Qiblə

Məsələ 784: Məkkəyi-Müəzzəmədə olan Kəbə evi qiblədir. Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər «qibləyə tərəf namaz qılır» deyiləcək şəkildə dayanarsa kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir.
Məsələ 785: Vacib namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.
Məsələ 786: Oturaq halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı qibləyə tərəf olmalı və hətta üzü də qiblədən çox dönməməlidir.
Məsələ 787: Oturaq halda namaz qıla bilməyən şəxs namaz halında ikən bədəninin ön qismi qibləyə tərəf olacaq şəkildə, sağ böyrü üstə uzanmalıdır. Əgər bu mümkün olmazsa, bədəninin ön qismi qibləyə tərəf olacaq şəkildə, sol böyrü üstə uzanmalıdır. Lazım-ehtiyat olaraq, sağ böyrü üstə uzanması mümkün olacaq təqdirdə, sol böyrü üstə uzanmamalıdır. Əgər bu ikisi də mümkün olmazsa, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzandığı halda namaz qılmalıdır.
Məsələ 788: Ehtiyat namazı, səcdə və yaddan çıxmış təşəhhüd gərək üzü qibləyə yerinə yetirilsin. Ehtiyat müstəhəbbə görə, həmçinin səhv səcdəni üzü qibləyə yerinə yetirmək gərəkdir.
Məsələ 789: Müstəhəbb namazı yol gedərkən və minik halında qılmaq olar. Əgər insan bu iki halda müstəhəbb namazı qılsa, üzü qibləyə olması lazım deyildir.
Məsələ 790: Namaz qılmaq istəyən şəxs, qiblənin hansı tərəfə olduğuna əmin oluncaya və ya (iki adilin şəhadət verməsi kimi) yəqin hökmündə olan bir dəlil əldə edincəyə qədər qibləni təyin etmək üçün çalışmalıdır. Əks təqdirdə, müsəlmanların məscidlərinin mehrablarından, möminlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə edilən zənnə görə əməl etməlidir. Hətta elmi-qaydalara əsasən qibləni tanıyan bir kafir və ya fasiqin sözündən qibləni tanımaq güman edilərsə də, kifayətdir.
Məsələ 791: Qibləyə gümanı olan bir şəxs daha güclü güman tapa bilərsə, öz gümanına əməl etməməlidir. Məsələn, əgər qonaq, ev sahibinin dediyinə əsasən qibləyə güman tapsa, amma başqa yolla daha bir güclü güman əldə edə bilsə, onun sözünə əməl etməməlidir.
Məsələ 792: Əgər qibləni tapması üçün bir vəsilə yoxdursa yaxud çalışmaqla bir gümana gələ bilmirsə, bir tərəfə namaz qılsa kifayətdir. Amma vaxt geniş olduğu təqdirdə, dörd tərəfə namaz qılması ehtiyat müstəhəbbdir.
Məsələ 793: Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya zənn edərsə, hər iki tərəfə də namaz qılmalıdır.
Məsələ 794: Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs, əgər zöhr və əsr namazı kimi, biri digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, birinci namazı neçə tərəfə qılacaqsa, qılmalı və daha sonra ikinci namaza başlaması ehtiyat-müstəhəbbdir.
Məsələ 795: Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə, gərək o işi üzü qibləyə əmələ gətirsin. Məsələn; bir heyvanın başını kəsmək istəsə, gümanına əməl etsin və əgər güman mümkün deyildirsə, hansı tərəfə əncam versə, səhihdir.

 

0 şərh