İcarə hökmləri

Məsələ 2181: İcarə verən və icarəyə götürən şəxslərin ağıllı və baliğ olmaları və öz ixtiyarı ilə icarə qurmaları gərəkdir. Həmçinin onlar öz mallarından istifadə haqqına sahib olmalıdırlar. O halda səfeh olan şəxs öz malından istifadə haqqına sahib olmadığından bir şeyi icarəyə götürə bilməz və ya icarəyə verə bilməz. Həmçinin iflas etmiş olan bir şəxs istifadə haqqı olmadığı mallardan bir şeyi icarəyə verə bilməz və ya onunla bir şeyi icarəyə götürə bilməz. Amma özünü başqasına əcir edə bilər.
Məsələ 2182: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarəyə verə bilər və ya onun üçün bir malı icarəyə götürə bilər.
Məsələ 2183: Uşağın vəlisi və qəyyumu uşağının malını icarəyə versələr ya uşağın özünü başqasına əcir versələr, maneəsi yoxdur. Əgər uşağın həddi-buluğa yetişmə müddətini də əcir olma müddəti qərar versələr, uşaq həddi-buluğa çatdıqdan sonra icarənin qalanını poza bilər, baxmayaraq ki, əgər uşağın həddi-buluğa çatan zamanı, icarənin müddətindən hesab etməsəydi, uşağın məsləhətinin xilafına olardı. Bəli, əgər şərən lazım olan məsləhətə xilaf olsa, yəni bildiyimiz məsləhət odur ki, müqəddəs şəriət onun tərk olunmasına razı deyil, bu halda əgər icarə, şəri hakimin izni ilə olsa, uşaq həddi-buluğa çatandan sonra, icarəni poza bilməz.
Məsələ 2184: Vəlisi olmayan kiçik bir uşaq müctəhidin icazəsi olmadan əcir tutula bilməz. Əgər müctəhid olmazsa, adil bir möminin icazəsi alınaraq o uşaq əcir tutula bilər.
Məsələ 2185: İcarə verənin və ya icarəyə götürənin icarə əqdini ərəbcə oxumaları o qədər də lazım deyil. Amma əgər mülkün sahibi bir şəxsə «bu malı sənə icarəyə verdim» deyərsə, o da «qəbul etdim» — deyərsə, icarə səhihdir. Hətta heç danışmadan mal sahibi icarəyə vermək qəsdi ilə malı icarəyə götürənə verir və o da icarəyə götürmək qəsdi ilə alırsa, icarə səhihdir.
Məsələ 2186: Əgər insan icarə əqdi oxumadan bir iş görmək üçün əcir olmaq istərsə, o işə başladığı təqdirdə icarə səhihdir.
Məsələ 2187: Danışa bilməyən şəxs, əgər işarə ilə mülkü icarəyə verdiyini və ya icarəyə götürdüyünü başa salarsa, icarə səhihdir.
Məsələ 2188: Bir ev, dükan, gəmi və ya otağı icarəyə götürdüyü zaman, mülk sahibi onlardan sadəcə icarəçinin özünün istifadə etməsini şərt qoyarsa, icarəçi onları başqasına icarəyə verə bilməz. Amma əgər icarə özünə məxsus olsa, məsələn; bir ev və ya otağı icarəyə götürmüş olan qadının evlənib sonra o ev və ya otağı özünün olaraq qalması üçün ərinə icarəyə verməsi kimi. Amma əgər mülk sahibi belə bir şərt qoymamışsa, onu başqasına icarəyə verə bilər (əlbəttə, mülkü ikinci icarəçiyə təslim etməsi üçün mülk sahibindən icazə almalıdır). Əgər icarəyə aldığı mülkü icarə etdiyi haqdan çox icarəyə vermək istəsə, hərçənd icarə başqa cinsdən olsa belə, onda təmir və ya digər işlər görməlidir ya da onu mühafizə etmək üçün bir zərərə dözümlü olmalıdır.
Məsələ 2189: Əgər əcir sadəcə əcir olduğu şəxsə işləyəcəyini şərt qoymuşsa, əvvəlki məsələdə izah olunan haldan başqa, əcir tutan onu başqasına əcir verə bilməz. Amma belə bir şərt qoymamışsa, onu başqasına əcir verə bilər. Amma ona ücrət olaraq təyin etdiyi şey qiymət baxımından əcir olan şəxsə verdiyi haqdan çox olmamalıdır. Həmçinin əgər özü başqasına əcir olmuşsa və o işi görmək üçün başqa birini öz ücrətindən daha az bir miqdara əcir tutmaq istərsə, hökm eynidir. Lakin əgər o işin bir miqdarını özü görmüş olsa, başqasını öz ücrətindən daha az əcir tuta bilər.
