Borcun hökmləri

Möminlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə edilən müstəhəbb işlərdəndir. Həzrət Rəsuli-əkrəm, səlləllahu ələyhi və alihdən, rəvayət olunur ki: «Hər kəs öz müsəlman qardaşına borc versə, onun malı arta və məlaikələr ona rəhmət göndərərlər və əgər öz borclusu ilə xoş rəftar etsə, hesabsız və sürətlə Siratdan keçər. Və bir şəxs, müsəlman qardaşından borc istədiyi halda ona borc verməzsə, Cənnət ona haram olar».
Məsələ 2281: Borcda siğənin oxunması lazım deyildir, hətta bir şeyi borc niyyəti ilə verərsə və o da həmin qəsdlə olarsa, səhihdir.
Məsələ 2282: Borcun ödənilməsi üçün tələbkarın və ya hər iki tərəfin də istədiyi ilə müəyyən bir zaman təyin etməmişlərsə, hər zaman borclu borcunu ödəsə, tələbkar qəbul etməlidir. Müəyyən bir zaman təyin etmişlərsə, o zaman qurtarmazdan qabaq tələbkar öz borcunu almaqdan imtina edə bilər.
Məsələ 2283: Borc əqdini oxuyarkən, onun ödənməsi üçün müəyyən bir zaman təyin etmişlərsə, əgər bu vaxtın təyin etmə işi borclunun və ya hər iki tərəfin istəyi ilə olmuşsa, bu zaman qurtarmazdan qabaq tələbkar tələbini istəyə bilməz. Amma əgər vaxtın təyin edilməsi tələbkarın öz istəyi olur və ya borcun ödənməsi üçün əslən bir vaxt təyin etməmişlərsə, tələbkar istədiyi zaman borcunu tələb edə bilər.
Məsələ 2284: Əgər tələbkar tələb etməyə haqqı olan yerdə, öz tələbini istəsə və borclu öz borcunu verə bilsə, gərək dərhal onu qaytarsın. Əgər təxirə salarsa, günahkardır.
Məsələ 2285: Əgər borclu yaşadığı evdən, mənzil əşyalarından və ehtiyacı olduğu digər əşyalardan başqa bir şeyi olmasa, tələbkar öz tələbini ondan istəyə bilməz, hətta borclunun borcu ödəyə bilənə qədər səbr etməlidir.
Məsələ 2286: Borclu olub borcunu ödəyə bilməyən şəxs, şəninə layiq olan bir iş görməsi mümkündürsə, vacib ehtiyata əsasən, o işi görüb borcunu ödəməlidir. Xüsusən də ticarətdə işləməsi onun üçün asandırsa və ya sənəti ticarətdirsə, o işləyib borcunu ödəməlidir. Hətta bu halda onun vacibliyi qüvvədən kənar deyil.
Məsələ 2287: Tələbkarına əli çatmayan şəxsin, əgər gələcəkdə onu və ya varislərini tapmayacağına ümidi yoxdursa, ona verəcəyi borcu sahibinin tərəfindən fəqirlərə verməsi lazımdır. Ehtiyata əsasən bu iş üçün şəri hakimdən icazə də almalıdır. Əgər alacaqlı olan şəxs seyid olmasa, onun alacağını fəqir seyidə verməməsi ehtiyat müstəhəbbdir. Amma əgər onun sahibini və ya varislərini tapacağına ümidi vardırsa, səbr edib onu axtarmalı, əgər onu tapmazsa, öldüyü təqdirdə onun malından ondan alacaqlı olan şəxsə və ya varisi tapılarsa, alacağını vermələrinə dair vəsiyyət etməlidir.
Məsələ 2288: Əgər meyitin malı vacib xərclərindən artıq (kəfən, dəfn və borc) olmasa, gərək malını həmin yerlərə xərcləsinlər. Onun vərəsələrinə heç bir şey yetişmir.
Məsələ 2289: Əgər bir kəs bir qədər qızıl ya gümüş pul borc etsə və onun qiyməti azalsa, əgər həmin aldığı miqdarı geri qaytarsa, kifayətdir və əgər onun qiyməti yuxarı qalxsa, aldığı qədər qaytarması lazımdır. Amma hər iki surətdə əgər borclu və tələbkar ondan başqasına razı olsalar, eybi yoxdur.
