9.4. AB-də vergi harmonizasiyası

Avropa Birliyində vahid vergi sistemi mövcud deyil. AB büdcəsinə daxil olan büdcə ödənişləri (onların arasında ƏDV ayırmalarını, ümumi gömrük tarifini göstərmək olar) vahid vergi siyasəti və vergi sistemi barədə danışmağa imkan vermir. Bununla bərabər, regionda iştirakçı ölkələrin vergi sistemlərinin harmo­ni­zasiya prosesi, bütün inteqrasiya birli­yin­də vergi qoymanın vahid prinsiplərinin, üsul və qay­da­la­rının mər­hələli şəkildə yaradılması prosesi aktiv şəkildə həyata keçirilir. Ümumilikdə, vergi harmonizasiyası dedikdə, milli vergi sistemlərinin və onların baza elementlərinin razı­laş­dırıl­ması və unifikasiyası yolu ilə həyata keçirilən dövlət­lərarası vergi siyasətinin strategiyasını başa düş­mək lazımdır.
Avropada vergi harmonizasiya ideyası ilk dəfə 1950-ci ildə Fransanın xarici işlər naziri Şuman tərəfindən Gömrük ittifaqının yaradılması zamanı irəli sürülmüşdür. Lakin bu ide­yanı təcrübi cəhətdən reallaşdırmaq mümkün olmamışdır, çünki Gömrük ittifaqının yaradılması zamanı əsas priori­tetlər vergi qanunvericiliyindəki dispropor­siya­ların hamar­laş­dırıl­ma­sına yox, gömrük münasibətlərinin unifikasiyasına verilir­di.
Avropanın vergi harmonizasiyası tarixində növbəti mərhələ Avropa komissiyasının Memorandumu oldu. Memo­ran­dum Birliyin 1962-1967-ci illər üçün fəaliyyət proq­ramını ifadə edərək xirici ticarətdə diskriminasiyanın aradan qaldırıl­ması məqsədilə məhsulların ixracatını sti­mullaşdıran müxtəlif vergi güzəştlərinin ləğv edilməsini, sonra isə dolayı vergi qoymada, daha sonra birbaşa vergi qoymada harmo­ni­zasiyanın həyata keçirilməsini nəzərdə tuturdu. Beləliklə, Birlikdə vergi harmonizasiyasının məqsədləri müəyyənləş­dirilmişdir:

  • təsərrüfat subyektləri üçün bərabər rəqabət şərt­lərinin yaradılması məqsədilə vergi sərhədlərinin sadələş­dirilməsi;
  • Birlik ölkələrində vergi sistemləri strukturunun, əsas vergi növlərinin yığılma qaydalarının uyğunlaş­dı­rılması;
  • Birliyin daxili bazarının birləşməsi və unifikasiyası.

Gömrük ittifaqının aktiv fəaliyyətinə baxmayaraq, vergilərin harmonizasiyası üzrə real addımlar 1967-ci ilin apre­lində atılmışdır. Bu tarixdə Birliyin nazirlər Şurası iştirakçı ölkələrin 1970-ci il yanvarın 1-dən gec olmayaraq, ƏDV yığımı üzrə vahid Avropa sisteminə keçməsi barədə direktiv qəbul etmişdir. Daha sonra 1977-ci ildə mayın 17-də nazirlər Şurası tərəfindən altıncı direktiv qəbul olun­muşdur. Bu direktivdə vergi qanunvericiliklərinin ya­xın­laşması barədə ümumi mad­də­lərdən başqa, ilk dəfə olaraq ƏDV hissəsində ümumi millətlər­arası qanun­ve­riciliyin hazırlanmasına dair əsas yana­şmalar müəyyən­ləşdirilmişdir. Qaydaların ümumi məcəlləsi verginin ob­yektini, vergi məbləğinin hesablanma üsulunu, vergi yığı­mının baş verəcəyi yeri, ayrı - ayrı ölkələr üçün ver­ginin tutulmaması və güzəştlərin olması hallarını, ƏDV-nin tutulma qaydasını müəyyənləşdirirdi. Vergi tutumu üçün əsas yanaşma – «təyinat ölkə prinsipi» müəyyən­ləş­dirilmişdir. Bu prinsip idxaldan ƏDV-nin tutulmasını, ixracatın isə ƏDV-dən azad edilməsini nəzərdə tuturdu.
Vergi harmonizasiyası zamanı əsas diqqət həmişə dolayı vergiqoymaya yönəldilirdi. Belə ki, 1993-cü ildə yanvarın 1-də ƏDV dərəcələrinin harmonizasiyası barədə qərarlar qəbul edilmişdir. Bu qərarlara görə, üzv ölkələr ən çoxu iki ƏDV dərəcəsini müəyyənləşdirə bilərdilər. Standart dərəcənin minimal səviyyəsi 15%-dir. Milli ƏDV dərəcələri bu səviyyədən aşağıda ola bilməz. Yuxarı hədd təyin olun­mur. Azaldılmış dərəcə (5%) ayrı- ayrı mal və xidmətlərə, əsasən sosial əhəmiyyət kəsb edən mal və xidmətlərə təyin olunur. Güzəştli dərəcələr (həddən artıq aşağı dərəcələr), o cümlədən sıfırıncı dərəcə direktivin qəbul edilmə anında onların artıq fəaliyyət göstərdyi ölkə­lərdə tətbiq oluna bilir.
AB nazirlər Şurası aksizlərin harmonizasiyası ilə bir qədər gec məşğul oldu. Bütün aksizlər təsnifat kate­qoriya­larına görə dörd qrupa bölünmüşdür:

  • harmonizasıyaya məruz qalan aksizlər: tütün mə­mulatlarına, alkoqollu və alkoqollaşdırılmış  içkilərə, mine­­ral yağlara və onlardan hazırlanmış məhsullara, şə­kərə qoyu­lan aksizlər;
  • müəyyən mallar üzrə təyin edilməsi xüsusi eks­per­tizanın olmasını tələb edən aksizlər; qeyri-alkoqollu iç­kilərə, şəkər əsasında hazırlanmış ərzaqlara qoyulan akçizlər;
  • harmonizasiyaya lüzumu olmayan aksizlər; yerli vergi­lərin bəzi növləri və üzv dövlətlər arasındakı mal dövriy­yəsinə təsir etməyən aksizlər;
  • onlardan əldə edilən ƏDV gəlirlərini kompen­sa­siya etməklə sadələşdirilməyə ehtiyacı olan aksizlər; bəzi tropik məhzsullara qoyulan aksizlər, duza, kibritə və oyun kartlarına qoyulan aksizlər.

Beləliklə, aksizlərin strukturunun harmonizasiyası məqsəd kimi müəyyənləşdirilmişdir. AB nazirlər Şurası tə­rəfindən beş əsas aksizin dərəcə və strukturunun yaxın­laş­dırıl­ması üzrə direktivlər qəbul edilmişdir. Bunlar vergi tutumu­nun ümumi qaydalarının müəyyənləşdirilməsi yolu ilə (hesab­lama formulası, mümkün minimal dərəcələr, güzəştli dərəcə­lərin tətbiq olunma imkanı və vergidən azad olma imkanı) tünd spirtli içkilərə, şəraba, pivəyə, tütün məmulat­larına və neft məhsullarına qoyulan aksizlər idi.
Birbaşa vergilər sahəsində vergi harmoni­za­siya­sının məqsədi ümumi bazar çərçivəsində müxtəlif üzv dövlətlərin şirkətləri üçün daxili bazarın analoji hüquqi şərtlərinə uyğun olan hüquqi şərtlərin yaradılmasıdır. Hüquqi şəxslərdən tutulan vergilərin harmonizasiyası istiqamətində əsas yanaş­malar aşağıdakılardır:

  1. təşkilatların və müəssisələrin təmərküzləşməsi prose­sinə vergi maneələrinin aradan qaldırılması və bununla da dünya bazarında uğurla rəqabət aparmaq qa­bi­liyyətinə malik olan transmilli Avropa şirkətlərinin yara­dılmasının stimul­laşdırılması;
  2. korporasiya vergi bazasının hesablama üsullarına nəzərən ümumi yanaşmaların qəbul edilməsi və ikiqat vergiqoymanın ləğv edilməsi.

AB çərçivəsində birbaşa vergilərin unifikasiya mexa­niz­minin yaranması özünün ilkin mərhələsindədir. Birbaşa vergi harmonizasiyası sahəsindəki real addımlar hələ ki, cüzi­dir və Birliyin nazirlər Şurasının 1990-cı ildə qəbul edilmiş, 1992-ci ildə qüvvəyə minmiş iki direk­tivindən ibarətdir. Direktivlər müxtəlif üzv dövlətlərin şirkət­lərinin birləşməsi, ayrılması, udulması və iştirak pa­yının əldə edilməsi halla­rında vahid vergi sistemi barədə, əsas və törəmə şirkətlərin vahid vergi sistemi barədə idi. Direktivlər transmilli şirkət­lə­rin mənfəətinə dəfələrlə vergi qoymaq imkanını aradan qaldırır. Bu, ya xarici törəmə şirkətlərin köçürdükləri mənfə­ətə vergi qoymadan imtina yolu ilə, ya da əsas (ana) şirkətlər­dən vergi tutumu za­manı törəmə şirkətlərdən tutulmuş verginin qeydiyyatı vasitəilə həyata keçirilir.
Nəzərdən keçirilən direktivlərdən başqa, 1990-cı ildə öz aralarında asılı olan müəssisələrin ikiqat vergi tutu­munun aradan qaldırılması barədə Konvensiya qəbul edilmişdir. 1997-ci iln dekabrında isə vergiqoymada dav­ranış Kodeksi qəbul edilmişdir. Bu Kodeks vergiqoymada yeni güzəştlərə qadağalar yolu ilə və ya mənfəətə qoyulan vergi dərəcəsini azaldan inzibati tədbirlər yolu ilə vergi rəqabətinin tətbiq edilmə imkanını məhdudlaşdırır.
Avropa ölkələrinin vergi sistemlərinin qalan sfera­ları hələ ki, ümumavropa harmonizasiyasının kənarında yerləşir­lər. Ümumilikdə nəticə çıxarmaq olar ki, inteq­rasiya birliyin­də vahid vergi sisteminin yaradılmasının zəruri şərti vergi harmonizasiyasıdır.
Avropa Birliyinin maliyyə-kredit sisteminin təka­mülü cədvəl 9.6-da göstərilmişdir.

Cədvəl 9.6
Avropa birliyinin maliyyə-kredit sisteminin təkamülü

Illər

Hadisələr

1865-ci il

Latın monetar ittifaqının yaradılması

1873-1924

Skandinaviya monetar ittifaqının fəaliyyəti

1950

Avropa ödəniş ittifaqının yaradılması

1957

Roma müqaviləsinin imzalanması

1958

Birliyin vahid büdcəsi ilk dəfə olaraq tərtib edilmiş və icra olunmuşdur

1958-1968

Azad ticarət zonasının fəaliyyət göstərməsi

1965

Merqer müqaviləsinin qüvvəyə minməsi

1967 aprel

ƏDV-nin tutulması üzrə vahid Avropa sisteminə keçid barədə Birliyin nazirlər Şurasının direktivi qəbul edilmişdir

1968-1978

Gömrük ittifaqının fəaliyyəti

1970

Verner planı təklif olundu

1970

AB-nin vahid büdcəsinin formalaşdırlması ilə bağlı yanaşmalar dəyişdirildi

1972

«Tuneldə ilan» valyuta rejimi fəaliyyət göstərməyə başladı

1977-ci  il 17  may

ƏDV hissəsində ümumi millətlərarası qanun­vericiliyin hazırlanmasında əsas yanaşmaları müəy­yənləşdirən Birliyin nazirlər Şurasının altıncı direktivi qəbul edildi

1978-ci il 18 dekabr

Ekyü tətbiq edildi

1979-cu il 13 mart

Avropa valyuta sistemi yaradıldı

1987-ci il fevral

Büdcə islahatı

1989

Delor komitəsinin məruzəsi

1993-cü il 1 yanvar

ƏDV dərəcələrinin harmonizasiyası ilə bağlı qərarlar qəbul olundu

1993

Maastrixt müqaviləsinin qüvvəyə minməsi

1994

Avropa valyuta institutu yaradıldı

1998-ci il 1yanvar-31 dekabr

A fazası Avropa monetar ittifaqının forma­laş­dırıl­ması: «avro zonası»nın iştirakçı ölkələrinin seçimi

1998

Avropa valyuta institutu əsasında Avropa mərkəzi bankı və Avropa mərkəzi banklar sistemi yaradıldı

1999-cu il 1yanvar

Ekyü qeyri-nağd avro ilə əvəzləndi

1999-cu il 1yanvar-2001-ci il 31 dekabr

B fazası Avropa monetar ittifaqının formalaş­dırıl­ması: qeyri-nağd avronun dövriyyəsi, qanun­vericiliyin unifikasiyası

2002-ci il 1yanvar-30 iyun

C fazası Avropa monetar ittifaqının forma­laş­dırılması: «avro zonası»nın iştirakçı ölkələrinin milli valyutaları dövriyyədən çıxarılır və avro ilə əvəzlənir


European Commission Taxation and Customs Union

0 şərh