8.3.Italiyanın büdcə və maliyyə sistemləri

Italiyanın büdcə quruluşu unitardır və uyğun olaraq, ölkənin büdcə sistemi iki hissədən ibarətdir: mərkəzi büd­cədən və yerli büdcədən. Mərkəzi büdcə ölkənin elə maliyyə planıdır ki, bu planda mərkəzi hökumətin gəlirləri və xərcləri əks olunmuşdur. Gəlir hissəsinin əsas payını vergi ödənişləri (80%) təşkil edir. Italiyada qeyri-vergi daxilolmalarına birinci növbə­də özəlləşmə­dən gələn gə­lirlər, həmçinin icarə ödəniş­ləri və cərimələr aiddir.
1992-ci ildə qəbul edilmiş maliyyə qanunu özəl­ləş­dirməyə dövlətin maliyyə siyasətinin əsas aləti rolunu şamil etmişdir. Ona uyğun olaraq, əsas dövlət holdinqləri IRI (IRI) və ENI (ENI), ictimai agentliklər KREDIOP (CREDIOP) və IMI (IMI), bir sıra dövlət inhi­sarları təcili səhmləşməyə məruz qalmışlar. Özəl­ləş­mə­dən gələn vəsaitlərin bir hissəsini IRI və ENI dövlət hol­dinq­lərinə ötürmək, digər hissədən dövlət borcunun ödə­nilməsi üçün istifadə etmək nəzərdə tutulurdu. Uzun sü­rən debatlardan sonra qərara alınmışdır ki, özəlləşmə forması hər bir ayrıca hala uyğun olaraq seçilsin. Gəlirli banklar, sığorta şirkətləri və sənaye müəs­sisələri yenidən strukturlaşma baş vermədən təcili surətdə satılmaya məruz qalırdısa, ziyanlı bankların əvvəlcə yenidən struk­tur­laşdırılması nəzərdə tutulurdu. 1998-ci ildə dövlət şirkət­lərinin özəlləşdirilməsi nəticəsində 10 milyard avro əldə edilmiş­dir. Bu, 1997-ci ildə əldə edilmiş gəlirlərin təq­ribən yarısına uyğun idi. 1999-cu ildə bu gəlirlər daha da azalıb, 7,7 milyard avro təşkil etmiş, 2000-2002-ci illərdə isə özəlləş­mə­dən gələn gəlirlər yalnız 5 milyard avroya bərabər olmuşdur. Özəlləşmə temp­lə­ri­nin düşməsi əsa­sən ölkədəki ümumiqtisadi enmə ilə və səhmləşmə üçün təqdim olunan müəssisələrin cəlbedici olma­ması ilə izah olunur.

Ölkə iqtisadiyyatının inkişafında dövlətin iştirakı həmişə mərkəzi büdcədə hiss olunurdu. Dövlət kanalları vasitəsilə ÜDM-un 50%-i keçir. Ümumilikdə, Italiyanın döv­lət büdcəsinin məxaric hissəsi cari xərclərə və əsaslı xərc­­lərə bölünür. Cari xərclərə mal və xidmətlərlə bağlı xərclər, əmək haqqı ödənişləri, subsidiyalar və digər cari trans­­fertlər daxil­dir. Əsaslı xərclərə dövlətin əsaslı trans­fertləri daxildir. Ölkə­nin kifayət qədər geniş sosial siya­sətinə baxmayaraq (1997-ci ildə büdcənin 34%-i), sosial proqramlar açıq-aydın şəkildə kifayət etmir, 1990-cı illərin ortalarında ölkədə həyat səviyyəsinin aşağı düşməsi qeyd olunurdu. 1980-ci ildən başlayaraq, Italiyada yoxsulluq həddini keçmiş ailələrin və fiziki şəxslərin sayının artması baş verirdi. 1995-ci ildə onların sayı uyğun olaraq 2 milyon (hər doqquzuncu ailə) və 7 milyon (əhalinin ümumi sayının səkkizdə bir hissəsi) idi. OESR ölkələrində işsiz­liyə görə yardım orta əmək haqqının 60-70%-ni təşkil edir­disə, Italiyada bu göstərici 37-47% idi (ailədə uşaqların olub olmamasından asılı olaraq).
2001-ci iln 9 ayı ərzində Italiyanın dövlət büdcə­sinin gəlir hissəsi 1,3% artıb, 220,9 milyard avro təşkil etmişdir. Vergi daxilolmalarının artımı birbaşa vergi yığım­larının 3,4% (122,6 milyard avro) artırılması hesabına tə­min edilmişdir. Dolayı vergi yığımlarının həcmləri 3,9% (98,3 milyard avro) azalmışdır. Dövlət xərcləri də artmış­dır. Ilk yarım ildə onlar 4,3%, xüsusi halda regionlara transfertlər hesabına (+8,1%) artmışdır.
Italiya hökumətini 1990-cı illərin ortalarında narahat edən büdcə kəsiri problemi 1999-cu ildə ümumtəsərrüfat kon­yunkturasının yüksəlişi, avro kursunun aşağı düşməsi və ixracın artımı sayəsində qismən həll olunmuşdur. Büd­cə kəsirinin və dövlət borcunun dinamikası cədvəl 8.3-də əks olunmuşdur.
                                                                         Cədvəl 8.3
Dövlət büdcəsinin kəsiri ÜDM-in %-i ilə

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

-9,2

-7,7

-7,1

-2,8

-2,7

-1,8

0,3

1,1

0,5

      
Büdcə kəsirindən fərqli olaraq, dövlət borcu prob­lemini Italiya hökuməti on illərdir ki, həll edə bilmir. 1990-cı ildə başlayaraq, dövlət borcu ÜDM-in ölçülərini üstələyir (1995-ci ildə bu göstərici 125%-ə çatırdı), xarici borclar üzrə ödənişlərin həcmi cari əməliyyatların müsbət saldosu ilə bərabərləşirdi. Altı il ərzində, 1996-cı ildən 2001-ci ilə qədər dövlət borcu ÜDM-in 122,2%-dən ÜDM-in 107,5%-ə qədər ardıcıl surətdə aşağı düşürdü. Lakin bu səviyyə Maastrixt müqaviləsi ilə müəyyən­ləş­diril­miş maksimum­dan –ÜDM-in 60%-dən uzaq­dır. Qeyd etmək lazımdır ki, istənilən dövlət borc öhdəlikləri formasının seçimində çalışır ki, əsas kreditor onun öz ölkəsinin əha­lisi olsun və xarici kreditorlardan asılılıq daha az olsun. Məsələ bundadır ki, xarici kreditorlar­dan asılılıq təkcə ölkə­nin iqtisadi müstə­qil­li­yini yox, həm də suverenliyini zəif­lədir. Italiyada daxili borcların payı dövlət borclarının ümumi məbləğində 90% təşkil edir.
Italiyada büdcə prosesi aşağıdakı ənənəvi mər­hə­lələri əhatə edir: büdcə layihəsinin tərtib edilməsi (Maliyyə nazirliyi cavabdehdir); deputatlar palatasında (630 deputat) və senatda (323 senator) büdcənin müzakirəsi; prezident tərəfin­dən təsdiq edilməsi; xəzinə tərəfindən yerinə yetirilməsi; büdcənin icrası barədə Maliyyə nazir­liyinin hesabatının hazırlanması. Italiya­da icra mərhələsi (büdcə ili) iyulun 1-də başlayır və növbəti ildə iyunun 30-da başa çatır.
Italiyanın büdcə sisteminin ikinci hissəsi yerli büd­cələrdir. Ölkə inzibati cəhətdən 20 regiona, 99 əyalətə, 8100 bələdiyyəyə, 212 yerli səhiyyə vahidinə bölünür və bu da yerli maliyyə struk­turunu təşkil edir. Iyirmi region­dan beşi xüsusi statusa malikdir və bu, konstitusiya qanun­larının mövcudlu­ğu ilə ifadə olunur. Xüsusi statusa malik olan regionlara öz büdcələrinin xərclər bazasının müəyyənləşdirilməsində böyük sərbəstlik verilir.
Italiyanın büdcə sisteminin yerli səviyyələrinin məxa­ric öhdəlikləri aşağıdakı şəkildə bölüşdürülür. Səhiy­yə müəssisə­lə­rinin, şəhər salmanın, regiondaxili sərnişin nəq­liyyatının maliy­yələşdirilmə vəzifələri regionların büd­cə­lərinə aiddir. Regionların hakimiyyət orqanları tərə­findən məxaric səlahiy­yətlərinin müəyyən hissəsinin büd­cə sisteminin aşağı pilləli yerli səviyyələrə ötürülmə imka­nı qanunvericilikdə xüsusi olaraq qeyd edilmişdir. Bu, mənzil-kommunal təsər­rü­fa­tının və ya ictimai işlərin maliy­yələşdirilməsi ilə bağlı xərc­lər zamanı baş verir. Əyalət büdcələri regional əhəmiyyətli, o cümlədən su və dağ nəqliyyatının, ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin, regional əhəmiyyətli mədəniyyət qurum­la­rının və təhsil müəssisələrinin (yerli univer­si­tetlər, muzeylər, teatrlar və başqaları) maliyyələşdirilmə xərc­lə­rini həyata ke­çi­r­irlər. Bələdiyyələrin büdcə xərclərinin əsas mad­dələri yerli po­lis şöbələrinin, sosial təminat sisteminin saxlan­ması, ədliy­yə orqanları və təhsil müəssisələri üçün binaların tikintisi və sax­lanması, bələdiyyə küçələrinin və yollarının tikintisi, tə­miri və təmizlənməsi, bələdiyyənin qaz və elektrik ener­jisi ilə təmin edilməsidir. Submilli səviyyədə olan bütün büd­cələr arasında daha az xərclər yükünü əyalət büdcələri çəkir.
Yerli büdcələrin gəlirlərinin əsas mənbələri vergi daxil­olmaları, yuxarı səviyyəli büdcənin məqsədli və məqsədsiz qrantları və borc vəsaitləridir. Italiya Konstitu­siya­sında sub­mil­li büdcələrin tərkibində adı çəkilən bütün üç vəsait mən­bəyindən gələn gəlirlərin olması barədə birbaşa göstəriş var. Buna baxmayaraq, 1992-ci ilə qədər yerli büdcə gəlirlərinin əsas növü məqsədli qrantlar idi. 1992-ci ildən başlayaraq, yerlərdə hakimiyyət orqanlarının vergi səylərinin stimullaş­dırıl­ması üçün yerli büdcələrin gəlir bazasına bir neçə mərkəzi vergi daxilolma­ları daxil edilmişdir. Submilli haki­miy­yət orqanlarının bütün səviy­yələri arasında daha çox maliy­yə müstəqilliyinə malik olanlar bələdiyyələrdir. Bələdiy­yələrin büdcələrində bütün gəlir­lərin 50%-i xüsusi vergi və qeyri vergi gəlir mən­bələrinin payına düşür.
Yerli büdcələrin gəlir hissəsində vergi daxilolmaları ilə yanaşı, yuxarı səviyyəli büdcələrdən qrantlar şəklində ötü­rülən vəsaitlər də mühüm yer tutur.  Təqdim olunan qrant­lar və ya transfertlər məqsədli və qeyri məqsədli olur. Trans­fert­lərin axırıncı növü regional nöqteyi nəzərdən böyük rol oyna­mırlar. Məsələ bundadır ki, məqsədsiz transfertlər şəklində olan gəlirlər regional büdcələrin bütün gəlirlərinin ümumilikdə təqribən 3%-ni təşkil edir. Regional büdcələrə məq­sədsiz qrant­ların mənbəyi iki milli büdcə fondudur. Bunlar ümumi fond  və regional inkişaf fon­dudur. Hər iki fond regionlar ara­sında əhalinin sayına, regio­nun sahəsinə və regionda işsizliyin səviyyəsinə mü­tə­nasib şəkildə bölüşdü­rülür. Göstərilən fond­ların vəsait­ləri əsasən iqtisadi cəhətdən daha az inkişaf etmiş re­gion­­lara – ölkənin cənub regionlarına göndərilir. Mərkəzi büdcədən bələdiyyə büdcələrinə ayrılan məqsəd­siz qrant­lar daha hərtərəfli xarakter daşıyır. Bu vəsait­lərin mən­bələri üç müxtəlif fonddur. Fondlardan ötü­rülən trans­fertlər standart cari xərclərin, xüsusi məxaric proq­­ram­larının (məsələn, gənclərin məşğulluq proqram) maliy­yə­ləşdirilməsi məqsədilə və bələdiyyələrdə vergi baza­sının çatışmaz­lığının kompen­sasi­yası məqsədilə ayrılır.
Məqsədli qrantlar yerli büdcələrin gəlirlərinin əsas həcmini təşkil edir. Bu qrantalrın əsas mənbələri iki büdcə fondudur –Səhiyyənin maliyyələşdirilməsi üzrə milli fond və Milli nəqliyyat fondu. Qeyd etmək lazımdır ki, regional müəssisələr nəqliyyat və səhiyyə xidmətləri göstərmirlər. Belə ki, sərnişin nəqliyyatı bələdiyyə korporasiyalarının mülkiyyə­tin­də yerləşir, səhiyyə müəssisələri isə yerli səhiyyə dairə­lə­ri­nin balansındadır. Bununla belə, göstə­rilən xidmətlərin maya dəyəri ilə onların ödəniş gəlirləri arasındakı fərqin maliy­yələşdirilməsi regionların büdcələ­rindən həyata keçirilir.
Submilli səviyyədə olan büdcələrin növbəti gəlir hissəsi borc vəsaitləridir. Regionlara yalnız kapital xarak­terli xərclərin maliyyələşdirilmə məqsədləri üçün borcları cəlb etmək icazəsi verilir. Bu zaman borcun həcmi borc xid­mətinin nəzərə alınması ildə büdcənin xüsusi gəlir­lərinin 25%-dən çox olmamalıdır. Regionlar üçün borc mənbələri rolunu həm kommersiya bankları, həm də Depo­zit və ssuda fondları oynayır. Fondun vəsaitləri qay­tarılan və pullu əsas­da ayrılır. Italiyanın büdcə sisteminin mühüm xüsusiyyəti on­dan ibarətdir ki, mərkəzi hökumət yerli büdcələrin borc­larına görə məsuliyyət daşıyır. Yerli büdcələrin borcları müxtəlif səviyyəli büdcələr arasında dövri klirinq prosedur­larının keçirilməsi yolu ilə ödənilir. Qeyd etmək lazımdır ki, 1970-ci illərin ortalarına qədər Italiyada hakimiyyətin bələdiyyə orqanlarının borclarının mənbələrinə, həcmlərinə və şərt­lərinə kəskin nəzarət mövcud deyildi. Bu isə əsas məbləğ və ödə­niş faizləri üzrə böyük borc həcminin toplan­ma­sına gəti­rib çıxartdı. Nəticədə 1977-ci ildə bələdiyyələrin qısamüddətli borc­larını onillik dövlət istiqrazlarına konver­siya etmək qərarı verilmişdir. Bələdiyyə büdcələri tərəfindən borc vəsait­lərinin cəlb edilməsinə isə sərt nəzarət müəyyən­ləşdiril­mişdir. Xüsusi halda, cari xərclərin maliyyə­ləş­dirilməsi üçün qısamüddətli borcları cəlb etmək qadağan olun­muş, yerli büdcələrin balanslaşdırılması barədə tələblər tətbiq olunmuş və onların xərclərinin artımına ciddi nəzarət müəy­yənləş­dirilmişdir.
Italiyanın maliyyə sistemi mərkəzi büdcə ilə və yerli büdcələrlə bərabər, həm də xüsusi fondları və dövlət müəs­sisə­lərinin maliyyələrini birləşdirir. Italiyanın xüsusi fondları əsasən ölkənin daha az inkişaf etmiş cənub regionlarının müdafiəsinə istiqamətlənməklə xarakterizə olunur. 1992-ci il qanunu ilə Agentliyin Cənub məsələləri üzrə maliyyə fəaliy­yəti dayan­dırılmış, onun resursları isə dövlət nəzdində olan fonda ötürül­müşdür. Buradan da həmin resurslar büdcənin prioritetlərinə uyğun olaraq nazirliklər arasındca bölüşdürül­məyə başlandı. Sonralar, 1995-ci il qanunu ilə və AB-nin razı­lığı ilə kiçik və orta yerli müəssisələrə yardım üçün və vençur kreditləşmənin müda­fiəsi, müəssisələrin kapilanın artırılması yolu ilə zəma­nət fondu yaradılmışdır. Italiyada xüsusi fond­la­rın ölçü­sü daima artır. Bu, xüsusən 1998-ci ildə cənub region­larının müdafiəsi üzrə hökumət siyasəti çərçi­vəsində nəzərə çarpırdı. Həmin dövrdə vəsaitləri müəssisə­lərin maliyyə və vergi güzəştlərinin təqdim edilməsi üçün istifadə olunan dövlət fondları əhəmiyyətli şəkildə artmışdır.
Maliyyə sisteminin sonuncu hissəsi – büdcə siste­min­dən və xüsusi fondlardan sonra gələn hissəsi dövlət sektoru­nun maliyyəsidir. 1990-cı illərin əvvəl­lərində onun payına əlavə dəyərin 19,4%-i, inves­tisiya­ların 23,6%-i və məşğulların 15%-i (kənd təsərrüfatını nə­zərə almadan) düşürdü. Dövlət sekto­runun iqtisadiyyata yekun yatırımına görə (bu üç göstəricinin cəbri ortası kimi hesablanır) – 19,3% - Italiya yalnız Portu­qa­liyadan və Yunanıstandan (20-21%) geri qalır və Fransanı qa­baq­layırdı (17,6%). Artıq Birinci və Ikinci dünya müharibələri ara­sındakı dövrdə Italiyanın dövlət sektoru sənaye cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyəti ilə müqa­yisədə daha böyük idi. 1945-ci ildən sonra bütün aparıcı banklar və sənaye kredit sferası dövlət nəzarəti altında qaldı, milli əmanətlərin 80%-iə qədəri cəmləşdi. Dövlət holdinqi IRI təsərrüfat strukturunda hakim mövqe­lə­rini saxladı, yeni holdinqlər ENI (neft-qaz sənayesi) və EFIM (maşınqayırma) yaradıldı. Bir sıra bazis sahələri onlara istinad edərək modernləşdirilmişdir.
Böhran illərində dövlət sektoru yoxsul müəs­sisə­lərin sanasiyasını keçirir və eyni zamanda öz sərhədlərini geniş­lən­dirirdi. Bundan başqa, dövlət şəxsi sektorun və qarışıq müəs­sisələrin geniş miqyaslı büdcə müdafiəsini həyata keçirirdi. 1990-cı illərin əvvəllərində sənayenin müdafiəsi əsasən kapital tutumlu sahələrə, Cənuba və xırda müəssisələrə transfertlər şək­lində həyata keçirilir və milli əlavə dəyərin 6%-nə ekvi­va­lent məbləğdə qiymət­­lən­dirilirdi. Bu məqsədlər üçün nəzərdə tutulmuş təxsi­satların nisbi səviyyəsi AB üzrə orta göstərici ilə müqayisədə 2,4 dəfə çox, Fransa ilə müqayisədə 1,8 dəfə çox, AFR və Böyük Britaniya ilə müqayisədə 2,5 dəfə çox idi.
Italiyada dövlət təsərrüfat strukturlarının dörd növü mövcuddur:

  • büdcələri dövlət büdcələrinin hissəsi olan dövlət idarələri;
  • müstəqil büdcələri olan, nazirliklər tərəfindən hima­yə olunan, xidmətlər sektorunda və bank-sığorta sfera­sında fəaliyyət göstərən dövlət təşkilatları;
  • yerli hakimiyyət orqanlarına verilmiş kredit müəs­sisələri və bələdiyyə müəssisələri;
  • holdinqlər tərəfindən idarə olunan, fəaliyyətləri səhm­dar cəmiyyətlərin fəaliyyəti kimi eyni ictimai hüquq nor­maları ilə tənzimlənən, dövlətin iştirak etdiyi müəs­sisələr.

Italiyanın maliyyə sistemini sxematik şəkildə şəkil 8.2-də göstərmək olar.

0 şərh