Namaz qılanın paltarının şərtləri

Məsələ 806: Namaz qılanın paltarının altı şərti vardır:
1. Pak olsun.
2. Mübah olsun.
3. Murdarın hissələrindən olmasın.
4. Əti haram heyvandan olmasın.
5-6. Əgər namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızıllı parçadan olmasın. Bunların təfsilatı gələcək məsələlərdə deyiləcəkdir.

Birinci şərt


Məsələ 807: Namaz qılanın paltarı gərək pak olsun. Əgər bir kəs ixtiyari şəkildə nəcis bədənlə və libasla namaz qılsa, namazı batildir.
Məsələ 808: Təqsir üzündən, nəcis bədən və libası ilə namazın batil olduğunu bilməyən şəxs, əgər nəcis bədən və ya libasla namaz qılarsa, lazım-ehtiyata əsasən namazı batildir.
Məsələ 809: Əgər öz təqsiri üzündən nəcis olan bir şeyin, nəcis olduğunu bilməz, məsələn; kafirin tərinin nəcis olduğunu bilməz və onunla namaz qılarsa, lazım-ehtiyata görə namazı batildir.
Məsələ 810: Əgər bir şəxs, bədən və ya libasının nəcis olmadığına əmin olur və namaz qıldıqdan sonra, nəcis olduğunu anlayarsa, namazı səhihdir.
Məsələ 811: Bədən və ya paltarının nəcis olduğunu unudaraq namaz əsnasında və ya namazdan sonra vəziyyətini xatırlasa, əgər onun unutması öz etinasızlıq və səhlənkarlığından baş vermişsə, lazım ehtiyat olaraq o namazı yenidən qılmalıdır. Əgər vaxt keçmişsə, namazın qəzasını əmələ gətirməlidir. Əks təqdirdə namazı yenidən qılması lazım deyil. Amma əgər namaz əsnasında yadına düşsə, sonrakı məsələdə izah olunacaq hökmə görə əməl etməlidir.
Məsələ 812: Vaxt geniş ikən namaz qılmaqda olan bir şəxs namaz əsnasında bədən və ya libasının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədən və ya libasını yuduğu ya da libasını çıxardığı və ya dəyişdirdiyi təqdirdə namaz pozulmazsa, namazda ikən bədən və ya libasını yumalı və ya libasını dəyişdirməli ya da övrət yerini örtən başqa bir şey varsa, o libasım çıxarmalıdır. Amma əgər bədən və ya libasını yuduğu və ya çıxardığı ya da libasını dəyişdirdiyi zaman namaz pozulacaq haldadırsa yaxud libasını çıxarmağı ilə çılpaq qalacaqsa, vacib ehtiyat olaraq o namazı pak paltarla yenidən qılmalıdır.
Məsələ 813: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namazda ikən paltarının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, paltarını yumaq, dəyişdirmək və ya çıxarmaq namazı pozmayacaq bir halda olursa və libasını çıxara bilirsə, o libası yumalı və ya dəyişdirməli ya da başqa bir şey ilə övrət yeri örtülüdürsə, libası çıxararaq namazı tamamlamalıdır. Amma əgər övrət yerini ayrı bir şey örtməmişsə və libası yumağa və ya dəyişməyə imkanı da yoxdursa, həmin paltarla namazı tamamlaya bilər.
Məsələ 814: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namaz qılmaqda ikən bədəninin nəcis olduğunu bilsə, namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədəni yumaq namazı pozmazsa, yumalıdır. Amma əgər namazı pozacaq haldadırsa, o halla namazı tamamlamalıdır və həmin namaz səhihdir.
Məsələ 815: Bədən və ya libasının pak olduğundan şəkk edən şəxs, əgər axtarıb, onda bir şey tapa bilməsə və namaz qılsa, belə ki, namazdan sonra bədən və ya libasının nəcis olduğunu başa düşərsə, namazı səhihdir. Əgər axtarış etməsə, lazım-ehtiyata əsasən namazını yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, qəza etməlidir.
Məsələ 816: Əgər paltarını suya çəkdikdən sonra paklığına əmin olaraq, onunla namaz qılsa və namazdan sonra pak olmamış olduğunu anlayarsa, namazı səhihdir.
Məsələ 817: Əgər bədən və ya libasında qan gördükdə, o qanın nəcis olmayan qanlardan olmadığına əmin olarsa, məsələn; ağcaqanad qanı olduğuna əmin olar və namazdan sonra, o qanın namaz qılına bilməyən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.
Məsələ 818: Əgər bədən və ya libasında olan bir qanın, namazı batil etməyən nəcis qanlardan olduğuna əmin olarsa, məsələ; çiban və ya yara qanı olduğuna əmin olur və namazdan sonra, namazı batil edən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.
Məsələ 819: Əgər bir şeyin nəcis olduğunu unudar və bədən və ya libası islaq olaraq, ona yetişərsə, belə ki, unutduğu halda namaz qıldıqdan sonra xatırlayarsa, namazı səhihdir.
Amma əgər bədəni, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan qüsl edib namaz qılarsa, qüsl etməklə bədəni də pak olacaq halda olmazsa, qüslü və namazı batildir. Həmçinin əgər dəstəmaz üzvlərindən bir yeri, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan dəstəmaz alıb namaz qılarsa, dəstəmaz almaqla bədəni də pak olacaq halda olmasa, dəstəmazı və namazı batildir.
Məsələ 820: Təkcə bir libası olan şəxsin bədən və libası nəcis olduqda, yalnız onlardan birini yumağa yetəcək qədər suyu olarsa, lazım-ehtiyata əsasən bədənini yumalı və nəcis libası ilə namaz qılmalıdır. Bu halda libasını yuyub, nəcis bədənlə namaz qılması caiz deyildir. Amma libasının nəcasəti daha çox və ya daha şiddətli olduğu təqdirdə, hər hansı birini yumaq xüsusunda ixtiyar sahibidir.
Məsələ 821: Nəcis libasdan başqa bir libası olmayan şəxs, nəcis libasla namaz qılmalıdır. Belə olan təqdirdə namazı səhihdir.
Məsələ 822: İkinci ədəd libası olan şəxs, əgər onlardan birinin nəcis olduğunu bilirsə, lakin hansı birinin nəcis olduğunu bilməzsə, vaxtı vardırsa, onların hər ikisi ilə də namaz qılmalıdır. Məsələn; zöhr və əsr namazını qılmaq istəyirsə, onların hər birisi ilə bir zöhr və bir əsr namaz qılması lazımdır.

İkincinci şərt


Məsələ 823: Namaz qılan şəxsin libası mübah olmalıdır. Qəsb libasın geyməyin haram olduğunu bilən bir şəxs və ya məsələnin hökmünü bilməməsi öz təqsiri üzündən olan bir şəxs, qəsdən qəsb libası ilə namaz qılarsa, ehtiyata əsasən namazı batildir. Amma təkcə övrəti örtə bilməyən şeylərin və ya təkcə övrəti örtməsi mümkün olsa belə, namaz qılanın cibinə qoyduğu dəsmal və şal kimi, hal-hazırda geymədiyi şeylərin və həmçinin üzərində, mübah olan ayrı bir geyimi olduğu halda, namaz qılanın geymiş olduğu şeylərin qəsb olmasının namaza bir zərəri yoxdur. Amma namaz qılanın bunlardan da çəkinməsi ehtiyata uyğundur.
Məsələ 824: Qəsb libası geyməyin haram olduğunu bildiyi halda, onunla namaz qılmağın hökmünü bilməyən bir şəxs, əgər qəsdən qəsbi-libasla namaz qılarsa, əvvəlki məsələdə deyildiyi kimi, ehtiyata əsasən namazı batildir.
Məsələ 825: Əgər paltarının qəsb olmasını bilməsə və ya unutsa və onunla namaz qılsa, namaz səhihdir. Amma əgər bir şəxs özü paltarı qəsb etsə və qəsb etməsini unudub onunla namaz qılsa, ehtiyata əsasən namazı batildir.
Məsələ 826: Paltarının qəsbi olduğunu bilməyən və ya unudan şəxs namazda ikən bunu anlayarsa, əgər övrət yerini örtməyə başqa bir şeyi varsa, dərhal və ya namazın muvalatı pozulmadan o paltarı çıxara bilərsə, onu çıxartmalıdır. Ancaq övrətini örtməyə ayrı bir şeyi yoxdursa və ya dərhal qəsbi paltarı çıxara bilmirsə yaxud çıxardığı təqdirdə namazın muvalatı pozulacaqsa, bir rükət namaz qıla biləcək qədər vaxt olsa belə, namazı pozub, qəsbi olmayan paltarla namaz qılmalıdır. Əgər bu qədər vaxt yoxdursa, namaz halında ikən o paltarı çıxarıb, çılpaq adamların təlimatı üzrə namazı tamamlamalıdır.
Məsələ 827: Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarla namaz qılsa yaxud oğrunun qəsbi paltarı apara bilməməsi üçün onunla namaz qılsa, namazı səhihdir.
Məsələ 828: Əgər xumsu verilməyən pul ilə paltar alsa, o libas ilə namaz qılmağın hökmü, qəsbi paltarla namaz qılmağın hökmü ilə eynidir.

Üçüncü şərt


Məsələ 829: Namaz qılanın paltarı (hətta təkcə övrət yerini örtməyən şeylər belə) lazım-ehtiyata əsasən atıcı qanı olan (yəni damarı kəsildikdə qanı sıçrayan) ölmüş heyvanın üzvlərindən olmamalıdır. Amma ilan və balıq kimi qanı atıcı olmayan ölmüş heyvandan paltar hazırlansa, müstəhəbb-ehtiyata əsasən onunla namaz qılınmamalıdır.
Məsələ 830: Murdarın bir qismindən, ət və dəri kimi ruhu olan bir şey namaz qılanın üstündə olarsa, namazının səhih olduğu uzaq bir görüş deyildir.
Məsələ 831: Əgər əti halal murdarın tük və yunu kimi ruhu olmayan bir şey namaz qılanın yanında olsa ya onunla hazırlanmış paltarla namaz qılsa, namazı səhihdir.

Dördüncü şərt


Məsələ 832: Namaz qılanın corab kimi paltarı (övrəti örtməyən şeylərdən başqa) yırtıcıların üzvlərindən hətta lazım ehtiyata görə, mütləq əti haram olan heyvandan olmamalıdır. Həmçinin, bədən və libas o heyvanın sidiyinə, nəcisinə, tərinə, südünə və tükünə qarışmamalıdır. Amma əgər heyvanın bir tükü paltarın üzərində olsa zərəri yoxdur. Onlardan bir şey, misal üçün qutuya qoyub özü ilə götürsə hökm eynidir.
Məsələ 833: Əgər pişik kimi əti haram olan heyvanın ağzının, burnunun suyu ya başqa rütubəti namaz qılanın bədənində ya paltarında olsa, namazı batildir. Əgər quru olsa və onun eyni aradan getsə, namazı səhihdir.
Məsələ 834: Əgər bir şəxsin ağız suyu, təri və ya tükü namaz qılanın bədənində və ya libasında olarsa, eybi yoxdur. Həmçinin namaz qılanın yanında mirvari, mum və bal olarsa da, eyni hökmü daşıyır.
Məsələ 835: Əgər bir şəxs libasının, əti halal və ya haram heyvandan hazırlandığı barədə şəkk edərsə, istər müsəlman ölkəsində hazırlanmış olsun, istər kafir ölkəsində hazırlanmış olsun, onunla namaz qılmaq caizdir.
Məsələ 836: Sədəfin, əti haram heyvanın üzvlərindən hazırlanmış olduğu müəyyən olmadığından, insanın onunla namaz qılması caizdir.
Məsələ 837: Namazda xalis xəz və sincab (dələ) dərisi geyinməyin eybi yoxdur. Amma müstəhəbb ehtiyat odur ki, sincab dərisi ilə namaz qılınmasın.
Məsələ 838: Əgər əti haram heyvandan olduğunu bilmədiyi və ya unutduğu bir libasla namaz qılarsa, o namazı yenidən qılması ehtiyat-müstəhəbbdir.
Beşinci şərt
Məsələ 839: Kişi üçün qızıldan toxunmuş paltar geymək və onunla namaz batildir. Amma qadın üçün namazda və başqa vaxtlarda eybi yoxdur.
Məsələ 840: Sinəyə qızıl zəncir taxmaq, barmağa qızıl üzük taxmaq, qola qızıl qolbaqlı saat bağlamaq, qızıl eynək taxmaq kişiyə haram və onunla namaz qılmaq batildir. Amma qadın üçün namazda və qeyri vaxtlarda eybi yoxdur.
Məsələ 841: Əgər bir kişi, üzük və ya libasının qızıldan olduğunu bilməsə və ya unudarsa, ya da qızıldan olub-­olmadığı barədə şəkk edərsə, belə ki, onunla namazı qıldıqda, namazı səhih olar.

Altıncı şərt


Məsələ 842: Namaz qılan kişinin paltarı, hətta ərəqçini və şalvarının bağı müstəhəbb ehtiyata əsasən gərək xalis ipəkdən olmasın. Namazda və digər vaxtlarda da onu geyinməsi haramdır.
Məsələ 843: Əgər paltarın astan tamamilə və ya bir hissəsi xalis ipəkdən olsa, kişi üçün onu geyinmək haram və onunla namaz batildir.
Məsələ 844: Kişinin, saf ipəkdən və ya başqa bir şeydən hazırlandığını bilmədiyi bir libası geyinməsi caizdir. Onunla namaz qılmağın da eybi yoxdur.
Məsələ 845: Əgər kişinin cibində ipək dəsmal və ya ona oxşar bir şey olsa, eybi yoxdur və namazı batil etmir.
Məsələ 846: Qadın üçün namaz və ya başqa vaxtda xalis ipək geyməyin eybi yoxdur.
Məsələ 847: Çarəsizlik halında, qəsb edilmiş, saf ipək və qızıldan hazırlanan libasın geyilməsinin eybi yoxdur. Həmçinin, bu libası geyməkdə çarəsiz qalan bir şəxsin, bundan başqa bir libası yoxdursa, bu libaslarla namaz qıla bilər.
Məsələ 848: Əgər qəsbi paltardan başqa bir paltarı yoxdursa və paltar geyinməyə ehtiyacı yoxdursa, gərək çılpaqlara aid göstərişə əməl etsin və namaz qılsın.
Məsələ 849: Yırtıcı heyvandan hazırlanmış paltardan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətindədirsə, o paltarla namaz qıla bilər. Amma əgər paltar geymək məcburiyyətində deyilsə, çılpaqlar üçün söylənən təlimat üzrə namaz qılmalıdır. Yenə də yırtıcı olmayan, amma əti haram olan heyvandan hazırlanan libasdan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətində olmazsa, vacib ehtiyata görə bir dəfə o libasla, bir dəfə çılpaqlar təlimatına görə olmaqla iki namaz qılmalıdır.
Məsələ 850: Əgər kişinin xalis ipək ya qızıldan toxunmuş paltardan başqa paltarı olmasa, necə ki, paltarı geyinmək əlacsızlıq deyilsə, gərək çılpaqlara aid göstərişə əməl edərək namazını qılsın.
Məsələ 851: Namazda övrət yerini örtmək üçün bir şeyi olmayan şəxs, kirayə etməklə və ya satın almaqla olsa belə, bunu hazırlaması vacibdir. Amma onu hazırlamaq, əlində olan pula nisbətən çox pul tələb edirsə və ya pulu paltar üçün xərcləməsi onun halına zərər verəcəkdirsə, çılpaqlara aid olan göstərişə əsasən, namaz qıla bilər.
Məsələ 852: Paltarı olmayan şəxsə başqası paltar bağışlayar və ya icarəyə verərsə, əgər bunu qəbul etmək onun üçün çətin deyilsə, qəbul etməlidir. Hətta icarə və ya hədiyyəni qəbul etmək onun üçün çox çətindirsə, libası olan şəxsdən icarə və ya hədiyyəni tələb etməlidir.
Məsələ 853: Parçası, rəngi və ya modeli ona uyğun olmayan bir libası geymək, onun hörmətsizliyinə səbəb olduğu təqdirdə, haramdır. Amma övrətini örtəcək ondan başqa bir geyimi olmasa o libasla namazı qılarsa, namazı səhihdir.
Məsələ 854: Kişinin qadın paltarı geyinməsi və qadının kişi paltarı geyinməsi, onu özü üçün bir geyim tərzi qərar verdiyi təqdirdə ehtiyata görə haramdır. Amma hər təqdirdə o paltarla qılınan namaz səhihdir.
Məsələ 855: Əgər uzanmış halda namaz qılması lazım gələn şəxsin yorğanı yırtıcı heyvanın və hətta lazım ehtiyata görə hər cür əti haram olan heyvanın parçalarından olsa, nəcis ya da xalis ipəkdən olsa ona «geyinmişdir» deyiləcək şəkildə büründüyü təqdirdə onunla namaz qılmaq caiz deyildir. Amma onu sadəcə üzərinə örtməyin heç bir maneçiliyi yoxdur və namaza da bir zərər yetirməz. Lakin döşəyin hər halda bir zərəri yoxdur. Amma əgər onu da «geyinmişdir» deyiləcək şəkildə özünə bürüsə, yorğanın hökmünü daşıyır.
 

0 şərh