Məsələ 2190: Əgər ev, dükan, otaq, gəmi əv əcirdən başqa bir şeyi, məsələn; bir yeri icarələyərsə və mülkün sahibi də «sadəcə özün istifadə etməlisən» — deyə bir şərt qoymamışsa, onu öz icarələdiyindən çox icarəyə verərsə, bu icarənin səhih olması mübahisəlidir.
Məsələ 2191: Əgər ev və ya bir dükanı, məsələn; illik yüz manata icarəyə götürərsə, onun yarısından özü istifadə edib, yarısını da yüz manata icarəyə verə bilər. Amma əgər onun yarısını icarəyə götürdüyündən daha çox yüz iyirmi manata kirayəyə vermək istərsə, onda orada təmir işi kimi bir iş görməlidir.
 

KİRAYƏ VERİLƏN MALIN ŞƏRTLƏRİ


Məsələ 2192: İcarəyə verilən malın bir neçə şərti vardır:
  1. Müəyyən olmalıdır; başqa sözlə, əgər «evlərimdən birini sənə icarəyə verdim» — deyərsə, doğru deyildir.
  2. İcarəçi onu görməli, ya da icarəyə verən onun xüsusiyyətlərinin hamısını aydın şəkildə söyləməlidir.
  3. Onun təslim edilməsi mümkün olmalıdır. Buna görə qaçmış olan bir atı icarəyə vermək, icarəçinin onu tuta bilmək imkanı olmazsa, batildir və tuta bilmək imkanı varsa, səhihdir.
  4. 4. İstifadə olunarkən zay olan bir şey olmamalıdır. Buna görə çörək, meyvə və digər yeməkləri icarəyə vermək doğru deyildir.
  5. Malın icarəsindən istifadə mümkün olmalıdır. Buna görə əkin üçün icarəyə verilən bir tarlanın sulanmasına yağış suyu yetişmirsə, çay suyu da çatmazsa, icarə səhih deyildir.
  6. İcarəyə verdiyi şey öz malı olmalıdır. Əgər başqa birinin malını icarəyə verirsə, onun sahibinin razılığı olduğu vaxt səhih sayılır.
Məsələ 2193: Meyvəsindən istifadə etmək üçün ağacını icarəyə vermək ağacın meyvəsi yetişməmiş səhihdir. Bir heyvanı südündən istifadə üçün icarəyə vermək də eyni hökmü daşıyır.
Məsələ 2194: Qadın südündən istifadə üçün əcir ola bilər. Ərindən icazə alması da lazım deyil. Amma süd verməklə ərinin haqqı zay olursa, ərindən icazəsiz əcir ola bilməz.
 

MALIN İCARƏSİNDƏN İSTİFADƏ ETMƏYİN ŞƏRTLƏRİ


Məsələ 2195: Malın icarəsindən istifadən dörd şərti vardır:
  1. Halal olmalıdır; dükanı şərab satışı və ya onun saxlanması üçün icarəyə vermək və ya heyvanı şərab daşımaq üçün icarəyə vermək batildir.
  2. O iş şəriət nəzərində havayı olaraq vacib olmamalı; lazım ehtiyata görə halal və haram hökmlərini öyrətmək ilə ölünün kəfən-dəfn işləri bu cürdür. Başqa sözlə bu işlər üçün əcir olmaq caiz deyildir. Ancaq ehtiyata görə o istifadəyə pul vermək camaatın nəzərində hədər yerə gedən pul kimi sayılmalıdır.
  3. İcarəyə verilən şeyin neçə istifadəsi olursa, icarəyə götürən onun hansı cəhətindən istifadə edəcəyini bildirməlidir; məsələn, həm minilən, həm də yük daşınılan bir heyvan icarəyə verilirsə, icarə etmə zamanında minilməsinin və ya yük daşınmasının ya da bütünlükdə hər iki cəhətinin icarəyə götürənə aid olduğu bildirməlidir.
  4. İstifadəsinin miqdarı bildirilməlidir. Bu isə icarənin müddətini bildirməklə olur. Ev və dükanın icarə verilməsində olduğu kimi ya da işin aydınlaşdırılması ilə olar. Məsələn; dərzi ilə bəlli bir libası, məxsus bir tərzdə tikməsi qərarlaşdırılır.
Məsələ 2196: Əgər icarə müddətinin başlanğıcını müəyyən etməzlərsə, onun başlanğıcı icarə əqdinin bitməsindən etibarən başlayar.
Məsələ 2197: Əgər bir evi, məsələn; bir illiyə icarəyə verirlər və onun başlanğıcını icarə əqdinin oxunmasından sonra bir ay sonraya müəyyənləşdirirlərsə, əqd oxunduğu zaman ev digəri tərəfindən icarəyə götürülmüş olsa belə, icarə səhihdir.
Məsələ 2198: Əgər icarə müddətini bildirməyib və “evdə yaşadığım müddət, məsələn; icarəsi ayda min manatdır” – deyərsə, icarə səhih deyildir.
Məsələ 2199: Əgər icarəçiyə “evi sənə ayı min manatdan icarəyə verdim” – deyər və ya “evi sənə bir aylığına min manat icarəyə verdim, ondan sonra da hər nə qədər qalsan, onun icarəsinin ayı min manatdır” – deyərsə, icarə müddətinin başlanğıcını müəyyənləşdirərsə və ya icarə müddətinin başlanğıcı bəlli olarsa, ilk ayın icarəsi səhihdir.
Məsələ 2200: Müsafir və ziyarətçilərin qaldıqları nə qədər qalacaqları bəlli olmayan bir evin hər gecəsinə yüz manat verməyi qərarlaşdırarlar və ev sahibi də buna razı olarsa, o evdən istifadə etməyin maneçiliyi yoxdur. Amma icarə müddətini müəyyənləşdirmədikləri üçün ilk gecədən sonraya icarə səhih deyildir. Ev sahibi də ilk gecədən sonra istədiyi vaxt onları evdən çıxara bilər.
 

DİGƏR İCARƏ MƏSƏLƏLƏRİ


Məsələ 2201: İcarəçinin icarə əvəzi olaraq verdiyi malın müəyyən edilməsi lazımdır. O halda əgər bu, buğda kimi ölçü ilə müamilə edilən şeydirsə, ölçüsünün bilinməsi və əgər mütədavil pullar kimi sayılaraq müamilə edilən şeydirsə, sayının bilinməsi və əgər at, qoyun kimi bir şeydirsə, icarəyə verənin onu görməsi ya da icarəçinin onun xüsusiyyətlərini söyləməsi lazımdır.
Məsələ 2202: Əgər bir tarlanı əkin üçün icarə verirsə və icarə əvəzini də felən mövcud olmayan o tarlanın öz məhsulunu təyin edərsə və ya o tarlanın öz məhsulundan verilməsi şərti ilə əsaslı olaraq zimməsinə alarsa, icarə səhih deyildir. Amma əgər icarə pulu fələn mövcud olarsa, bir maneçiliyi yoxdur.
Məsələ 2203: Bir şeyi kirayə verən şəxsin o şeyi təslim edənə qədər onun kirayəsini istəməyə haqqı yoxdur. Həmçinin bir işi görmək üçün əcir olan şəxsin də o işi görməyənə qədər haqqını istəməyə hüququ yoxdur. Amma həcc üçün əcir olmaq kimi normal olaraq haqqı əvvəlcədən alınan bir iş üçün əcir olmuşsa, ala bilər.
Məsələ 2204: Əgər icarəyə verdiyi şeyi təslim edərsə, icarəçi təhvil almasa belə ya da təhvil alıb, amma kirayə müddətinin sonuna qədər istifadə etməsə belə, onun icarə pulunu verməlidir.
Məsələ 2205: Əgər insan bəlli bir gündə bir işi görmək məqsədilə əcir olar və həmin gündə hazır olarsa, əcir tutan işi ona gördürməsə belə, haqqını verməlidir. Məsələn; bir dərzini müəyyən bir gündə paltar tikmək üçün əcir tutar, dərzi də o gün tikmək üçün hazır olarsa, ona tikiləcək parçanı verməsə belə, dərzi istər boş dayansın və istərsə özü və başqası üçün işləsin, haqqını verməlidir.
Məsələ 2206: İcarə müddəti tamam olduqdan sonra, icarənin batil olduğu meydana çıxarsa, icarəçinin normal miqdarda icarə əvəzini mülk sahibinə verməsi lazımdır. Məsələn; bir evi, ili yüz manata kirayələmişsə, sonradan kirayənin batil olduğunu başa düşmüşsə, o ilin illik kirayəsi əvəzi normal qiymətlərlə əlli manatdırsa, əlli manat verməlidir. Əgər iki yüz manatdırsa, o evi kirayəyə verən onun sahibi və ya mütləq vəkil olduğu və o evi normal kirayə əvəzindən xəbəri olub kirayə verdiyi təqdirdə yüz manatdan artığının verməsi lazım deyil. Belə olmadığı təqdirdə iki yüz manat verməsi gərəkdir. Həmçinin icarə müddətindən bir miqdar keçdikdən sonra icarənin batil olduğu aydınlaşarsa, keçən müddətin kirayəsi üçün də eyni hökm qüvvədədir.
Məsələ 2207: Əgər icarəyə götürdüyü bir şey zay olarsa, onu qorumaqda səhlənkarlıq etməmişdirsə və ondan istifadədə ifrata varmamışsa, zamin deyildir. Həmçinin bir dərziyə verdiyi bir parça zay olarsa, əgər dərzi ifrata varmamışsa və parçanın qorunmasında səhlənkarlıq etməmişsə, onun əvəzini ondan tələb etmək gərək deyil.
Məsələ 2208: Əgər sənətkar aldığı şeyi zay edərsə, zamindir.
Məsələ 2209: Əgər qəssab kəsdiyi heyvanı murdar edərsə, istər zəhmət haqqı əvəzi kəsmiş olsun, istər havayı, heyvanın qiymətini sahibinə ödəməlidir.
Məsələ 2210: Nə qədər yük vuracağını bildirərək bir heyvanı icarəyə götürən şəxs, söylədiyi miqdardan daha çox yüklərsə və heyvan bunun nəticəsində ölərsə və ya şikəst olarsa, zamindir. Həmçinin daşıyacağı yükün miqdarını bildirməyib, normadan çox yükləyib və heyvanın tələf olmasına və ya şikəstliyinə səbəb olarsa, yenə də zamindir. Hər iki təqdirdə ayrıca artıq yükün zəhmət haqqını normal şəkildə ödəməlidir.
Məsələ 2211: Bir heyvanı qırıla bilən yükü daşımaq üçün icarəyə verir və heyvanın sürüşməsi və hürkməsi nəticəsində yük qırılarsa və ya sınarsa, heyvan sahibi zamin deyildir. Amma əgər normal miqdardan artıq yük vurma və buna bənzər bir vasitə ilə bir iş görə ki, heyvan yerə yıxılıb yük sındırsa, zamindir.
Məsələ 2212: Əgər şəxs bir uşağı sünnət edər və işində səhlənkarlıq və ya yanlışlıq edərsə, məsələn; normadan artıq kəsər və o uşaq həmin səbəbdən ölər və ya ona bir zərər dəyərsə, zamindir. Amma əgər səhlənkarlıq və ya yanlışlıq etməz və uşaq sünnət edilmənin nəticəsində ölər və ya ona bir zərər yetişərsə, uşağa bir zərər gəlib-gəlməyəcəyini təşxis etmə xüsusunda ona baş çəkilməmişsə, o da uşağa zərər gələcəyini bilmirdisə, zamin deyildir.
Məsələ 2213: Əgər həkim öz əlilə xəstəyə dərman verər və ya ona bir dərmanı məsləhət görərsə və o dərmanı atdıqdan sonra xəstəyə bir zərər yetişərsə və ya xəstə ölərsə, həkim onun xəstəliyinə dərmanı düzgün məsləhət bilmişsə belə, yenə zamindir.
Məsələ 2214: Əgər həkim xəstəyə «sənə zərər yetişsə mən zamin deyiləm» — deyərsə və diqqətlə ona yanaşarsa, amma yenə də xəstə bundan zərər görüb və ya ölərsə, həkim zamin deyildir.
Məsələ 2215: İcarəçi və icarəyə verən şəxs qarşılıqlı razılıqla müamiləni poza bilərlər. Həmçinin anlaşmada hər ikisi üçün və ya onların biri üçün müamiləni pozma haqqını şərt qoyublarsa, danışığa uyğun olaraq icarəni poza bilərlər.
Məsələ 2216: İcarə verən və ya icarəçi aldadılaraq zərər gördüyünü başa düşərsə, əgər anlaşma bağlandığı zaman aldadılmış olduğundan agah olmasa, 2132-ci məsələdə izah olunan şərtlərə görə icarəni poza bilər. Amma anlaşma bağlayarkən şərtləşsələr ki, aldadılmış belə olsalar, anlaşmanı pozmayacaqlar, anlaşmanı poza bilməzlər.
