Fitrənin zəkatı

Məsələ 1999: Ramazan bayramının axşamı, günəş batdığı vaxt həddi-buluğ və ağıllı olub, bihuş və başqasının qulu olmayan şəxsə, özü və onun çörəyi ilə dolanan şəxslərin hər biri üçün, bir sa təqribən 3 kiloqram — öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.
Məsələ 2000: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini ödəyəcək bir şəxsi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir.
Məsələ 2001: İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, müsəlman olsunlar ya kafir, onların xərclərini vermək ona vacib olsun ya olmasın, onun şəhərində ya başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin.
Məsələ 2002: Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir.
Məsələ 2003: Ramazan bayramı gecəsi, gün batmazdan əvvəl ev sahibinin razılığı ilə gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar.
Məsələ 2004: Ramazan bayramı gecəsi gün batmazdan əvvəl, ev sahibinin razılığı olmadan onun evinə gəlib bir müddət onun yanında qalan qonağın fitrəsini vermək ehtiyata əsasən vacibdir. İnsanı, onun xərcini verməyə məcbur edilən şəxsin də fitrəsi eyni hökmü daşıyır.
Məsələ 2005: Ramazan bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, vacib ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir. Əks təqdirdə, hərçənd gün batmazdan əvvəl dəvət edilmiş olub, onun evində iftarını açmış olsa belə, vacib deyildir.
Məsələ 2006: Ramazan bayramı axşamı, gün batdığı vaxt, dəli olan şəxsin dəliliyi bayram günün zöhrünə qədər qalarsa, ona fitrə zəkatı vermək vacib deyildir. Əks təqdirdə vacib ehtiyata əsasən fitrənin verilməsi lazımdır.
Məsələ 2007: Əgər gün batmazdan əvvəl, uşaq həddi-buluğa çatarsa və ya dəli ağıllanarsa və ya fəqir dövlətli olarsa, fitrənin vacib olma şərtlərinə malik olduğu təqdirdə gərək fitrə zəkatı versin.
Məsələ2008: Ramazan bayramı axşamı, gün batdığı vaxt, fitrə zəkatı vacib olmayan şəxs, əgər bayram gününün zöhrünə qədər, fitrənin vacib olma şərtləri onda görünsə, vacib ehtiyat odur ki, fitrənin zəkatını versin.
Məsələ 2009: Fitr bayramı gecəsi, gün batandan sonra müsəlman olmuş kafirə fitrə vacib deyil, amma şiə olmayan müsəlman Ayı gördükdən sonra şiə olsa, gərək fitrə zəkatını versin.
Məsələ 2010: Fəqət bir sa (təqribən 3 kq) buğda və bu kimi şeylərə malik olan şəxsə, müstəhəbbdir ki, fitrə zəkatı versin. Ailəsi olub, onların da fitrə zəkatını vermək istəsə, o bir saı fitrə niyyəti ilə ailə üzvlərindən birinə verər, o da bu niyyətə bir başqasına verib, bu cürə ailəsinin axırıncı üzvünə qədər dolandırar. Axırıncı şəxsin də aldığı şeyi özlərindən olmayan bir başqasına verməsi daha yaxşıdır. Əgər onlardan biri balaca uşaqdırsa, uşağın vəlisi onun yerinə ala bilər. Amma ehtiyat odur ki, uşaq üçün aldığı şeyi başqasına verməsin.
Məsələ 2011: Ramazan bayramı gecəsi, gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun zəkatını vermək vacib deyil. Lakin vacib ehtiyat odur ki, gün batandan bayram gününün zöhrünə qədər onun çörək yeyəni hesab edilirsə, fitrəsini verməsin.
Məsələ 2012: Əgər insan birinin çörək yeyəni olub, gün batmazdan əvvəl başqasının çörək yeyəni olsa, onun fitrəsi sonrakı şəxsə vacibdir. Məsələn; əgər qız, gün batmazdan əvvəl ər evinə getsə, gərək əri onun fitrəsini versin.
Məsələ 2013: Fitrəsinin başqası tərəfindən verilməsi lazım olan şəxsin öz fitrəsini verməsi vacib deyildir.
Məsələ 2014: Əgər insanın fitrəsi birinə vacib olsa və fitrəni verməsə, vacib ehtiyata əsasən, 1999-cu məsələdə deyildiyi şərtlərə malik olduğu təqdirdə, öz fitrəsini versin.
Məsələ 2015: Fitrəsi başqasına vacib olan şəxs, öz fitrəsini versə, onun fitrəsi başqasına vacib olan şəxsin boynunda qalır.
Məsələ 2016: Xərci əri tərəfindən ödənilməyən bir qadın, əgər başqa bir şəxsin çörək yeyəni sayılarsa, fitrəsi onun boynuna vacibdir. Əgər başqa bir şəxsin çörək yeyəni sayılmasa, belə ki, fəqir də olmazsa, fitrəsini özü verməlidir.
Məsələ 2017: Seyid olmayan şəxs, seyidə fitrə verə bilməz. Hətta seyid olmayan bir şəxs onun çörəyini yeyən bir seyidin fitrəsini başqa bir seyidə verə bilməz.
Məsələ 2018: Ana ya dayədən süd əmən uşağın fitrəsi, ana ya dayənin xərclərini verən şəxsə aiddir. Lakin əgər ana ya dayə öz xərclərini uşağın malından götürsələr, uşağın fitrəsi heç kəsə vacib deyil.
Məsələ 2019: İnsan ailəsinin xərclərini haram maldan versə də, gərək onların fitrəsini halal maldan versin.
Məsələ 2020: Əgər insan, bənna, xarrat və xidmətçi kimi əcir tutduğu şəxsin, onun çörəyini yeyən hesab olunacaq şəkildə xərclərini verərsə, gərək onun fitrəsini də versin. Amma əgər, fəqət onun işinin ücrətini verərsə, onun fitrəsini vermək ona vacib deyildir.
Məsələ 2021: Əgər bir şəxs, Ramazan bayramı gecəsi, gün batmazdan əvvəl ölərsə, onun və ailə üzvlərinin fitrəsini onun malından vermələri vacib deyildir. Amma əgər gün batandan sonra ölərsə, üləmanın çoxu, onun və ailə üzvlərinin fitrəsini onun malından vermələrinin lazım olduğunu demişlər. Amma bu hökm işkalsız deyildir. Ehtiyata əsasən tərk edilməsin.

FİTRƏ ZƏKATININ XƏRCLƏNMƏSİ


Məsələ 2022: Fitrə zəkatı vacib ehtiyata əsasən, mal zəkatına müstəhəqq olanların şərtlərini özündə cəm edən, yalnız şiə fəqirlərə verilməlidir. Amma əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların fəqirlərinə də verə bilər. Amma hər təqdirdə gərək nasibiyə (Əhli-Beytlə düşmənlik edənə) verilməsin.
Məsələ 2023: Əgər bir şiə uşağı fəqir olsa, inşan fitrəni onun xərcinə çatdıra bilər ya uşağın vəlisinə vermək vasitəsilə uşağın mülkü edə bilər.
Məsələ 2024: Fitrə verilən fəqirin adil olması lazım deyildir. Lakin vacib ehtiyata əsasən, şərab içən, namaz qılmayan və aşkara günah edənə fitrə verilməsin.
Məsələ 2025: Fitrəni günah işlərdə xərcləyən şəxsə, gərək fitrə verilməsin.
Məsələ 2026: Müstəhəbb ehtiyat odur ki, bir fəqirə bir sadan (təqribən 3 kq) az fitrə verilməsin, lakin əgər çox verilsə, eybi yoxdur.
Məsələ 2027: Qiyməti adi qiymətdən iki dəfə artıq olan maldan, məsələn; adi buğda qiymətindən iki dəfə artıq olan buğdanın yarım saını versə, kifayət deyildir. Hətta əgər onu fitrə qiyməti məqsədi ilə də versə, kifayət deyildir.
Məsələ 2028: İnsan eyni cinsdən yarım saını, məsələn; buğdadan və onun başqa yarısını isə arpadan verə bilməz, əgər onu fitrə qiyməti məqsədilə də versə, kifayət deyildir.
Məsələ 2029: Fitrə zəkatını verdikdə öz fəqir qohumlarını qonşularından üstün tutmaq müstəhəbbdir. Elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün tutmaq daha yaxşıdır.
Məsələ 2030: Əgər insan birinin fəqir olmasını xəyal edib ona fitrə versə, sonra fəqir olmadığını başa düşsə, belə ki, ona verdiyi mal aradan getməmiş olsa, gərək geri alıb müstəhəqqə versin, əgər ala bilməsə, öz malından fitrənin əvəzini verməlidir. Əgər verdiyi şey aradan getmişdirsə, fitrəni alan şəxs aldığı şeyin fitrə olduğunu bilirdisə, onun əvəzini verməsi lazımdır. Əgər bilməsə onun əvəzini vermək ona vacib deyil və insan gərək fitrəni yenidən versin.
Məsələ 2031: Bir şəxsin «mən fəqirəm» deməsi ilə ona fitrə verilə bilməz. Amma onun sözündən insana xatircəmlik hasil olarsa və ya əvvəldən onun fəqir olduğun bilərsə, ona fitrə verilə bilər.
 

FİTRƏ ZƏKATININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ


Məsələ 2032: İnsan gərək fitrənin zəkatını qürbət məqsədilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək üçün versin. Onu verən zaman fitrə vermək niyyətini etsin.
Məsələ 2033: Əgər Ramazandan əvvəl fitrə versə, səhih deyildir və yaxşısı odur ki, Ramazan ayında da fitrəni verməsin. Lakin əgər Ramazandan əvvəl bir fəqirə borc versə və ondan sonra fitrə ona vacib olsa, öz borcunu fitrə əvəzi hesab etsə, maneəsi yoxdur.
Məsələ 2034: Fitrə üçün verdiyi buğda və ya başqa bir şey, bir mala yaxud torpaqla qarışıq olmamalıdır. Əgər qarışıbsa, onun safı bir sa olsa və ayırmadan istifadəsi mümkün olsa və ya ayırmaq artıq bir fövqəladə zəhmət istəməzsə ya da qarışıq olan şey etina edilməyəcək qədər az olarsa, eybi yoxdur.
Məsələ 2035: Əgər fitrəni qüsurlu bir şeydən versə, vacib ehtiyata əsasən, kifayət deyildir.
Məsələ 2036: Bir neçə nəfərin fitrəsini verən adamın hamısının bir maldan verməsi lazım deyildir. Məsələn; bəzisinin fitrəsini buğda və bəzisinin fitrəsini arpa versə, kifayətdir.
Məsələ 2037: Fitr bayramı namazını qılan, vacib ehtiyata əsasən, gərək bayram namazından əvvəl fitrəni versin. Lakin əgər bayram namazı qılmasa, fitrəni zöhrə qədər gecikdirə bilər.
Məsələ 2038: Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub, bayram günü zöhrə qədər müstəhəqqə verməsə, onu hər vaxt versə, fitrə niyyəti etsin.
Məsələ 2039: Əgər fitrə zəkatını vermək vacib olduğu zaman fitrəni verməsə və kənara da qoymasa, ehtiyata əsasən sonradan əda və qəza niyyəti etmədən fitrəni versin.
Məsələ 2040: Əgər fitrəni kənara qoysa, onu özü üçün götürə bilməz və başqa malı fitrə üçün qoya bilməz.
Məsələ 2041: İnsanın fitrəsinin qiymətindən artıq olan bir malı olsa, fitrə verməyib, bu malın bir qisminin fitrə üçün olmasını niyyət edərsə, işkallıdır.
Məsələ 2042: Əgər fitrə üçün qoyduğu malı aradan getsə, belə ki, fəqirə əl çatıb və o fitrəni gecikdirsə və ya qorumaqda səhlənkarlıq etsə, gərək əvəzini versin. Əgər fəqirə əl çatmasa və ya qorumaqda səhlənkarlıq etməsə, zamin deyildir.
Məsələ 2043: Əgər öz yerində müstəhəqq tapsa, vacib ehtiyat odur ki, fitrəni başqa yerə aparmasın, əgər başqa yerə aparsa və tələf olsa, gərək onun əvəzini versin.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh