Yeyilməsi haram buyuyulan şeylər

1. Özü ölmüş heyvan (meytə)
“Meytə”dən məqsəd insanlar tərəfindən yıxılıb kəsilmiş və öldürülmüş olmayıb müdaxiləsiz ölən heyvandır.
2. Axmış qan
Heyvan şəriət yolu ilə kəsiləndə onun bədənindəki qanın əksər hissəsi çölə axıdılır və çox cüzi bir hissəsi isə incə damarlarda qalır. Məhz, bu çölə axıdılan qanı yemək-içmək haramdır. Incə damarlarda, dalaq, ciyər kimi bədən üzvlərində qalan qan isə axmış sayılmadığına görə ət və ciyər- miyər ilə birgə yeyilir.
3. Donuz
Donuz, təbiətən peyin, qıcqırmış, üfunətli şeylər yeyən, murdar yaşayan bir heyvandır. Bu səbəbdən də onun əti başda əzələləri və bağırsaqları olmaqla qurd və mikroblar yuvasıdır. Bu heyvanı saxlamağa təbii baxmaq və ətini tibbi nəzarətdən keçirməklə güman edilən zərərin qarşısının alınmasının mümkünlüyü iddiasına qarşı iki şey söylənə bilər:
4. Allahdan başqasının adı ilə kəsilənlər
Insan həyatına ancaq Allah Təala son qoyur. Heyvanların həyatına son qoymaq, yenə də Allahın qüdrəti və iradəsi daxilində baş verməsi ilə bərabər insanlar faydalanmaq üçün öldürmədən istifadə edirlər. Bu hərəkətə izn verən də Allah Təaladır. Heyvanı kəsərkən Onun adını çəkmək bu izni təzələmək, ölümün də Onun qüdrət və iradəsilə olduğunu xatırlatmaqdır. Bütlərə, uydurma ibadətgahlara kəsilən, onların adı çəkilərək kəsilən heyvanların əti yeyilməz.
5. Meyit sayılanlar
Meytə sayılanlarla əlaqədar ayə, kəsilmədən, başqa səbəbdən ölən və ya öldürülən heyvanların da yeyilməyəcəyini ifadə edir. Bunların haram olma hikməti meyitin haram olma hikməti ilə ortaqdır.
6. Quruda yaşayan digər halal-haram olanlar
Yuxarıda açıqlamasını verdiyimiz ayə aşkar və qəti olduğu üçün fiqh alimləri dörd şeyin haram olduğu barədə yekdildirlər. Bunlardan kənarda qalan heyvanlara gəlincə: Allah Qurani- ərimdə Rəsuli-Əkrəmi (səllallahu əleyhi və səlləm) hədəf olaraq seçib… “onlara… təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər.” buyurur (əl-Əraf 7/157). Burada “pis şeylər” deyə tərcümə etdiyimiz “əl-xəbais”in təfsirində müctəhidlər arasında ixtilaf olmuşdur. Bəzi müctəhidlərə görə xəbis, Allah və Rəsulunun haram qıldıqlarıdır, yəni haram olduqları haqqında ayə, yaxud hədis mövcud olan şeylərdir: Bu səbəbdən həşərat, qurbağa, xərçəng, tısbağa kimi heyvanlar haram deyildir.
Imam Əbu Hənifə, Şafii kimi müctəhidlərə görə isə “xəbis” ümumiyyətlə insanların (və ya Qurani- ərim nazil olan vaxtlarda ərəb toplumunun) diksindiyi, irgəndiyi şeylərdir; dolayısı ilə yuxarıda sadalanan canlılar və onların bənzərləri haramdır. Peyin və leş yeyən heyvanlar da “xəbislər” sırasına daxil edilmişlər.
Hz.Peyğəmbər (səllallahu əleyhi və səlləm) Xeybər günü əhliləşdirilmiş eşşək ətini yasaqlamışdır. (Buxari,. əl-Məğazi, 38,. əz-Zəbaih, 27-28; Müslim,. ən-Nikah, 30). Bu hökmə əsasən əhliləşdirilmiş eşşək və qatır haramdır.
At, Əbu Hənifəyə görə halal deyildir, imameynə (Əbu Yusif və Məhəmməd) və Şafiyə görə isə halaldır.
Rəsulullahın (səllallahu əleyhi və səlləm) ”bütün köpək dişli yırtıcı pəncəsi olan quşların yeyilməsini yasaqladığı” rəvayət edilmişdir. (Müslim, .əs-Səyd,15,16; Əbu-Davud, .əl-Ətimə,32; Tirmizi,. əs-Səyd, 9-11) Hənəfilər bu hədisdə gedən “siba” kəlməsini “ət yeyənlər” kimi anlamışlar və bu növ heyvanları haram saymışlar.
Imam Şafii “insanlara hücum edən və insanları parçalayan” kimi anladığı üçün tülkü və çaqqalı istisna etmişdir.
Imam Malik yırtıcılar üçün haram yerinə “məkruh” işlətmişdir.
7.Dəniz heyvanları
Üləmaların əksəriyyəti dəniz heyvanlarının halal olduğunu qəbul edirlər. Ancaq onlar quruda yaşayan və yeyilməsi haram olan insan, həmçinin donuz, köpək, ayı kimi heyvanların adını daşıyan dəniz heyvanları haqqında ixtilaf etmişlər; bəziləri hətta bunların halal olduğunu demişlər. Imam Malikə görə yalnız dəniz donuzu məkruhdur.
Dəniz heyvanları üçün halal sərhəddini çox geniş götürən bu baxışın dəlili ayələrdir.
“Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ihramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun! (əl-Maidə,5/96)
Hənəfilərə görə dəniz heyvanlarından yalnız və yalnız bütün növləri ilə balıq halaldır. Bu heyvanın kəsilməsi lazım deyil. Öz-özünə öləni yeyilməz. Dalğa, daş, havasızlıq, ovlanma kimi səbəblərdən öləni yeyilir. Digər dəniz heyvanları ya iyrəncidir, ya da kəsilmədikləri üçün ölü hökmündədir. (əl-Mövsili, əl-Ixtiyar, cüz:V; səh.13 Vd.)
Istisnalar
1. Balıq və çəyirtgə
Balıq və onun bənzəri olan dəniz heyvanları ilə quru heyvanlardan çəyirtkə kəsilməz, bunların kəsilmədən ölənlərini yemək halaldır. Peyğəmbərimizdən (səllallahu əleyhi və səlləm) dəniz suyu haqqında soruşduqda: “Onun suyu təmiz, meyidi halaldır!”- buyurmuşdur. (Əbu-Davud,. ət-təharət, 41; Nəsai,. ət-təharət, 46; Tirmizi,. ət-təharət, 52)
“Dəniz ovu və onu yemək sizə halal qılındı” ayəsində işlənən “təam” kəlməsini Hz.Ömər və Ibn-Abbas (r. anhuma)“kəsilmədən ölən dəniz heyvanı”-deyə təfsir etmişlər.
Kəsilmədə bir sıra çətinliklər olduğu üçün çəyirtkə də kəsilmədən yeyilir. Ibn Əbi Əvfanın “Rəsulullah ilə bərabər çəyirtkə yeyərkən yeddi qəza etdik” -sözü bu hökmün nəqli dəlilidir. (Tirmizi,. əl-Ətimə,22; Buxari,. əz-Zəbaih,13; Nəsai,. əs-Səyd, 37 )
2. Meytənin dərisi, sümüyü və qılı
Murdar olan heyvanın ətini yemək haram olmaqla bərabər dəri, buynuz, sümük, qıl kimi hissələrdən faydalanmaq mübahdır (sərbəstdir).
Ibn Abbasın rəvayətinə görə Hz.Məymunə (r. anha) validəmizin azad etdiyi bir qula bir qoyun bağışlanmış, o da ölmüşdü. Hadisə yerinə gələn Rəsulullah (səs): ” Dərisini soyub işləyərək ondan faydalanaydınız də!” -buyuranda “O murdar ölmüşdür”-dedilər Peyğəmbərimiz (səllallahu əleyhi və səlləm) də cavabında: “Beləsinin yalnız yeyilməsi haramdır!”- söyləmişdir. (Müslim, əl-Həyz, 10,102; Əbu Davud .əl-Libas,37; Tirmizi, Libas ,7; Nəsai, fəri,17)
“Hansı dəri aşılanırsa təmiz olur” (Müslim,. əl-Həyz,25) hədisi də aşılanmış bütün dərilərin təmiz olduğunu ifadə edir. Zahirilər bu hədisə isnad edərək donuz və köpək dərisinin də aşılandıqdan sonra təmiz qədul edirlər. Əbu Yusufun da bu fikirdə olduğu söylənilmiş, Şevkani də buna üstünlük vermişdir. Cumhura görə donuz dərisini aşılamaq da təmiz edə bilməz.
3. Zərurət halı
Zərurət halından məqsəd aclıq və susuzluğu getdirəcək, xəstəliyə əlac edəcək halal bir vasitənin tapılması halıdır.
a) Aclıq və susuzluq:
Yuxarıda açıqlamasını verdiyimiz ayə (əl-Maidə,3) doğrudan da aclığa düşənlər üçün qidanın zərurətinə əsaslandığına görə füqəha (Fəqihlər, Islam hüquqşünasları) həmrəyliklə qəbul etmişdir. Bəziləri darda qalma müddətini 24 saatla məhdudlaşdırmışlar ki, buna görə də 24 saat halal yeyib- içmək azuqəsi olmayan haram yeyə bilər. Imam Malikə görə belələri doyuncaya qədər yeyir və bir miqdar da özü ilə götürür. Digərlərinə görə beləsi ancaq həyatını davam etdirə biləcək qədər yeyə bilər.
b) Əlac zərurəti. (Müalicə zərurəti)
Başqa yol olmadıqda tətbiqi haram olan əlaclardan istifadə etməyə icazə olarmı?- sualına cavabda iki baxış mövcuddur:
“Allah sizə haram buyurduğu şeylərdən sizə şəfa buyurmadı” hədisinə əsaslananlara görə haram ilə müalicəyə icazə verilmir.
Əlacın da qida kimi həyatın zəruri ehtiyacı olduğunu irəli çəkənlərə görə isə darda qalan haram ilə də müalicə edilə bilər. Rəsuli-Əkrəm (səllallahu əleyhi və səlləm) kişilərə ipək geyməyi haram qıldığı halda, dəri xəstəliyi ilə əlaqədər bəzi sahabilərə ipək geyməyə icazə vermişdir. (Buxari,. əl-Əşribə, 15 ). Yuxarıdakı hədis halal əlacın tapılmasına aiddir. Halala əl çatmadıqda müalicə üçün işlədilən əlac mübah (edilməsi savab olan, edilməməsi günah sayılmayan) olduğuna görə bu, yuxarıdakı şamil edildiyi hüduda daxil olmur.
Bu növ əlac işlətmə icazəsinin şərtləri vardır:
aa) Əlac edilmədiyi təqdirdə sağlamlığa real təhlükə törədən xəstəliyin artacağı görünərsə;
ab) Bunu əvəz edən halal bir əlac tapılmırsa;
ac) Dindarlığına və ixtisasına inanılmış bir həkim məsləhət bilirsə.
Orqan köçürmə, ər-arvad arasında olmaq şərtilə süni mayalandırma (öz toxumları vasitəsilə qadınlıq borusunda mayalandırma), autopsiya və sairləri də əlac zərurəti səbəbindən caiz sayılır.
*Hayreddin Karamanın «Halallar və haramlar» kitabından GYF Tərcümə Mərkəzi tərəfindən tərcümə edilmişdir.
Mənbə: İrfan dərgisi
 

0 şərh