9.3.1. AB-nin büdcəsi

Avropa Birliyinin büdcəsi AB-yə üzv ölkələrin pul vəsaitlərinin dövlətlərarası mərkəzləşmiş fondunu ifadə edir və əsas maliyyə planı formasında çıxış edir. Bu plana uyğun olaraq Avropa Birliyinin vəsaitlərinin səfərbər edilməsi və xərclənməsi baş verir.

Ümumi büdcə ilk dəfə 1958-ci ildə Birliyin maliyyə xərcləri planına uyğun şəkildə hazırlanmışdır. Lakin, o dövr­dən sonra, əsasən müxtəlif büdcə mexanizmlərinin unifi­ka­siyası ilə bağlı əhəmiyyətli dəyişikliklər baş verdi. Birliklərdən hər biri – Kömür və polad üzrə Avropa birliyi, Atom enerjisi üzrə Avropa birliyi və Avropa iqtisadi birliyi ilkin olaraq öz büdcələrinə malik idi. Merqer müqaviləsinin (Merger Treaty) qüvvəyə minməsi nəticəsində 1965-ci ildə yalnız iki büdcə qaldı. Bunlar Kömür və polad üzrə Avropa birliyinin operativ büdcəsi və ümumi büdcə idi. Sonuncunun səlahiy­yət­ləri 2002-ci ildə sona çatdı və onun bütün aktivləri məda­xil və məxaricin bölgülü uçot şərtləri ilə qalan büdcəyə təq­dim olundu. Birliyin büdcəsi unifikasiya tendensiyaları ilə yanaşı, get-gedə daha avtonom olurdu. Əgər 1970-ci ilə qədər Avropanın baş mərkəzləşmiş fondu iştirakçı ölkələrin pul ayırmaları hesabına formalaşırdısa, 1970-ci ilin 21 aprel qərarı ilə (1988 və 1994-cü illərdə yeniləşdirilmişdir) ilk dəfə olaraq xüsusi resurslar sistemi tətbiq olundu. 2000-ci ilin sentyabrında AB Nazirlər şurası Avropa Birliyinin xüsusi resurslar məsələsi barədə yeni qərar çıxartdı və bu qərar 1994-cü il qərarını əvəz etdi.
1986-cı ildə vahid Avropanın büdcə münasibət­lərinin təşəkkül tarixində AB büdcə mexanizminin yenidən forma­laş­dırılmasına təkan verən hadisə baş verdi. Avropa birli­yinin genişləndirilməsi barədə danışıqların üçüncü raundu Ispani­yanın və Portuqaliyanın da onun tərkibinə daxil edil­mə­sinə, həmçinin vahid bazarın yaradılma pers­pektivləri barədə və iqtisadi, sosial harmonizasiyanın zəruriliyi barədə müzakirə­lə­rə gətirib çıxartdı. Nəticədə 1987-ci ilin fevralında AB Komis­­siyasına Avropa birliyinin fəaliyyətində maliy­yə­ləş­dirmənin dəyişdirilməsi barədə təkliflər verildi. Bu təkliflər Delor paketi (Delors package) şəklində tərtib olunmuşdur. Aşağıdakılar paketə uyğun olaraq nəzərdə tutulmuşdur:

  • AB büdcəsinin bütün xüsusi resurslarının həcminin son həddi müəyyənləşdirilirdi. Həm də, mütləq şəkildə bütün xüsusi resurslar hesaba alınır və ÜMM-in ölçü­sündən məhdud faiz müəyyənləşdirilirdi;
  • maliyyə perspektivi sistemi tətbiq olunurdu. Bu sistem əsas prioritetləri bir neçə il əvvəlcədən müəy­yənləş­di­rirdi. Maliyyə perspektivinin cari sistemi 2000-ci ildən 2006-cı ilə qədərki dövrü əhatə edir. 1988-ci ildən reallaşdırılmağa başla­nan bu sistemə əsasən, büdcə xərclərinin ikiqat hüdudu müəy­yənləşdirilirdi. Bir tərəfdən, ödənişlərin ümumi ölçüsü ÜMM-in faizi ilə məhdudlaşırdı (1,27%); digər tərəfdən, təxsisatların hər bir kateqo­riya­sının yuxarı həddi hər il yenidən nəzərdən keçirilir və müəyyənləşdirilirdi;
  • iştirakçı ölkələrin iqtisadi sistemlərindəki fərqlərin azaldılması üçün əlavə dəyər vergisi təshih olunurdu. Bu zaman üzv ölkələrin ÜMM-ində nisbi istehlak payı nəzərə alı­nır­dı;
  • kənd təsərrüfatı proqramlarının maliyyələşdirilməsi ilə bağlı xərclər maliyyə perspektivi sisteminin çərçivələri ilə məhdudlaşırdı;
  • mühüm olmayan xərclərin artırılmasının maksimal həddi tətbiq olunurdu. Bu həddin müəyyənləşdirilməsində son söz parlamentə məxsus idi. Parlament verilmiş təxsisatların ölçüsünü yalnız cüzi dərəcədə artıra bilərdi.

Islahat çox uğurlu oldu və bütövlükdə təkcə vəsait­lərin xərclənmə mexanizminin yaxşılaşdırılmasına deyil, həm də büdcə prosesinin özünün və onun idarəetməsinin təkmil­ləş­dirilməsinə gətirib çıxartdı.
AB-nin büdcə sistemi Avropa Ittifaqının vahid büd­cə­sin­dən ibarətdir. Bu büdcə bir sıra prinsiplər əsasında qurulur. Vahidlik prinsipi o deməkdir ki, AB-nin gəlirləri və xərcləri bir sənəddə toplanmalıdır və bu, ümumi resurs­ların xərc­lənmə moni­torinqinin effektivliyi barədə müha­kimə yürüt­məyə imkan verir. Avropa Birliynin büdcə müna­sibət­lərinin təşək­kül tapma tarixi bütün gəlirlər və xərclər mad­dələrinin mərhə­ləli unifikasiyasını və nəticədə vahid büdcədə toplanmasını göstərir. Universallıq prinsipi iki qaydaya əsaslanır: büdcə gəliri xərclərin ayrı-ayrı maddələrinə bağlana bilməz, bütün gəlirlər və xərclər bir -biri ilə uyğunla­dırıl­ma­dan bütövlükdə büdcəyə daxil edilməlidir. Illik prinsip büdcə əməliyyatlarının müəyyən maliyyə ilinə uyğunluğunu nəzərdə tutur. Bu, büd­cənin icrasına nəzarət üzrə Avropa komis­siya­sının fəaliy­yətini asan­laşdırır. Bununla belə, bəzən çoxillik büd­cə xərc­lərinin müəyyənləşdirilməsi tələb olunur və bu, maliyyə per­pektivi prinsipinə uyğun olaraq, illik prinsipə ziddiyyət təşkil etmir, çünki çoxillik xərclər illik büdcədə nəzərə alınır. Tarazlıq prinsipi tələb edir ki, maliyyə ilində proq­noz­laşdırılan gəlirlər həmin ilin ödənişləri üzrə təxsisat­lara uyğun gəlsinlər. Büdcənin kəsiri nəzərdə tutulmamışdır. Avropa komissiyasına öz xərclərinin ödənilməsi üçün borc­ları həyata keçirmək qadağan edilmişdir. Kəsirin ya­ranma halında (Avropa təcrü­bəsində bu, istisna haldır) onun ölçüsü növbəti ilin büdcəsinin məxaric hissəsinə keçirilir. Bir qayda olaraq, büdcə profisitlə yekunlaşır və onun aktiv saldosu gələn ilin büdcəsinin gəlirinə daxil edilir. Xərclərin spesifiklik prinsipi o deməkdir ki, təx­sisatların hər bir məbləği  konkret təyinata və əsaslan­dırılmaya malik olmalıdır.
Avropa Birliyinin büdcəsi AB-nin inkişaf siyasətinin və strategiyasının reallaşdırılmasına yardım etməyə yönəlmiş­dir və aşağıdakıları nəzərdə tutur:

  • valyuta stabilliyinin yaradılması;
  • müasir və dinamik Avropa sənayesinin inkişafı;
  • yeni texnologiyaların inkişafının stimullaşdırılması;
  • müxtəlif regionların sosial və mədəni inkişaf səviy­yələrinin bərabərləşdirilməsi.

