Təxəlli (ayaqyolu) hökmləri

Məsələ 57: Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini (cinsiyyət üzvünü) yetkinlik yaşına çatmış adamlardan, ona məhrəm olan ana və bacısından, hər hansı divanədən, yaxşını pisdən seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək vacib deyil.
Məsələ 58: İnsanın övrət yerini xüsusi bir şeylə örtməsi lazım deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir.
Məsələ 59: Təxəlli zamanı bədənin ön tərəfini, yəni qarın və sinəni, eyni zamanda arxa tərəfi lazım ehtiyata əsasən qibləyə tərəf tutmaq olmaz.
Məsələ 60: Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə tərəf olan bir kimsə, yalnız övrətini qiblədən döndərirsə, kifayət etməz. Əgər bədəninin ön və arxa tərəfi doğru olmazsa, müstəhəbb ehtiyat odur ki, övrətini üzü və arxası qibləyə çevirməsin.
Məsələ 61: Müstəhəbb ehtiyat odur ki, bədənin qabaq tərəfi (hökmləri daha sonra açıqlanan istibra mövzusunda) bövlün və ğaitin məxrəci paklanarkən üz və arxa, qibləyə san olmasın.
Məsələ 62: Əgər naməhrəm birisinin onu görməməsi üçün, ön və ya arxa tərəfi qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa lazım ehtiyat olaraq arxasını qibləyə çevirəcək şəkildə oturmalı, əgər bu mümkün deyilsə, önü qibləyə tuşlanacaq şəkildə oturmalıdır. Yenə başqa səbəbdən, ön və ya arxası qibləyə oturmaq məcburiyyətində qalırsa, hökm eynidir.
Məsələ 63: Müstəhəbb ehtiyat odur ki, uşağı da təxəlli zamanı üzü və ya arxası qibləyə sarı oturtmaq olmaz. Əgər uşaq özü otursa, qarşısını almaq vacib deyil.
Məsələ 64: Dörd yerdə təxəlli haramdır:
1. Sahibi icazə verməyən dalanda.
2. Təxəlliyə icazə verilməyən mülkdə.
3. Xüsusi vəqf olan yerlərdə, məsələn, bəzi mədrəsələrdə.
4. Möminin qəbri üzərində (ona hörmətsizlik olmaması üçün), həmçinin bir din müqəddəsinin və məzhəb başçısının məzarı üzərində.
Məsələ 65: Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir. Ğait ilə birlikdə qan kimi ayrı bir nəcasat gəlmişdirsə. Kənardan bir nəcasat ğaitin məxrəcinə dəymişdirsə. Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa. Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcək halda, parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması daha yaxşıdır.
Məsələ 66: Sidik məxrəci sudan başqa bir şeylə paklanmaz. Kürr və axar su ilə, sidiyi çıxardıqdan sonra bir dəfə yumaq kifayətdir. Amma az su ilə iki dəfə yumaq müstəhəbb ehtiyatdır, daha yaxşısı üç dəfə yumaqdır.
Məsələ 67: Ğait məxrəci su ilə yuyulduğu təqdirdə, orada ğait qalmamalıdır. Amma rənginin və qoxusunun qalmasında bir maneçilik yoxdur. Birinci dəfə yuyulduqda onda ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur.
Məsələ 68: Gaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə paklana bilər, hətta məxrəcə təsir etməyəcək şəkildə azacıq rütubətli olursa, maneçiliyi yoxdur.
Məsələ 69: Gaitin məxrəcini daş, kəsək və ya bez parçası ilə bir dəfə silməklə tamamilə paklanırsa, kifayətdir. Amma üç dəfə silmək daha yaxşıdır. Hətta üç ayrı parça olması daha yaxşıdır. Amma əgər üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya qədər davam etmək gərəkdir. Amma gözlə görünməyən zərrələrin qalmasının eybi yoxdur.
Məsələ 70: Allahın və Peyğəmbərlərin adları yazılmış kağız kimi, ehtiram göstərilməsi lazım olan şeylərlə ğait məxrəcini paklamaq haramdır. Sümük və təzəklə də ğait məxrəcinin pak olması mübahisəlidir.
