4.1. Fransanın makroiqtisadi vəziyyəti

Fransız iqtisadiyyatı dünya təsərrüfatında aparıcı rollardan birini oynayır. UDM-in ölçüsünə görə Fransa dün­ya­da stabil şəkildə dördüncü yeri tutur (alıcılıq qabiliy­yəti pari­tetinin nəzərə alınması şərti ilə ÜDM-in hesablan­masında beşinci yeri tutur). Ərazisinə və əha­lisinin sayına görə Fransa Avro­panın ən iri dövlət­lə­rindəndir. Ölkənin sahəsi (metro­po­li­ya və Korsika) 551 min kv. km, əhalisi 58 milyon nəfərdir. Onla­­rın 95%-i fran­sızlar, qalanları breton­lar, basklar, katal­o­nlar, alman­lar, əlcəzairlilər, italyan­lar, portuqaliyalılar, türk­lər­dir.
Dövlətin iqtisadi inkişafını xarakterizə edən əsas göstərici – real ÜDM artımı - son illər müsbət dinamikada idi. Yalnız 1993-cü il istisna təşkil edirdi. Həmin ildə iqtisadi resessiya qeyd olunmuşdur. Məhz bu səbəbdən də 2002 və 2003-cü illərdə real ÜDM-in müsbət artım sürətinin azalması müşahidə olunmuşdur (cədvəl 4.1).
                                                               Cədvəl 4.1
Fransanın real ÜDM artımı, %


1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

0,8

1,3

-1,5

2,9

2,7

2,2

2,3

3,2

3,2

3,2

2,6

1,0

2,0

Başqa illər, xüsusən də 1990-cı illərin sonlarında əsasən daxili tələbatın artması hesabına dayanıqlı iqtisadi inkişaf baş verirdi. Belə ki, 1998-ci ildə ÜDM artımının dörddə üçü məhz bu parametrin hesabına əldə olunmuşdur. Kəskin şəkildə canlanan daxili tələbat hazır məhsul sekto­ru­na sabit müsbət təsir göstərdi. 1997-ci ilin ortasından geniş­lən­məyə başlayan şəxsi istehlak isə istehlak təyinatlı məh­sul­lar sektorunda kon­yunkturanı saxlayırdı. Istehlakın genişlən­məsi həm aşağı infl­ya­siya, həm də məşğulluğun artması ilə əlaqədar idi. Bundan başqa, əmanətlərin norması (əmanət­lərin real (əldə olunmuş) pul gəlirlərinə münasibəti) 14%-ə qədər azalmış və bu da daxili tələbatı artırmışdır. Faiz dərəcəsinin tədrici, lakin dayanıqlı azalma siyasəti də buna gətirib çıxarırdı. Belə ki, əmanət depozitlərinin nominal dərə­cəsi 1998-ci ilin axırında 3,2%-ə qədər azalmış, nəticədə istehlak artımı 4 dəfədən çox artmış və 1986-cı ildə rekord səviyyəyə çatmışdır. Daxili tələbatın ikinci ünsürü - inves­ti­siyalar da kifayət qədər dinamik şəkildə inkişaf edirdi. Onların sürəti1997-ci ilin mənfi ölçüsündən 1998-ci ilin 6%-ə qədər yüksəldi.
Iqtisadi inkişaf sürətinin 3%-ə qədər azalacağı ilə bağlı proqnozlaşmaların ziddinə olaraq, 2000-ci ildə onlar dəyiş­mədilər və avro zonasının üç aparıcı dövləti arasında ən yük­sək olaraq qaldılar (Almaniya, Italiya). Real ÜDM-in artım sürətinin 2001-ci ildə azalması əsasən dünya birliyində iqtisadi inkişafın ləngiməsi ilə izah olunur. Bütün ehtimala görə, 2015-ci ilə qədər Fransanın inkişafı Qərbi Avropa regionundakı ümumi tendensiyalara uyğun olacaq. Xüsusi halda, ortaillik inkişaf sürəti 2,4 -2,6% tərtibində proqnoz­laşdırılır.
Son onillikdə fransız iqtisadiyyatının mühüm pozitiv xarakteri aşağı inflyasiya səviyyəsidir.1994-cü ildə Fransanın iqtisadi siyasətinin prioritet istiqaməti inflyasiyanın 2%-dən aşağı səviyyəsində qiymət stabilliyi oldu. Monetar siyasətin nəticəsi olaraq, 1996-cı ildə inflyasiya 2,1%, 1997-ci ildə 1,1%  və son 40 ildə ən aşağı oldu. 1997-ci ildə sənaye məhsullarının qiyməti yalnız 0,1% artdı, xidmətlər 1,4% bahalaşdı. Ən yüksək qiymət artımı (2,5%) ərzaq məhsullarına aid idi. Illik inflyasiyanın planlaşdırıldığı kimi 2%, ÜDM artımının 3% olması üçün Fransa Bankı bütün pul kütləsinin ümumi illik artımını 5%-ə qədər məhdudlaşdırdı. Bütün bu parametrlər dayanıqlı idilər: 1997-ci ildə ümumi pul kütləsinin artımı 1,5%-i aşmamış, inflyasiya 1,1%, ÜDM-in real artımı 2,3% olmuşdur.
Əsasən Asiyanın maliyyə böhranının təsiri ilə 1998-ci ildə inflyasiya səviyyəsi 0,7%-ə, 1999-cu ildə isə 0,5%-ə düşdü. Artıq 2000-ci ildə inflyasiya səviyyəsi 1,8%-ə qalxdı. 2001-ci ildə isə inflyasiyanın 1,0 -1,6% səviy­yəsində olacağı proqnoz­laşdırılırdı.
Nəzəri olaraq, inflyasiyanın belə aşağı səviyyəsi iqtisa­diy­yatda staqnasiya prosesləri ilə nəticələnə bilər. Lakin Fransa üçün hələ ki, belə təhlükə yoxdur və bu, birinci növ­bə­də, baş­la­yan investisiya yüksəlişi sayəsindədir. Bu, istehsal güclərinin həddən artıq yüklən­məsi (87%), daxili istehlakın artması, AB ölkələrində iqtisadi artımın davam etməsi (fransız ixracının üçdə ikisi məhz oraya yönəldilir), uzunmüddətli kreditlər üzrə faiz dərəcələrinin aşağı səviyyəsi (illik 5%-dən az) ilə əlaqə­dar­dır.
Əlverişli iqtisadi konyunktura Fransada işsizliyin səviyyəsinin azalmasına gətirib çıxardı (cədvəl 4.2).
                                                                        Cədvəl 4.2
Işsizliyin səviyyəsi, işçi qüvvəsi sayının %-i

1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

9,4

10,4

11,7

12,5

12,5

12,3

12,5

11,8

11,2

9,7

8,8

8,6

Yeni iş yerlərinin yaradılması ilə bağlı hökumətin səyləri də işsizlərin sayının azalmasına kömək etdi. 1997-ci ildə 190 mir iş yeri açılmışdır. Hökumət tərəfindən xüsusi olaraq gənclər üçün 40 min iş yerinin yaradılması məqsədilə vəsait ayrıldı. 1998-ci ildə iş yerlərinin sayı 300 min çoxaldı, o cümlədən 100 min iş yeri xüsusi olaraq gənclər üçün yaradıldı. Nəticədə, məhz «gənclərin» iş­sizliyi daha çox - 1998-ci ilin 10 ayında 8,5% azaldı. 25 -49 yaş qrupunda işsiz­liyin azalması 5,3%; yuxarı yaş qru­punda isə daha az oldu.
2000-ci il yanvarın 1-də Fransada geniş ictimai rezo­nans doğuran qanun qəbul olundu. Bu qanun iş həf­təsinin 39 saatdan 35 saatadək azalmasını nəzərdə tutur­du. Bundan başqa, bu qanun çərçivəsində müəssisələr səviyyəsində sahib­kar­ların və həmkarlar ittifaqının bir sıra razılaşmaları imza­lan­mışdır. 36 saatlıq həftəyə keçid bir çox hallarda iş müd­dətinin il ərzində istifadəsinin artımına gətirib çıxarır, çünki istehsal avadanlığının istismar müd­dəti artır. Həm də iş vaxtının azalması istehsal xərclərini bir qədər artırmış və məhdud çevikliklə fəaliyyət göstərən müəs­sisələrin rəqabətə­davamlılıq qabiliyyətinə təsir et­miş­dir. Kiçik müəssisələrdə məhsuldarlığın artırılmasına nail olmaq çətindir, çünki onlar əməyin başqa təşkilini tətbiq etmək üçün çox kiçikdirlər. Müvəqqəti müqavilələrlə işləyənlər əmək bazarında vəziyyətin müəyyən mənada pis­ləşməsini hiss etsələr də, bu hal infor­ma­siya xid­mətlərinə və tikinti sənayesində olan tələ­batla qismən kompensasiya olundu. Bu tip işçilərdən ənənəvi olaraq belə sahələrdə istifadə olunur. Nəhayət, saathesabı ödə­nişin bun­dan sonra avtomatik şəkildə yüksəlməsi iş həftəsinin əvvəlki müd­dətini saxlayan müəssisələrə pis təsir göstərdi. Ona görə də 2002-ci ildə 35 saatlıq iş həf­təsini orta və kiçik müəs­sisələrdə daha çevik şəkildə tət­biq etmək tövsiyə edilmişdir.
Fransız iqtisadiyyatı xarici əlaqələr üçün geniş açıl­mışdır. Fransa xidmətlərin və kənd təsərrüfatı məh­sul­larının ixra­cına görə dünyada ikinci yeri, sənaye məh­sul­larının ixra­cına görə isə (əsasən avadanlıqlar) dördüncü yeri tutur. Fransanın əsas xarici iqtisadi tərəfdaşları Av­ropa Birliyinin üzvləridir. Ölkənin mal dövriyyəsinin 63%-i və fransız ixra­cının  60%-i AB ölkələrinin payına düşür. Fran­sanın AB ilə müsbət ticarət saldosu 1998-ci ildə 63 mil­yard franka çatdı (9,6 milyard avro). Almaniya Fran­sa­nın prioritet ticarət tərəfdaşıdır (ixracın 16%-i, idxalın 20%-i). Ikinci yerdə Italiya (12%), sonra Irlandiya və Niderland gəlirlər. Fransanın ticarət dövriyyəsində ABŞ-ın xüsusi çəkisi 6,1%-dir.
Hesab olunur ki, ölkənin davamlı iqtisadi inkişaf səbəb­lərindən biri məhz fransız ixracının sürətli artımıdır (1997-ci ilin yekunlarına görə, təqribən 12%). Belə ki, 1997-ci ildə cari ödəniş balansının müsbət saldosu 220 milyard frankı keçmiş və son 5 ildə ən böyük olmuşdur. 1999-cu ildə müsbət ticarət saldosu 124 milyard franka çatmışdır (18,9 milyard avro). Məhsul ixracı 1998-ci ildə 1814,5 milyard franka çatmış və ÜDM-un 26%-ni təşkil etmişdir.
Fransa üçün xarakterik cəhət birbaşa investisiyalar daxil olmaqla, kapitalalların ixrac tendensiyasıdır. 1997-ci ildə xaricdəki fransız portfel investisiyaları 413,5 milyard frankı ötüb keçmiş, o cümlədən 257,4 milyard frank istiq­raz­ların alın­masına sərf olunmuşdur. Fransız rezidentləri 158 milyard frank məbləğində xarici səhmlər və ida­rə­etmədə iştirak etmək hüququ verən qiymətli kağızlar əldə etmişlər. Fran­sız rezident­lə­rinin birbaşa xarici inves­tisi­yalarına gəlincə, 1997-ci ildə onlar 181 milyard frankı aşmışdır. Bir­başa xarici investisi­ya­ların ölçüsünə görə Fransa Yaponiya ilə yanaşı dünyada lider olmuşdur.
Bununla belə, ölkə xarici tərəfdaşlar üçün də inves­ti­siya cəlbediciliyini saxlayır. Fransa 1997-ci ildə birbaşa xarici investisiyaların həcminə görə (122,5 milyard frank) ABŞ, Böyük Britaniya və ÇXR-dan sonra dünyada dör­düncü yeri tut­muşdur.1997-ci ildə qeyri rezidentlər fransız qiymətli kağızlarına 257 milyard frank, o cümlədən 149 milyard frank səhmlərə və digər assimlyasiyalı qiymətli kağızlara yatır­mışlar. Asiyadakı fond  bazarında böhranın başlanmasından sonra qeyri-rezidentlər öz vəsaitlərini bu qiymətli kağızlara daha aktiv şəkildə yatırtmağa başla­dılar. Haqqında yuxarıda danı­şı­lan investisiya yüksəlişi məhz Fransadakı xarici investorlar sayəsində  təmin edilmişdir. Belə ki, təkcə 1997-ci ildə onlar Fran­sa­da 360 iri investisiya layihəsi çərçivəsində 24 mindən çox iş yeri açmışlar.
Fransa Bankının məlumatlarına görə, 1997-ci il yan­varın 1-də birbaşa xarici investisiyalar 753,8 milyard frank təşkil edirdi. Onlar əsasən AB ölkələrindən daxil olurdu (64%). Investorlar arasında birinci yeri ABŞ tuturdu (152,3 milyard frank və ya 20,2%). Fransada birbaşa xarici inves­ti­si­yaların əsas tətbiq olunma sferaları müxtəlif holdinqlər (20,5%), kredit müəssisələri (17,5%), xüsusi halda bank müəs­si­sə­ləri (9,2%), kimya sənayesidir (12%). Dinamik ixracat, qeyri rezidentlər tərəfindən fran­sız qiymətli kağızla­rının alış həcminin artırılması, xarici turizmdən gələn böyük daxil­olma­lar cari ödəniş balansının müsbət saldosunun 2 dəfə artırılma­sına imkan verdi. Bu göstərici təqribən 232 milyard frank oldu və 1998-ci ildə Asiya böhranının təsiri altında bir qədər azaldı.
2015-ci ilə qədər ölkədə iqtisadiyyatın pozitiv dina­mi­kası üçün ixracın heç olmasa indiki göstəricilərini saxlamaq zəruridir. Bu, hakimiyyət qarşısında dünya tələbatına daha aktiv adaptasiya olunma vəzifəsini qoyur. Dünya tələbatında isə aparıcı elm məhsullarının əhə­miyyəti daha da güclənəcək. Fransa hələlik bu məsələdə geri qalır. Milli ixracatda maşın və avadanlıqların payına 48% düşür. ABŞ və AFR ilə müqayisə­də bu, çox azdır. Əksinə, emal səviyyəsi daha aşağı olan məh­sul­ların xüsusi çəkisi  əsas rəqiblərlə müqayisədə daha çoxdur. Hələ 1950-ci illərin əvvəllərində səhv olaraq seçilmiş ümum­təsərrüfat və sənaye ixtisaslaşmasının çatış­maz­­lıq­­larından yaxa qurtarmaq üçün Fransa, hər şeydən əvvəl, şəxsi biznesin rəqabətədavamlılıq qabiliyyətini yüksəlt­məlidir. Bunun üçünsə onun konsentrasiyası tələb olunur.

0 şərh