Məsələ 2290: Əgər borc olunmuş mal itməsə və mal sahibi onu tələb etsə, müstəhəbb ehtiyat odur ki, borclu həmin malı ona qaytarsın.
Məsələ 2291: Borc verən şəxs, borc verdiyi miqdardan daha artıq alacağını şərt qoymuşdursa, məsələn; bir kiloqram buğda borc verib, bir kiloqram yüz qram alacağını və ya on yumurta borc verib, on beş yumurta alacağını şərt qoymuşdursa, riba və haramdır. Hətta əgər borclu olanın özü üçün bir iş görməsini və ya borc verdiyi şeyə, bir miqdar da başqa bir şey əlavə edərək verməsinə şərt qoymuşdursa, məsələn; borc verdiyi bir manatı, bir kibrit də əlavə olaraq geri qaytarmasını şərt qoymuşdursa, riba və haramdır. Yenə əgər borc verdiyi şeyi geri qaytarmasını, məsələn; bir miqdar işlənməmiş qızıl verib, onu işlənmiş olaraq geri qaytaracağına şərt qoymuşdursa, yenə riba və haramdır. Amma bir şərt qoymamışdırsa və borclu özü borc aldığını artıqlaması ilə ödəyirsə, işkalı yoxdur. Hətta belə etməsi müstəhəbbdir.
Məsələ 2292: Riba vermək, riba almaq haramdır. Amma ribalı borc edən şəxs, zahirə əsasən malik olur. Əgər olmadığını qərara alsalar və pul sahibi borc alanın o puldan istifadə etməsinə razıdırsa, borc alan şəxs, şübhəsiz olaraq ondan istifadə edə bilər.
Məsələ 2293: Əgər buğda ya onun kimi bir şeyi ribalı borc alsa və onun ilə əkinçilik etsə, zahir budur ki, məhsuluna malik olur. Hərçənd daha yaxşı budur ki, ələ gələn məhsuldan istifadə etməsin.
Məsələ 2294: Əgər bir paltar alıb sonradan pulunu faiz olaraq aldığı puldan və ya faiz pul ilə qarışmış puldan verərsə, o paltarı geyməyin və o paltarla namaz qılmağın eybi yoxdur. Amma əgər paltarı satana bu paltarı bu pul ilə alıram deyərsə, o paltarın geyilməsi haramdır. Onunla namaz qılmağın hökmü isə namaz qılanın paltarı hökmündə izah olunmuşdur.
Məsələ 2295: Əgər insan bir qədər tacirə pul versə ki, başqa şəhərdə onun tərəfindən ucuz alsın eybi yoxdur və buna «sərfi-bəraət» deyirlər.
Məsələ 2296: Əgər insan bir neçə gündən sonra başqa bir şəhərdən daha artıq almaq üçün bir başqa şəxsə pul verərsə, məsələn; on gün sonra başqa bir şəhərdə min manat almaq üçün 990 manat pul verərsə, o pulun cinsi qızıl və ya gümüşdən olarsa, riba və haramdır. Amma əgər daha artıq alan şəxs, aldığı artıq miqdarın müqabilində bir şey verər və ya bir iş görərsə, işkalı yoxdur. Borc artıq almağı şərt qoymadığı halda, sayılan qismindən olan indiki əskinazlar da artıq almağın eybi yoxdur. Borc verib artıq almağı şərt qoymuşdursa, haramdır. Nisyə satılıb əvəzini eyni cinsdən təyin edilən bir malın müamiləsinin səhih olması şübhəlidir.
Məsələ 2297: Əgər bir insanın digərindən qızıl-gümüş cinsindən ya da ölçülən və ya çəkilən şeylərdən olmayan bir alacağı olsa, onu borclu olana və başqa bir şəxsə, daha ucuz satıb, əvəzini nağd ala bilər. Buna görə indiki zamanlarda tələbkarın borcludan aldığı çek və etibarnaməni öz alacağından daha ucuz şəkildə (ki, ona xalq arasında qiyməti endirmək deyərlər) banka və ya başqa birinə satıb, əvəzini nağd ala bilər. Çünki, indiki kağız pullar çəki və ya ölçü ilə müamilə edilmir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh