Dəstəmazi vacib olan əməllər

Məsələ 322: Altı şey üçün dəstəmaz almaq vacibdir:
1. Meyit namazından qeyri-vacib namazlar üçün; müstəhəbbi namazlarda isə dəstəmaz, namazın səhih olması üçün şərtdir.
2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səhv səcdəsi üçün dəstəmaz almaq vacib deyil.
3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün.
4. Dəstəmaz alacağına dair nəzir, əhd və and etmişdirsə.
5. Məsələn; Qurani-Şərifi öpəcəyinə nəzir etmişdirsə.
6. Nəcisə bulaşmış Quranı suya çəkmək və ya onu (Quranı) hörmətsizlik olan yerdən müstərah və onun kimi yerlərdən çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Quranın xəttinə vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qurana hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Quranı müstərah və onun kimi yerlərdən çıxarsın və əgər nəcis olmuş olsa, suya çəksin.
Məsələ 323: Quranın xəttinə toxunmaq, yəni bədənin bir yerini Quranın xəttinə vurmaq dəstəmazsız şəxsə haramdır. Amma fars dilinə və ya başqa dillərə tərcümə edilmiş Qurana toxunmağın eybi yoxdur.
Məsələ 324: Uşaqların və dəlilərin Quran yazısına toxunmasının qarşısını almaq vacib deyildir. Amma onların toxunması Qurana qarşı hörmətsizlikdirsə, qarşıları alınmalıdır.
Məsələ 325: Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah-təalanın adına və xüsusi sifətlərini bildirən sözlərə toxunması vacib ehtiyat olaraq haramdır. Həzrət Peyğəmbərin (s), İmamların (ə) və Həzrət Zəhranın (s.ə) mübarək adlarına da dəstəmazsız toxunmaq yaxşı deyil.
Məsələ 326: Namaz vaxtı yetişməmişdən əvvəl pak olmaq qəsdilə dəstəmaz alıb və ya qüsl edərsə, səhihdir. Namaz vaxtı yaxınlaşdığı zaman da namaza hazırlanmaq məqsədilə dəstəmaz alarsa, eybi yoxdur.
Məsələ 327: Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyət ilə dəstəmaz alır və sonra vaxtın yetişmədiyini anlayırsa, dəstəmaz səhihdir.
Məsələ 328: Cənazə namazı, qəbir əhlini ziyarət etmək, məscidə və İmamların (ə) hərəmlərinə getmək, yanında Quran gəzdirmək, oxumaq və yazmaq, Qurani-Kərimin haşiyəsinə toxunmaq və yatmaq üçün dəstəmaz almaq müstəhəbbdir. Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da müstəhəbbdir. Bu işlərdən biri üçün dəstəmaz almışdırsa, dəstəmazla görülməsi vacib olan hər bir işi görə bilər. Misal üçün o dəstəmazla namaz qıla bilər.

DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR


Məsələ 329: Yeddi şey dəstəmazı batil edir:
1. Bövl (sidik).
2. Ğait (nəcis).
3. Mədə və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel.
4. Gözün görməyib, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi.
6. İrəlidə açıqlanan qadınların istihazə halları.
7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü gərəkli edən hər bir iş dəstəmazı pozar.

0 şərh