AB-nin büdcə gəlirlərinin formalaşdırılmasının əsas prinsipləri aşağıdakılardır: birgə maliyyə məsuliyyəti prinsipi, AB-yə üzv dövlətlərin maliyyə həmrəyliyi prinsipi. Birgə maliy­­yə məsuliyyəti prinsipinə görə, AB-ə üzv olan bütün döv­lətlər AB-nin büdcə gəlirlərinin formalaş­dırıl­masında işti­rak etməyə borcludurlar. AB-yə üzv döv­lətlərin maliyyə həmrəy­liyi prinsipi o deməkdir ki, AB-yə üzv dövlətlərin üzvlük haqları onların maliyyə imkanlarına mütənasib olmalıdır.
AB-nin xüsusi resurslarına aşağıdakılar aiddir:

  1. kənd təsərrüfatı rüsumları və şəkərə, izoqlükozaya qoyu­lan vergilər. Şəkərə qoyulan vergilər şəkər bazasının tən­zim­lənməsi üçün tətbiq olunur və aşağıdakılardan ibarətdir:
  • istehsal vergisi nəzərdə tutur ki, istehsalçılar baza­rın müdafiəsi ilə bağlı xərclərə pul yatırırlar; saxlama ver­gisi şək­rin bazara müntəzəm axınına zəmanət vermək üçün saxlama dəyərinin bərabərləşdirilmə sistemini maliy­yələşdirir.
  • Itkilərin ödənilməsi üçün əlavə vergi. Məsələ bun­dadır ki, 1988-1989-cu illərdən başlayaraq, izoqlükozanın və inulinin istehsalına qoyulmuş vergilər şəkərin isteh­salına qoyulan vergilər kimi nəzərdən keçirilir;
  1. gömrük rüsumları ümumi gömrük tarifi ilə (com­mon cistoms tariff), AB-yə üzv olmayan dövlətlərdən AB-yə idxal olunan malların gömrük dəyərindən tutulur. Ayır­maların ölçüsü – ümumi gömrük tarifinin 90%-inə bə­rabərdir;
  2. ƏDV –resursları AB-yə üzv olan hər bir dövlətin ƏDV bazasına nəzərən vahid norma ilə hesablanır. Vahid norma AB-nin qaydalarına uyğun olaraq, vahid metodika ilə müəyyənləşdirilir. 1988-ci ilin iyunundan başlayaraq, vahid norma Ingiltərə tərəfindən ödənilmiş ümumi kom­pen­sasiyanı çıxmaqla, ƏDV bazasının 1,4%-ni təşkil edirdi. AB-yə üzv dövlətlərin bazası ÜMM-in 55%-dən çox ola bilməz. Xüsusi resurslar barədə yeni qərara uyğun olaraq, 1999-cu ildə ƏDV norması tədriclə 1,0%-ə qədər, son hədd norması isə 50%-ə qədər tədriclə azaldı. Büd­cənin maliyyələşdirilməsi üçün zəruri olan xüsusi re­sursların ümumi ölçüsündə ƏDV-resursların nisbi payının azaldılması nəticəsində «dördüncü resursun» artması baş verdi;
  3. «dördüncü resurs». Gəlirlərin bu kateqoriyası 1988-ci ildə tətbiq edilmiş, ÜMM-ə əsaslanmışdır və AB-yə üzv olan bütün dövlətlərin ÜMM məbləğinə nəzərən norma üzrə hesablanır. Bu, büdcə resursunu balans­laş­dıran dəyişən kə­miy­­yətdir və onun tələb norması büdcə prosedurunun gedi­şində elə tərzdə hesablanır ki, əldə edilməmiş gəlirləri ödə­yə bilsin. Bu resursun məqsədi AB-yə üzv olan hər bir döv­lətin ödədiyi payın onun real imkanlarına uyğunluğunu təmin etməkdir. Bütün gəlir, üstəgəl sair gəlirlər (AB-nin vəzifəli şəxslərinin əmək haqlarının azaldılması, vaxtı keçmiş ödə­nişlər üzrə faizlər, əvvəlki illərin cərimələri və aktiv sa­ldo­su) cari ilin büdcəsinə daxil edilmiş xərclərin maliyyələş­dirilməsi üçün tələb olunan ödənişlər üzrə ümumi təxsisatları ödəmə­lidir.

AB-də büdcə xərclərinin qurulma prinsipləri aşağıda­kı­lardır: AB-yə üzv dövlətlərin iqtisadi və sosial həmrəyliyinin möhkəmləndirilməsi (büdcə maliyyələşməsi AB-yə üzv dövlətlərin iqtisadi vəziyyətlərinin barəbər­ləş­dirilməsinə, sosial ziddiyyətlərin həllinə kömək etməlidir); həm­rəylik prinsipi; hərçənd yoxsul ölkələr maliyyə resurs­larının böyük həcmlərinə ehtiyac duysalar da, AB-yə üzv digər dövlətlər də büdcənin maliyyələşdirilməsi hüququna ma­likdirlər; büdcə intizamı prinsipi (vəsaitlərin xərclən­məsinin iqtisadi effektiv­lik prinsipi). Əgər AB-yə üzv döv­lətə maliyyə yardımının həcmi onun ÜMM-i ilə müqa­yi­sədə nəzərəçarpacaq dərəcədə çox­dur­sa, belə resurs­lardan effektiv şəkildə istifadə etmək çətin­lə­şir və bu da iqtisadiyyatdakı dəyişikliklərə gətirib çıxa­ra bilər.
Avropa inteqrasiyasının inkişafı nəticəsində AB-nin xərc­ləri əhəmiyyətli şəkildə artmış və daha hərtərfli olmuş­dur. AB büdcəsinin əsas məxaric maddələri kənd təsər­rüfatı ilə bağlı xərclər (AB-nin bütün büdcə vəsait­lərinin yarasın­dan çoxu), sosial və regional proqramlarla bağlı xərclər, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xərclər, daxili və xarici proq­ramlara, idarəetməyə, Avropa inkişaf fonduna, Kömür və polad üzrə Avropa birliyi­nə yönəldilmiş xərclərdir.
2003-cü ildə AB-nin kənd təsərrüfatı xərcləri 2002-ci illə müqayisədə 1,1% artmış və 44 milyard 780 milyon 450 min avro təşkil etmişdir. Məhz bu istiqamətdə inteqrasiya daha çox irəliləmiş və bu sahədəki daha böyük səlahiyyətlər, deməli daha böyük büdcə vəsaitləri onun üzvləri tərəfindən AB-yə verilmişdir. Aqrar siyasət aşağıdakıları nəzərdə tutur: kənd əhalisi üçün münasib həyat səviyyəsini təmin etmək; bazarları stabilləşdirmək; səmərəli istehlak qiymətlərini təmin etmək; kənd təsər­rüfatı strukturlarını modernləşdirmək. Bütün bun­lar Kənd təsərrüfatının qarantları və Avropa rəhbərliyi fon­du­nun (European Guidance and Guarantee Fund) fəaliyyət sferasını təşkil edir. Fond vahid bazarın yaradılmasının maliy­yələşdirilməsini və kənd təsərrüfatı məh­sul­larının əksər növlə­rinə vahid qiymətlərin müəyyənləş­diril­məsini təmin edir; kənd təsərrüfatı istehsalında işləyən şəxs­ləri yaşa­yış səviy­yə­sinin elə qarantları ilə təmin edir ki, digər sahələrdə işləyən­lərin həyat səviyyəsinə uyğun ola bilsin; AB-yə üzv olmayan dövlət­lərə kənd təsərrüfatı məh­sullarının ixracatının ödənil­məsini təmin edir. Ümumi kənd təsərrüfatı siyasətinin həyata keçirilməsi ilə bağlı xərclərin payı 1980-ci illərdə bütün büdcə xərclərinin üçdə iki his­səsinə çatmış, son illər isə təqribən 50%-ni təşkil etmişdir. Ümumi kənd təsər­rü­fatı siyasətinin reallaş­dırılması ixracat subsidiya­ları forma­sın­da, məhsulların müəy­yən hissə­sinin intervensio­nist qiy­mət­lərlə alışı for­masında və kənd tə­sərrüfatı istehsalı üsul­larının təkmilləş­dirilməsi və rasio­nal­­laşdırılması üçün isteh­salçılara subsidiyaların verilmə­si forma­sında həyata keçir.
Büdcədə ikinci yeri struktur əməliyyatlar tutur. Onların həcmi 2003-cü ildə 33 milyard 980 milyon avro təşkil etmişdir. Bu, əvvəlki ilin analoji xərclərinə təqribən uyğun gəlir (cəmi 0,4% artım). Əsas struktur fondları aşağı­da­kılardır: Avropa regional inkişaf fondu, Avropa sosial fondu, Kənd təsərrüfa­tının qarantları və Avropa rəhbərlik fondu, Həmrəy­lik fondu, Balıqçılıq fondu, Kömür və polad üzrə Avropa birliyinin operativ büdcəsi, Avropa inkişaf fondu, ehtiyat fondlar. Artıq 1993-cü ildə AB-yə üzv dövlətlərdə ətraf mühit və transavropa şəbəkəsinin yaradılması sahəsində xüsusi layihələrin maliyyə­ləş­­dirilməsi üçün nəqliyyat infrastrukturu sferasında həm­rəylik fondu yaradılmışdır. Bu fond əhalinin hər nəfərinə düşən ümumi daxili məhsula görə istehsalın daha kiçik gös­tə­ri­cilərinə malik olan AB-ə üzv dörd ölkənin inkişafının maliy­yələşdirilməsi üçün nəzərdə tutulmuşdur (Yunanıstan, Irlan­diya, Ispaniya və Portu­qa­liya). 1987-ci ilin büdcə isla­ha­tından sonra Birliyin struktur fondlar payı təqribən 20%--dən 36%-ə qədər yüksəlmişdir. Bununla da AB-nin fəaliyyətində regional və sosial inkişafla bağlı təxsisatlar artmışdır.
Maliyyə resurslarının  istiqamət sferasından asılı ola­raq, AB-nin xərclərini daxili proqramların maliyyələş­dirilmə xərclərinə və xarici proqramların maliyyələşdirilmə xərclərinə bölmək olar. Məsələn, 2003-cü ildə daxili proqram­lara 6 mil­yard 698 milyon 465 min avro ayrıl­mışdır. Bu, 2002-ci ilə nisbətən 6,4% az idi. Tədqiqatlarla və texnoloji inkişafla bağlı xərclər, nəqliyyat, təhsil, mədəniyyət, enerji, ətraf mühit, isteh­lak­çıların müdafiəsi və s. ilə bağlı xərclər daxili xərclərə aid edilir. 2003-cü ildə xarici proqramlara 4 milyard 859 milyon 382 min avro ayrılmışdır. Bu, təqribən 2002-ci ilin xərclərinə uyğun gəlirdi (0,3% az). Asiyanın, Cənubi Afrikanın, Mərkəzi və Şərqi Avropanın inkişaf etməkdə olan ölkələri ilə koope­rasiya üzrə xərclər, humanitar yar­dım və başqaları xarici proqramlara aid edilir. Qeyd etmək lazımdır ki, xərclər AB-yə üzv dövlətlərin öhdəlik­lə­rinin artırılma mən­bə­yinə çevril­məməsi üçün AB səlahiy­yətlərinin geniş­lən­dirilməsi (əlavə xərclərlə ifadə olunmuş şəkildə) daxili proqram­larla bağlı xərclərin simmetrik şəkildə azaldılması ilə müşayiət olunur.
AB-də inzibati aparatın saxlanması ilə bağlı xərclər nisbətən yüksəkdir və AB-nin xarici, daxili proqramları ilə uyğunlaşdırıla biləndir. Onlara əsas xərclərlə bərabər, pen­siya­ların ödənişi ilə bağlı xərclər də daxildir. 2003-cü ildə bu maddənin ölçüsü 5 milyard 315 milyon 870 min avro olmuş­dur. Bu, 2002-ci illə müqayisədə 2,7% çoxdur.
Avropa Birliyinin büdcəsi monetar, zəmanət və digər formalarda çıxış edə bilən ehtiyatların yaradılmasını nəzərdə tutur. 2003-cü idcə ehtiyatların ölçüsü 434 milyon avro təşkil etmiş və bu, 2002-ci illə müqayisədə təqribən 36% az olmuş­dur. Bu isə o deməkdir ki, gəlirlərin artımı xərclərə çata bil­mir.
Avropa Birliyinin son hissəsi bərabərləşdirici ödə­niş­lərdir. Bərabərləşdirici ödənişlər yenicə qəbul edilmiş üzvlərə yardım şəklində yönəldilir. 2003-cü ildə belə yardımların ümumi ölçüsü 3 milyavrd 386milyon avro olmuşdur.
AB maliyyə yardımının göstərilməsini təcrübədən keçirir. «Ümumi bazar» prinsipləri ilə uyğunlaşdırılan aşağıdakı maliyyə yardımı növlərindən istifadə olunur:

  • istehsalçılara nəzərən diskriminasiyanın olmaması şərti ilə, fərdi istehlakçılara göstərilən yardım;
  • təbii fəlakətlərdən gələn ziyanın ödənilməsində yar­dım;
  • əhalisinin həyat səviyyəsi aşağı olan və işsizliyin yüksək səviyyədə olduğu regionlara göstərilən yardım;
  • ümumavropa əhəmiyyətli layihələrin həyata keçirilməsinə və yaxud AB-yə üzv dövlətlərin ciddi iqtisadi çə­tin­liklərinin aradan qaldırılmasına yönəldilən yardım;
  • iqtisadi fəaliyyətin bəzi növlərinin stimullaş­dırıl­ma­sı­na və ya bəzi rayonların inkişafına yönəlmiş yardım, o şərtlə ki, bu, azad ticarət prinsiplərinin pozulmasına gətirib çıxarma­sın;
  • yardımın digər növləri. AB Şurası yardımın bu növ­ləri üzrə Avropa komissiyasının təklifi əsasında ixtisas­laşmış əksəriyyətlə xüsusi qərar çıxarır;
  • qaytarılmayan borclar;
  • güzəştli borclar. Onlar məsələn, zəif inkişaf etmiş ölkələrə iqtisadi və sosial inkişaf proqramlarının maliy­yə­ləşdirilməsi üçün verilir;
  • subsidiyalar. AB əsasən milli və şəxsi vəsaitlərdən maliyyələşdirilən layihələrə subsidiyalarla yardım göstərir;
  • dotasiyalar. Məsələn, FARE və TASIS proqramları çərçivəsində dotasiyalar bu qəbildəndir.
  • əvəzsiz kreditlər;
  • borc zəmanətləri, faiz dərəcələrinin subsidiya­laş­dırılması. AB bu alətləri nəqliyyat, telekommunikasiya, enerji infrastrukturu sahəsində Transavropa şəbəkələrinin yara­dılması və inkişafı məqsədilə istifadə edir;
  • məhdud faizlə əlaqəli kreditin təqdim olunması.

Kiçik biznesin inkişafının stimullaşdırılması üçün büdcə alətlərindən istifadəni xüsusilə qeyd etmək la­zımdır. Avropa komissiyası etiraf edir ki, effektiv şəkildə fəaliyyət göstərən xırda və orta müəssisələr şəbəkəsinin mövcudluğu vahid bazar üçün böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına kömək edir, həmçinin effektiv rəqabətin müdafiəsində və regionların balanslaşdırılmış sosial və iqtisadi inkişafının təmin edilməsində mühüm rol oynayır. Avropa komissiyası kiçik biznesə yardımın aşağıdakı növlərini təsdiq etmişdir:

  • kiçik müəssisələri yaradan şəxslərə yardımın gös­tərilməsi və bu yardımın kiçik faizli borclar və subsi­di­yalar şəklində, yaxıd zəmanətli borclar şəklində olması;
  • kiçik müəssisələrə aşağı faizli borcların verilməsi və ya investisiya şəklində istifadə olunan borclara zəmanət veril­məsi. Bu, kiçik müəssisələrin maliyyə vəsait­lərindən istifa­də etmək imkanları ilə iri şirkətlərin analoji imkan­larının eyni­ləş­dirilməsini təmin edir;
  • kiçik müəssisələr tərəfindən vençur kapitalın cəlb edilməsində dövlət yardımının təqdim edilməsi. Məsələn, Avro­pa komissiyası yardımın göstərilməsi ilə bağlı aşa­ğıdakı layihələri təsdiq etmişdir. Kiçik firmaların müvəqqəti çətin­lik­lərinin həllində ixtisaslaşdırılmış dövlət agent­liklərinin iştirakı, müəyyən dövr üçün bu şirkətlərin aktiv­lərini əldə etmiş şəxsi vençur kompaniyalarına dövlət zəma­nətlərinin tət­biq edilməsi, şirkətlərə banklarda yeni borclar almaq imkanı verən məqsədli borcların hökumətlər tərəfindən  təqdim edilməsi;
  • NIOKR üçün subsidiyaların ayrılması. Məsələ bundadır ki, kiçik firmalar NIOKR müstəqil şəkildə həyata keçirmək üçün texniki vasitələrə və peşəkar personala  malik deyillər. Ona görə də AB-yə üzv  olan bəzi dövlətlər digər müəssisələr üçün həyata keçirilən NIOKR xərc­lərinin azal­dıl­ma­sı üçün yardımın göstərilməsi layihələrini Avropa komis­siyasının razılığı ilə reallaşdırmağa başladılar;
  • innovasiya layihələrinin həyata keçirilməsi üçün hökumətlər tərəfindən kiçik və orta müəssisələrə aşağı faizli borcların verilməsi (yeni məhsulların yaradılması və ya buraxılan məhsulların radikal şəkildə yaxşılaşdırılması, yeni texnoloji proseslərin hazırlanması və ya mövcud texnoloji proseslərin radikal şəkildə təkmilləşdirilməsi). Göstərilən təd­bir­lərin texnoloji və maliyyə riskinin yüksək səviyyəsi ilə əlaqədar olaraq, belə yardım hökumətlərin müdafiəsi olma­dan həyata keçirilə bilməz;
  • enerji və resursqoruyucu tədqiqatlarla və ya neftin alternativ enerji mənbələri ilə əvəzlənməsi ilə əlaqədar olan investisiya layihələri üçün aşağı faizli borcların verilməsi;
  • menecment üzrə işlərin ödənilməsi üçün və ya kompyuterlərdən istifadə ilə məhsulun satış siyasətinin və ya məsləhətçilər tərəfindən cəlb edilmiş xidmətlərin ödənilməsi üçün kiçik firmalara subsidiyaların ayrılması.

Avropa Birliyi Kömür və polad üzrə Avropa birliyi, AIB barədə müqavilələr çərçivəsində borc-kredit əməliy­yatlarını həyata keçirir. Uzunmüddətli maliyyələşdirmə üçün AB-nin öz bank institutu var. Bu, Roma müqa­viləsinə uyğun şəkildə yaradılmış Avropa investisiya ban­kıdır. Kömür və polad üzrə Avropa birliyinin Avropa komis­siyasının xəttilə əldə etdiyi borcların əksəriyyəti şaxtaların və metallurgiya zavod­larının modern­ləş­diril­məsinə, həm­çinin kömür və polad əritmə sənayesinin zəif olduğu rayonlara konversiyaya yönəl­dil­mişdir. AB onlara təqdim olunmuş kreditləri AB büd­cəsindən olan vəsaitlərdən uyğun zəmanətlərlə borc vermək yolu ilə maliyyələşdirir. 1993-cü ildə bu əməliyyatların miqyaslarının artırılması ilə əlaqədar olaraq, xüsusi Zəmanət fondu yaradılmışdır. Verilmiş kreditlərin məbləği artdıqca Zəmanət fondunun da həcmi artacaq. Avropa investisiya bankı müxtəlif investisiya layihələrinə, xüsusilə sənayedə, energetikada və infrastrukturda zəmanətlər və borclar verir. Maliyyə yardımının əldə edilməsi üçün layihə regionun inkişafına xeyir verməli və ya AB-yə üzv bir neçə dövlət üçün və ya bütövlükdə AB üçün maraq kəsb etməlidir.

0 şərh