Məsələ 71: Məxrəcini paklayıb paklamadığından şübhə edən bir şəxs adətən sidik və ğaitdən sonra dərhal özünü pak etmiş olsa da, yenidən paklanması lazımdır.
Məsələ 72: Əgər namazdan sonra bir kimsə namazdan əvvəl övrət məxrəcini paklayıb-paklamadığından şübhə edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün paklanması lazımdır.
Məsələ 73: İstibra, kişilərin bövldən (sidikdən) sonra (bövlün aradan getməsindən əmin olmaları üçün) yerinə yetirdikləri müstəhəbb bir əməldir. İstibra bir neçə növdür: Onlardan ən yaxşısı odur ki, əgər sidik kəsildikdən sonra, ğaitin məxrəci nəcis olmuşdursa, əvvəl onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və onun yanındakı barmağı da alətin altına qoyaraq, lüləni üç dəfə çəkməlidir. Nəticədə alətin başını üç dəfə sıxmaqla istibra əməli tamamlanır.
Məsələ 74: Bəzən mülaibədən (arvadla oynaşandan) sonra insandan gələn «məzy» adlanan su, pakdır. Həmçinin, mənidən sonra gələn «vəzy» adlanan və bövldən sonra gəlib «vədy» adlanan su da (əgər bövl ona qatışmayıbsa) pak hesab edilir. Belə ki, əgər insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman bövl və ya bu üç sudan biri olmasına şəkk edərsə, pakdır.
Məsələ 75: Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə ondan bir nəm xaric olursa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və dəstəmaz alıbsa batildir. Amma etdiyi istibranın doğru olub-olmadığına şəkk edirsə və bu zaman ondan nəm gəlirsə və bunun pak olub-olmadığını bilmirsə, pak sayılır və dəstəmazı batil deyil.
Məsələ 76: İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra məcrada bövlün qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-olmamasına şəkk edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir.
Məsələ 77: Əgər insan bövldən sonra istibra edib dəstəmaz alsa və dəstəmazdan sonra özündə sidik yaxud məni olması ona məlum olan bir nəmlik müşahidə edərsə, bu halda ehtiyat olaraq qüsl edib dəstəmaz alması vacibdir. Amma əgər dəstəmaz almamışdırsa, yalnız dəstəmaz alması kifayətdir.
Məsələ 78: Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə nəmlik görər və bu nəmliyin bövl olub-olmamasına şəkk edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da batil etməz.

TƏXƏLLİNİN MÜSTƏHƏBBATI VƏ MƏKRUHATI

Məsələ 79: İnsanın təxəlli vaxtında kimsənin görməyəcəyi bir yerdə oturması, təxəlli yerinə daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda sağ ayağını atması təxəlli halında ikən başını örtməsi və bədəninin ağırlığını sol ayağına salması müstəhəbbdir.
Məsələ 80: Təxəlli vaxtında Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma əgər övrətini bir şeylə örtsə məkruh deyildir. Habelə külək qabağında, yolda, xiyabanda, küçədə, evdə və meyvə verən ağacın altında təxəlli etmək, nə isə yemək, çox oturmaq, sağ əl ilə paklanmaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, amma əgər məcbur qalar və ya Allahı zikr edərsə işkalı yoxdur.
Məsələ 81: Ayaq üstə bövl etmək, bərk yerə və heyvanların yuvasına bövl etmək, suya, xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur.
Məsələ 82: Ğaitdən və bövldən özünü məcburi saxlamaq məkruhdur. Əgər saxlamasından bədənə zərər yetişsə, haramdır.
Məsələ 83: İnsanın namazdan, yatmazdan, cima etməzdən əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbbdir

 

0 şərh