Məsələ 2217: İcarəyə verdiyi bir şeyi icarəyə təslim etməmişdən əvvəl birisi onu qəsb etsə, icarəçi anlaşmanı poza bilər və icarəyə verən şəxsdən verdiyi şeyi geri ala bilər və ya icarəni pozmayıb qəsb edənin əlində qaldığı müddətin normal miqdarda icarə pulunu qəsb edəndən ala bilər. Əgər bir heyvanı bir aylıq on manata icarəyə, götürər və o bir ay içərisində birisi onu on gün qəsb edərsə, onun on günlük normal icarəsi on beş manat olarsa, o on beş manatı qəsb edəndən almalıdır.
Məsələ 2218: Əgər icarəyə götürdüyü bir şeyi təslim almasına başqa biri əngəl olarsa və ya təslim aldıqdan sonra başqası onu qəsb edər ya da ondan istifadə etməsinə əngəl törədərsə, icarəni poza bilməz və yalnız onun normal icarə pulunu qəsb edəndən ala bilər.
Məsələ 2219: İcarə müddəti tamamlanmamış mülkü icarəçiyə satarsa, icarə pozulmaz və icarəçi pulunu satana verməlidir. Həmçinin əgər onu başqa birisinə satarsa, hökm eynidir.
Məsələ 2220: İcarə müddəti başlamamışdan əvvəl icarə edilən şey icarə edən şəxs üçün müəyyən edilən istifadəni vermə qabiliyyətini itirərsə, icarə batildir. İcarəçinin mülk sahibinə verdiyi pul da geri qaytarılmalıdır. Amma əgər ondan az bir istifadə etmə imkanı ola biləcək haldadırsa, icarəni poza bilər.
Məsələ 2221: İcarəyə götürən bir mülk icarə müddətindən bir müddət keçdikdən sonra icarəçi üçün nişan verilən istifadə qabiliyyətini itirərsə, icarənin qalan müddəti batil olur. Bu halda icarəçi keçmiş müddətin kirayəsini də pozaraq onun normal qiymətini də verə bilər.
Məsələ 2222: İcarəyə verdiyi iki otaqlı evin bir otağı pozulmuşsa, əgər kirayə verən şəxs onu əvvəlkindən fərqli şəkildə düzəldərsə, bu əvvəlki məsələdə izah olunan hal ilə eyni hökmü daşıyır. Amma belə olmazsa, bu halda əgər kirayə verən onu istifadədən heç bir miqdarı zay olmamış dərhal düzəldərsə, icarə batil olmaz. İcarəçi də icarəni poza bilməz. Amma onun təmiri kirəçinin istifadəsindən bir miqdarı zay olacaq qədər uzanarsa, o miqdara adətən kirayə batil olur. İcarəçi müddətin hamısının kirəsini pozaraq, o zamana qədər olan istifadə etdiyinin haqqını normal qiymətlərlə verə bilər.
Məsələ 2223: İcarəyə verən və ya icarəçi ölərsə, icarə batil olmaz. Amma evin mənfəəti yalnız həyatı boyunca ona aiddirsə, məsələn; başqa birisi onun diri olduğu müddətdə evin istifadəsindən ona aid olduğunu vəsiyyət etmişsə, belə bir evi icarəyə verib, öldüyü vaxtdan etibarən icarə batil olur və əgər hal-hazırdakı sahib o icarəyə imza qoyarsa, icarə səhihdir. İcarə verənin ölümündən sonrakı müddətin icarə əvəzi isə hal-hazırdakı sahibinindir.
Məsələ 2224: İş sahibi ustanı fəhlə tutmaq üçün vəkil edərsə, əgər usta işçilərə iş sahibindən aldığı miqdardan daha az verərsə, artığı ona haramdır və onu iş sahibinə verməsi lazımdır. Amma əgər bir binanı tikmək üçün əcir olur və işi özünün görməsi ya da başqasına verməsi xüsusunda səlahiyyət alırsa, bir miqdar özü işlədikdən sonra qalanını özü üçün aldığı puldan daha az miqdara başqasına verirsə, pulun qalan miqdarı ona halaldır.
Məsələ 2225: Əgər boyaqçı bir parçanı məsələn; neyl ilə (neyl — bir otdur ki, ondan göy rəngə çalan rəng maddəsi düzəlir) boyaması qərarlaşdırılarsa, başqa bir rənglə boyadığı təqdirdə heç bir şey almağa haqqı yoxdur.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh