məsələn, «Barkleyz» qrupu üçün tipik haldır), yaxud ənənəvi ticarət banklarında iştirak edirlər. Ticarət bank­larını diferensiallaşdırmaq və klirinq bank­larla müqayisə etmək çətindir, çünki onlar klirinq banklarından çox kiçik­dir­lər.
Birlikdə banklar Britaniya imperiyasının keçmiş qüd­rə­tinin simvolu olub, ölkənin dünya ticarətindəki tarixi rolunu təcəssüm etdirir. Bu bankların coğrafi yeri də onu bir daha sübut edir. Birlik bankları öz fəaliyyətlərini əsasən keçmiş müstəmləkə imperiyasının ölkələrində həyata keçirir­lər. Belə ki, «Barkleyz benk interneyşnl» (Bardays bank International) əsasən CAR-da və Karib dənizi ölkələrində, «Loyds end Bolsa interneşnl» (Loyds and Bolsa Interna­tio­nal) kontinental Avropa ölkələrində və Cənubi Amerikada, «Neşnl and Qrindleys bənk» (Pational and Grindlays Bankı) Cənubi Asiyada, Şərqi və Mərkəzi Afrikada fəaliyyət göstərirlər. Ümumilikdə, birgə bankların sayı 10-a yaxındır və onların baş kontorları Londonda yerləşir (Siti). Bu bank­ların əksəriyyətinin kapitalı Brita­niyanın maliyyə oliqar­xiyasının əllərində mərkəzləşmişdir. Iri «Standart Çarted» (Standard Charted) bankının 1360 şöbəsi, qalan bankların isə 3500 şöbəsi var. Birgə banklar əsasən «pərakəndə» depozit –borc əməliyyatları ilə məşğul olurlar. Indiki zaman­da onlar beynə­l­xalq banklara tran­sformasiya olunmuşlar.
Böyük Britaniyanın kredit sisteminin inkişafında xarici banklar da mühüm rol oynayır. XX əsrin ikinci yarısında xarici bankların sayı sürətlə artmış, yüzilliyin sonunda 500-dən çox olmuşdur. Onların birgə aktivləri Birləşmiş Krallığın bütün banklarının aktivlərinin 60%-ni üstələyir. Xarici valyu­tada olan bütün depozitlərin təqribən 80%-i xarici bankların payına düşür. Böyük Britaniyadakı bankların əksəriyyəti ABŞ-dan, Yaponiyadan, Fransadan və Almaniyadandır. Onla­rın əsas funksiyaları xarici ticarətin maliyyələşdirilməsi, investisiyaların kre­dit­ləş­diril­məsi, məs­lə­hət­lər və başqalarıdır.
Konsorsial banklar – heç biri səhmlərin nəzarət pa­ketinə malik olmayan ən azı iki ölkə bankının iştirakları ilə olan maliyyə-kredit institutlarıdır. Bunlar əsasən çoxmilli borcalanların xüsusi banklarıdır və onlara, hər şeydən əvvəl, transmilli və multimilli sənaye konsernləri aiddir. Bu növ iri banklara birtaniyalı, kanadalı və avstra­liyalı tərəfdaşlarla işləyən «Midlend and interneyşnl bank Ltd» (Midland and international bank Ltd), britaniyalı, amerikalı və yapon tərəf­daş­larla işləyən «Vestern Ameriken BenkYurop Ltd» (Western American bank Europe Ltd), yaponiyalı, brita­ni­yalı və amerikalı tərəfdaşlarla işləyən «Indastriel Kommerşiel Berl» (Industrial Commercial Barle) aiddir. Məsələ bundadır ki, bu banklar aparıcı ölkələrin bank­la­rı­nın pay iştirakı əsa­sın­da yaradılmışdır, ona görə də onlar avro­bazarda çox böyük vəsaitləri ən davamlı müddət üçün səfərbər etmək iqtida­rındadırlar. Bankların heç bir başqa növü buna qadir deyil.
Böyük Britaniyanın kredit sisteminin ikinci səviy­yəsinin son hissəsi uçot evlədiridir. Onların fəaliyyətinin özünə­məxsus xüsusiyyəti Ingiltərə Bankından kredit almaq imtiyazıdır. Adətən, uçot evləri veksellərin uçotu ilə məşğul olurdu. Onların adı da buradan götürülmüşdür. Bu insti­tutlar veksellərlə yanaşı, yerli hakimiyyət orqanlarının öhdə­liklərinin və dövlət istiqrazlarının alqı-satqı əməliy­yatlarını yerinə yetirir­lər.
Böyük Britaniyanın sair qeyri-bank xüsusi kredit - maliyyə institutlarına əmanət institutları, sığorta şirkətləri və pensiya fondları, investisiya trestləri, vəkalətli pay fond­ları, maliyyə korporasiyaları, vençur maliyyələşmə şirkətləri aid­dir.
Əmanət institutlarına öz növbəsində vəkalətli əma­nət bankı, Milli əmanət bankı, tikinti cəmiyyətləri aiddir.
Vəkalətli əmanət bankları keçmişdə yerli əmanət kassalarının rolunu oynayırdılar. Sonra onlar 16 iri regional müəssisə şəklində yenidən təşkil olunmuş, 1986-cı ildə isə va­hid səhmdar Vəkalətli əmanət bankında birləşmişlər. Fəaliy­yətinin miqyasına və kapitalına görə bu bank yalnız «böyük dördlükdən» geri qalır və kommersiya bankının bütün əsas funksiyalarını yerinə yetirir.
Milli əmanət bankı (keçmiş poçt-əmanət bankı) əha­linin əmanətlərini sayı 20 mindən çox olan poçt şö­bələrinin şəbəkəsi vasitəsilə toplayır. 1986-cı ilin axırında milli əmanət bankındakı əmanətlərin həcmi təqribən 8 milyard funt sterlinq olmuşdur.
Tikinti cəmiyyətləri 200 ildən artıq müddət ər­zində mövcuddur və onlar əhalinin əmanətlərinin böyük hissəsini toplayır. Tikinti cəmiyyətlərinin yekun aktivləri 1980-ci illər­də artmış və 130 milyard funt sterlinqi üstə­ləmişdir. Iri tikinti cəmiyyətləri aşağıdakılardır: «Qalifaks» (Halifax), «Ebbi Neşnl» (Abbey National), «Neyşnvayd» (Nation­wide) və başqaları.
Əmanət institutlarının vəsaitlərinin əsas mənbəyi əhalinin əmanətləridir.
Sığorta şirkətləri və pensiya fondları toplanmış borc kapitalını uzunmüddətli investisiyalara istiqamət­ləndirirlər. Maliyyə – kredit fəaliyyəti isə onların ixtisasına – sığorta işi­nə və şəxsi pensiya təminatına nəzə­rən ikinci dərəcəli hesab olunur. Onlar tərəfindən sə­fər­bərliyə alınan vəsaitlər 20-25 il müddətinə əmə­liyyatlara yatırılır (əsasən səhmlərə və digər qiymətli ka­ğız­lara). Sığorta şirkətlərinin və pensiya fond­la­rının hə­rəsinin yekun aktivləri 1968-ci ilin axırında 150-160 mil­yard funt sterlinq təşkil edirdi. «Royal» (Royal), «Kom­merşl yunion» (Commercial Union) və digər ingilis sığorta inhisarları dünyanın iri sığorta inhisarlarına aid edilir.
Investisiya trestləri yalnız qimətli kağız əmə­liy­yatları ilə məşğul olurlar. Onlar öz səhmlərinin və istiq­razlarının emis­siyası yolu ilə kapital cəlb edir və bu kapitalı digər şirkət­lərin qiymətli kağızlarına yatırırlar. Daxilolmaların (depozitlərin, sığorta haqlarının və s.) müntəzəm mənbəyinə malik olmayan müəssisələrin özü­nə­məxsus xüsusiyyəti bazar konyunk­tu­ra­sın­dan güclü asılılıqdır. Qiymətli kağız­ların kursları düşən zaman investisiya trestləri maliyyə çətinlikləri ilə üzləşir və itkilər verirlər.
Vəkalətli pay fondları öz ixtisaslaşmasına görə in­vestisiya fondlarına oxşardır. Onlar pul kapitalını toplayıb, qiymətli kağızlara yatırırlar. Lakin payçı öz payını istənilən zaman şirkətin müdirinə sata bildiyinə görə bu fondların kapi­talı dəyişən kəmiyyətdir, həm də payların satışının, yoxsa alışı­nın üstün olmasından asılıdır. Fondların aktiv­lərinin struk­tu­ru investisiya trestlərinin aktivləri ilə analojidir. Onların təq­ri­bən 80%-ni şəxsi şirkətlərin səhmləri təşkil edir. Bir çox vəka­lətli pay fondları banklarla və sığorta şirkətləri ilə əlaqədardır.
Maliyyə korporasiyaları borc kapitalının adi mən­bələrinə əlləri çatmayan şəxsi firmaların kredit­ləş­diril­mə­sində ixtisaslaşır. Ən iri maliyyə korporasiyaları sənayenin maliyyə korporasiyası, kənd təsərrüfatı üzrə ipoteka korpo­rasiyası və başqalarıdır.
Vençur maliyyələşmə şirkətləri əsasən XX əsrin 80-ci illərində yaranan ixtisaslaşmış müəssisələrdir. Bu şirkətlər əsas etibarilə aparıcı sahələrdə yeni və genişlənən şirkətlərin kreditləşdirilməsi ilə və iştirakının əldə edilməsi ilə məşğul olur. Bu isə böyük risklə əlaqədardır.
Böyük Britaniyanın kredit sisteminin strukturu şəkil 5.1.-də göstərilmişdir.

0 şərh