İzdivac (nigah)

İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qisimdir:
  1. Daimi.
  2. Qeyri-daimi (müvəqqəti izdivac).
Daimi əqd odur ki, izdivacın müddəti əqdə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd olunan qadına «daimi» deyərlər.
Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir saata ya bir gün ya bir ay ya bir il ya da uzun müddətə əqd edərlər. Amma gərək izdivacın müddəti kişi və qadının ömründən çox olmasın. Bu surətdə əqd batil olacaq. Bu cür əqd olunan qadına mutə ya siğə deyərlər.
 

İZDİVAC ƏQDİNİN HÖKMLƏRİ


Məsələ 2372: İzdivacda istər daimi olsun, istər qeyri-daimi, gərək siğə oxunsun və təkcə kişi və qadının razı olması və yazmaq kifayət deyil. Əqd siğəsini, ya kişi ya qadın, özləri oxuyurlar ya başqasını vəkil edərlər ki, onların tərəfindən oxunsun.
Məsələ 2373: Vəkilin kişi olması vacib deyil, qadın da əqd siğəsini oxumaq üçün başqasının tərəfindən vəkil ola bilər.
Məsələ 2374: Kişi və qadın vəkilin siğəni oxumasında xatircəmlik hasil etməsələr, bu halda bir-birinə məhrəmcəsinə baxa bilməzlər. Vəkilin siğəni oxumasını güman etmək kifayət deyil. Əgər vəkil desə ki, siğəni oxumuşam və onun sözlərindən xatircəmlik hasil olmasa, onun kifayət olması işkallıdır.
Məsələ 2375: Əgər bir qadın bir kəsi vəkil etsə ki, məsələn; on günlük onu bir kişiyə əqd etsin və on günün əvvəlini müəyyən etməsə, o vəkil istədiyi vaxt, onu on günlük o kişiyə əqd edə bilər. Amma əgər məlum olsa ki, qadın müəyyən bir gün ya saat qəsd edib, gərək siğəni qəsdə uyğun oxusun.
Məsələ 2376: Bir nəfər iki nəfərin tərəfindən daimi və qeyri-daimi əqdin siğəsini oxumaq üçün vəkil ola bilər. Həmçinin, insan qadının tərəfindən vəkil ola bilər və onu özü üçün daimi və qeyri-daimi əqd edə bilər. Amma müstəhəbb ehtiyat odur ki, əqdi iki nəfər oxusun.

ƏQD OXUMAĞIN QAYDALARI


Məsələ 2377: Əgər daimi əqdin siğəsini kişi və qadının özləri oxusalar, mehriyənin miqdarını təyin etdikdən sonra, əvvəl qadın desin:
«Zəvvəctukə nəfsi ələssidaqil-məmum» — yəni özümü sənə arvad etdim, müəyyən olunmuş mehr ilə.
Ondan sonra kişi fasiləsiz desin:
«Qəbiltut-təzvicə» — yəni, izdivacı qəbul etdim, əqd səhihdir. Əgər başqasını vəkil etsələr ki, onların tərəfindən əqd siğəsini oxusun, belə ki, məsələn; kişinin adı Əhməd və qadının adı Fatimə olsa, qadının vəkili desin:
«Zəvvəctu muvəkkiləkə Əhmədə muvəkkiləti Fatimətə ələssidaqil məlum». Sonra kişinin vəkili fasiləsiz desin:
«Qəbilfut-təzvicə limuvəkkili Əhmədə ələssidaqil məlum» əqd düz olar. Müstəhəbb ehtiyat odur ki, kişi deyən kəlmə, qadın deyən kəlmə ilə uyğun olsun. Məsələn; əgər qadın «zəvvəctu» deyirsə, kişi də, «qəbiltut-təzvicə» deməlidir. Əgər «Qəbiltun-nigah» deyərsə, səhih deyildir.
Məsələ 2378: Əgər kişi və qadın özləri qeyri-daimi əqdinin siğəsini oxumaq istəsələr, müddət və mehri təyin edəndən sonra, qadın desin:
«Zəvvəctukə nəfsi fil-muddətil-məluməti ələl məhril-məlum». Ondan sonra fasiləsiz kişi desin: «qəbiltu» — əqd düzdür. Əgər başqasını vəkil etsələr, əvvəl qadının vəkili, kişinin vəkilinə desin:
«Zəvvəctu muvəkkiləti muvəkkiləkə fil muddətil-məluməti ələl-məhril-məlum». Sonra fasiləsiz kişinin vəkili desə ki, «qəbiltut-təzvicə limuvəkkili həkəzə» — əqd səhih olar.
 

ƏQDİN ŞƏRTLƏRİ


Məsələ 2379: İzdivac əqdinin bir neçə şərti var:
  1. Ehtiyata görə ərəbcə düz oxunsun. Əgər kişi və qadın özləri siğəni ərəbcə düz oxuya bilməsələr, ərəb dilindən başqa dildə də oxuya bilər və vəkil tutmaqları lazım deyil. Amma gərək elə bir kəlmə desinlər ki, «zəvvəctu» və «qəbiltu» mənasını anlatsın.
  2. Kişi və qadın ya onların siğəsini oxuyan vəkilin inşa qəsdləri olsun, yəni kişi və qadın özləri siğəni oxuyurlarsa, qadın «zəvvəctukə nəfsi» deməklə qəsdi bu olsun ki, özünü ona arvad qərar verir və kişi «qəbiltut-təzvicə» deməklə, onu özü üçün arvad kimi qəbul etsin. Əgər kişi və qadının vəkili siğəni oxuyarlarsa, «zəvvəctu» və «qəbiltu» deməklə qəsdləri bu olsun ki, onları vəkil etmiş kişi və qadın, ər-arvad olsunlar.
  3. Siğə oxuyan şəxs istər özü üçün oxusun və ya başqası tərəfindən vəkil olsun, gərək aqil olsun, ehtiyata əsasən, gərək baliğ də olsun.
  4. Əgər ər və arvadın vəkili ya onların vəlisi siğəni oxusalar, əqd zamanı ər və arvadı müəyyən etsinlər, məsələn; onların adlarını çəksinlər ya onlara işarə etsinlər. Beləliklə, bir kəsin neçə qızı olsa, əgər kişiyə desə ki, «zəvvəctukə ihdə bənəti» yəni, öz qızlarımdan birini sənə arvad etdim və kişi desə ki, «qəbiltu» — yəni qəbul etdim, əqd zamanı qızı müəyyən etmədiklərinə görə, əqd batildir.
  5. Kişi və qadın izdivaca razı olsunlar, amma qadın zahirən kərahət ilə izn versə və məlum olsa ki, qəlbən razıdır, əqd səhihdir.
Məsələ 2380: Əgər əqddə bir hərf səhv oxunsa, onun mənası dəyişsə, əqd batildir.
Məsələ 2381: Əqd siğəsini oxuyan şəxs, əgər qısaca olsa belə, onun mənasını bilsə və onu yerinə yetirmək qəsdi ilə oxusa, əqd səhihdir və siğənin mənasını geniş şəkildə bilməsi lazım deyildir, məsələn; ərəb dilinin qrammatikasına görə, fel və ya failin hansı tərzdə olduğunu bilməsi lazım deyil.
Məsələ 2382: Əgər bir qadını, bir kişi üçün onların icazəsi olmadan əqd etsələr və sonradan kişi və qadın o əqdə icazə versələr, əqd düzdür.
Məsələ 2383: Əgər kişi və qadını ya ikisindən birini məcbur etsələr və əqd oxuyandan sonra icazə versələr, əqd düzdür. Yaxşısı budur ki, əqdi təzədən oxusunlar.
Məsələ 2384: Ata və ata babası öz nabaliğ oğlan ya qız övladını ya öz dəli övladlarını ki, dəli halda baliğ olublar, izdivac edə bilərlər və uşaq baliğ olandan sonra ya dəli aqilli olandan sonra, əgər onun üçün olunan izdivacın ona bir zərəri olduğunu görərsə, ya qəbul ya da rədd edə bilər və amma bir zərəri olmasa, belə ki, həddi-buluğa çatmamış oğlan və ya qız öz izdivacının əqdini pozsa, ehtiyata görə talaq ya təzə əqd tərk olunmamalıdır.
Məsələ 2385: Həddi-buluğa çatmış və rəşidə, yəni öz məsləhətini müəyyən edə bilən bir qız əgər ərə getmək istəsə, belə ki, bakirə olsa, hərçənd özü öz yaşayışını təmin etsə belə, ehtiyata əsasən, gərək ata-babasından ya atasından icazə alsın. Ana və qardaşın icazəsi lazım deyil.
Məsələ 2386: Əgər qız bakirə olmasa ya bakirə olsa, amma atası ya ata-babası ona şərən və ürfən həmtay olan bir kişiylə evlənməsinə icazə verməsələr ya da əsla qız evləndirmək işlərində iştirak etməyə hazır olmasalar və yaxud dəlilik və ya ona bənzər səbəblərdən icazə vermək səlahiyyətinə malik olmazlarsa, bu saydığımız yerlərdə onların icazəsi lazım deyil və həmçinin əgər onlardan icazə almaq ğaib olmaqlıq ya başqa səbəblərə görə mümkün olmasa və qızın ərə getməyə çox ehtiyacı olsa, ata və babasının icazəsi lazım deyil.
Məsələ 2387: Əgər ata və ya ata baba öz həddi-buluğa çatmamış oğlu üçün qız alsa, gərək oğlan həddi-buluğa çatdıqdan sonra o qadının xərcini versin. Hətta həddi-buluğa çatmamışdan əvvəl bir surətdə ki, ləzzət almaq yaşına çatmışsa və qız da əri ondan ləzzət almaq imkanı olmayacaq qədər kiçik deyilsə, o qadını nəfəqəsi (yaşayış xərci) oğlanın öhdəsindədir. Bundan başqa hallarda da qadının, nəfəqəyə haqqı olduğu ehtimal olunur. Belə ki, saziş etmə və ona oxşar bir yolla ehtiyat yolu tərk olunmamalıdır.
Məsələ 2388: Əgər ata və ya ata baba öz həddi-buluğa çatmamış oğlu üçün qız almalı olsa, belə ki, əqd vaxtı oğlanın malı olmasa, ata və ya ata baba gərək qadının mehrini versinlər və həmçinin əgər malı olsa, amma ata və ya ata baba mehri öz öhdələrinə götürsələr, hökm eynidir. Bu iki haldan başqa əgər mehr, adi mehr miqdarından çox olmazsa və ya bir məsləhət o oğlanın mehrinin adi miqdarından çox olmasına gərəkdirsə, ata və ya ata baba mehri, oğlanın malından ödəyə bilərlər. Əks təqdirdə oğlanın malından adi mehr miqdarından çox verə bilməzlər. Amma o həddi-buluğa çatandan sonra onların işini qəbul etsə, verə bilərlər.
 

ƏR VƏ ARVADIN ƏQDİ POZA BİLƏCƏYİ YERLƏR


Məsələ 2389: Əgər kişi əqddən sonra başa düşsə ki, aşağıda deyiləcək altı eybdən biri əqd halında qadında vardır, o eybin vasitəsi ilə əqdi poza bilər.
  1. Dəlilik, ara-bir olsa belə.
  2. Cüzam xəstəliyi.
  3. Bərəs xəstəliyi.
  4. Korluq.
  5. İflic olmaq, yerdə qalacaq şəkildə olmasa belə.
  6. Onun fərcində ət ya sümüyün olması ki, istər yaxınlıq etməyə və ya hamiləliyə mane olsun, istər olmasın.
Əgər əqddən sonra kişi, qadının əqd vaxtı ifza, yəni bövl və heyz ya ğait yolunun bir olduğunu başa düşərsə, əqdi poza bilməsi şübhəlidir. Bu halda əqdi pozmaq istəsə, lazım ehtiyata əsasən gərək talaq da versin.
Məsələ 2390: Əgər qadın əqddən sonra başa düşsə ki, onun ərinin kişilik aləti yoxdur ya əqddən sonra yaxınlıqdan qabaq və ya ondan sonra onun aləti kəsilərsə ya bir xəstəliyi var ki, yaxınlıq edə bilmir, hərçənd o xəstəlik əqddən sonra və yaxınlıqdan qabaq və ya ondan sonra ariz olsa (baş versə), bütün bu surətlərdən sonra qadın talaqsız əqdi poza bilər. Əgər qadın əqddən sonra başa düşsə ki, əri əqddən əvvəl dəli imiş və ya əqddən sonra, istər yaxınlıqdan sonra və ya ondan qabaq dəli olarsa və ya başa düşsə ki, əqd vaxtı onun kişilik yumurtalığı çıxarılmış və ya əzilibmiş ya da bu vaxtda onun cüzam və ya bərəs xəstəliyi var imiş, bütün bu hallarda əgər qadın evliliyi davam etdirmək istəməyib, əqdi pozmaq istəsə, vacib ehtiyat odur ki, ər və ya onun vəlisi qadına talaq versin və o halda ki, kişi yaxınlıq edə bilməsə və qadın əqdi pozmaq istəsə, lazımdır ki, əvvəl qadın şəri hakimə ya onun vəkilinə müraciət etsin. Hakim ərə bir il möhlət verər, belə ki, ər o qadın ilə ya başqa qadın ilə yaxınlıq edə bilməsə, ondan sonra əqdi poza bilər.
Məsələ 2391: Əgər kişini yaxınlıq edə bilmədiyinə görə qadın əqdi pozarsa, ər gərək mehrin yarısını versin, amma yuxarıda deyilmiş başqa eyblərdən birinə görə, kişi ya qadın əqdi pozsa, belə ki, kişi qadınla yaxınlıq etməyibsə, onun üçün bir şey yoxdur, əgər yaxınlıq edibsə, gərək mehrin hamısını versin. Amma əgər kişi, 2389-cu məsələdə deyilən eyblərdən birinə görə əqdi pozsa, belə ki, qadınla yaxınlıq etməyibsə, onun üçün bir şey yoxdur və əgər yaxınlıq etdikdən sonra olarsa, gərək mehrin hamısını versin.
Məsələ 2392: Əgər onunla evlənməyə rəğbətlənməsi üçün, kişi ilə qadın olduğundan daha yaxşı qarşı tərəfə tanıdılarsa, istər əqd vaxtı olsun, istər ondan sonra bir surətdə ki, əqd onun əsasında baş verərsə, belə ki, əqddən sonra bu iş digər tərəfə məlum olarsa, o əqdi poza bilər, bu məsələnin hökmləri (məsaili muntəxəbəh kimi) başqa kitablarda geniş açıqlanmışdır.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh